525.Az

"Yalnız alqı-satqısından mənfəət əldə olunan daşınmaz əmlaka görə ƏDV tutulacaq"


 

"Yalnız alqı-satqısından mənfəət əldə olunan daşınmaz əmlaka görə ƏDV tutulacaq"<b style="color:red"></b>

Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, nazir qeyd edib ki, bu prosedur ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq tənzimlənir: "Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün və həmin notarial münasibətlər prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb".
 
Nazir bildirib ki, "əgər daşınmaz əmlakın alqı-satqısından mənfəət əldə olunacaqsa ƏDV tətbiq olunacaq, daşınmaz əmlak əvvəlki qiymətə satıldığı halda, yalnız ƏDV arasındakı fərq tutulacaq".
 
Qeyd edək ki, bundan öncə Vergilər Nazirliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəliri vergidən azaddır. Bu da o deməkdir ki, belə daşınmaz əmlak 3 ildən sonra satılarsa, o vergiyə cəlb olunmur. Başqa sözlə, evi 3 ildən tez satanlardan vergi tutulacaq.
 
“Qeyri-yaşayış sahəsi hesab olunan daşınmaz əmlakın (əsas vəsaitin, maddi aktivin) təqdim edilməsi hüquqi və fiziki şəxsin sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin XI fəslinin müddəalarına əsasən, belə daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir ƏDV-yə, habelə mənfəət və gəlir vergisinə də cəlb edilir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər”, - deyə məlumatda bildirilir.
 
Məlumata əsasən, məcəllənin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.
 
“Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120 000,0 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin  218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) Vergi  Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir”, - deyə məlumatda vurğulanır.

 





09.02.2015    çap et  çap et