525.Az

Yazıçının həqiqət və harmoniya axtarışları


 

Yazıçının həqiqət və harmoniya axtarışları<b style="color:red"></b>

Yazıçılardan birinin nə vaxtsa belə bir fikrini oxumuşdum. O, yazıçı əməyini əkinçi zəhmətinə, yazıçı dözümünü əkinçi səbrinə bənzətmişdi. Böyük yazıçı Qoqolun da bu xüsusatda maraqlı şərhi var. O, yazıçı işini rahiblikdə, səbr və dözümlə ibadətdə, yəni əzablı zəhmətdə görürdü. Bu mənada Əli İldırımoğlunun yazıçı zəhməti, əkinçi əməyindən, rahiblik  dözümündən süzülüb gəlir.

“Közərən sətirlər” əsərini diqqətlə oxuyanda da məhz bu qənaətə gəlmək olur. Əsər həm də əməyin, zəhmətin, halallığın, ümid və sevgilərin şəninə oxunan bir himndir.  Əsəri diqqətlə oxuyanda, onda bir daha əmin olursan ki, insana, torpağa, Vətənə, haqqa, ədalətə, zəhmətə, halallığa,  doğmalığa, etibara, sədaqətə nəsr diliylə, necə də nəğmələr qoşmaq olarmış. Oxuyun bu kitabı, onda görərsiniz ki, Vətən, torpaq, el-oba, yurd-ulus haqqında danışanda, nəsr dili nə qədər kövrək, poetik, lirik bir  nəğməyə çevrilir. Sevgi dili, məhəbbət dili, el-obaya, ata-anaya, ağsaqqala ehtiram, hörmət dili nəsrə-nəzmə bölünmür...

Bu romanı müəllifin ona qədər yazılmış və ondan sonra yazılacaq əsərlərinin yığcam toplusu, ideya və informasiya mənbəyi adlandırmaq olar. Burada qoyulan məsələlər, irəli sürülən ideyalar bu və ya digər şəkildə, alternativ və hətta imperativ formada gələcəkdə müstəqil əsərlərə çevrilib, yaxud  bu əsərlərin hansısa səhnəsində, epizodunda, qəhrəmanların obrazında öz əksini tapıb.

“Közərən sətirlər” fundamental təməl prinsipləri üzərində qurulub. Hədəflər nədir? İnam, ümid dolu həqiqətlər,   torpağa, elə, obaya, insana, peşəyə, adət-ənənəyə sevgi, hörmət, valideynə fanatik məhəbbət, Allaha sevgi, itaət və sair... Ədəbiyyatşünasların bəzisi onu xatirə-roman adlandırır, bəziləri burada Rəsul Həmzətovun “Mənim Dağıstanım” əsəri ilə paralellər axtarır... Razılaşmamaq olmaz. Lakin başqa bədii və estetik məziyyətlər də var... Əvvəla, əsərdə elmi, fəlsəfi, didaktik fikir və düşüncələr  xatirələrə müncər edilirsə, uşaqlıq, gənclik, ahıllıq yaddaşından qaynaqlanırsa, bunlar həm də müəyyən məsafəyə (qısa olsa da) səyahətin bəzən ekzotik, bəzən poetik, bəzən də  balletristik mənzərəsi fonunda təqdim edilir. Demək, romanın janr təyinatı təkcə xatirə-roman möhürü ilə məhdudlaşa bilməz. Buraya səyahət romanı elementləri də əlavə olunmalıdır.

