525.Az

Evlər kəskin ucuzlaşır


 

Evlər kəskin ucuzlaşır<b style="color:red"></b>

“2014-cü ilin ikinci yarısında neft birjalarında və qonşu Rusiyada baş verən hadisələr təbii ki, Azərbaycan daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Əgər mənzil bazarında ilin birinci yarısında qiymətlər 16,5 faiz artmışdırsa, ilin ikinci yarısında 1,3 faiz azalma müşahidə edilib”.

Bu barədə Modern.az-a “MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib. 

Ekspertin fikrincə, Rusiyadakı proseslər də Azərbaycanda evlərin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxaracaq: “Nəzərə alsaq ki, daşınmaz əmlak bazarına daxil olan pul kütləsinin bir hissəsi qonşu Rusiyadan gəlirdi, hazırda bu axının bir hissəsi tam dayanıb, qalan hissəsi əks istiqamətə yönəlib. Digər tərəfdən, ilin ikinci yarısında ipoteka kreditlərinin verilməsində azalmalar, 2013-cü il və 2014-cü ilin birinci yarısında qiymətlərin kəskin artımı son nəticədə daşınmaz əmlak bazarında böhranlı vəziyyət yaradıb. Bu vəziyyət qiymətlərin yaxın zamanda düşəcəyinə zəmin yaradıb”

Nüsrət İbrahimov qeyd edib ki, hazırda daşınmaz əmlak bazarında ümumi süstlük hökm sürməkdədir: “Potensial alıcılar gözləmə mövqeyinə üstünlük verirlər. Satıcılar isə maksimum ehtiyatlı davranmağa çalışırlar. Hamı nəyi isə gözləyir və ehtiyatlı olmağa çalışır. İlin əvvəlində daşınmaz əmlak bazarında 12,4 faiz, mənzil bazarında 16,42, torpaq bazarında isə 9,84 faiz artım var. Hazırda real tələb kiçik ölçülü və ucuz qiymətə olan mənzillərə və şəhərətrafı zonada yerləşən 2-4 sot ölçüdə olan torpaq sahələrinədir. Mənzilə real ehtiyacı olan əhali təbəqəsinin gücü yalnız buna çatır”.

Onun sözlərinə görə, kirayə bazarında ilin əvvəlindən 1,47 faizlik azalma müşahidə edilib: “Bu azalma əsasən təklif portfelindəki struktur dəyişikliyinin nəticəsidir desək, yanılmarıq. Digər tərəfdən ilin ikinci yarısında əhali arasında müşahidə edilən psixoloji gözləntilər son nəticədə xərclərin azaldılmasına və daha ucuz evlərə üstünlük vermələri ilə nəticələnib. Ümumilikdə,  xırda ticarət və biznesdə gəlirlərin azalması son nəticədə obyektlərin icarəsi və mənzillərin kirayəsinə də təsirsiz ötüşməyib”.

 





14.01.2015    çap et  çap et