525.Az

Abituriyentlərin 46.9%-i imtahan verdikləri fənlərin ən azı 1-dən 0 bal toplayıb


 

Abituriyentlərin 46.9%-i imtahan verdikləri fənlərin ən azı 1-dən 0 bal toplayıb<b style="color:red"></b>

Ötən il Azərbaycanda imtahan verən abituriyentlərin 46.9 faizi (43 462 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bildirib ki, 0 ballıların faizi IV qrupun kimya fənnində daha yüksəkdir.
 
Onun sözlərinə görə, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46.9 faizi imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud cavabları təhlil aparmadan təsadüfi qaydada seçib: “Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti 0-dan kiçik alınıb və qəbul qaydalarına əsasən 0-a bərabər qəbul olunub. Təəssüf ki, hələ də gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar var. İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir. TQDK imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərimizdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır. TQDK şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin əsasən seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər”.
 
TQDK sədri əlavə edib ki, ümumilikdə götürdükdə, ana dili, ədəbiyyat, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə 0 bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. Onun sözlərinə görə, 0 bal toplayanlar ən çox fizika, kimya, biologiya, riyaziyyat, ingilis dili fənləri üzrədir: “Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və 0 bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir. İstənilən halda bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir. İmtahan fənlərindən 0 bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Bu bölmə üzrə I qrupda xarici dil, kimya və riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda riyaziyyat, fizika, kimya və biologiya fənlərindən 0 bal toplayanlar daha çoxdur. Rus bölməsində 0 bal daha çox I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda biologiya, fizika və kimya fənlərindəndir. Azərbaycan bölməsi üzrə IV qrupda fizika, kimya və biologiya, III qrupda ana dili, ədəbiyyat və tarix, II qrupda ana dili, riyaziyyat və xarici dil, I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, rus bölməsində isə IV qrupda fizika, kimya və biologiya, III qrupda tarix və riyaziyyat, II qrupda ana dili, riyaziyyat, coğrafiya və xarici dil, I qrupda ana dili, riyaziyyat, fizika və kimya fənləri üzrə 0 bal toplayanların sayı ötən ilkindən çoxdur. Ötən il qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin, Azərbaycan tarixi və tarix fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri Azərbaycan bölməsi abituriyentlərinin göstəricilərindən yüksək olub. Belə üstünlük özünü ingilis dili fənni üzrə daha qabarıq şəkildə göstərib. Qeyd etmək lazımdır ki, bu seçmədə rus bölməsinin çox hazırlıqsız abituriyentləri iştirak etmir. Çünki onlar qəbul imtahanlarından əvvəl yalnız rus bölməsi üçün keçirilən Azərbaycan dili imtahanında qeyri-məqbul nəticə göstərdiklərinə görə qəbul imtahanlarına buraxılmayıblar. Müsabiqə şərtlərini ödəyərək ixtisas seçimində iştirak edən abituriyentlər seçməsi üzrə Azərbaycan və rus bölmələri abituriyentlərinin imtahan fənləri üzrə düzgün cavablarının müqayisəsi göstərir ki, burada artıq rus bölməsi abituriyentlərinin birtərəfli üstünlüyündən söhbət gedə bilməz. Əgər ingilis dili və ədəbiyyat fənni üzrə üstünlük rus bölməsi abituriyentlərinin tərəfindədirsə, ana dili, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə üstünlük Azərbaycan bölməsindədir. Digər fənlər üzrə bölmələrin göstəriciləri arasında kəskin fərq yoxdur”.

 





11.02.2015    çap et  çap et