Ədəbiyyat tarixində səyahətnamələr kifayət qədərdir. Həm Azərbaycan, həm də dünya ədəbiyyatında bu janrın  klassik nümunələri uzun illərdir ki,  yaddaşımızın yol yoldaşıdır (“Quliverin səyahəti” və s.). Səyahət romanları öz fərdi üslubu, yazıçı yanaşması, bədii, bəzən elmi-bədii, bəzən fantastik arxitektonikası ilə fərqlənir. Bəzisində ideya  qabardılır, bəzisində müşahidə, hadisələr önə çəkilir, bəzisində  yazıçı məqsədi, bədii  qayə görüntü və detalların məzmununa uyğunlaşdırılır. Məsələn, bizə daha yaxın və doğma olan Zeynalabdin Marağayinin “İbrahimbəyin səyahətnaməsi” romanında bədii-estetik qayə, yazıçı məqsədi sırf hadisələrdən qaynaqlanır.  Yazıçı gördüyü hadisələrin fonunda rastlaşdığı insanların söhbətləri əsasında ictimai-siyasi eybəcərlikləri əks etdirir, xalqın acınacaqlı taleyini ortaya qoyur. Öz  klassik sələfindən fərqli olaraq Əli İldırımoğlu üçün səyahət ədəbi-bədii  forma kimi fərqli assosiasiyadadır. Bu, sanki öz keçmiş xatirə-yaddaşını təzələmək və bunun fonunda öz ədəbi-bədii və estetik məramını bəyan etmək üçün seçilmiş vasitədir. O, öz xatirələrinin, rastlaşdığı hadisələrin, fəlsəfi düşüncələrinin, ata-baba söhbətlərindən süzülüb gələn müdrik nəsihətlərin və oxuduğu, yaddaşının yol yoldaşına çevrildiyi yazıçı və filosofların heç vaxt solmayan, təravətini itirməyən aforizmlərini birləşdirərək onların sintezini təqdim edir. Bu sintez bir mayadan yoğrulub, bir kökdən su içib. Burada  bir yaradıcı doğmalıq, eynilik, fəlsəfi və poetik harmoniya var. Bu sintezdə yabançı, qəlp heç nə tapmazsan. Bütün bu müxtəlif paralellər bir nöqtədə ahəngdar birləşir, bu mürəkkəb əlaqələr əriş-arğac kimi bir-birinə elə qovuşur ki, ayrı-ayrı  zərrənin bir  tamına çevrilib özü-özünü tamamlayır... Burada qurama səhnələr, aldadıcı kombinasiyalar, saxta kompozisiyalar yoxdur. Böyük filosof Nitşe yazırdı: “Ən dərin fikirlər ən sakit fikirlərdir”. Əli İldırımoğlunun fikirləri və ifadə vasitələri obrazlı olduğu qədər də sadədir. Onda yalançı pafos, təmtəraqlı,  ekstravaqant ibarələr yoxdur, tapmaca süjetlər qurmur,   səliqəli, ləngərli bir avazla öz həyat dastanını nəql edir.

Adı çəkilən əsərlərdə janr yaxınlığı olsa da, fərqli cəhətlər də çoxdur. Əvvəla, fərdi üslub, dil, hadisələrə yanaşma tərzi, gördüyü, rastlaşdığı insanlara yazıçı münasibəti, onların sosial mövqeyini mənalandırmaq tərzi fərqlidir.  Əgər R.Həmzətov problem kimi irəli sürdüyü məsələlərə münasibətdə aforizmlərdən, didaktik-fəlsəfi ibarələrdən birbaşa istifadə edirsə, Ə.İldırımoğluda bu həm də həyat hadisələri, müxtəlif hekayətlərlə izlənir. O, sanki ədəbi-fəlsəfi fikirləri hansısa hadisəni nəql etmək üçün zəmin kimi istifadə edir. Bu da əsərin bədii məziyyətlərinə müsbət təsir göstərir, onun epikliyini təyin edir, bədii nəsr xüsusiyyətlərini müəyyən mənada quru didaktikadan və nəsihətçilikdən uzaqlaşdırır. Təbii ki, quru sözçülük, nəsihət, didaktika həyat hadisələri ilə tamamlananda daha uğurludur. İbn Sina təsadüfən demirdi ki, ümumi ifadələr ancaq rəydir, onların çoxu “xalis yalandır”. Əli İldırımoğlunun  başqa əsərlərində olduğu kimi, “Közərən sətirlər”də də detalsız, faktsız, obyektsiz heç bir quru söz,  çılpaq ifadələr tapmaq olmaz. Onun əsərlərində çox vaxt həyati fakt  və detal o qədər canlı olur ki, sanki özü danışır, ifadəni, sözü, deyimi, təhkiyəni  əvəz edir, obrazlı düşüncə statusu qazanır. Sözlərin arxasında predmet və anlayış dayananda doğrudan da hadisə özü  danışmağa başlayır...

