525.Az

Aktauda 20 Yanvar şəhidləri anılıb


 

Aktauda 20 Yanvar şəhidləri anılıb<b style="color:red"></b>

Yanvarın 16-da  Aktau şəhərində “Renessanse-Aktau” otelində Baş konsulluğun təşkilatçılığı ilə, Aktau şəhərində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni Cəmiyyəti ilə birgə 20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yerli hökümət qurumları, Aktau şəhərinin yerləşən diplomatik missiyaların nümayəndələri, ali və orta təhsil müəssisələrinin üzvləri, Aktau şəhərində yaşayan həmyerlilərimiz və digər xalqların nümayəndələri, habelə KİV üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdən öncə 20 yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş edilib. Tədbir keçirilən zalda faciə ilə bağlı rus, ingilis və azərbaycan dillərində müxtəlif dövrlərdə nəşr olunmuş kitab və jurnalların sərgisi təşkil edilib.

Tədbir zamanı ilk öncə çıxış edən Baş konsul Rəşad Məmmədov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 19-20 yanvarında baş verən hadisələr barədə iştirakçılara ətraflı məlumat verib.

Baş konsul ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin ölkəmizdə misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edərək, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu və bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb.

Daha sonra 20 Yanvar faciəsi ilə bağlı, Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” milli-mədəni Cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış etmiş, uzun illər vilayətdə yaşayan həmyerlimiz, şair Rövşən Həsənli faciəilə bağlı şeirlər oxuyub.

Tədbir zamanı “qanlı yanvar” adlı kitab və digər çap məhsullarının sərgisinin açılışı olub. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş “CBC” telekanalı tərəfindən 2014-ci ildə çəkilmiş, rus dilində olan “Дело  №2” adlı sənədli film nümayiş etdirilib.

 





19.01.2015    çap et  çap et