525.Az

"Hədəfimiz Azərbaycanı bu sahədə ən qabaqcıl ölkələr sırasına çıxarmaqdır"


 

"Hədəfimiz Azərbaycanı bu sahədə ən qabaqcıl ölkələr sırasına çıxarmaqdır"<b style="color:red"></b> Təhsil hər bir cəmiyyətin inkişafı, onun əhalisinin rifahı üçün müstəsna əhəmiyyət kəsb edən amildir. Müasir dövrdə, elm və texnikanın həyatın bütün sahələrinə sürətlə nüfuz etdiyi bir zamanda təhsilin əhəmiyyəti daha da yüksəlib. İndi dünya dövlətlərinin yüksək göstəricilərini müəyyənləşdirən başlıca amillər onun əhalisinin təhsil səviyyəsi, yüksək təhsil ala bilmək imkanının genişliyi, nəhayət, əhalisinin ümumdünya əmək bazarında rəqabət qabiliyyətinin yüksəkliyi və bu kimi digər göstəricilərdir. Ölkədə öz ardıcıl ritmi ilə fəaliyyət göstərən, mükəmməl sistem təşkil edən, ictimai həyatın digər sahələri ilə vəhdətdə olan təhsil sisteminin olması müasir mükəmməl cəmiyyətin tərəqqisinin vacib şərtidir. Beləliklə, hazırda dövlətlərin inkişaf səviyyəsi onun iqtisadi, siyasi, hərbi gücü, yüksək texnologiyalara malik olmaq və onları inkişaf etdirmək imkanı ilə ölçülür ki, onların təminatının əsasında da güclü təhsil dayanır. Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində müəyyən addımlar atılır ki, bunlardan biri də gənclərin xaricdə təhsilidir.

Müsahibimiz xaricdə təhsil alan gənclərdən biri Kənan Saqıyevdir:


“Naftalan, İstisu, Duz dağı və s. müalicəvi mərkəzlər artıq regionda tanınır və bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Hədəfimiz bu sahədə ölkəmizi ən qabaqcıl ölkələr sırasına çatdırmaqdırsa, görüləsi işlər çoxdur”

- Mən Şirvan şəhərində anadan olmuşam. İlk təhsilimi 6-cı sinfə qədər şəhid İ. Mirzəyev adına Bulduq kənd orta məktəbində almışam. 6-cı sinifdə liseylərə qəbul imtahanını uğurla keçərək Əli Bayramlı özəl türk liseyinə (indiki Şirvan) qəbul olmuşam və təhsilimi qəbul olduğum liseydə davam etdirmişəm.

Orta təhsil illərində 9-cu sinifdən kimya fənni üzrə olimpiada qalibi olmuşam. Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında 4-cü yer tutmuşam. 2005-ci ildə TQDK-nın ali məktəblərə qəbul imtahanında 1-ci fənn qrupu üzrə 643 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Elə həmin il Türkiyə universitetlərinə də qəbul imtahanı verdim və bir neçə universitetə qəbul oldum, ailəmlə məsləhətləşdikdən sonra təhsilimi Türkiyədə davam etdirməyə qərar verdim. ODTÜ(Orta Doğu Teknik Ünşversitesi) Elektrik mühəndisliyi fakültəsində bakalavr təhsili aldım. ODTÜ dünya universitetlərinin reytinq siyahısında ilk 500-də yer alan türk universitetlərindən biridir və tam ingiliscə təhsil verir. Universitetin bu cəhətləri Türkiyədə təhsil almaq qərarımda həlledici oldu.

2010-2012-ci illərdə təhsilimi Avstraliyanın Monaş Universitetinin Malayziya tələbə şəhərciyində davam etdirdim və magistr təhsilimi orada aldım. Monaş Universiteti də reytinq sıralamasında bir çox ixtisaslar üzrə ilk 200-də yer alan mötəbər bir təhsil ocağıdır və tələbələrinə nəzəri dərslərlə yanaşı ixtisasına uyğun sahələrdə staj qazanmaq imkanı yaradır. Daha sonra isə Böyük Britaniyanın Heriot Watt Universitetində idarəediciliyi və professional təşəbbüskarlığı öyrənmək üçün MBA(Master of Business Administration)təhsili aldım. İstər ODTÜ, istərsə də Monaş dünyada böyük nüfuza sahib olan ali təhsil ocaqlarıdır. Burada gördüyüm yeniliklər nəzəri bilgilərin laboratoriyada eksperimentlərlə möhkəmləndirilməsi, öz sahənizə uyğun staj imkanı yaradılması, səmimi tələbə müəllim diskussiyasına fürsət yaradılması və tələbə şəhərciyində tələbələrə idman, əyləncə, bank əməliyyatları, qidalanma və s. işlər üçün sosial mühitin olmasıdır.