Yazıçı öz bədii səyahətində  onu düşündürən əksər problemlərə işıq salır... İlk təməl problemlər Vətənə, topağa, ana yurda  məhəbbətdir. Ailə-məişət məsələləri, ata-anaya sevgi və hörmət, gəlin-qaynana-qaynata, oğul-uşaq münasibətləri də bu  rakursdan çözələnir. Bu məsələlərə münasibətdə yazıçının öz mövqeyi var və bu, sərt və qətidir.  Onun üçün ailə məişət məsələsi deyil, ictimai mövzudur, bəşəri problemdir. Yazıçı uzaq əsrlərdən və daşlaşmış ənənələrdən gələn, öz qəlibində, öz modelində daha inamlı və xoşbəxt görünən, psevdosivilizasiyanın bir sıra iyrənc eybəcərliklərinə qarşı bu gün də mərd-mərdanə sinə gərərək Azərbaycan övladının  şərəf və ləyaqətini, əxlaqını, mənəvi dəyərlərini   qoruyub  saxlayan  ailə  strukturunun,  ailə   institutunun tərəfindədir. Yazıçı ataya, anaya itaət eləyən övladın, qaynanaya, qaynataya ata-ana gözüylə baxan, ədəbdə-ərkanda nümunə göstərən gəlinin tərənnümçüsüdür. Bu mövqedə o, bəzilərinə  konservator və arxaik düşüncəli, yeniliyə, sivilizasiyaya qarşı da görünə bilər... Bəzilərində elə fikir formalaşa bilər ki, müəllif keçmişin  idilliyasına qapılaraq onu bu günlə üz-üzə qoyur. Keçmişin tərəfində durub bu gündən və gələcəkdən əlini üzür. Amma bir anlıq gəlin görək: əxlaqlı, mükəmməl keçmiş yaxşıdır, yoxsa bütün insani dəyərləri pula, mala, dövlətə qurban verən, insan əxlaqı və mənəviyyatı üzərində vəhşi ehtiraslar dünyası quran, ən müqəddəs dəyərləri belə, hərraca qoyan müasir sivilizasiya? Böyük Çin filosofu Konfutsi təsadüfən demirdi ki, yalnız keçmişi davam etdirməklə gələcəyə çatmaq olar.   Əli İldırımoğlu məhz gələcək üçün möhkəm özül olan bu keçmişi idilliya edir. Öz keçmişindən  qırılan gələcək yoxdur...

Əli İldırımoğlunun ailə əxlaqı heç də lokal mənada anlaşılmamalıdır. Ailə uğrunda mübarizə onunçün cəmiyyət uğrunda mübarizədir. Aristoteldən  üzü bəri Marksa və ən müasir filosoflara, yazıçılara, siyasətşünaslara qədər ailənin cəmiyyət üçün ilkin model olduğu etiraf edilir. Sağlam ailə sağlam, mükəmməl cəmiyyət deməkdir. Əli İldırımoğlunun da  bu işdə əsas güvənc yeri öz ailəsidir – babası, nənəsi, atası və sair. Bu insanların hər biri mükəmməl ailə modelinin nümayəndələridir. Məşədi Paşa, Gövhər, İldırım... Dünəni yaşadan bu adamlar bu gün üçün də modeldir, əxlaq və mənəviyyat meyarıdır. Yazıçının babası Məşədi Paşa köhnə kişilərdəndir, nənəsi Gövhər sanki göydən enmiş mələkdir. Onların bir-birinə olan qeyri-adi münasibəti, səmimi, isti məhəbbəti ailənin möhkəm bünövrəsi, məhək daşıdır. Oğul-uşağın ata-anaya sevgisi də bayağı yox, alicənablıq, qayğı, ehtiram və etiqad həddindədir. Əli İldırımoğlu öz uşaqlıq müşahidələrini belə yazır: “Qocam (yəni nənəsi Gövhər) o yaşında da oğlundan həya eləyərdi. Dayım gələndə qocam yaşmağını yuxarı çəkərdi, oturuşunu dəyişərdi. Dayım ata-anasının yanında heç vaxt həyat yoldaşı ilə  yaxın oturmazdı. Babam və qocam gəlinə söz deyərdi. Gəlin qaynatasına, qaynanasına demək istədiyini əl hərəkəti ilə izah edərdi.  Tay indiki gəlin-qaynanalar kimi qoç döyüşünə çıxmazdılar. Ailə üzvləri arasında abır-həya, hörmət-izzət pərdəsi vardı”. Belə arxaizmi,  belə konservatizmi ancaq təqdir etmək olar. İnanın, biz nə vaxtsa bunlara qayıdacağıq! Gec-tez! Qanımızla, canımızla, genetikamızla, azərbaycanlıyıqsa, qayıdacağıq! Bu postulatlar yenə də nə vaxtsa bizim əxlaq kodeksimizə çevriləcəkdir.

