525.Az

Londonda "Xəzər dəhlizi"


 

Londonda "Xəzər dəhlizi"<b style="color:red"></b> Bu gün Londonda "Xəzər dəhlizi" konfransı keçirilib.

525.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Beynəlxalq Bankı və Böyük Britaniyanın "TheCityUK" və "Asia House" bankları tərəfindən təşkil olunmuş bir günlük konfrans Xəzər regionu dövlətlərinin imkanlarının araşdırılmasına, ticarətin inkişafı üçün mümkün tədbirlərin işlənib hazırlanmasına həsr olunub.

Konfrans çərçivəsində keçirilən brifinq, müzakirələr və interaktiv sessiyalarda nazirlər, ekspertlər və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Doqquz bölmədə aparılan müzakirələrdə regional məsələlər, o cümlədən enerji, infrastruktur, bank, istehsal, peşəkar xidmət, təhsil, turizm sahələrinə aid məsələlər, həmçinin qarşıda duran vəzifələr əhatə olunub.
Konfransda çıxış edən ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirakçıları şirkətin "Cənubi Qaz Dəhlizi" layihəsi üzrə strategiyası ilə tanış edib. Təqdimat xarakteri daşıyan çıxışında Rəfiqə Hüseynzadə ARDNŞ-nin təbii qaz ixracı və Avropa enerji təhlukəsizliyi sahəsində gördüyü işlər və əldə etdiyi nailiyyətlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Təqdimatda İngiltərənin nəhəng "TheCityUK" bankının rəhbəri Kris Kummins, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev, Lordlar Palatasının üzvü Reymond Oksford, Böyuk Britaniya Xarici İşlər Departamentinin rəsmiləri, xarici ölkələrin səfirləri, Azərbaycanın Böyuk Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, maliyyə və biznes dairələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər, o cümlədən Rəfiqə Hüseynzadə tədbirin sonunda iştirakçıların suallarını cavablandırıblar.

Konfransın sonunda "Cadogan Hall"da Azərbaycanın klassik musiqi və muğam ifaçıları, Britaniya Kral Filarmoniyası Orkestri Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş qala-konsertlə çıxış ediblər.
 





26.11.2012    çap et  çap et