- Xaricdə təhsil gənclər üçün hansı imkanları yaradır?

- Xaricdə təhsil almağın gənclərə bir çox imkanlar yaratdığı hamımıza məlumdur və bunlardan bir neçəsini sadalamaq olar. Məlum olduğu kimi, mühəndislik, tibb və eləcə də iqtisadi elmlərin ədəbiyyatı ingilis dilindədir və hər elmi orijinal dildən öyrənməklə, tərcümədən oxuyub öyrənmək mütləq fərqlilik göstərir.

Xaricdə təhsil almaq gənclərə ingilis dili və digər dünya dillərinə peşəkar səviyyədə yiyələnmək və öz sahəsini ilk qaynaqdan oxumaq imkanı yaradır. Ailə və dost-tanışdan uzaqda keçən tələbəlik illəri hərbi qulluq olmasa da, mahiyyətcə oxşardır və öz ayağınız üstündə durmaq, bütün qarşılaşdığınız problemlərə həll tapmaq və nəticədə şəxsiyyət kimi formalaşmaq imkanı yaradır. Xaricdə təhsil alan gənclərimiz ölkəmizlə yanaşı, dünyanın müxtəlif ölkələrində nailiyyətlər əldə edirlər və bunun səbəbi ən başda aldıqları keyfiyyətli təhsil və keçdikləri həyat təcrübəsidir. Bu gün dövlət və ya özəl, bütün sektorlarda kadr ehtiyacı yaranır və bunun həlli öz sahəsində peşəkar olan gənclərin bu işlərə cəlb edilməsidir. Bu da öz növbəsində xaricdə təhsil alan və özünü o sahədə yetişdirmiş gənclərə iş imkanları yaradır.

- Bu gün gənclərimizin təhsilə marağını necə qiymətləndirirsiniz?

- Mənim ünsiyyətdə olduğum gənclər təhsil almağa həvəslidirlər. Qeyd etdiyim kimi, xaricdə təhsil almağın yaratdığı fürsətlərə bələd olan gənclər xaricdə təhsil almaq arzusundadırlar. Təhsil Nazirliyinin həyata keçirdiyi 2007-2015-ci illər Xaricdə təhsil üzrə Dövlət Proqramı təqdirəlayiqdir və bu proqram çərçivəsində 3183 gənc xaricdə fəaliyyət göstərən qabaqcıl universitetlərdə prioritet sahələr üzrə təhsil alırlar. Neft ölkəsinin bir nümayəndəsi və neftin tükənən bir qaynaq olduğunu bilən vətəndaş kimi ölkəmizin gələcəyə ən ciddi yatırımı kimi təhsilə olan yatırımı sayıram və belə layihələrin sayının artmasını arzu edirəm.

- Təhsil aldığınız xarici ölkələrin Azərbaycanla oxşar, fərqli cəhətləri barədə nə deyə bilərsiniz?

- Türkiyə Azərbaycanla bir çox oxşar xüsusiyyətlərə sahibdir. Bunun səbəbi də hamımıza məlum olduğu kimi dil və etiqad bənzərliyi ilə yanaşı, eyni coğrafiyada yer almağımız və hər iki dövlətin xalqlarının bir- birini qardaş olaraq görməsindən qaynaqlanır. Nəticə olaraq, bir çox tələbə dostumuzun de təsdiqlədiyi kimi, Türkiyə azərbaycanlı tələbələrin ən rahat uyğunlaşa biləcəyi ölkələrdən biridir. Təhsil aldığım illərdə Ankara daha çox məmur və tələbələrdən ibarət olduğu üçün ən sakit şəhərlərdən biri idi. Malayziya isə xalqının yarısından çoxu müsəlman malaylardan ibarət olan bir uzaq Şərq ölkəsidir və əlbəttə ki, adət ənənələrində fərqliliklər var. Mənə qəribə gələn adətlərindən biri, ət xörəkləri də daxil olmaqla, bütün xörəklərə bol miqdarda şəkər tozu qatmaqları olmuşdu. Malaylar da bütün uzaq Şərq millətləri kimi mehriban və sakit xalqdırlar. Mənim təhsil aldığım paytaxt Kuala Lumpur şəhəri müasir bir şəhərdir və bir dönəm dünyanın ən hündür qüllələri olan Petronas qüllələri də bu şəhərin atributlarından sayılır.

- Hazırda Türkiyədə sağlamlıq turizmi şirkəti təsis etmisiniz. İqtisadiyyat və Səhiyyə Nazirliklərinin dəstəyi ilə layihələr həyata keçirirsiniz. Sağlamlıq turizmi hazırda bir sıra ölkələrdə inkişaf edib. Sizcə, onu Azərbaycanda da inkişaf etdirmək olarmı?

