525.Az

Sənədsiz evlərin aqibəti necə olacaq?


 

Sənədsiz evlərin aqibəti necə olacaq?<b style="color:red"></b>

Bəxtiyar MƏMMƏDLİ

BU EVLƏRDƏ AZ, ÇOX, 2 MİLYONA YAXIN İNSAN YAŞAYIR

Bakıda başlanan tikinti bumu sənədsiz evlər ya qeyri-qanuni tikililərlə bağlı problemi də gündəmə gətirdi. Ölkə mətbuatının gündəmində olan bu mövzu artıq sənədi olmayan vətəndaşları və ya ev tikmək istəyənləri düşündürməyə başladı. Bir çox hallarda isə bu problem vətəndaşlarla icra strukturları arasında münaqişəyə səbəb olur.

2011-ci ilin 9 martında Bakı Şəhər İcra Hakmiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyevin qeyri-qanuni tikililərlə bağlı problemə münasibəti bu məsələnin ciddi hal aldığını bir daha ortaya qoymuş oldu. Bunun ardınca isə 27 iyun 2012-ci ildə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin itifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı.

Verilən məlumatlara görə, hazırda 500 minə yaxın sənədsiz ev və qeyri-qanuni tikili mövcuddur və burada yaşayan insanları sayı 2 milyona yaxındır. Bu məqamda suallar meydana çıxır.  Yaradılan komissiya hansı qərarı verəcək: bu yaşayış sahələri söküləcəkmi, sökülən evlərə konpensasiya veriləcəkmi, bütövlükdə məsələ necə həll olunacaq?         

«Bələdiyyələrin fəaliyyətinin təbliği»” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki,  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı illə «Sənədsiz mənzillər, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı televiziya verlişləri və teledebatların təşkili» mövzusunda keçirilən iki aylıq layihə çərçivəsində  rəhbərlik etdiyi təşkilat problemlə bağlı Bakının Binəqədi və Suraxanı rayonlari ərazisində  araşdırmalar aparıb: «Araşdırmalar göstərir ki, Bakı və Bakıətrafı ərazilərdə hüquqi sənədi olmayan  mənzillərin sayı 500 mini keçib. Adıçəkilən rayonlarda isə mövcud vəziyyəti belə təsnifatlaşdırmaq olar:

 

Bələdiyyənin adı

Sənədsiz mənzillərin sayı (faizlə)

Müraciətlərin sayı

 

Binəqədi rayonu 

 

 

 

1

Binəqədi  qəsəbə

78% (8250)

5.500

2

Binəqədi şəhər

12% (5400)

4.000

3

Biləcəri

65% (7800)

5.000

4

Xocasən

81% (8400)

3.500

5

Rəsulzadə

63% (4200)

2.000

 

Suraxanı rayonu

 

 

1

Hövsan

36% (2300)

2.000

2

Əmircan

56% (5600)

3.000

3

Bülbülə

47% (3450)

2.500

4

Yeni Suraxanı

57% (2350)

1.500

5

Zığ

38% (3250)

1.000

 

Orta rəqəm

54%

30.000

 

Təxmini hesablamalarımıza görə, bu rəqəmin 28-30 faizi müvafiq kommunikasiya xəttlərinin üzərində və ya yaxınlığında yerləşdiyindən sənədləşdirilməsi qeyri-mümkündür. Ancaq mənzillərin 70 faizədək hissəsini sənədləşdirmək mümkündür».

V.Tofiqlinin fikrincə, yaranmış vəziyyət eləcə də özü-özlüyündə başqa problemlər yaradır. Belə ki, vətəndaşın qanunsuz yollarla zəbt etdiyi torpaq sahəsində mənzilin özəlləşdirməsi sual altına düşür: «Sənədsiz  mənzillərin olması isə vətəndaş tərəfindən mənzilin alqı-satqı əməliyyatlarının həyata keçirilməsinə maneə yaradır. Eləcə də bələdiyyələr əmlak və torpaq vergisinin yığımından mərhum olur. Bundan başqa ərazinin dövlət məqsədləri ilə istifadəsi zamanı vətəndaş kompensasiyadan mərhum olur. Digər tərəfdən isə vətəndaş mülkiyyət üzərində hüquqi əsası olmadığı üçün onun girov  qoymaq hüququndan mərhum olur və digər addımların atılmasına əngəl yaranır (bağışlanması, vəsiyyət edilməsi və s.).

