525.Az

Xalq qəhrəmanı Qaçaq Kərəm haqqında dəyərli mənbə


 

Xalq qəhrəmanı Qaçaq Kərəm haqqında dəyərli mənbə<b style="color:red"></b>

XIX əsrin II yarısında geniş vüsət alan qaçaqçılıq hərəkatı qəhrəmanlarından heç biri istər rəsmi hökumət mətbuatında, istərsə də şifahi xalq yaradıcılığında Qaçaq Kərəm və Qaçaq Nəbi kimi məşhur olmayıb.

Xüsusən Qaçaq Kərəm canişinliyin mərkəzi Tiflisə yaxın qəzalarda -Qazaxda və Borçalıda fəaliyyət göstərdiyindən onun başçılıq etdiyi hərəkat daim hökumət dairələrinin diqqət mərkəzində olub, Tiflis rusdilli mətbuatı təxminən on il ərzində Qaçaq Kərəmin və onun dəstəsinin fəaliyyətini ardıcıl izləyib. Bütün bunlar isə Qaçaq Kərəmi təkcə rəsmi mətbuatın deyil, həm də Azərbaycan və gürcü yazılı ədəbiyyatlarının məşhur qəhrəmanlarından birinə çevirib.

Qaçaq Kərəm haqqındakı pyeslərdən danışmazdan əvvəl o dövrün rəsmi dövlət mətbuatının igid azərbaycanlı qaçağı necə səciyyələndirdiyini nəzərdən keçirək. Kərəmin qorxmaz bir qaçaq kimi Zaqafqaziyada təzə-təzə tanınmağa başladığı dövrdə "Novoye obozreniye" qəzeti onu öz oxucularına təqdim edərək yazırdı: "Son vaxtlarda belə böyük şöhrət qazanmış Kərəm İskəndər oğlu Qazax qəzası Qıraq Kəsəmən kəndinin sakinidir, 21 yaşı var, olduqca vüqarlı və yaraşıqlıdır, son dərəcə qoçaq, məğrur, mütəkəbbir və qisasını yerdə qoymayan adamdır: əla atıcı kimi tanınır".

"Droeba",  "İveriya" kimi nüfuzlu gürcü qəzetləri də öz oxucularını ardıcıl surətdə Qaçaq Kərəmin fəaliyyəti, harada və kimlərə qarşı vuruşması ilə tanış edirdi. "Droeba"qəzetinin xüsusilə 1885-ci ildə çapdan çıxan bir sıra saylarında Kərəmə geniş yer ayrılmışdı.

Qaçaq Kərəmin bədii surətini yaratmaq üçün gürcü yazıçılarının ixtiyarında kifayət qədər rəsmi sənəd və material var idi. Bundan əlavə, M. Qorkinin oçerkində də qeyd olunduğu kimi, Tiflisdə, Axalsıx, Kutaisi, Siqnaxi, Qori, Duşeti qəzalarında bu qorxmaz el qəhrəmanı haqqında çoxlu əfsanə və hekayət dildən-dilə dolaşırmış. Kərəmin mübarizəsi, onun insan və şəxsiyyət azadlığını hər şeydən üstün tutması, zülmə və istismara qarşı barışmazlığı XIX əsrin sonunda gürcü ədəbiyyatını maraqlandıran ictimai problemlərlə ahəngdarlıq təşkil edirdi. Ona görə də gürcü yazıçıları həyatın tələbinə, dövrün irəli sürdüyü məsələlərə cavab verən bir qəhrəman kimi Qaçaq Kərəmi hələ onun mübarizəsinin bütün kəskinliyi ilə davam etdiyi bir dövrdə bədii ədəbiyyata gətirdilər.