- Sağlamlıq turizmi geniş bir sahədir və bildiyiniz kimi, bu işin mahiyyəti xarici ölkədən gələn pasientlərə müalicə ilə yanaşı, istirahət imkanı da yaratmaq lazımdır. Dediyiniz kimi, bu sahə bir sıra ölkələrdə inkişaf edib və bu ölkələrdən biri də qardaş Türkiyə dövlətidir. Artıq 2 ildir ki, bu sahədə proyektlər həyata keçiririk. Türkiyə bu sahənin inkişafına xüsusi diqqət ayırıb və 2015-ci il üçün bu sahədən dövlət büdcəsinə 9 milyard dollar gəlir gəlməsi proqnozlaşdırılıb. Qətər, Küveyt, Bolqarıstan, İran, Norveç, İsveç və bir çox inkişaf etmiş ölkələrin vətəndaşları müalicə üçün türk xəstəxanalarını seçirlər, bunun səbəbi Türkiyənin bu sahədəki illərin təcrübəsindən yaranan bazasıdır. Sağlıq turizmi bir neçə qolu olan sahədir və bu qollardan biri də fürsətləri xarici vətəndaşlara tanıtmaqdır. Son dövrdə Naftalanın müalicəvi əhəmiyyətinin tanıdılması buna gözəl bir nümunədir. Naftalan, İstisu, Duzdağ və s. müalicəvi mərkəzlər artıq regionda tanınır və bu istiqamətdə görülən işlər yetərli olmasa da, təqdirəlayiqdir. Hədəfimiz bu sahədə ölkəmizi ən qabaqcıl ölkələr sırasına çatdırmaqdırsa, biz də bu sahəni inkişaf etdirmək istəyiriksə, görüləsi işlər çoxdur. Sığorta sisteminin dünyaya inteqrasiyası, xəstə hüquqlarının tənzimlənməsi, xidmət sektorunda kadrların yetişdirilməsi, Türkiyə və digər ölkələrdə rezidentura təhsili alan həkimlərin kadr kimi ölkəmizə dəvət olunması və s. işlər bu sahənin inkişafına böyük stimul verəcək.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxtlarımda futbol oynayıram, imkan tapdıqca üzgüçülüklə məşğul oluram və gündəlik 5 km piyada gəzirəm. Hazırda yaşadığım İstanbulun Fatih səmti tarixi məkanlarla və küçələrlə zəngindir və insan yeriməkdən zövq alır. Yerimək insanın düşünmə qabiliyyətini artırır və işləri daha rahat həll etməyində köməklik edir, deyə düşünürəm. Kitab oxumağı da sevirəm və son dönəmlərdə daha çox iqtisad nəzəriyyələrini və maliyyə jurnallarını oxuyuram. Bu işlərimdə yeni modellər hazırlamağımda köməklik edir və dünya təcrübəsini öz işimdə tətbiq etməyimə imkan yaradır. Yeni çıxan filmləri kinoteatrda yaxın dostlarla bərabər izləmək, azərbaycanlı və xarici dostlarımızla görüşüb müxtəlif mövzularda fikir mübadiləsi etmək də asudə vaxtımda etdiyim işlərdəndir.

Azərbaycanlı gənclərlə tez-tez görüşürük. Onlar dəyərli insanlardır və mən dostlarımı görəndə gələcəyə ümidim artır. Bu sahədə dostumuz və Hacettepe Universitetinin doktorantı Elvin Ağayevin rəhbərlik etdiyi Türkiyədə Təhsil alan Azərbaycanlı Tələbələrin Birliyi olan TATB-nin gördüyü işlər təqdirəlayiqdir. TATB ilə yanaşı, başqa tələbə dostlarımızın təşəbbüsü ilə qurulan və Azərbaycan tələbələrin problemlərində yanında olan tələbə birliklərimiz və dərnəklərimiz gözəl işlər görürlər. Türkiyəli dostlarım bir neçə dəfə Bakıya gəliblər və Bakının təsəvvür etdiklərindən daha çox müasir bir şəhər olduğunu deyiblər.

- Gələcək planlarınız barədə nə deyərdiniz?

- Ən az 2 il İstanbulda hazırkı layihəmi həyata keçirməyi planlaşdırıram. İlk məqsədim başladığım işi uğurlu şəkildə tamamlamaqdır. Bu illər ərzində, əvvəlki illərdə olduğu kimi təhsilimi artırmağı və Azərbaycana döndüyüm zaman çalışacağım işlə bərabər həftənin 5-6 saatını bir universitetdə müəllim kimi, çalışmağı da arzu edirəm.

Palitra.az
 





06.01.2015    çap et  çap et