Əli İldırımoğlu Məşədi  Paşa ilə Gövhər məhəbbətini ruhani eşq səviyyəsinə qaldırır. Daha  doğrusu, qaldırmır, bu ruhani eşqi sadəcə təsvir etməklə məhəbbətin əsl mahiyyətini, özəyini təqdim edir və eşqin, insani məhəbbətin əsl dəyərinin əsrlərdən bəri süzülüb gələn cismani deyil, maddi deyil, ruhani olduğu fikrini bir daha yeniləyir. Yazır ki, “Qocam qəflətən yorğan-döşəyə düşdü. Heç iki gün xəstə yatmadı, ismətli gözlərini əbədi yumdu... Dəfn mərasimindən sonra babam içəri girdi. Ev-eşiyə göz gəzdirdi, nə isə axtarırdı, ancaq tapa bilmirdi. Birdən özündən asılı olmayaraq: – Gövhər! Gövhər! – çağırdı... Görəsən, babamın axtardığı nə idi?! Gövhər məhəbbəti!.. Hiss edirdim ki, məhəbbətsiz dünyada babamın havası çatmır... Üzünü hüzr yerinə gələnlərə tutdu:

– Ay camaat, əziyyət çəkib gəlmisiniz, – dedi. – Sağ olun! Amma sizə bir sözüm var:


Bağçada bar yaxşıdı,

Heyvadan nar yaxşıdı.

Yığışıbdı qohum-qardaş,

Hamısından yar yaxşıdı.


Babam qocamdan sonra cəmi bircə həftə yaşadı...”

Bu, Əli İldırımoğlunun sağlam, namuslu, əxlaqlı, həm də məhəbbət özüllü ailə modelinin bariz nümunəsidir.

Əsər boyu yazıçı sağlam, namuslu ailə üçün sanki döyüşür. O, cəmiyyətin nicatını, dünyanın xilasını bunda görür. Onunçün sağlam ailə cəmiyyətin vicdanı və namusudur. Rastlaşdığı alicənab insanlardan, mükəmməl, sağlam ailələrdən söhbət açır.

Əməkdar həkim, məşhur cərrah qızını hörmətli bir nazirin oğluna verib. Cehizi isə yalnız aldığı ədəb və bir də ki, ali təhsil diplomudur, vəssalam. Hörmət, izzət, maddi imkan bu ailəni heç də halal yoldan sapdırmır. Yazıçı belə nümunəvi ailəni təsvir edəndə bu qənaətə gəlir: “Şübhə etmirəm ki, qarşılıqlı ehtiramın, sadəliyin, səmimiyyətin  hakim kəsildiyi bu cür ailə ab-havasında ərsəyə yetən övlad həkim və hakimlərdən çox-çox uzaq olar”.

Təəssüf ki, bəzən belə də olur... Cehizini üç “ZİL” maşını  apara bilməyən  qızın milisdə işləyən əri ilə ailə münasibətinin acınacaqlı sonu, onun milis ərinin başına gətirdiyi oyunlar... Evə iki cür – əla və ikinci, üçüncü növ çay alıb, birinci növü özü istifadə edən, o birisini ailəsinə verən, yazıçının “ər deyil, görünməmiş dərddir” adlandırdığı üzdəniraq filosof ərlər... Əri   hakim işləyən qadının işləkləri (əri yaxşı rüşvət alan günü, qapı-qapı düşüb qonşulardan borc istəməsi).   Və yaxud, ailədə olan dözülməz ab-havadan əsəb xəstəliyi tapmış və nəticədə arvadını, üç uşağını atıb getmiş böyük bir rayonun idarə  rəisinin dediyi: “Qadın hikkəsi, hiyləsi, iddiası, deyingənliyi kişi ömrünün qənimidir...”

