525.Az

Azərbaycanda gənclər siyasəti: parlaq ideyalar, məqsədyönlü addımlar


 

Azərbaycanda gənclər siyasəti: <b style="color:red">parlaq ideyalar, məqsədyönlü addımlar</b>

Gənclər sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində əsas işlər Gənclər və İdman Nazirliyinin üzərinə düşür. Gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə Nazirlik proqramların hazırlanmasını həyata keçirir.

Prezident İlham Əliyev artıq "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinə (GİN) Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etmək tapşırılıb.  Həmçinin "Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2014-2020-ci illər üçün Milli Strategiya"nın layihəsi hazırlanıb. Geniş miqyasda idman tədbirlərinin təşkili ilə yanaşı gənclərin vətənpərvərlik tərbiyəsi, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Ölkədə 300-ə qədər gənclər təşkilatı fəaliyyət göstərir ki, onların da əksəriyyəti GİN ilə bir çox qarşılıqlı layihələr icra edir. Nazirlik müntəzəm olaraq gənclər təşkilatlarının layihələrinin maliyyələşdirmək üçün müsabiqələr elan edir və çox sayda gənclər təşkilatının layihəsi Nazirliyin maliyyə dəstəyi ilə həyata keçirilir. Ötən il ərzində gənclər təşkilatlarının 110 layihəsinin müaliyyələşdirilməsi üçün GİN tərəfindən 2 milyon manatdan artıq vəsait verilib.  Həmçinin Gənclər və İdman Nazirliyinin birbaşa təşkilatçılığı ilə il ərzində bir neçə mühüm layihələr həyata keçirilib. Belə layihələrdən biri də respublikamızın müxtəlif  bölgələrində Nazirlik tərəfindən təşkil olunan "Azərbaycan - doğma diyarım" - gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələridir. Göygöl, Qax,Xaçmaz, Quba, Lənkəran rayonlarında təşkil edilmiş düşərgələrdə, demək olar ki, bütün rayonlarımızı təmsil edən gənclər iştirak edirlər. 1700 nəfərə qədər gəncin iştirak etdiyi düşərgələr ölkəmizin müxtəlif  bölgələrini gənclərin tanımasın, müxtəlif  regionlardan olan gənclər arasında əlaqələrin formalaşmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. Nazirlik elektron hökumət proqramı çərçivəsində vətəndaşların və Gənclər Təşkilatlarının fəaliyyətini stimullaşdırmaq, çevikliyi artırmaq məqsədilə bir sıra prosesləri onlayn formada həyata keçirir. Gənclər və İdman Nazirliyi aşağıdakı sahələr üzrə elektron xidmətlər təklif edir: Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq və Respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciətin və sənədlərin; idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınması üçün müraciətin və sənədlərin; gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində iştirak üşün müraciətin və sənədlərin; gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciətin və sənədlərin; idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması üçün müraciətin və sənədlərin; yarış məqsədi ilə idman nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulunun həyata keçirilməsi. 

Yola saldığımız ildə idmançılarımız beynəlxalq səviyyəli turnirlərdə qazandıqları möhtəşəm qələbələrlə xalqımızı sevindirdilər. İl ərzində müxtəlif  beynəlxalq yarışlarda idmançılarımız 275-i qızıl olmaqla 805 medal qazanılıb.  2014-cü ildə Çində 204 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında gənc idmançılarımız 12 medal qazandılar və ölkəmiz medal qazanmış 86 ölkə arasında 10-cu oldu. Prezident İlham Əliyev  2014-cü ilin idman sahəsində görülmüş işlərin yekunları ilə bağlı keçirilən mərasimdə idmançılarımızın naliyyətlərini yüksək qiymətləndirdi: "Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar. Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər".

Qeyd etmək lazımdır ki, ötən il ərzində bir neçə nüfuzlu beynəlxalq idman tədbirinə Azərbaycan ev sahibliyi edib. Bədii gimnastika üzrə 30-cu Avropa çempionatı, kompüter oyunları üzrə 6-cı dünya çempionatı ölkəmizdə keçirilib.  

Hazırda ölkədə 30-dan artıq "Gənclər evi" fəaliyyət göstərir. Hazırda bu strukturların tikintisinin davam etdirilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, "Gənclər evi" kimi mərkəzlərin regionlarda da fəaliyyətə başlaması gənclərin asudə vaxtlarının səmərəli təşkilində, gənclər arasında müxtəlif mövzularda fikir mübadiləsinin təşkilində, onların sosiallaşmasında müsbət təsirə malikdir. Mərkəzə nisbətən inkişaf və sosial aktivlik proqramlarının kifayət qədər olmadığı region mühitində gənclər üçün belə mərkəzlərin yaradılması onlara göstərilən diqqətin nümunəsidir. Həmçinin ötən il ərzində çox sayda digər iri miqyası layihələr reallaşdırılıb. Bunlardan Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışlarını göstərmək olar.

