525.Az

Ənənəvi media, yoxsa “yeni media”?


 

Ənənəvi media, yoxsa “yeni media”? CİDDİ, YOXSA YÜNGÜL MATERİALLAR? 

Texnoloji yeniliklərlə zəngin olan 20-ci əsr və xüsusilə də 12 ilini arxada qoyduğumuz 21-ci əsr digər sahələrdə olduğu kimi, media, kütləvi informasiya vasitələri sahəsində öz sözünü deməkdə, öz diqtəsini etməkdədir. İstəsək də, istəməsək də bu, belədir, dövrün və reallığın tələbi kimi media, kütləvi informasiya vasitələri sistemində də  informasiya-kommunikativ xarakterli texnoloji yeniliklər tətbiq olunmaqdadır. Bu isə öz növbəsində cəmiyyətdə heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Odur ki, xüsusən son dövrlərdə ənənəvi və “yeni media” ilə bağlı məsələdə haçalanan, bir-birilə üst-üstə düşməyən, əksinə, daban-dabana zidd olan yanaşmalara cəmiyyətin daha nüfuzlu, söz sahibi olan şəxslərinin fikirlərini öyrənməyə çalışdıq və onların hər birinə eyni xarakterli 3 sualla müraciət etdik. 

1. Sizcə, insanlara, oxuculara böyük ənənəsi və tarixi olan yazılı mətbuat, çap mediası-qəzetlər, jurnallar lazımdır, yoxsa, son illər “yeni media” adı meydana gələn internet mediası-saytlar, portallar və sair? 

2. Bu günün oxucusuna daha çox nələr təqdim olunmalıdır – ciddi yazılar, xəbərlər, yoxsa “yeni media”nın faydalandığı, daha çox izləyici kütləsi əldə etdiyi bir qədər “yüngül” yazılar, xəbərlər və sair?

3. Ümumiyyətlə, televiziyalar, agentliklər  və “yeni media” orqanları ənənəvi medianı tam sıradan çıxaracaq, yoxsa, gələcək yenə də ənənəvinin olacaq?  

Anar: “İnsanların zövqünü  korlamaq olmaz” 

Xalq  yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar ilk öncə bildirib ki, son bir-iki ay ərzində qəzetləri oxumur və odur ki, bu yöndə mediada, cəmiyyətdə gedən fikir dartışmalarından xəbərsizdir: “Son bir-iki ay olar ki, qəzetlərin heç birini oxumuram. Niyə? Çünki əlimdə çox vacib işim var. Qəzetlərin  hamısı yığılıb toplanıb stolumun üstündə. Gəlsəniz görərsiniz. Yəni, ona görə də  təxminən   ay yarımdır heç bir şeydən, söhbətlərin heç birindən xəbərim yoxdur. Ancaq ümumi şəkildə onu deyə bilərəm ki, əlbəttə, bütün hallarda  qəzetlər qalmalıdır. Qəzetlərin ənənəsi var, tarixi var, öz yeri və rolu var”. Xalq yazıçısı eyni zamanda deyib ki, insanlara, oxuculara, izləyicilərə, kütləyə bütün materiallar – istər ciddi, istərsə də yüngül adlandırılan materiallar lazımdır. Ancaq onun sözlərinə, əsas xəbərlərdir, ciddi materiallardır, ciddi söhbətlərdir:

“Əlbəttə, bunlar qəzetdə də, internetdə də yer almalıdır. Amma indi bəzi adamlar sırf əyləncə xarakterli yazılarla maraqlanırlar. Onları da küsdürmək olmaz. Bu da onların  öz zövqüdür və ona görə həmin materiallar da yer almalıdır. Amma, əlbəttə, daha ciddi məsələlər ətrafında söhbət getməlidir, insanları maarifləndirən yazılar təqdim olunmalıdır. İnsanların zövqünü korlamaq olmaz”. Xalq yazıçısı həmçinin bildirib ki, istər ənənəvi, çap mediası qalmalıdır, istərsə də, yeni media adlandıranlar: “Mənim fikrimcə, qəzetlər də qalmalıdır, jurnallar da qalmalıdır,  onlar heç də yeni media ilə bir-birilərinə mane olmurlar. Onlar ayrı şeydir, bunlar ayrı şey”. 

