525.Az

Ramiz Mehdiyevin Litvada kitabı nəşr edilib


 

Ramiz Mehdiyevin Litvada kitabı nəşr edilib <b style="color:red"></b>

Bu günlərdə Vilnüsdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın keçmişdəki itkiləri və gələcəyinin strateji görünüşü” (Ramizas Mehdijevas. “Azerbaidjano praeities netektys ir ateities vizija”) adlı kitabı Litva dilində çap olunub. 

İki hissədən ibarət olan kitabın birinci hissəsində R.Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” adlı tarixi oçerki yer alıb. Birinci hissədə həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  20 Yanvar faciəsi ilə əlaqədar etdiyi çıxışı və Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı nəşr  edilib. Bundan əlavə, kitabın bu hissəsində R.Mehdiyevin sözügedən tarixi oçerki barədə litvalı müəlliflər – Litva Milli Elmlər Akademiyasının akademiki, məşhur tarixçi alim, professor Antanas Tila və Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun müəllimi, sosial elmlər doktoru Laurinas Kasçyunas tərəfindən yazılmış resenziya və politoloji mülahizələr, həmçinin müstəqil Litva Respublikasının 1990 – 1992-ci illərdə ilk dövlət başçısı, 2004–2014-cü illərdə Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin sədr müavini, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru, professor Vitautas Landsbergisin 20 Yanvar hadisələri haqqında “Azərbaycanın faciəsi“ adlı məqaləsi də yer alıb. 

Kitabın ikinci hissəsində oxuculara R.Mehdiyevin XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində“ adlı sosial-siyasi və fəlsəfi əsəri təqdim olunub. Bu əsər haqqında tanınmış iqtisadçı alim, Litva Milli Elmlər Akademiyasının akademiki, professor Antanas Buraçasın yazdığı geniş həcmli elmi məqalə və “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” (The Global Talent Competitiveness Index) hesabatında Azərbaycanın və Litvanın tutduqları reytinqlərə aid müqayisəli göstəricilər də kitabın ikinci hissəsində dərc olunub. 

Akademik R.Mehdiyevin kitabını Litva dilinə Azərbaycan və Litva filologiyaları üzrə mütəxəssis, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, publisist-tərcüməçi Mahir Həmzəyev və litvaşünas alim Edita Ratkuvene tərcümə ediblər. 

Kitabın redaktoru Litva Milli Elmlər Akademiyasının Humanitar və Sosial elmlər bölməsinin elmi katibi Aurika Bagdonaviçene, tərtibatçisi və ön sözün ( “Keçmişin ağrıları və gələcəyin böyük ümidləri”) müəllifi isə Mahir Həmzəyevdir. 

Kitab Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən 1000 (min) nüsxədən ibarət tirajla nəşr edilib. 

Diasporla iş üzrə Dövlət Komitəsi və Litva Azərbaycanlıları Cəmiyyətinin birgə layihəsi çərçivəsində Litvanın elm və ali təhsil müəssisələrində, dövlət institutlarında, yaradıcılıq ittifaqlarında, ictimai-siyasi və mədəni təşkilatlarında bu il kitabın Litva ictimaiyyətinə təqdim olunmasi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. 
Mahir HƏMZƏYEV, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri
 

 

 





24.01.2015    çap et  çap et