525.Az

Əhməd Qəşəmoğlunun şeirləri


 

Əhməd Qəşəmoğlunun <b style="color:red">şeirləri</b>

Rəsul Rza şeiri

yer üzünün insanları həm də
göy üzünün insanlarıdı.
yer üzü
özü
göy üzündədi...

...təkcə ana doğmur ki, insanı,
uzaq ulduzlardan tutmuş
yerdə kiçik zərrəyə qədər
min-min sirrin sevgisindən,
sehrindən doğulur  insan –
kimində
göy üzünün payı çox olur,
                       kimində yerin.

göy üzündən
payı çox olanlar
sakit-sakit baxa bilmir
yerin dərdlərinə-
ilahi bir nəfəs gəlir,
göy üzünün sevdiyi şairlərin
                           şeirlərinə.

mələklər doğulur gözəlliklərdən...

mələklər doğulur gözəlliklərdən,
bu dünya köklənib
                ahəngə doğru...

qırıqdan, sınıqdan iblis boylanır...
fürsət gözləyir
hər anın hər anından...

ahəngi pozdunmu,
canavartək tullanır, ildırımtək şığayır,
çayır kimi göyərir iblis...

aman verdinmi,
alıb aparacaq səni
Həvvanı apardığıtək...

ağ qızılgül, sevdalı

nə baxırsan ağ qızılgül
belə sevdalı-sevdalı?
görmürsən ki, ürəyimin
dözməyə qalmayıb halı?

şux ləçəklər nurla dolu,
behişdənmi ətrin sənin?
çəhrayı xətlərin sirli
olma mənə belə qənim...

yanağında damla şehlər
məni valeh eləyirlər
yarpaqların sirli yaşıl
hansı aləmdən gəliblər?

aman, nə məğrur baxırsan,
yavaş, axrıma çıxırsan...
Allah! Allah! o nə dildi?
belə doğma danışırsan?

tikanının sehri, ya nə?
əl uzatmaq olmur sənə....
mən o sehri necə açım?
etibarın varmı mənə?

balaca balıq
oxşar  mövzuda  yazmış
Səməd Behrəngiyə rəhmət  

dənizlərin birində, suların dərinində
boy atan balaca balıq
sənin, göy üzü dediyin
hələ suyun bir qatıydı....

böyüdükcə-böyüdükcə
dənizin dibindəki
bu çiçəkli, qayalı, kollu
balıqlı, ilbisli, ilanlı...
qeylü-qallı aləmlərdən gözəl
bir aləm doğuldu qəlbində...

o aləm göylərə səslədi səni...
qəlbindəki aləmin
tellərini titrətdi...

bax bu da növbəti qat,
bax bu da o biri qat, sonuncu qat...
ah! göy üzü deyilmiş!
bu ki,
yaşadığın dənizmiş!...

dənizə tökülən bir çayda
bir az yuxarı qalxıb
dənizə baxan balıq...

kaş insanlar sənin kimi
baxa biləydi
başına oyun açdığı
öz yurduna, ölkəsinə,
boğub məhv etdikləri
                           yer kürəsinə...

yeni düşmənçilik

düşmənlər əvvəl qılıncla, qalxanla, oxla
tüfənglə, topla, qəhrəmanlarla gəlirdi.....
indi təbəssümlə, işvəylə, nazla
nərmənazik oğlanla, qızla  gəlir üstümüzə....

açıq savaş olurdu, öldürürdü, ölürdü
hər kəs kimin kim olduğunu bilirdi...
indi dost deyib, bağrına basır bizi düşmən...
ayağımızın altını qazır düşmən...

əvvəl kürəyimizi, şəhərimizi, kəndimizi
indi qəlbimizi, gələcəyimizi nişan alır,
nəğməmizi, nəşəmizi, yeyib içdiyimizi,
doğulmamış körpəmizi,
gəncliyimizi nişan alır...

fitnəli nəsihəti, nağılıyla ağıl verir
adamları yox, ağılları əsir alır.
cəsuslardan yaradır ordularını
əvvəl  bac, xərac alırdı, indi sirr alır...

insanlarla işi yox, qəlbləri əsir alır
qardaşı qardaşa yesir eyləyir...
kimini mal- pulla, kimi imanla,
kimin gümanla qoşur özünə...

düşmənlər əvvəl qılıncla, qalxanla, oxla
tüfənglə, topla, qəhrəmanlarla gəlirdi...
indi təbəssümlə, işvəylə, nazla
nərmənazik oğlanla, qızla  gəlir üstümüzə...

edam

Adəmə ad qoyanda Allah
nəfsi büto v oğlan idi Adəm...

ahəngi ahəng verirdi
yer üzünün ahənginə...
ilahi rəng verirdi
yer üzünün rənginə...

əməlli başlı adam idi Adəm...

Həvvanın eşqinin dumanında
yiyə dura bilmədi nəfsinə...
qurban oldu həvəsinə...

nəhs onu qaraladı...
hər nəhsdən, qat-qat artıq
yeni nəhs balaladı...
bax, nə gündədi yer üzü?....
bəla həmən bəladı...
Adam-
öz nəfsini qul eyləyəndir...
nəfsə qul olanlar adam deyil ki..
nəfsin hökmü qədər iblisə qulsan,
nəfs kimi məhv etsə-
                     edam deyil ki?