Gültəkin Hacıbəyli: “İnternet kitabı, xəbər portalları da qəzet və jurnalları tarixin arxivinə göndərə bilməz”  

Eksmillət vəkili, filologiya elmləri üzrə fəlsəfə doktoru Gültəkin Hacıbəylinin fikrincə, oxuculara ilk növbədə keyfiyyətli informasiya və bilik verən media lazımdır. “Bu ənənəvi jurnal, qəzet də ola bilər, sayt da, agentlik də, internet televiziyası da”- deyən sabiq deputatın bildirdiyinə görə,  oxucunu informasiyanın hansı media quruluşu və tipi tərəfindən verilməsindən daha çox, bu informasiyanın keyfiyyəti – etibarlılığı, operativliyi, aktuallığı və faydalılığı maraqlandırır. Bununla yanaşı, G.Hacıbəyli deyib ki, heç şübhəsiz, müasir media, ilk öncə, biznesdir, biznesin bir sahəsidir və  bu baxımdan media biznesin inkişaf qanunauyğunluqlarına tabe olur.

Sabiq millət vəkilinin bildirdiyinə görə, burada da, digər biznes sahələrində oduğu kimi məqsəd gəlir əldə etmək, qazanc götürməkdir. Ancaq onun qənaətincə, medianı heç vaxt biznesin digər sahələri ilə, məsələn, ayaqqabı istehsalı və ya idman mallarının satışı şəbəkəsilə eyniləşdirmək olmaz: “Çünki bu biznesin spesifik bir sahəsidir. Media bu gün bəlkə biznes olmaqdan daha çox siyasət deməkdir. Azad, sərbəst media cəmiyyətin sağlam inkişafının ən mühüm, vazkeçilməz institutlarından biridir. Mən medianı cəmiyyətin ağciyəri hesab edirəm. Təbii ki, söhbət müstəqil, tərəfsiz, peşəkar mediadan gedir. Cəmiyyət də digər canlı orqanizmlər kimi ağciyərləri, yəni media vasitəsilə nəfəs alır. Ağciyərləri xəstədirsə, demək, cəmiyyət də xəstədir. Media siyasətinin biznes və Azərbaycan gerçəkliyində daha çox siyasi maraqlara qurban verilməsi, təəssüf ki, mediamızın bugünkü acınacaqlı durumu ilə nəticələnməli idi. Bu sözlər, əlbəttə, ilk növbədə televiziya sahəsinə aiddir. Ancaq bu tənqidi, az və ya çox dərəcədə digər kütləvi informasiya vasitələrinə də aid edə bilərik”.