Cəmiyyətdə təsadüf olunan bu cür neqativ əhvalatlarla yanaşı, müəllif qadına əsasən ana ucalığından baxır və onun işıqlı tərəfini təqdir edir: “Kişiyə çətinlik üz verəndə, onun əzabını ən çox ürəyi çəkir, bir də ki, ona vəfalı olan qadını”.


lll

Əsərdə aparıcı bədii üsullardan biri müraciətdir. Qələmə, qarımış tut ağacına, vəfalı köpək “Qrafa”, dağların sultanı qartala müraciət... Yazıçının qartalla söhbətləri xüsusi maraq doğurur. Qartal sanki bu ulu torpaqların hurr yaşayıb, mərdliklə ölən övladlarının ruhudur. Onun məzəmmətləri, tənələri sanki narahat ruhların ittihamıdır. Sanki mərd igidlərin ruhu dil açıb danışır, bizi oyadır, yaddaşımızı təzələyir, torpaqlarımızın yağı düşməndə olduğunu dönə-dönə xatırladıb bizi mübarizəyə səsləyir. Qartal sanki bu yurdun övladları – Əmrah Yüzbaşının, Qaçaq Qabilin, “Kişi Tavat”ın, İbadullanın, Mövlanverdinin, Cəbrayılın ruhu idi, dil açıb danışır, haray salırdı... Qartal nədən danışırdı?.. Erməni daşnaklarının azərbaycanlılara kirvə deyə-deyə evlərini yandırmağından, tifaqını dağıtmağından, kəndlərini yerlə-yeksan etməyindən... Balahəsənli, Eyvazlı, Qədili, Sofulu, Qarabaşlı, Qalaboynu, Qaraçıyurdu, Qabaqlı, Çömçəli kəndlərinin vaxtilə ən əziz qonağı olmuş, halal duz-çörəyini dadmış və sonralar bu kəndləri oda yaxmış erməni vandallarından. Bir də nədən danışırdı?.. Bir də ki, xalqımızın, azərbaycanlıların unutqanlığından, zaman-zaman öz xeyirxahlığının girovuna çevrilməsindən... Müəllif qartalın səsinə səs verərək etiraf edir: “Biz isə... Hələ ləng-ləng idik. Bütün bu daşnak fitnə-fəsadından nə diksinirdik, nə də ayılmaq bilirdik...”

“Nə vaxtsa mən bütöv harmoniyanın hökm sürdüyü planetin üzərində gəzib-dolaşacağam. Amma indiyə qədər heç kim göstərə bilmir ki, həmin planet harada yerləşir”. Volterin  bu sözlərini təsadüfən xatırlamadıq. Əli İldırımoğlu bir insan kimi həyatda həmişə harmoniya axtarıb. Əsərlərində də harmoniyalı cəmiyyət, təbii koordinasiyalarla yaşayan insan, ritmik və ahəngdar mühit uğrunda mübarizə aparıb. Təbiətə isti münasibət, ictimai tərəqqini təbii paralellərdə, ilahi enerjidə və dinamikada axtaran yazıçının fikir və düşüncələrini təbiətin diliylə söyləməsi də anlaşılandır. Bu əsərdə də  cəmiyyətdəki  harmoniyanın elmi-nəzəri, fəlsəfi və eyni zamanda bədii konturlarını görə bilirik.

