525.Az

Prezident fərman veribsə, Mərkəzi Bank kredit faizlərini niyə aşağı salmır?..


 

Prezident fərman veribsə, Mərkəzi Bank kredit faizlərini niyə aşağı salmır?.. <b style="color:red"></b>

Ötən ildən bəri davam edən proqnozlara görə 2015-ci ildə Azərbaycanda bank faizlərinin aşağı salınacağı gözlənilir.

2014-cü ilin dekabr ayında prezident İlham Əliyevin imzaladığı “2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verilib. Fərmanla Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir prezidenti görülən işlər barədə məlumatlandırmalıdır.

Qeyd edək ki, prezident bu fərmana qədər də kredit faizlərinin aşağı salınması barədə bir neçə dəfə MB rəhbərliyinə tapşırıqlarını verib. MB-nin kredit faizlərinin yüksək olması ilə bağlı arqumentləri sadə olsa belə, bu yanaşmanın obyektivliyi birmənalı qarşılanmır: iqtisadiyyatda mənfəət norması yüksəkdir; əmanətlər üzrə faiz dərəcələri yüksəkdir; bankların cəlb etdiyi maliyyə resursları bahalıdır. Baş bankda hətta xəbərdarlıq etməyi də bəzən unutmurlar: inzibari müdaxilə qara bazarın yaranmasına gətirib çıxara bilər.

Əksəriyyət prezidentin bu fərmanından çıxış edərək bank faizlərinin əhəmiyyətli dərəcədə aşağı salınacağına inanır. Hətta Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da Modern.az-a açıqlamasında bank faizlərinin aşağı salınması istiqamətində işlər getdiyini və bu ilin birinci rübünün sonunda məsələnin öz həllini tapacağını vurğulamışdı.

Lakin Mərkəzi Bank sədri Elman Rüstəmovun AzTV-yə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər cəmiyyətdə narazılıqla qarşılanıb. O, çıxışında bank faizlərinin aşağı salınmayacağını bildirib.

İqtisadçı ekspert Oqtay Haqverdiyev Modern.az-a açıqlamasında deyib ki, Mərkəzi Bank faiz məsələsinə mütləq baxmalıdır: “Bank faizləri qanunla sərbəstdir. Hər bir kommersiya bankı istədiyi kredit faizini müəyyənləşdirir. Mərkəzi Bankın verdiyi kredit resursları 10 faiz tənzimlənir. Əlbəttə, Mərkəzi Bank bu məsələyə mütləq baxmalıdır. Mərkəzi Bankın verdiyi kredit resursları 3,5-5 faizlədir. Mərkəzi Bank bircə bu faizi tənzimləyə bilir. Kommersiya banklarının hüquqi və fiziki şəxslərə verdiyi kreditləri isə özləri təyin edir. Mərkəzi Bank öz səlahiyyətinə uyğun olaraq kommersiya banklarına təsir göstərə bilər”. Ekspertin fikrincə, Mərkəzi Bankın müdaxilə etməməsi anlaşılmazdır: “Bunu hansı səbəblərə görə etmir, ya edə bilmir, bu qaranlıq qalır. Prezidentin də məsələni rəsmi fərmanla gündəmə gətirməsi problemin olduğunu söyləməyə əsas verir”.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov müsahibə zamanı onu qeyd edib ki, dövlətin bu məsələni tənzimləməsi ilə bağlı çağırışları olur: “Ancaq bəzi ölkələrin təcrübəsi göstərir ki, belə məsələlərə dövlətin müdaxiləsi istənilən nəticələri vermir”.

Oqtay Haqverdiyevin sözlərinə görə, hər ölkənin öz xüsusiyyəti var: “Almaniyada, Fransada bank faizlərinin ən çoxu 7-8 faizdir. O ölkələrin Mərkəzi Bankı kredit resurslarını 0,5- 1 faizlə verir. Bununla belə, onların iqtisadiyyatı, bank faizləri kifayət qədər böyük olan Azərbaycandan güclüdür. “Bank faizlərinin aşağı salınması pis nəticələrə gətirib çıxara bilər” yanaşması düzgün deyil. Bank faizinin aşağı olması o deməkdir ki, ölkədə iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaranıb. Fiziki şəxslər xüsusilə də böyük layihələri həyata keçirmək üçün aşağı fazilə kredit götürülməsində daha çox maraqlıdır. Faizlərin yükək olması isə onları bu işdən çəkindirir. Kimsə deyirsə ki, bu pis nəticə verəcək, o yanılır. Normal iqtisadiyyatı olan ölkələrdə bank faizləri 5-7 faizdir. Bilmirəm, bəlkə də biz hazır olmadığımızdan Mərkəzi Bankın rəhbəri belə bir açıqlama verdi. Amma buna baxmayaraq, Mərkəzi Bankın verdiyi kreditlər 1-1,5 faizdən çox olmamalıdır. Belə olan təqdirdə iqtisadi inkişaf prosesi də sürətlənə bilər”.

 





31.01.2015    çap et  çap et