Gənclər sahəsində dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun da rolu böyükdür. Fond gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsini, gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün qrantların verilməsini, həmçinin gənclərin fərdi layihələrinin maliyyələşdirilməsini həyata keçirir.  Fond yarandığı dövrdən indiyə qədər 6 dəfə qrant müsabiqəsi keçirib və nəticədə 598 yerli, 70 beynəlxalq və 1197 fərdi layihə maliyyələşdirilib. Gənclər Təşkilatlarının və fərdi layihələrin maliyyələşdirilməsi ilə yanaşı Gənclər Fondu müxtəlif  tədbirlər də keçirib. Fondun xarici layihələri də maliyyələşdirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Ümumiyyətlə Gənclər Fondunun yaradılması gənclər sektorunun inkişafına böyük töhfə verdi.

Sözsüz ki, 2015-ci il üçün ən mühüm hadisələrdən biri Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi olacaq. Belə böyük bir idman tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə yüksək nüfuza malik olduğunu sübut edir. Avroviziya ərəfəsində olduğu kimi bu mötəbər tədbir ərəfəsində də bir sıra beynəlxalq təşkilat və onların ölkəmizdəki "əlaltı"ları Azərbaycan əleyhinə qarayaxma kampaniyasına başlasalar da, istəklərinə çata bilmədilər. Ölkəmizdə belə böyük, beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi görünür hansısa dairələrdə narahatlıq yaradır.

Belə kampaniyalara baxmayaraq Azərbaycan Avropa Oyunlarına ciddi hazırlaşır. İdmançılar üçün yaşayış yerləri, yarışların keçiriləcəyi arenalar, Bakının nəqliyyat sistemi və.s xüsusi proqram əsasında hazırlanır. Oyunların təşkilatçılıq işləri yüksək səviyyədə həyata keçirilir. Böyük əksəriyyəti yerli mütəxəssislər olmaqla 940 nəfərdən ibarət Əməliyyat Komitəsi formalaşdırılıb. Birinci Avropa Oyunlarında 20 idman növü (Su idmanı,  Kamandan Oxatma, Atletika, Badminton, Basketbol 3x3, Çimərlik futbolu, Boks, Avarçəkmə, Velosiped idmanı, Qılıncoynatma, Gimnastika, Cüdo, Karate, Sambo, Atıcılıq, Stolüstü tennis, Taekvondo, Triatlon, Voleybol, Güləş) üzrə yarışlar keçiriləcək. Bunlardan 16-sı olimpiya idman növüdür.  Avropa Oyunları zamanı Albaniya, Andorra, Avstriya, Belçika, Xorvatiya, Danimarka, Fransa, Böyük Britaniya, İslandiya, İtaliya, Lixtenşteyn, Makedoniya, Monako, Norveç, Rumıniya, Serbiya, İspaniya, Türkiyə, Bosniya və Hersoqovina, Kipr, Estoniya, Gürcüstan, Yunanıstan, İrlandiya, Kosovo, Litva, Malta, Monteneqro, Polşa, Rusiya, Slovakiya, İsveç, Ukrayna, Ermənistan, Belarus, Bolqarıstan, Çexiya, Finlandiya, Almaniya, Macarıstan, İsrail, Latviya, Lüksemburq, Moldova, Niderland, Portuqaliya, San Marino, Sloveniya və İsveçrədən 6000-dən çox idmançı ölkəmizə gələcək. 

Avropa Oyunları ilə bağlı müxtəlif idman qurğularının tikintisi həyata keçirilir. Bunlardan biri də 65 min nəfər tamaşaçı tutumuna malik Milli Stadionun tikintisidir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin də keçiriləcəyi Milli Stadionun ərazisində yaşıllıq parkları və avtoparklar da olan, atletlər üçün nəzərdə tutulmuş təlim-məşq yerləri mövcuddur. 6000-dən artıq idmançının yerləşməsi üçün nəzərdə tutulan Atletlər Kəndində iştirakçılar üçün optimal şərait yaradılıb. Avropa Oyunları üçün nəzərdə tutulmuş möhtəşəm idman komplekslərindən biri də Milli Gimnastika Arenasıdır.  6 min 800 nəfərlik tamaşaçı tutumuna  Milli Gimnastika Arenası  gimnastika  yarışlarının keçirilməsi üçün nəzərdə tutulub. Həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyindən xəbər verir. Bütün bu layihələr ölkəmizdə gənclər və idman sektoruna dövlətin diqqətinin nəticəsidir. Bu sahədə həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq artıq ölkəmiz dünyada nümunə kimi göstərilir. 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov YAP Gənclər Birliyinin 2 fevral Gənclər günü ilə bağlı keçirdiyi tədbirdə vurğuladığı kimi, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin tərkib hissəsi olaraq, ölkədə gəncliyin inkişafı üçün hər cür şərait yaradılıb: "Hər bir ölkənin malik olduğu resurslar var. Azərbaycanın çoxsaylı resurslarından biri də ölkəmizin gəncləridir. Azərbaycan əhalisinin tərkibində gənclər yüksək çəkiyə malikdir. Bu, bizim resursumuzun ən dəyərli cəhətlərindən biridir. Deməli, bizim gələcəyimiz daha parlaqdır".

 





03.02.2015    çap et  çap et