525.Az

Əbülfəz Ülvinin şeirləri


 

Əbülfəz Ülvinin <b style="color:red">şeirləri</b>

BAXIŞLAR

Bir bahar səhəri göz-gözə gəldik,
Utandıq, dedik kaş görən az olsun.
Bəlkə biz yaz günü üz-üzə gəldik,
Ömrümüz, günümüz daim yaz olsun?

Gözünə baxdıqca düşündüm dərin,
Dedim:-mən qoymaram bu göz sıxılsın.
Sanki sıx durmuşdu, sıx kirpiklərin,
Bədnəzər gələrsə ona taxılsın.

Diksinib, ayıldıq süzdük torpağı,
Düşündük nə qədər belə lal duraq.
Elə bil başını saldın aşağı,
Sevginin əlindən tutub qaldıraq.

Ayılıb, atsaq da heyrətin yükün,
Yenə söz tutmadı dilimiz, amma.
Ancaq qəlbimizdən idi həmin gün,
Beləcə lal durub, dilsiz dayanma.

Qalmışdıq elə bil köz arasında,
Həya yanağını ləl eyləmişdi.
Biz lal dayansaq da, öz arasında,
Baxışlar hər işi həll eyləmişdi.

BƏHANƏSİZ GET

Bir şair qardaşım dediyi kimi,
"Getmək istəyirsən, bəhanəsiz get".
Gəldin həyatıma gül iyi kimi,
Barı getdiyində ihanəsiz get.

Elə get, yollarda izin qalmasın,
İz salsan yollara ləkə sayılar.
Sənin gəzdiyin yer, eyib olmasın,
Nə dalan, nə filan, küçə sayılar.
Elə get, görənlər etməsin tənə,
Məni sök qəlbindən barı, aparma,
Sən verən hər nə var qəbuldur mənə,
Saçıma əkdiyin qarı aparma.

Ha uçdun, pərvanə olmadın şama,
Bu nə oyun idi başıma açdın?
Mən sənə ömrümü vermişdim, amma,
Sən öz qəm süfrəni qarşıma açdın.

Nə keçdi aradan qış oldu o yaz?
Üzür ürəyimdən enişin məni.
Düzü getməyinə yanıram bir az,
Qayıtsan kül edər dönüşün məni.

BU İL

İl də təzələnir, geyir eşq donu,
At umu-küsünü, şən olum bu il.
Elə qov üzünün məchulluğunu,
Tənliyə dönüncə, tən olum bu il.

Hər adi kəlməni gəl dərd eyləmə,
Sev həmfikir olum, həmdərd eyləmə,
Mərdi qova-qova namərd eyləmə,
Qoyma mən də uyub, sən olum bu il.

Sənə məhəbbətdən çələng bağlaram,
Sən öldür nisgili, mən yas saxlaram,
Həsrətin gözünü özüm dağlaram,
Yol versən həsrətdən gen olum bu il.

Torpağa sərt baxsan, qatın oynadar,
Heyrətin ən dərin matın oynadar,
Çən dağda, qayada atın oynadar,
Qıyma xəyalında çən olum bu il.

Ülviyəm, gör mənə nə diləyirsən,
Gül kimi sevgimə qəm bələyirsən,
Bəlkə saçlarıma qar ələyirsən,
Əsl Şaxta baba mən olum bu il?

DÜZƏLDİR

Nə yaxşı tuş gəldim sənə anında,
Deyirlər çox işi gərdiş düzəldir.
Xəyalım qalıbdır sənin yanında,
Elə bil qəlbinə giriş düzəldir.

Şam kimə gərəkdir sönük olanda,
Vəfa məhvə gedər dönük olanda,
Məhəbbət insanda böyük olanda,
Ən acı qəmdən də gülüş düzəldir.

Həvəssiz yaşamır adi bir cücü,
Bir əllə qaldırmaq çətindir yükü,
Əqlin itiliyi, idrakın gücü,
Çətin yoxuşdan da eniş düzəldir.

Ülviyəm, deyiləm zəkasız biri,
Yanından xəyalı çağıram geri,
Bilirəm o harda tutursa yeri,
Onsuz əvvəl-axır bir iş düzəldir.

QÜRUB OLMASIN

Ovqatın nə ilə ütülənibdir?
Sən Allah, elə et qəlbi oymasın.
Sanki kirpiklərin itilənibdir,
Mənim baxışımı yaxın qoymasın.

Bu gün qəm bir mənə atır lağımı,
Bilmirəm heç bunun qaynağı harda.
Soyuq baxışların cızır bağrımı,
Amma heç görünmür caynağı harda.

Özün də bilirsən namərdlik ardır,
Namərdin gözünü tutsa qan tutur.
Sanki müəllimlik peşəsi vardır,
Həyat özündən də imtahan tutur.

Daş qəlbə asidir təmiz diləklər,
O, qoymaz fələklər fırtına etsin.
Bəlkə daşa dönür bəzi ürəklər,
Daşlar daşlığından imtina etsin.

Sən də gül, sevdamız tutmasın mərəz,
Qəribə dünyamız qərib olmasın,
Günəşin qürubu zərər gətirməz,
Təki sevgimizdə qürub olmasın.

BİLMƏDİ

O elə sinsitdi eşq gülən yolu,
Yolundan yovşanı yola bilmədi.
Neçə yol söylədim mən gələn yolu,
Sulaya bilirsən sula, bilmədi.

Öyündü, izinə izi sığmadı,
Mehri yox, mehrimdən məhsul yığmadı,
Məsəl var, deyirlər özü doğmadı,
İçdi, falanı da, fala bilmədi.
 
Bəhanə eyləyib aranı qatdı,
Sanmadı  qazancı naxələf addı,
Gəzib, çox ağuşun dadını daddı,
Birində lövbərin sala bilmədi.

Dağı da dağlaya bildi dağıyla,
Çinara boy dedi çökmüş tağıyla,
Duymadı ilan da ilanlığıyla,
Məhəbbət hissini çala bilmədi.

Ülvi, batırsa da o öz iynəsin,
Yenə yol vermədin eşqi çeynəsin,
Ürəyi danlama, ürək neynəsin,
O, özü ürəkdə qala bilmədi.

 





19.02.2015    çap et  çap et