525.Az

Bakı çovğuna hazırdırmı?


 

Bakı çovğuna hazırdırmı?<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yanvarın 7-si axşam saatlarından hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar, qar yağacağı, Bakıda, eləcə də bəzi bölgələrdə havanın şaxtalı olacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
 
Bu xəbərdarlıqdan sonra müvafiq dövlət qurumları Bakıda əhalinin elektrik, qaz, su və digər sahələrdə problemlə üzləşməməsi üçün hansı tədbirləri görüblər?

“Havanın sərtləşməsi “Bakıelektrikşəbəkə”nin fəaliyyəti ilə bağlı heç bir narahatlıq yaratmayacaq. Yüksək səviyyədə hazırlığımız var. Əhalinin nə problemi olarsa, 199 qəza xidmətinə müraciət edə bilər. Elektrik enerjisində fasilələrin olması ehtimalı yoxdur. Nə qədər tələbat varsa, hamısı ödəniləcək”.
Bunu “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, qışa hazırlıq yay-payız aylarından başlayıb:

“2014-2015-ci ildə payız-qış mövsümünə hazırlıq məqsədi ilə xüsusi əmr var. Əmirə əsasən avtomobil yollarını, yol qurğularının normal istismarını və hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədi ilə hər bir istismar müəssisəi tədbirlər proqramı hazırlayıb. Birinci mərhələ üzrə oktyabrın sonunda işlərimizi başa çatdırmışıq. Yollara baxış keçirmək, 25 min kubmetrə yaxın qum, 1660 ton texniki duz, 1050-yə yaxın texnika saz vəziyyətə gətirilib, yanacaq, sürtkü materiallarının ehtiyatı yaradılıb. 24 saat ərzində sutkalıq növbə çəkən briqadalar işləyəcək. Hava şəraiti daha da kəskinləşərsə, ehtiyatlarımızı artırıla bilərik. Peşəkarlığı olmayan sürücülərə də şaxtalı-qarlı hava şəraitində yola çıxmamağı məsləhət görürəm”.   

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıqdan sonra idarə gücləndirilmiş iş rejiminə keçib:

“Ümumiyyətlə, bayram günlərində, hava şəraitinin kəskin dəyişməsi yol polisinin gücləndirilmiş iş rejimində işləməsinə zərurət yaradır. Ümumiyyətlə, sürücülər bilməlidir ki, belə hava şəraitində sürət həddi minimuma endirilməlidir, avtomobillərin ara məsafəsi normadan artıq saxlanmalıdır. Yola çıxmazdan öncə avtomobilin əyləc sistemini saz vəziyyətə gətirmək lazımdır. Ən yaxşı halda hər kəs ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versin”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev bildirib ki, istehsalat birliyi mövsümə tam hazırdır: “Payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qaz təsərrüfatına xeyli işlər görülüb. İstismara yarasız qaz xətləri yeni qaz xətləri ilə əvəz olunub. Qaz xətləri üzərində qaz tənzimləyici şkaflar saz vəziyyətə gətirilib. İstehsalat birliyində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli qazla təmin olunması ilə bağlı bir sıra iş görülüb. Növbəli iş rejimi tətbiq olunub, Bakının eləcə də digər rayonların qaz təhcizatında fasilələr olmayacaq. Həmçinin təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə “Azəriqaz” texniki baxış keçirilməsi prosesini davam etdirir.  “Azəriqaz” İstehsalat Birliyi əhaliyə təbii qazdan istifadədə zamanı diqqəti olmağı və təhlükəsizlik qaydalarına ciddi rayət etməyə çağırır”.

Modern.az

 





07.01.2015    çap et  çap et