Cəmiyyətdə harmoniya pozulanda nə olur? Halal- harama qarışır, böyük-kiçik yeri bilinmir, hiylə, riya baş alıb gedir, əxlaq, mənəviyyat tənəzzülə uğrayır, bir sözlə, dünyanın əşrəfi adlandırılan insan təbii koordinasiyalarından uzaqlaşıb həşərata çevrilir... Belə olanda,   mühüm vəzifə daşıyan, bir kəlməsilə insan taleləri həll olunan, ətrafdakılara bəlağətlə ata-ana məhəbbətindən, böyüyə hörmət, ağsaqqala ehtiramdan dəm vuran generallar kimi ikiüzlülər, riyakarlar, bir az da sərt desək, rəzillər meydana gəlir. Ataya məhəbbətdən dəm vuran general  ağsaqqal bir kişiylə rastlaşanda diksinir, sarsılır və qoca  ilə ötəri görüşüb ona nəsə deyir və tələsik oradan uzaqlaşdırır. Müəllif bu adamı nişan verib onu oxucusuna tanıdır. Sən demə, həmin ağsaqqal generalın atasıdır. Budur, ağız dolusu ata məhəbbətindən dəm vuran oğul. Rayona gələndə atası ilə nəinki görüşür, hətta özünə sığışdırıb atasının  evində gecələmir, mehmanxanada yerləşir.

Başqa bir misal. Rayonda ezamiyyətdə olan mötəbər bir nazir kolxoz  sədri  ilə  söhbətində  Azərbaycan  dilinin  saflığından, müqəddəsliyindən danışır, onu  qorumağı tövsiyə edir. Nazir gedəndən sonra müsahibi çiynini çəkib – bu nə danışırdı? – öz-özünə sual verir. Təbii sualdır. Axı, Azərbaycan dilinin saflığı haqqında ideya verən həmin nazir rus dilində danışırdı... Belədə, harmoniya necə pozulmasın?..

Yaxud, “İnturist” mehmanxanasında rayondan gəlmiş kolxoz mühasibinin uzun saçlı, güllü köynəkli oğlanı qız bilməsi... Yaxud, televizorda odlu-alovlu çıxış edərək Vətən məhəbbətindən, ailə tərbiyəsindən dəm vuran, lakin onun yaşadığı rayonun başçısının “bu şairin olduğu rayonda on ilə yaxın birinci katib işləmişəm. On il ərzində onun ailə konfliktini həll edə bilmədim...” –  sözləri... Bu paradoks ictimai ritmin, mənəvi-əxlaqi və estetik ahəngin pozulması deyilmi? Və yaxud, ədəbi dilimizin ən adi leksik qaydalarını, cümlələrdəki obrazlı deyimləri, dilin koloritini, idiomlarını, xalq deyimlərini arayıb-arıda bilməyən və son anda gülünc vəziyyətə düşən kitab redaktoruna nə deyəsən?.. Belə səhnələr əsərdə kifayət qədərdir. Yazıçı yenə də bunlara qarşı riyadan, hiylədən, məkrdən uzaq, təbii koordinasiyaları ilə yaşayan kəndi, təbiəti və onun saf əxlaqlı, mərd, dürüst insanlarını qoyur. O yazır: “Neçə il əvvəl Jeleznovodsk şəhərinə getmişdim. “Qornı vozdux” sanatoriyasında dincəlib müalicə olunmaq üçün”. Əsəb sakitliyi və ruhi rahatçılıq üçün ona xüsusi kabinada dərmansız müalicə təyin edirlər. Müəllif həmin kabinanı belə təsvir edir: “İşıqlar söndürüldüyündən göz-gözü görmürdü. Küncdəki ağ pərdənin arxasında toyuqlar qaqqıldaşır, xoruzlar banlayır, dana-buzov mələşir, itlər hürüşür, qurbağalar quruldayır... Sən demə bunlar əsəbləri sakitləşdirmək üçün maqnitafon lentinə alınmış səslərdir...”

Bəli,   həyatda harmoniya, gözəllik, estetika, ruhun kamilliyi budur. Bütün bunlar isə  əxlaq və mənəviyyatı həmişə ucada gördüyü kənddədir, doğulduğu torpaqdadır. Çünki “bu kənddə təbiətin canlı və cansız varlığı olduğu kimi görünürdü. Gül-çiçək ətir saçır, balıqlar üzür, quşlar uçur, arılar bal toplayır, qarışqalar yuvalarına dən daşıyırdı. Qurbağalar quruldayır, ta bülbül kimi cəh-cəh vurmurdu. Tülkü  vaqqıldayır,   şir  kimi  nərildəmirdi.  İt   it  kimi  də  hürürdü.

