525.Az

Yəhya Paşazadənin şeirləri


 

Yəhya Paşazadənin <b style="color:red">şeirləri</b>

Hər şey öz dilində təmiz danışır

Yağış səpələnir kəlmələr kimi,      
Küləklər danışır, yellər danışır.
Dənizlər dil açır ləpələrində,
Gur sular dillənir, sellər danışır.
Yarpaqlar danışır pıçıltılarla,
Bulaqlar danışır hıçqırtılarla.
Baxıb ulduzların təlaşlarına
Gecəylə sübhədək danışmaq olur.
İşığın dilində həqiqətləri
Zülmətə şübhətək  danışmaq olur...
Lal deyil yollar da, heç cığırlar da,
Torpağın sözü var, daşın sözü var,
Şehli çiçəklərin yanaqlarından
Süzülən damlanın, yaşın sözü var.
Otlar söz deyirlər öz dillərində
Yanır qönçələrin söz dillərində...
Fikirtək yayılır göydə buludlar,
Açır sirlərini vaxtın, zamanın.
Sözü var, deməsə bağrı çatlayar,
Həyatı tor görən çənin, dumanın.
Dindirsən,dayanıb tez cavab verir,
Hər ləpir danışır, hər iz danışır.
Gərək anlayasan,başa düşəsən,
Hər şey öz dilində təmiz danışır...

Azərbaycan bilmişəm
 
Lap əzəldən, körpəlikdən
Həm anamı, həm vətəni
Bir ürək, bir can bilmişəm,
Başım üstə öz anamı
Mən Azərbaycan bilmişəm.
Sığınmışam qucağına,
İsinmişəm ocağına.
Laylasıyla böyümüşəm,
Arzusuyla boy atmışam.
Hər yuxudan oyatdıqca
Bəlkə də, mən anamı yox,
Yer üzünü oyatmışam.
Gözlərində açılıbdır
Sanki xoşbəxt hər səhərim.
Sözləriylə ovunubdur
Hər bir acım, hər qəhərim...
Addımlarım addımında
Cığır açıb, iz salıbdır.
Od-alovlu kəlməsindən
Dodaqlarım söz alıbdır...
Ana sözü, Vətən adı
Bir ünvandır yollarımda.
Böyüdükcə artıb daim
Ana eşqi ürəyimdə,
Vətən gücü qollarımda...

Tanımadım...
            
Ömrümə bənzəyən, cığırdan, yoldan
Keçdim ehtiyatla, addım-addım mən.
Həyatı dərk etdim, vaxtı anladım,
Ancaq insanları tanımadım mən...

Pozulub mizanı mənəviyyatın,
Qarışıq salınıb baş yazıları...
Ürəklər, elə bil, daş bağlayıblar,
Oxuya bilmirəm daş yazıları...

Dərdimiş, sən demə, çəkdiyim ləzzət,
Sevincmiş bir zaman dərd bildiyim də.
Mərd çıxdı qarşımda namərd bildiyim,
Namərdə çevrildi mərd bildiyim də...

Çaldılar aşkarca, çaldılar məni,
Dilini həmişə bal sandıqlarım.
Sındılar bir anda, pul-pul oldular
İllərlə büt kimi inandıqlarım...

Dəniz, səni sevirəm...

Dəniz, səni sevirəm,
Mavi gözlü gözəltək.
İzn ver, qucaqlayıb
Səni bağrıma basım.
Ləpələrə baş qoyub
Qəlbinə qulaq asım,
Sözlərini dinləyim.
Dalğaların yaxından
Özlərini dinləyim.
Dəniz, səni sevirəm
Qağayı qanadları
Xəfif-xəfif toxunub
Sularına dəyərkən.
Sənə pıçıltılarla,
Bəzən hıçqırtılarla
Külək nəğmə deyərkən...
Tıncıxan nəfəsinlə
Darıxanda nəfəsim,
Qarışanda qoynunda
Səninlə mənim səsim
Dəniz səni sevirəm.
Dərin düşüncələrtək,
Qanadlı xəyallartək,
Susduqca sən lallartək.
Cavabsız suallartək
Səni sevirəm, dəniz,
Ən sevimli, ən təmiz
Hiss kimi, duyğu kimi,
Gözlərimdə uyuyan
Şirin bir yuxu kimi.
Dəniz ,səni sevirəm,
Çıxdıqca öz məcrandan,
Çaşdıqca həyəcandan,
Tamam coşub-daşdıqca,
Sahilə hücum çəkən
Dalğaların kükrəyib
Sonra uzaqlaşdıqca...

Hansı vaxtla işləyirsən?