ümidim bir çiçəyədir

aşkar-yuxu sərhəddində
xəncərlər üzür balıqtək,
xəncərlər şər tellərini
kəsməyəcək? kəsəcək?

ovcumdakı bu qan hardan?
niyə tez vurdular məni?
dostlarım varmı dünyada?
düşmənlər tapdılar məni.

düşmənlər mənim düşmənim?
tanımıram mən onları.
heç bilmirəm ki, nədədir
azarları, ağrıları.

nə gözəl bitir bu çiçək!
ümidləndim onu görcək.
mən getsəm, mənim sevdamı
yer üzünə söyləyəcək...

səndən nur yağır

səni çiçəklərmi yaradıb, yoxsa
buluddan süzülüb, işıqtək gəldin?
necə də ilahi baxırsan hərdən,
dindirdim, nə doğma ədayla dindin?....

cənnət guşəsidir sənin dörd  yanın
sənsə bu cənnətin bir məlakəsi...
nə gözəl dolanır başına sənin
sənə aşiq olan günəş şöləsi...

axı belə kimsən? səndən nur yağır...
ətraf sehr içində şəfəqlərindən...
nə qədər doğmasan, nə qədər əziz...
duydum o titrəyən gül əllərindən...

nigaranlıq

yarpaqların pıçıltısı ilə qarışıram dünyaya,
suların nəğməsi,
körpələrin səsi ilə qarışıram dünyaya...

... sən hardasan gülüm, sevgilim?...

üzünü görməmişəm, əllərim əllərinə
tellərim tellərinə dolaşmayıb.

dünyadakı yolumun çoxunu keçdim daha,
hardasan?

olmaz ki,
mən dünyadaykən, sən
dünyada olmayasan...

günəş elə doğmalaşdı ki...

ay uzaqlarda qalan sevgilim...
bu səhər
qəlbim dolu həsrətin,
kədərli-kədərli günəşə baxdım...

...mənimlə danışan günəşin
indi səninlə də danışdığını düşündükcə,
elə kövrəldim ki...
günəş elə doğmalaşdı ki,
ona pıçıldadım
ayrılığa dözə bilmədiyimi....

bu səhər
yenicə çıxan günəşin şəfəqləri
gözümün önündəki
zümrüd meşənin üstə
elə ilahi
bir aləm qurdu ki...

sən o aləmdən,
buludlar arasında
məlakətək yüksəldin...
günəşin dili ilə
dindirdin məni....

bu sənmisən, bu qədər ögey?

dünyanın başı üstündə durmusan
hovuz üstə duran kimi...
tərəddüdün
            diksindirir özünü...
axır göz yaşların...
axdıqca, axdıqca göz yaşların
kəmər-kəmər itir
dünyanin işıqları, gözəlliyi,
                             olub qalanı...

dünya bom-boz
mən dünyada tək-tənha...
üz tutub hayana gedirəm belə?

çürüməyə başlayan
meyid rəngdədir hər yan...

dünyanın başı üstündə durmusan
hovuz üstə duran kimi...

sən məni
diri-diri ağladın...

bu səninmi baxışlarındı,
arxamca baxır?

bu səninmi baxışlarındı?
hər zaman qəlbimi
ilmə-ilmə dindirən?
yer üzünü
bir nağıla döndərən?

bu sənmisən, bu qədər ögey?

sən çiçəklərin ruhusan

səni bu dünyaya gətirən ana
ruhunu dağlarda çiçəkdən alıb,
yurdun, nənələrin öyüdlərindən
ülviyyət ünvanlı gerçəkdən alıb.

səndə şux lalənin yüz qəmzəsi var,
sanki dağ çayısan, ləngərli, duru
yadıma düşdükcə valeh eyləyir
təbəssüm qarışıq üzünün nuru.

qarşında sarsıldım, yox oldum ... neynim?
yerimdə sanki bir divanə qaldı...
üzünün ifalı, sözünün ruhu
məni  bəlaların əlindən aldı...

şükür ki, gəldin....

sənin ruhun ruhumdaymış
yer üzünə gələndən...
qısqanırmış məni hər vaxt
özgələrin ruhuna...

hərdən sənin sorağını duyurdum
qulaq asdıqca
ürəyimin ahına...

sənin ruhun ruhumdaymış
qovurmuş hər kəsi uzaqdan uzaq...
səni axtarırmış...  sənə həsrətmiş.

əsən küləklər səndən danışırdı mənə...
ən ülvi sevgiylə sevən ürəklər
səndən danışırdı mənə...

gəldin! ömrümə gəldin...
bir məlakə hüsnündə,
məlakə ruhunda gəldin...
xoş gəldin, ruhumun ruhu!!

sən qal göy üzündə

səsindən gözəl nəğmə yoxdu,
y erişin elə bil şirin xəyaldı
sənin gözlərindən bir alov axdı
aldı məni, tamam aldı.

sən hələ bir gözəl
                     pöhrəsən, kövrək
gözün sual dolu,
baxışın ürkək.

sən qal göy üzündə, yüksəkliklərdə –
ömrümə gəlmə heç,
ol ilham pərim...

qoy sənin eşqinlə bəzənsin ömrüm,
qoy sənin eşqinlə yansın ürəyim.

 





14.02.2015    çap et  çap et