525.Az

262 müəllimdən qayda pozuntusu


 

262 müəllimdən qayda pozuntusu<b style="color:red"></b>

2011-2014-cü illər ərzində Azərbaycanda keçirilən qəbul imtahanları zamanı idman, əmək, ibtidai sinif ixtisaslı müəllimlərin yol verdiyi qayda pozuntularında azalma müşahidə edilməkdədir.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, bu azalmaya səbəb son illərdə bu ixtisas üzrə müəllimlərin bazaya əlavə edilməməsi, qayda pozuntusuna yol verənlərin prosesdən uzaqlaşdırılması və yalnız təcrübəli, bacarıqlı müəllimlərin imtahanlara cəlb olunmasıdır.   2010, 2011, 2013 və 2014-cü illərdə qəbul imtahanlarında iştirak edən ana dili və ədəbiyyat müəllimlərinin sayının nəzarətçilərin ümumi sayının kiçik bir hissəsini təşkil etməsinə baxmayaraq, yol verilən qayda pozuntularının böyük bir hissəsi onların payına düşüb. Təhlil göstərir ki, ana dili və ədəbiyyat, idman, əmək, ibtidai sinif, ingilis dili ixtisaslı nəzarətçi müəllimlər fizika, kimya, biologiya, tarix, coğrafiya ixtisaslı müəllimlərə nisbətən qayda pozuntusuna daha çox yol verirlər.

Cari ildə qayda pozuntusuna yol verənlərin 25,1 faizi ana dili və ədəbiyyat, 11,6 faizi riyaziyyat, 10,8 faizi tarix müəllimidir. Belə hallara yol verənlərin 2013-cü ildə 33,6 faizi ana dili və ədəbiyyat müəllimləri, 9,9 faizi ingilis dili müəllimi, 9,6 faizi riyaziyyat müəllimi, 2012-ci ildə 19,2 faizi riyaziyyat, 16,1%-i ana dili və ədəbiyyat, 15,3 faizi tarix müəllimi olub. Bu baxımdan 2011-ci ildə "birinci yeri" 24,2 faizlə, 2008-də 24,3 faizlə, 2010-da isə 18,3 faizlə ana dili və ədəbiyyatı müəllimi, 2009-cu ildə isə 20,9 faizlə riyaziyyat müəllimləri tutub.  

Qəbul imtahanlarına yeni cəlb olunan rayonların nəzarətçilərinin ilk iştirak etdiyi dövrlərdə qayda pozuntularına daha çox yol verdiklərini Gəncə (2010-cu il), Mingəçevir (2010-cu il), Şirvan (2013,2014-cü il), Xaçmaz (2014-cü il) kimi şəhər və rayonların timsalında demək olar. Ümumiyyətlə, regionlar üzrə baxıldıqda, Gəncə, Göyçay, Lənkəran, Şəki, Ağcabədi, Naxçıvan MR rayonlarından olan, Bakı şəhəri üzrə isə Xətai, Şuşa, Laçın, Zəngilan rayonlarından olan nəzarətçilər qayda pozuntularına daha az yol veriblər.  

Qayda pozuntusuna yol verən nəzarətçilərin ümumi sayı 262 nəfər, ciddi qayda pozuntusuna yol verənlərin sayı isə 61 nəfərdir. Birdən çox imtahanda qayda pozuntularına yol verən nəzarətçi-müəllimlərin bu nəticələri vahid kodla ümumiləşdirilib. Məsələn, ardıcıl iki imtahanda orta dərəcədə qayda pozuntusuna yol verən müəllimin ümumi nəticəsi ağır kimi götürülüb. Belə hesablamaya əsasən qayda pozuntularına yol verənlərin ümumi sayı 259, ciddi qayda pozuntularına yol verənlərin sayı isə 64 nəfər olub.

VƏFA

 





19.02.2015    çap et  çap et