Hansı vaxtdır sənin vaxtın,
Zülmətdimi, işıqdımı?
Bir gecəmi, sabahdımı,
Min əvvəl zamanlardan
Sonradımı, qabaqdımı?
Hansı vaxtla işləyirsən,
Göy vaxtında, yer vaxtında?
Soruşanda dəqiq danış,
Cavabını ver vaxtında...
Yeni vaxtla dillənirsən,
Köhnə vaxtla adın gəlir...
Özün hələ gəlməmişdən
At üstündə baxtın gəlir...
Beş dəqiqən saat çəkir,
Saat bir gün rahat çəkir...
Gün deyirsən, ay dolanır,
Qış deyirsən, yay dolanır.
Sübh uzanır axşamacan,
Axşam dönüb gündüz olur.
Düz dediyin vaxt əyilir,
Əyri vaxtın dümdüz olur...
Bəlkə də, heç zaman deyil
İşlədiyin vaxtın  sənin.
Saat ölçmür anlarını,
Yalanların ölçüb-biçib
Qayçılayıb yanlarını.
İşlətdiyin zamanlara
Ünvan yoxdur, məkan yoxdur.
Yalanına inanmağa
Bil ki, daha imkan yoxdur.      

 Vaxt   

Səs-səsə veriblər cırcıramalar,
Gecədən sübhədək yay cırıldayır.
D ərd yeyir, elə bil, göyün üzünü,
Ulduz cırıldayır,ay cırıldayır.
Köhnə arabadır keçən vaxt, zaman
Təkər cırıldayır, yay cırıldayır.
Ömür qapıları çırpılır qəfil,
Yellənib açılan tay cırıldayır...

Yoxdur

Hər tərəfdən dərd ələnir,
Çox gizlinlər pərdələnir.
Yer də, göy də hədələnir,
Dünyanın kimsəsi yoxdur.
Hamı tutub otaqları,
Hamı tapıb ortaqları...
Vicdanların dodaqları,
Həqiqətin səsi yoxdur.

Dəyişilir tez-tez təblər,
Dost içində artır qəlplər.
Döyünməyir, sanki qəlblər,
İnsanların nəbzi yoxdur...

Yol dirənir qəbahətdə,
İtir şəfqət, mərhəmət də.
Sevgi də var, məhəbbət də,
Zəmanədə əksi yoxdur...

Dincəlmir

Qərib şəhər kimiyəm,
Sinəm dərd lər meydanı.
Mənim öz əllərimlə
Hasarlanıb dörd yanı.

Ömrüm döngə-döngədir,
Qarışıb neçələri,
Azıb qalıb içimdə
Qəlbimin küçələri...

Hər tində, hər dalanda,
Xəyallarım dolanır.
Fikirlərim nabələd
Ünvanlara yollanır.

Uzanır məsafələr,
Ayrılığın dilində.
Ruhum bir an dincəlmir
Canımın mənzilində.
 
Yol göstər...  
 
Qovur kədər, qəm məni,
Dərdim başımdan aşır.
Qarşımda əzabların
Sıraları sıxlaşır...

Boğulur bəbəklərim
Göz yaşları içində.
Çırpınıram quş kimi
Təlaşların içində.

Ürəyimdə nə qədər
Mənim ağrım, acım var.
Ay ata, bu gün yaman
Sənə ehtiyacım var.

Yolunu hey gözləyir
Nə vaxtdır qapım, bacam.
Bu yaşımda hələ də
Sözlərinə möhtacam.
Ağarsa da, saçlarım,
Qəlbim ələk-vələkdir.
Mənə müdrik kəlamın,
Məsləhətin gərəkdir.

Yol göstər, düşüncənin
İşığına əl açım.
Hər fikrin ümidimdir,
Hər öyüdün əlacım...
         
Uzun görünür

Anları  tam tutmur rəngi zülmətin,
Hər dəfə həm ağlı, qaralı qalır.
Elə bil, örtülmür vaxtın qapısı,
Həmişə gecələr aralı qalır.

Gizlində hökm edir qaranlıqlara,
Amma ki, zahirdə məhzun görünür.
Sığışmır zamanın ölçülərinə,
Gecələr zamandan uzun görünür. 

Özünü axtar

Ey, dərdi içində
Qaynayan qadın!
Saçının ucunu
Dişiylə qırıb,
Gözünün yaşıyla
Oynayan qadın!
Ayların, illərin
Sovuşub gedib.
Yolların həsrətə
Qovuşub gedib...
Kəsilib səbr də,
Çatılıb qaş da...
Səndən nə qalıb ki,
Qəlbindən başqa...
Səndən nə qalıb ki,
Ayaqla yerin,
Əlinlə göylərin
Üzünü axtar.
Tənha cığırlarda,
Yalqız izlərdə,
Bəlkə də, tapıldın,
Özünü axtar...
  
Səhv

Əqrəblə ünvanı,
Yeri çəkilən,
Hər dəfə irəli,
Geri çəkilən
Saat səhv eləyir,
Vaxt səhv eləmir.
Saatın həmişə
Düz işləməyi.
Bəlkə də, zamana
Heç sərf eləmir...

 





06.01.2015    çap et  çap et