Publisist, jurnalist və qafqazşünas Q. M. Tumanov (Tumanişvili)1903-cü ildə Peterburqda çapdan çıxan "Qaçaqçılıq və Qafqazda məhkəmə islahatı" kitabçasında Qaçaq Kərəmi hər vasitə ilə gözdən salmağa çalışan mürtəce rus jurnalisti K. Blyumerə layiqli cavab verirdi. Kitabçanın müəllifi yazırdı: "Qafqazlıların cinayət hərisliyi barəsində, ümumiyyətlə hər cür sensasiyalara çox həvəskar olan paytaxt qəzetlərində şişirdilmiş söhbətlər gedir. Azərbaycanlıların həyatına, məişətinə, onların əxlaqi qənaətlərinə yaxşı bələd olan gürcü publisisti Kərəmin hərəkətini və ümumiyyətlə qaçaqlığını sadəcə olaraq vəhşilik kimi qələmə verməyə cəhd göstərən K. Blyumerin iddialarını rədd edərək yazırdı: "İntiqam naminə adam öldürmək tatarların (azərbaycanlıların -A. Y.) nəzərində cinayət deyil, yalnız borcun yerinə yetirilməsidir. Həyatını, yaxud namusunu müdafiə edərkən öz əleyhdarını öldürən adam avropalının da gözündə cinayətkar sayıla bilməz". Tumanovun nəzərində öz namusunu müdafiə edərkən cinayət törədən adamları cəmiyyətdə bəzən qəhrəman kimi qarşılayırlar. Kərəm qaçaqçılığa qurşanmazdan əvvəl camaatın nəzərində məhz belə bir qəhrəman idi; o, qohumlarına qarşı ədalətsiz münasibətə görə qisas alırdı.

Gürcü-Azərbaycan ədəbi əlaqələrinin tədqiqi sahəsində gürcü yazıçılarının yaradıcılığında Azərbaycan mövzusunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu, xalqlarımızın bir-birinə dərin məhəbbətinin bədii ədəbiyyatda ifadəsi kimi tədqiqatçılarda böyük maraq doğurur. Gürcü ədəbiyyatı Azərbaycan mövzusundakı əsərlərlə o qədər zəngindir ki, bu sahədə hər bir ciddi axtarış bəhrə ilə nəticələnir.

Keçən əsrin ikinci yarısında gürcü yazıçılarının ən çox müraciət etdikləri mövzulardan biri qaçaqlıqdır.

Azərbaycanlı qaçaqların mərdliyi, igidliyi ədəbiyyat üçün gözəl mövzu olub. Təsadüfi deyil ki, M.Təhmasib tarixi qəhrəmanlıq dastanlarının bir növünü də qaçaq dastanları adlandırıb.

Qaçaqlıq XIX yüzillikdə xalqın mənafeyi uğrunda mübarizə forması kimi meydana çıxmışdı. Gürcü publisisti Q. Qviniaşvili Qafqazda qaçaqlığın meydana gəlməsi səbəblərinə aid "İveriya"dakı məqaləsində qaçaqlığın "əsarətə, istismara qarşı, ədalət uğrunda mühüm mübarizə forması" olması qənaətinə gəlmişdi. O dövrdə çarizmin kəndli kütlələrinin hüquqlarını tapdaması nəticəsində Zaqafqaziyada kəndlilərin azadlıq hərəkatı genişlənmişdi. Bu hərəkat Azərbaycan xalqı arasında daha geniş yayılmışdı.

Tiflisdə rus və gürcü dillərində nəşr olunmuş dövri mətbuat materialları, arxiv sənədləri, eləcə də folklor nümunələri aydınlaşdırır ki, XIX yüzilliyin axırlarına yaxın öz igidliyi ilə xalq arasında daha çox şöhrət qazanan, bədii obrazı daha çox canlandıran el qəhrəmanlarından biri məhz Qaçaq Kərəm idi. 1885-ci ildə "Narodnaya volya" jurnalı "məşhur Kərəmin dəhşətli tufana döndüyünü" qeyd etmişdi. Maksim Qorki də haqlı olaraq onu "Əfsanə və nağıllar qəhrəmanı, ədalət mücəssəməsi" adlandırmışdır. Kərəm barədə indinin özündə belə xalq arasında çoxlu maraqlı hadisə, rəvayət danışılır. El sənətkarları mərd, şücaətli qəhrəmanı öz nəğmələrində, dastanlarında onu vəsf ediblər. Qul Vəli, Qəmli Hüseyn və başqa el şairləri onunla bağlı dastanlar, şeirlər, nəğmələr qoşublar, məşhur aşıq Hüseyn Saraçlı Qaçaq Kərəm barədə dastanlar, nəğmələr söyləyib.