BFTİB-nin araşdırmaları göstərir ki, bütün bunlar əhalinin öz hüquqlarını və qüvvədə olan qanunları bilməməsindən, habelə bəzi hallarda yerli məmurların bu prosesə «göz yumması»ndan  irəli gəlir. Bu baxımdan vətəndaşların mülkiyyət hüquqları ilə bağlı əhali arasında mütəmadi olaraq istər vətəndaş cəmiyyəti qurumları, istərsə də bələdiyyə orqanları tərəfindən maarifləndirmə-izahat işlərinin aparılmasına ehtiyac duyulur».

Yaradılan komissiyanın fəaliyətinə toxunan V.Tofiqli bildirib ki, adıçəkilən komissiya tərəfindən hazırlanan təkiflər paketinə bir sıra məslələlərin salınması vacibdir. Belə ki, sənədsiz mənzillər siyahısına həm «artırılmış balkon»lar və faktiki olaraq bu gün  istifadəyə verilmiş yeni tikililər də əlavə edilməlidir: «Bu gün paytaxtda mövcud olan çoxmərtəbəli binaların 60 faizində məhz artırılmış «balkonlar» var. Yeni tikililərin xeyli  hissəsi bu və ya digər səbəbdən hələ də sənədləşdirilməmiş qalır. Odur ki, problemin həllinə kompleks yanaşmaqla onun birdəflik həllinə nail olmaq  olar».

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, millət vəkili Tahir Rzayev bildirib ki, qeyri-qanuni tikililərlə bağlı məsələ dəfələrlə gündəmə gəlib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda, eləcə də sonra keçirilən müşavirədə  bu məsələyə toxunaraq qanunsuz evlərin sənədləşdirilməsinin vacibliyini qeyd edib: «Çünki bu evlərdə vətəndaşlar yaşayırlar, uzun müddət qeydiyyata düşə bilmirlər və əziyyət çəkirlər. Əgər bu evlər tam qanunsuzdursa, haradasa kommunikasiya xətlərinə, magistral yol və qaz kəmərlərinə mane olurlarsa, həmin evlər müəyyən qaydalar çərçivəsində sökülməlidir. Yox, əgər tikilibsə, heç bir maneə yaratmırsa, bu evlərə mütləq sənəd verilməlidir. Bu proses başlandı və işlər gedir, amma ləng gedir. Lazımdır ki, bu işlər sürətləndirilsin. Bu problem nəinki Bakı şəhərində, eləcə də regionlarda  var. Bundan əlavə vətəndaşlar da öz hüquqlarını yaxşı bilmir. İnsanlar gedib torpaq alır və heç bir sənəd toplamadan ev tikməyə başlayır. Sonra həmin evlərə qeydiyyata düşmək olmur, eləcə də övladlarını da qeydiyyat sala bilmirlər. Bununla bağlı mənə xeyli sayda müraciətlər olur ki, uzun müddətdir Bakıda yaşayırıq, övladımız məktəbə getmək ərəfəsindədir, amma qeydiyyatda deyilik. Qeydiyyatı olmayan uşağı da məktəbə qəbul etmirlər. Eləcə də hansısa bir sənəd lazım olduqda dövlət orqanları qeydiyyat olmadığı üçün vətədaşlara sənəd verməkdən imtina edir. Belə bir vacib məsələnin həlli mütləq sürətləndirilməlidir».