G.Hacıbəyliyə görə, KİV-in başlıca funksiyasi cəmiyəti, ilk öncə, gənc nəsli tərbiyələndirməkdir, odur ki,  mətbuat orqanları bu funksiyanı oxucularını, dinləyicilərini və seyrçilərini məlumatlandırmaqla və maarifləndirməklə gerçəkləşdirir: “Lakin gəlin görək bu gün maarifçi adlandıra bildiyimiz neçə media quruluşumuz var? Təəssüf ki, çox az sayda. Razılaşarsınız ki, son illərdə informasiya məkanının üstunlüklərindən sui-istifadə bir çox KİV-lərdə, xüsusilə də, “evlərimizin daimi qonağı olan”, ancaq əslində bu statusunu çoxdan itirmiş televiziya efirlərində milli-mənəvi dəyərlərimizə, türk və islam mənəviyyatına və əxlaqına zidd, türkcəmizi kobud şəkildə təhrif və təhqir edən, zövqsüzlük və mənəviyyatsızlıq aşılayan bəsit və səviyyəsiz proqram və verilişlərin kütləvi hal almasına gətirib çıxarıb. Bəzi informasiya portallarının reklam məqsədi ilə yerləşdirilən xəbər başlıqlarının sadəcə adı belə insanda ikrah doğurur.  Bu gün media orqanlarımızın böyük bir qismi başlıca təyinatlarının informasiya vermək və maarifləndirmək olduğunu unudaraq, kütləvi və bayağı şəkildə əyləndirməklə, oxucunun və seyrçinin əxlaqi dəyərlər sisteminə kobud və yolverilməz müdaxilə ilə məşğul olurlar. Torpaqlarının 20 faizi işğal altında olan və nə sülh, nə müharibə şəraitində yaşayan bir ölkənin mediasına gerçək vətənpərvərlik ruhunun deyil, zövqsüz şou əhval-ruhiyyəsinin, dolayısı ilə zorakılığı və mənəviyyatsızlığı təşviq edən “xəbərlər”in hakim kəsilməsi isə, xüsusilə, dözülməz haldır.  Bu acınacaqlı vəziyyəti KİV-lərin kommersiya maraqları ilə izah edən  opponentlərimizin dəlilləri də tutarsızdır. Təkcə ona görə yox ki, Azərbaycanda gerçək reklam bazarı mövcud deyil, həm də ona görə ki, heç bir kommersiya marağı zövqsüz, savadsız, səviyyəsiz nəslin yetişdirilməsinə haqq qazandıra bilməz! Unutmamalıyıq ki, müasir cəmiyyətlərdə informasiya ən kəsərli ideoloji silahdır. Bu silahdan necə istifadə olunmasi isə onu idarə edənlərin peşəkarlığından, mənəvi yetkinliyindən asılıdır. Belə bir duruma ən sərrast cavabı isə xalq özü verir: bu televiziyalardan, bu qəzet və portallardan imtina etməklə. Məncə, bu münasibət xalqımızın müdrikliyinin daha bir bariz nümunəsidir”.
Televiziyaların, agentliklərin, “yeni media”nın ənənəvi medianı bütövlükdə  sıradan çıxarıb-çıxarmayacağına,  gələcəyin  yenə “ənənəvi”nin olub-olmayacağına gəlincə, eks-deputat buna qarşılıqlı şəkildə  sualla cavab verəcəyini bildirib: “Kino yaxşıdır, yoxsa, teatr, kənd yaxşıdır, yoxsa, şəhər, oğul övlad yaxşıdır, yoxsa, qız övlad? Bu analogiyanı davam etdirmək də olar, ancaq cavab birdir: hər ikisi! Hər birinin öz əvəzolunmaz yeri var! Elmin, kommunikasiya texnologiyalarının daha çox inkişaf etdiyi ABŞ-da, qabaqcıl Avropa dövlətlərində yeni media köhnə medianı sıradan çıxara bilməyibsə, demək, bizi də belə bir qorxu gözləmir. İnternet kitabı əvəz edə bilmədiyi kimi, xəbər portalları da qəzet və jurnalları tarixin arxivinə göndərə bilməyəcək. Əksinə, bu rəqabət hər iki medianın inkişafı üçün faydalı olacaq. Eyni zamanda,təəssüf ki, son vaxtlar qəzet və jurnalların yayımı ilə bağlı ciddi problemlər yaranmaqdadır. Azad sözün yaşaması və cəmiyyətin KİV kimi mühüm inkişaf və şəffaflıq atributunun funksionallığının təmin edilməsi üçün bu problem tez bir zamanda öz həllini tapmalıdır. Çünki yuxarıda qeyd etdiyim kimi, azad sözə meydan verən peşəkar, sağlam media  cəmiyyətin ilkin sağlamlıq göstəricisidir”. 

Gövhər Baxşəliyeva: “Bəzi yeni internet saytları populyarlıq naminə “yüngül” yazılara əl atırlar” 

Filologiya elmləri doktoru, professor, millət vəkili Gövhər Baxşəliyevanın isə qəti fikri belədir ki, internet mediası nə qədər inkişaf etsə də, yazılı çap mediası – qəzetlər, jurnallar lazımdır və həmişə də lazım olacaq, onların çap məhsulları öz əhəmiyyətini daim qoruyub saxlayacaq. Millət vəkilinin qeyd etdiyinə görə, heç bir internet mediası qəzetləri əvəz edə bilməz.

