525.Az

Fazil Mustafa: “Xalqımız cəhalətdən ayıla bilmir”


 

Fazil Mustafa: “Xalqımız cəhalətdən ayıla bilmir”<b style="color:red"></b>

Ötən ilin ən çox gündəmi zəbt edən məsələlərindən biri də yas mərasimlərindəki israfçılığın qarşısını almaq üçün addımların atılması oldu.  Çox ciddi müzakirələr getdi, hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi insanlara tövsiyyələr verdi.  İlk vaxtlar ümumi nəticə də əldə edildi. Yas mərasimlərində “yemək-içmək” azaldı. Sonradan nə oldusa, proses tərsinə fırlandı.

Millət vəkili Fazil Mustafa Modern.az-a açıqlamasında bunu xalqımızın cəhalətə bağlı olması ilə əsaslandırıb:

“Bu məsələnin hələ də həll oluna bilməməsinin səbəbi xalqın cəhalətdən ayıla bilməməsindədir. Xalq cəhaləti sevir. Xalqa şans verildi, tövsiyyə olundu ki, yas mərasimlərində işinizi yüngülləşdirin. Xalq da dirəniş göstərdi ki, “yox eyyy, biz cəhalətə bağlıyıq, istədiyimiz təamları öz yasımızda verəcəyik. Böyük çoxluq, fərq etmir varlıdır, kasıbdır, deyir ki, biz əzab-əziyyəti, zülmü sevirik.

Dövlət şans verib. Əvvəl kimsə deyə bilərdi ki, filankəs yas mərasimində yemək vermədi. İndi insanların belə bir şansı var desin ki, istəmirəm və vermirəm. Amma insanlar bunun əksinə,  verilən şansdan istifadə etmir. Yeməklərin sayını da artırırlarsa, demək bizim sağlam vəziyyətə gəlməyimiz uzun çəkəcək”.

F.Mustafa deyir ki, toy mərasimlərini əndazdən çıxaran da insanların özüdür:

“Başa düşüləndir ki, alternativ yoxdur, şadlıq evləri, restoranlardakı vəziyyət sadəcə biabırçılıqdır, bu, bir mafiya məsələsidir, ölkədə bu sahəni xüsusi olaraq dəstəkləyənlər var. Onlar maraqlıdır ki, ərzağın qiyməti aşağı düşməsin, insanlardan mümkün qədər çox pul qoparsınlar. Bu bəllidir.

Amma, insanların özü də buna meyllidirlərsə, məsələ uzandıqca uzanır və qarşısını almaq olmur. Cəmiyyətin özü bunda maraqlı olmasa, çox da xoşlamasa, heç kim buisrafçılığı cəmiyyətə sırıya bilməz. Cəmiyyət xoşlayırsa, demək ki, biz beləcə öz cəhalət yaşamımızı hələ uzun müddət davam etdirəcəyik”.

 





05.01.2015    çap et  çap et