Canavar da canavar kimi ulayırdı. Hər biri öz görünüşündən, səsindən aydınca bəlli idi. İnsanlar da Adəmin övladı kimi Allah-Taalanın buyurduğu yoldan qırağa çıxmırdı. Qadın qadındı, kişi də kişi. Böyüyün böyük, kiçiyin  kiçik yeri vardı. Bu bakirə diyarda adamlar dava-dərmanın nə olduğunu bilmirdi. Ancaq yüz ildən çox ömür sürürdülər...”

Etiraf etməliyik ki, biz tarixi həqiqətləri çox vaxt tarix kitablarında, salnamələrdə deyil, bədii əsərlərin səhifələrində tapırıq. Bədii sözün elə qüdrəti var ki, o, müəllifi reallıqdan uzaqlaşmağa, tarixi həqiqətlərdən sapınmağa, onları təhrif etməyə qoymur, sövqi-təbii yalandan qoruyur... Və istər-istəməz hər bir bədii əsər həm də yazıldığı dövrün tarixi salnaməsinə çevrilir. Herodot olmayanda Homer var idi. Yaxud böyük Nizaminin əsərləri XII əsr Şərq (bütövlükdə dünya) ictimai-siyasi fikrinin tərcümanı, tarixin lirik-epik təcəssümü deyilmi?.. Böyük eşq dastanı, Füzulinin “Leyli və Məcnun”u həm də tarix kitabı deyilmi? Yaxud, böyük Fransa inqilabları tarixini bu gün də insanlar üsyankar ruhlu V.Hüqonun əsərlərindən öyrənmirlərmi?..

Əli İldırımoğlunun əsərləri də yaşadığı tarixi dövrün obrazlı inikasıdır. Bu dövrə aid ictimai-siyasi proseslər, tarixi situasiyalar, insan mənzərələri onun qələmində realist boyalarla öz əksini tapır.  “Közərən sətirlər” əsəində də hadisələrin gedişində yazıçı bir sıra tarixi şəxsiyyətlər və görkəmli adamlardan ibarət surətlər qalereyası təqdim edir. O, “tarixi şəxsiyyətlər yaradıb” formuluna inanır və “dahiləri danmaq axmaqlıqdır” qənaətini bəyan edir. Şəxsiyyətlərə münasibətdə onun öz prizması var. O, şəxsiyyəti ictimai lokomotiv, siyasi güc mərkəzi hesab edir, tarixin  təkamülündə onların roluna inanır. Təsadüfi deyil ki, o, Stalin, Mir Cəfər Bağırov kimi ziddiyyətli şəxslərin işıqlı tərəflərini, tarixi prosesdə gördüyü müsbət işləri, faydalı əməlləri daha çox qabardır... O, şəxsiyyətə inanır və lazım gəlsə, pərəstiş də edir. M.Şoloxov da Stalin barədə demişdi: “Stalinin vaxtında şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı”.

Əli İldırımoğlunun yaxından təmasda olduğu və bu silsiləni davam etdirən o dövrün bir sıra partiya-sovet, dövlət xadimlərinin təqdimatı yazıçının şəxsiyyət fenomeni barədəki qənaətlərini başqa bir rakursdan möhkəmləndirir. Yaxın dövrümüzün qəhrəmanlarını o, ideallaşdırmır. Düzü-düz, əyrini-əyri, necə var, eləcə, təbii keyfiyyətləriylə, obyektiv mövqedən təqdim edir. Naxçıvan görüşləri, Nehrəmdə Mirzə Cəlil yadigarı Münəvvər xanıma baş çəkmələri, mərd Nehrəm camaatı ilə həsb-hallar, onların qaniçən Andronikə qarşı döyüşləriylə bağlı söhbətlər... Bütün bunlar əslində, yenə də müəyyən bir məcrada yazıçı niyyətinə işıq salan vasitələrdir. Baş mövzu yenə də Vətəndir, onun mərd övladları, müqəddəs torpağıdır. Əli İldırımoğlu bu şəxsiyyətləri qabartmaqla eyni zamanda, kitabda haqqında söz açdığı bir sıra “başsız başçılar”ın da iç üzünü açır, onları ifşa edir. Onun qənaətincə, filosoflar hökmdar, hökmdarlar filosof olmalıdır. Məhz elə buna görə də o, başçını “başbilən, bilənlərin biləni...” – adlandırır. Bədii qarşılaşdırma və müqayisə yazıçı niyyətinin ictimai-siyasi effektini artırır.