G.Baxşəliyeva bununla belə qeyd edib ki, bu gün bəzi yeni internet saytları populyarlıq, əlavə izləyici cəlb etmək naminə “yüngül” yazılara, sensasiyalı xəbərlərə əl atırlar. “Bütün bunları mən qeyri-ciddi hesab edirəm və belə yazıları oxumağı oxuculara da məsləhət görmürəm. Ciddi yazılar həmişə öz əhəmiyyətini saxlayır. “Yüngül” yazılarla məşğul media vasitələri oxucuları müvəqqəti cəlb etsələr də, ciddi oxucular onlardan üz döndərir və daha çox ciddi yazılara üz tuturlar”- deyə, millət vəkili sözlərinə əlavə edib. Millət vəkili daha sonra bildirib ki, heç bir televiziya, agentlik  və “yeni media” orqanı ənənəvi medianı sıradan çıxara bilməyəcək və ənənəvi media həmişə öz əhəmiyyətini qoruyub saxlayacaq.  

Cəmil Həsənli: “Müsahibə janrı publisistikanın belini qırıb” 

Tarixçi alim, professor,  keçmiş millət vəkili Cəmil Həsənlinin dediyinə görə, hazırda bunların hər ikisi-həm ənənəvi, həm də yeni media lazımdır. Sabiq millət vəkili vurğulayıb ki, yazılı medianın ömrü daimidir və internet mediası nə qədər inkişaf etsə, onu mətbuat mühitindən çıxara bilməz: “Çünki yazılı medianın öz oxucusu var və müəyyən sayda bu oxucu həmişə olacaq. Axı qəzetlə canlı ünsiyyətdə olmaq, mətbəə rənglərini duymaq, qəzeti vərəqləmək tamam ayrı şeydir. İnternet mediası bu “ləzzəti” vermir. Təsəvvür edin ki, XIX əsrin 70-ci illərində nəşr edilən “Əkinçi” qəzeti bölgələrə, kəndlərə daha ardıcıl gedirdi, nəinki bugünkü qəzetlərimiz. Bu halda internet şəbəkəsi qəzetlərin yayım coğrafiyasında inqilabi dəyişiklik edib”.

C.Həsənlinin söylədiyinə görə,  sözün tam mənasında hazırda qəzetlərin bütün dünyaya çıxmaq imkanları müqayisəyəgəlməz dərəcədə artıb: “Şübhəsiz ki, bu yalnız internet üzərindən mümkün olub. Medianın bu iki qanadı arasında indi sədd qoymaq mümkün deyil. İnternet çağdaş dünyamızda yazılı mətbuata qlobal xarakter verdi. Lakin bunların fərqli cəhətləri də var. Məsələn, hansısa bir sayta qoyulmuş məqaləni yarım saat sonra oradan çıxarmaq olar. Amma qəzetdə məqalə çap olundusa, o artıq tarixin arxivinə gedir və onu dəyişmək mümkünsüz olur”.  Bununla yanaşı tarixçi alim deyib ki, təbii ki, bu gün cəmiyyətimizin daha çox ciddi yazılara ehtiyacı var. “Təhlil xarakterli yazılar az gözə dəyir.
Müsahibə janrı publisistikanın belini qırıb. Halbuki publisistikanın imkanları çox böyükdür. Əgər ötən əsrin əvvəllərində biz “Həyat” qəzetinin materiallarına diqqət yetirsək, qəzetin milli təfəkkürdə necə böyük rola malik olduğunu aydın şəkildə görərik. Əlimərdan bəyin sahibliyi, Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlunun  redaktorluğu ilə nəşr olunan  “Həyat” sözün tam mənasında millətimizin milli həyatını dəyişdi.  Əli bəy Hüseynzadə 1906-cı ilin iyul ayının 2-də “Həyat” qəzetində yazırdı:”

Qafqaz türkləri türklərin ən hürriyyətpərvəridir...Bu məmləkətdə heç bir qüvvət hürriyyət arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz.  Qafqaz hürriyyət aləminin  tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir”. Qəzet milli mübarizənin silahıdır, onu “yüngül” yazılarla, şou materiallarla bəzəmək həqiqi silahı uşaq əsləhəsi ilə əvəz etmək kimi bir şeydir”- deyə, C. Həsənli sonra  qeyd edib. 