T.Rzayev bildirib ki, qanunsuz tikililərlə bağlı konkret şəxsi və ya dövlət orqanını günahlandırmaq olmaz. Onun sözlərinə görə, burada Əmlak Məsələləri üzrə Dövlət Komitəsini və ya bələdiyyələri günahlandırmaq doğru deyil: «Bu, bizim ümumi nöqsanımızdır- həm vətəndaşın özünün, həm də o torpağı istifadəyə verənin. Çünki bu adamlar bilirdilər ki, hardasa bir kəmərin yanında ev tikmək mümkün deyil, ya yüksək gərginlikli elektrik xəttinin altında ev tikmək olmaz. Magistral və ya dəmiryoluna bitişik ərazidə ev tikmək olmaz. İlk öncə vətəndaş fikirləşməliydi ki, evi elə yerdə tiksin ki, gələcəkdə özünə və övladına ziyan gəlməsin. Təəssüflər olsun ki, vətəndaş da kiminləsə müəyyən münasibətlər qurur və torpaq alır. Amma baxmır ki, aldığı torpaq yararsız yerdədir, ona qanuna uyğun verilməyib. Sonradan problemlərlə qarşılaşdıqda kimdənsə aldığını deyir. Fikrimcə, bu, düzgün yanaşma deyil. Vətəndaş özü mülkiyyət məsələlərində maraqlı olmalıdır. Bundan başqa əvvələr torpağı yerli icra orqanları, bələdiyyələr verib, müəyyən şirkətlərin razılığı ilə evlər tikilib. Bütün bunlar bizim ümumi səhvlərimizdir və gərək aradan qaldıraq».

Millət vəkili hesab edir ki, yeni qəbul olunmuş Şəhərsalma və Tikinti Məcəlləsi gələcəkdə qeyri-qanuni tikililərin sayını azaldacaq: «Bu, çox ciddi və əhəmiyyətli qanundur. Artıq qanuna əsasən vətəndaşlar əvvəlki kimi get-gələ salınmayacaqlar. Qanunda da göstərildiyi kimi hündürlüyü 12 metrdən çox olmayan ev tikmək istəyənlər sənədlərini müvafiq icra hakimiyyəti orqanına verəcək və 3 ay ərzində heç bir irad göstərlimədiyi halda tikintiyə başlaya biləcək».

«Əmlak bazarı iştirakçıları» İctimai Birliyinin icraçı diretoru Ramil Osmanlı bildirib ki, qeyri-qanuni və sənədsiz tikililərlə bağlı məsələnin həlli Prezidentin sərəncamı ilə yaradılan komissiyaının fəaliyyətinin nəticəsindən asılıdır. Onun sözlərinə görə, bu gün dövlət başçısından tutmuş müvafiq dövlət strukturlarınadək, sadə vətəndaşlaradək hamı qəbul edir ki, qanunsuz dediyimiz, amma faktiki olaraq sənədsiz tikililər var: «Bunun sənədləşdirilməsi istiqamətində konkret addımlar atılmalıdır. 500 minə yaxın fərdi yaşayış evinin sökülməsi Azərbaycan üçün böyük fəsadlarla nəticələnə bilər. Biz bunun qəti əleyhinəyik. Magistral elektrik, qaz, su, işıq, avtomobil və dəmiryolu zolağına düşən evlərin siyahısı hazırlanmalı və kompensasiya ödənilməklə vətəndaşlar köçürülməlidir. Digər evlərin sənədləşdirilməsi istiqamətində icra hakmiyyəti orqanları porsesə cəlb olunmalıdır. Hesablamalarımıza görə, birinci qrupa, yəni magistral xətlərin mühafizə zolığına düşən fərdi yaşayış evlərinin sayı təxminən 10 minin ətrafındadır. Yerdə qalan fərdi yaşayış evlərinin sənədlşədirilməsi istiqamətində müvafiq icra strukturlarına tapşırıq verilməli və bu iş tez bir zamanda həyata keçirilməlidir. Bunun üçün imkanlar da var».             

R.Osmanlı qeyd edib ki, qanunsuz evlər təkcə fərdi yaşayış evləri ilə məhdudlaşmır, eyni zamanda Bakı şəhərində hündürmərtəbəli evlərin istismara verilməsi istiqamətində də ciddi problemlər var: «Hesab edirəm ki, həmin binalar da qanunsuz tikililər qrupuna daxil edlməli, onların da sənədləşdirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Bu gün Azərbaycanın ən aktual problemlərindən biri məhz mülkiyyət hüquqlarının təminatı ilə bağlı olan məsələdir. Mülkiyyət hüquqlarının təmin olunması istiqamətində bir çox addımlar atılır, layihələr həyata keçirilir. Bu layihələrdən biri də sənədi olmayan tikililərin sənədləşdirilməsinə xidmət etməlidir».      

 





26.11.2012    çap et  çap et