Əli İldırımoğlu yaradıcılığından söz açarkən onun dili, üslubu, bədii təhkiyəsinin cazibəsi barədə danışmadan ötüşmək qeyri-mümkündür. Bu dil təmiz ana dilidir, Azərbaycan dilidir. Onun leksikonunda, hətta Azərbaycan dilinin  izahlı lüğətinə düşməyən o qədər  zərif, incə, çoxlaylı, çoxqatlı, polifonik ifadələr var ki, bu gün də geniş elmi diqqət və tədqiqat tələb edir. Bu dilin möcüzəli məqamları çoxdur. Bəzən  bir söz bütöv bir cümləni, bütöv bir fikri ifadə edir. Bəzən bir eyham və bir işarəni özündə gəzdirən  frezeoloji birləşmələr, idiomlar səhifə-səhifə qaralamalardan daha çox anlam verir. Əli İldırımoğlunun üslubu zərifdir, cümlələri düşüncələri  kimi  saf,  təmiz,  qəlbi  kimi  dərin və dibsizdir. Misalsız ötüşmək olmur. “Göydən nə yağıb ki, yer onu qəbul etməsin?!”, “Bir neçə gündən sonra itlər də dil tapıb həvirləşirdilər”, “Babam çox tünd adam idi”, “... Küy at olsa canavar  çoxdan onun əhədini kəsmişdi...”, “Dəhrə yaxşı suvarılmadığından ağaca endirəndə ağzı qayıdırdı”, “Dəm yenişə olur, dəm yoxuşa...”, “...Vəllər cütüynən  xırmandan kənara çəkilirdi. Kürək, şana, kürəkeş, çalğı,  süpürgə işə düşürdü...”, “Ard unundan  bişirilmiş duzsuz  fətirdən iştahla yeyirdim”.

Əli İldırımoğlu daim Azərbaycan həqiqətlərini yazıb. Həqiqət nüfuzun yox, zamanın övladıdır. Həqiqətin saflığı, dözümü onu kimin söyləməyindən asılı deyil, o zamanın  sınağından çıxmalıdır. Azərbaycan bətnindən doğan Əli İldırımoğlu həqiqətləri, elə zaman-zaman da Azərbaycan sevgiləri işığında saflaşıb, sınaqlardan çıxıb. Onun həqiqətləri inamlar, sevgilər, ümidlər həqiqətləridir. Onun əsərlərini oxuyarkən bəzən insan onun dərin qatlarına enmək, hadisələrin məzmununa varmağa macal tapmır, onu təhlil etmədən sadəcə oxuyur, bu sətirlərin havasına qoşulub gedir. Elə təhlil də,  araşdırma da Əli İldırımoğlu nəsrinin insanı cəlb edən həqiqətlərində, bədii poetikasında, insan ağlını özünə tabe edən dərin bədii məzmununda və şirin poetik dilində, təhkiyəsindədir.

Sonda bu kitabın birinci nəşrinə ön söz yazmış tənqidçi B.Yusiflinin bir fikrini  bura əlavə etmək istərdim:  “Əli İldırımoğlu ötən illəri yad etdikcə köksündən bir fərəh dalğası yüksəlir. Ən başlıcası, ona görə ki, əsrə yaxın ömrü təkcə özünə məxsus olmayıb. Ömrü ömürlərə qarışıb, dostlarının, övladlarının, onu bir insan kimi sevənlərin ömrünə... Bu ömür mənalı söz, duyğu şəklində kitablara çevrilib. Bu ömür Azərbaycan torpağının hər qarışına səpələnib, onun jurnalist, publisist, yazıçı sənətinin əzabına, sevincinə, uğurlarına qarışıb.

Əli İldırımoğlunun çox sadə, hər kəsin anladığı tərzdə bir üslubu var. Yurdun çobanı da, akademiki də onu eyni dərəcədə (əlbəttə, çobanı çoban, akademiki akademik kimi) sevəcək... və sevib...”

 





02.02.2015    çap et  çap et