Qaçaq Kərəmin qəhrəmanlığı yazıçı və şairlərin diqqətini hələ onun öz dövründə cəlb etmişdi. Kərəmin geniş ad-san qazanması, qəhrəmancasına mübarizə aparması rus müəllifləri (M. Qorki, D. Kozlovski, V. Kazanovski, S. Filippov və b.) ilə bərabər, gürcü xalqının bədii söz ustalarına da ilham verib. Anton Purtseladze, Georgi Amilaxvari, Vasili Barnov, Georgi Tumanişvili gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən böyük həvəs və məhəbbətlə bəhs ediblər. Bunların içərisində V.Mçedlişvilinin dördpərdəli Qaçaq Kərəm pyesi daha çox məşhurlaşıb. Bu əsər Hüseynbəy Mirzəcamalov tərəfindən tərcümə edilərək bir neçə dəfə Tiflisdə, Bakıda, Gəncədə Azərbaycan dilində tamaşaya qoyulub. "Droeba" qəzeti yazırdı ki, konservatoriyanı bitirmiş bir nəfər qadın Qaçaq Kərəm haqqında opera hazırlayır. M. Qorki qeyd edirdi ki, Tiflisdə, Kutaisi, Axalsıx, Siqnax, Qori, Duşet qəzalarında Kərəmə həsr olunmuş onlarca rəvayət və əhvalat dinləyib.

Qaçaq Kərəmlə əlaqədar indiyədək bəzi oxucular üçün naməlum qalan qiymətli bir ədəbi mənbəni oxuculara çatdırmaq istəyirəm. 1886-cı ildə gürcü dilində nəşr olunan kitablardan birinin tam adı belədir: "Qaçaği Kiarima. Leksi Qomelisa da sxva leksebi" ("Qaçaq Kərəm. Qomelinin şeiri və başqa şeirlər"). Ekvtime Xeladzenin mətbəəsində çapdan buraxılan bu kitab gürcü oxucularının, gürcü ictimaiyyətinin Azərbaycan xalqının mərd qəhrəmanına dərin məhəbbət bəslədiklərini sübut edir. Kitab Qomelinin Qaçaq Kərəmə həsr etdiyi şeirlə açılır. Müəllif öz şeirini "Qaçaq Kərim" adlandırıb. Məlumdur ki, M. Qorki də onu Kərim deyə xatırlayıb. O dövrün qəzet və jurnallarının səhifələrində də o, Kərim kimi təqdim olunub. V.Mçedlişvilinin Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanan pyesinin də adı "Qaçaq Kərim"dir.

Ancaq məlumdur ki, bu el qəhrəmanı Qaçaq Kərəm kimi daha çox məşhurlaşıb və bu səbəbdən biz də onu Kərəm kimi veririk.

Müəllif  barədə qısaca məlumat: Qomeli təxəllüslü bu müəllif dövrünün tanınmış publisist və şairi olub. O, "Droeba", "İveriya" qəzetlərində, "Teatri", "Kvali" jurnallarında və digər mətbu orqanlarda müxtəlif səpgili yazıları və şeirləri ilə çıxış edib. Onun  "Qaçaq Kərəm"dən başqa daha bir neçə kitabı çap olunub.

Azərbaycan ədəbiyyatşünaslığı üçün xüsusi əhəmiyyətə malik olan bu kitabdakı "Qaçaq Kərəm" şeiri iki hissədən ibarətdir. Birinci hissədə üç bənd var. Burada İlya Çavçavadzenin bir bənd şeiri epiqraf seçilib.

İkinci hissədə isə on beş bənd vardır. Bu hissə qəhrəmanın öz dilindən verilib. Şeirdə Qaçaq Kərəm mərd, cəsur, "varlıların düşməni, qənimi", "yoxsulların havadarı, pənahı" kimi vəsf edilir. Yuxarıda qeyd etdiyimiz kimi əslən Qazax qəzasının Qıraq Kəsəmən kəndindən olan Qaçaq Kərəm (Kərəm İsgəndər oğlu Mollazalov) atasının 1884-cü ildə yerli bəylər tərəfindən öldürülməsindən sonra qaçaqlığa başlayıb. Bu şeirdə Kərəm öz atasının qisasını almaq ehtirası ilə alışıb yanan bir qəhrəman kimi verilir. