525.Az

Günahlar şəhəri


 

Günahlar şəhəri Anar YUSİFOĞLU

Balzakın Paris haqqında dedikləri yaradıcı insanın meqapolisə münasibəti kimi artıq ümumiləşib. Amma bir kimsə “ömrü oğurlayan”, “vaxtı unutduran” və “yaşamaq uğrunda mübarizədən başqa heç nə düşünməyə imkan verməyən” böyük şəhərlərə canatımın psixoloji izahını verməyə çalışmayıb.

Balzaka inansaq, Böyük şəhər “əxlaqsız küçə qadını”dırmı? Bəs, niyə bu qaynar həyatdan özümüzü təcrid edib, yaşamaq üçün daha sakit, düşünmə və duyma genişliyi verən məkanlara üz tutmuruq?  Yalnız ildə bir dəfə, istirahət imkanı qazanıb, şəhərin istisindən, səs-küyündən, başgicəlləndirici və ömür oğurlayan qayğısından harasa üz tutmaqla bu qarğaşadan “canımızı qurtaracağımız” günün həsrətini yaşayırıq. Ancaq “istirahət başlanandan”, böyük şəhərin səs-küyü arxada qalandan iki gün sonra dəhşətli darıxma hissi başlayır: günləri sayırıq – hər gün gileyləndiyimiz, söyləndiyimiz, əsəbiləşdiyimiz, etibarsızlığından, yalanından şikayətləndiyimiz Böyük Şəhərə qayıtmaq üçün; telefona əl atırıq – elə dünən baş götürüb qaçdığımız, hər anıyla beyinə əlavə yük verən, günümüzü məşğul edən xəbərlərindən soraq tutmaq üçün... Bu qayğılar bizim həyat tərzimizə çevrilibsə, niyə şikayətlənirik hər gün?

Yalnız Bakıdan uzaqlaşandan sonra bu qədim, qədim olduğu qədər də müasir şəhəri qiymətləndirməyə çalışırıq. Qiymətləndirə bilirikmi? İnanmıram! Bizi özümüzə, cəmiyyətə tanıdan, bizə istəyimizi reallaşdırmaq imkanı tanıyan, dostlar qazandıran, həyat vəsiqəsi verən, sevincimizi, dərdimizi bölüşən Bakı, səni sevə bilməməyin bir nədəni varmı?

Talesiz Bakı... Qoynuna sığındığı Xəzərin cidd-cəhdlə, ən dərin qatlarında gizlətdiyi sərvətini heç bir təmənna ummadan övladlarına bağışlayan şəhər! Dost-düşməni ayırmadan, sevəniylə nifrət edənini seçmədən hamını qarşılayan, oxudan, böyüdən başkənd! Gücünün çatıb-çatmayacağını, hər gələnin özü boyda yük olacağını fikirləşmədən, ağırlığını nəzərə almadan, bağrının dəlik-deşik olmasına, havasının daha da ağırlaşmasına əhəmiyyət vermədən hamıya qucaq açan Bakı: Xəzərinin sərvətini sovurub, sahilinə dincəlməyə gedəndə ağız büzənlərə heç əsəbiləşmədin; bağrını götürə bilməyəcəyin bir ağırlıqla yükləyəndən sonra hirs-hikkəylə səni söyənlərə heç qımıldanmadın; səndə yaşayıb, səndə böyüyüb, səndə tanınanların sənə vurduğu nifrinlərə, lənətlərə bircə dəfə də olsun, cavab vermədin...

Və səndən olanların səni sevməməsindən heç şikayətlənmədin!  Səndə yaşaya-yaşaya səni sevməməyin bir səbəbi varmı? Yarını səndə axtarıb, səndə tapıb, qoynunda bütövləşənlər, şadlıq edənlər qədrini niyə bilmirlər?  Bizdən nə almısan ki, hamımız onu qaytarmaq üçün səninlə cəngə girmişik? İnanma bizə, Bakı, səmimi deyilik, əlimizdə olanları dəyərləndirmək imkanından məhrumuq: ona görə bir-birimizlə çəkişir, hər şad olayda bir bədlik gəzir, yaşamımızı öz əlimizlə çətinləşdirir... və sonda da günahı sənin üstünə atırıq! Bəhanə tapmışıq: kimsə ələ keçməyəndə, bütün suçlar öz üstümüzdə qalanda psixoloji olaraq vəziyyətdən çıxmaq üçün günahkarı axtarmağa zaman sərf etmirik: Sən varsan, axı!

Yaşamımızın savablarını özümüzə, günahlarımızı sənə göndəririk. Ona görədir ki, tam bir “Günahlar Şəhəri”nə çevirməkdəyik səni. “Günahlar Şəhəri”ndə yaşamaq olarmış, ancaq “Günahlar Şəhəri”ni sevmək olmazmış. Görürsənmi, doğma Bakı, səni sevməməyin izahını da hazırlamışıq...
27.08.12. 

Yardımlı, Şıxlar
LENT.AZ 
 





12.09.2012    çap et  çap et