C.Həsənli onu da birmənalı olaraq bildirib ki, ənənəvi media kağız tükənənə kimi olacaq: “Yaxın yüzillikdə onu sıradan çıxarmaq sadəcə olaraq mümkün deyil. ABŞ dünyanın ən qabaqcıl innovasiya ölkəsidir. Lakin kitab formasında olan dərslikləri hələ ki, heç bir internet materialı əvəz etmir. Yəni, Amerika cəmiyyətində kitab etibarlı bilik mənbəyi olmaq funksiyasını bugun də yerinə yetirir. Ona görə də yazılı media etibarlı informasiya mənbəyi olmaq rolunu hələ uzun müddət yerinə yetirəcək”. 

Qulu Məhərrəmli: “İnsanlar psixoloji olaraq daha çox ənənəvi mediaya meyllənirlər” 

Tanınmış telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin qənaətincə,  bu gün bu sahədə və yöndə çox fərqli bir proses gedir, yəni, informasiya texnologiyaları meydana çıxdıqca, yenilər köhnələri sıxışdırır: “Çünki yeni maraqlıdır, yeninin üstün imkanları var, yeni daha çatımlıdır və sair. Amma bununla yanaşı, bir vaxtlar televiziya çıxanda deyirdilər ki, kinonu sıxışdırıb aradan çıxaracaq, teatrı məhv edəcək. Vaxtilə hətta, fransız sosioloqu Jan Kokto bununla bağlı çox böyük bir araşdırma aparıb. Bəs, gəlinən nəticə  nə olub? Nəticə o olub ki, hər  iki blok bir müddət paralel inkişaf edir, amma yeni şəbəkələr, yeni texnologiyaya əsaslanan sistem daha sıçrayışlıdır. Məsələn, bu gün biz internetin sayəsində çox böyük geniş informasiya resurslarına yiyələnirik. 

Yeni yaranan şəbəkə bizim üçün  həm tezis sistemidir, həm məlumat qaynağıdır, həm də müəyyən dərəcədə saxlanc, deməli, anbar rolunu oynayır. Yəni, biz bu imkanlardan  bəhrələnə bilirik”.  Bununla bərabər , Q. Məhərrəmli bildirib ki,  iqtisadi cəhətdən də yeni texnologiyalar daha uyğundur: “Amma yeni texnologiyalarda çatışmayan cəhəti odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var və bu problemlər olduğuna görə,  bu, ənənəvi medianın qaydaları heç də həmişə yeni mediaya, yeni sistemə tətbiq olunmur. Bu isə öz növbəsində  internet üçün böyük bir qorxu, təhlükə, inamsızlıq yaradır. Ona görə insanlar psixoloji olaraq yeni mediadan daha çox ənənəvi mediaya meyllənirlər. Düzdür, ənənəvi medianın özünün də içərisində parçalanma var. Belə demək mümkünsə, onun peşəkar, keyfiyyətli tərəfi də, həmçinin, keyfiyyətsiz və daycest yönümlü, yəni, dəyərlərə çox  önəm verməyən tərəfi də – nə bilim tablo qəzetlərdir, sarı mətbuatdır – var. Ona görə bu gün nə qədər ki,  hamının internetə bağlı kompüteri, hamının internetə çıxışı yoxdur, hələlik bir müddət bu bərabərsəviyyəli rəqabət gedəcək. Amma təbii ki, dünyanın məntiqi də, texnologiyanın məntiqi də odur ki,  gələcək yenin texnologiyanındır, yeni medianıdır. Bir sözlə, bir növ üzümüzü  buna çevirməliyik, bizim başqa əlacımız yoxdur”. 

Q. Məhərrəmlinin sonra bildirdiyinə görə, dünyada  “qızıl orta” deyilən anlayış var, yəni, yaxşı qəzet, yaxşı çap orqanı odur ki, o, həm oxucunun, auditoriyanın marağını nəzərə ala , həm də özünün prinsiplərini gerçəkləşdirə bilir: “Avropanın ən böyük sosioloqu sayılan Habermasın fikrinə görə, yeni texnologiyaların  meydana gəlməsi və vətəndaşlıq jurnalistikasının  artması ilə yeni qorxulu tendensiyalar yaranır. Ənənəvi jurnalistika ilə internet jurnalistikanın təməl prinsipləri qarışdırılır ki, bunun da sayəsində, ümumiyyətlə,  o təməl prinsiplərin təsdiqi situativ yanaşma meydana çıxarır, yəni, bu,  burada olar, ya olmaz.  Bunu o, çox pis əlamət hesab edir.  Onun fikrincə, klassik media, ənənəvi media özünün mövqelərindən çəkilə bilər. Amma bununla yanaşı, məsələn, on il bundan əvvəl bütün dünyada sorğu aparıldı, keyfiyyətli və keyfiyyətsiz deyilən mətbuat orqanları müəyyənləşdirildi. Dünyanın on keyfiyyətli mətbuat orqanı müəyyənləşdirildi ki, “Vaşinqton post”, “Nyu-York tayms”, “Guardian”, BBC  kimi KİV orqanları da  məhz bura  aiddir. Yəni, bunlar o strukturlardır, o qurumlardır ki, auditoriyanın, cəmiyyətin maraqlarını güdüb, hakimiyyət üzərindən ictimai nəzarəti gerçəkləşdirib öz səhifələrində, ekranında, efirində ictimai forum yaradaraq, müxtəlif fikirləri əks etdirən diskussiyaları təşkil edə  bilir. Bax belə olanda auditoriya öz marağını ifadə edə bilir. Yox, əgər  biz dünyanın ən gözəl qanunu, ən böyük qanunu olan ölçü-balans qanununu pozanda, yalnız əyləncə xarakterli  və yalnız ictimai prosesləri əks etdirən yazılar verəndə, o zaman  bu maraqlar ifadə olunmur”.  Q. Məhərrəmlinin bildirdiyinə görə, dünya bu gün mozaikdir, zövqlər mozaikdir, baxışlar, düşüncə və səviyyələr fərqlidir: “Ona görə qəzet bunu mütləq nəzərə almalıdır. Bir də jurnalistika yeganə sahədir ki,  cəmiyyətdə bütün ictimai sferaların hamısı ilə bağlıdır.  Belə demək mümkünsə,  siyasəti də, iqtisadiyyatı da, biznesi də, mənəviyyatı da, dini də, təhsili də, elmi də, sosial həyatı  da hamısını əhatə edə bilir və hamısı ilə əlaqəsi var. Belə olan halda da peşəkarlıq odur ki, həm auditoriyanın maraqlarını ifadə edə bilirsən, həm də öz prinsiplərini. Yəni, sən qəzetin – oxucunun, xüsusən də aşağı zövqlü oxucunun və tamaşaçının səviyyəsinə düşmürsən, onu öz ritmində, öz səviyyəndə saxlamağı bacarırsan.Jurnalistikada  məşhur  bir deyim var, hamının xoşuna gəlmək istəyirsənsə,  jurnalistikadan get şou-biznesə qoşul. Çünki jurnalistikanın məqsədi hamının xoşuna gəlmək deyil. Jurnalistikanın məqsədi, missiyası məlumatlandırmaqdır, cəmiyyətə bilgilər verməkdir, onu maarifləndirməkdir, demokratiya yoluna işıq salmaqdır, insanlara yol  göstərməkdir. Ona görə bunu  bacaran, bu səviyyəni saxlaya bilən media qurumları dünyada nüfuzlu media qurumları sayılır. Belədir vəziyyət”.

Tanınmış telejurnalist həmçinin düşünmür ki,  yeni media, o cümlədən, telekanallar, ənənəvi medianı  tamamilə sıradan çıxaracaq: “Baxın, qəzetlər həm özlərinin elektron səhifələrini saxlayırlar, həm  də on-line tərzində işləyirlər, məlumatları tez-tez təzələyirlər. Amma eyni zamanda, özlərinin çap variantını, yazılı variantını inkişaf etdirirlər, yeni rubrikalar açırlar, yeni fikir tapırlar, yeni dizayn tapırlar və sair.  Bu o deməkdir ki, biz gerçəkliyi müxtəlif formalarda ifadə edə bilirik. Biz jurnalistikanı fərqli qollarda təmsil edirik. Niyə? Çünki burada dəyişən yalnız texnologiyadır, prosesdir. Amma məqsəd, subyektlər dəyişmir. Yəni, qəzet redaksiyası həmin redaksiyadır, onun verdiyi material həmin materialdır və yönəltdiyi auditoriya həmin auditoriyadır. Söhbət prosesi, texnologiyanı, xəbər çatdırmanı təkmilləşdirmədən gedir. Ona görə də bu sistemdə biri o birisini vurub sıradan çıxara bilməz. Burada müəyyən iqtisadi amillər var. Burada müəyyən sosioloji amillər var. Bax bu amillər bəzən birində, bəzən digərində üstün olur.  Amma bütövlükdə heç bir yeni media, yeni texnologiya ənənəvi medianı  vurub sıradan çıxarmayacaq. Biz internetdə də qəzet oxuyuruq, amma eyni zamanda  da kitabı  alıb oxuyanda  o kağızın xışıltısıdı, o vərəqlərin çevrilməsidi, o abzaslara qayıdışdı, o zövqü də yaşaya bilirik, o ləzzəti də ala bilirik  kitabdan. Hərəsinin öz yeri var. Bunu birini digərinə qarşı qoymaq, ümumiyyətlə, metodoloji  baxımdan yanlışdır”. 

Tahir Rzayev: “Düşündürməyən materiallar insanı real həyatdan uzaqlaşdırır ” 

“Mətbuat tarixən xalqın mədəniyyətinin, mənəviyyatının, intellektinin, tarixinin aynası olmuş və bu gün də olaraq qalır. Texniki imkanlar, internet vasitələri nə qədər artsa da,  elə bilirəm mətbuat cəmiyyətdə öz yerini qoruyub saxlayacaq və saxlamalıdır”. Bu fikirlər millət vəkili Tahir Rzayevə məxsusdur. Millət vəkilinin qeyd etdiyinə görə,  çünki texniki vasitələrdən fərqli olaraq mətbuatın cəmiyyətdə rolu daha geniş, daha təsirlidir: “ Burada fikrin dərinliyi, faktlara münasibət, insanlara diqqət və müəllif dünyagörüşü daha böyük rol oynayır”. T.Rzayev eyni zamanda qeyd edib ki, hər hansı bir informasiya vasitəsi, mətbuat orqanı  olursa- olsun, orada ciddi, insanları düşündürən yazıların yer almasına  tərəfdardır: “

Çünki ciddi olmayan, düşündürməyən materiallar insanı manqurtlaşdırır, mənəvi cəhətdən şikəst edir, real həyatdan uzaqlaşdırır, korlaşdırır və diri ikən öldürür”.  Millət vəkili sonda onu  sözlərinə əlavə edib ki,  telekanalların, xəbər portallarının, saytların da  çox olması cəmiyyətin xeyrinədir, inkişafın göstəricisidir: “ Ancaq bu çoxluq heç vaxt mətbuatı sıxışdırıb aradan çıxara bilməz. Çünki mətbuat  daha canlı, daha təsirli söz demək qabiliyyətinə malikdir. Bu sahədə peşəkar jurnalistlərə ehtiyac böyükdür və onlar mətbuatı yaşatmağa, uzunömürlü etməyə qadirdirlər”.  

Kamil HƏMZƏOĞLU
 





12.09.2012    çap et  çap et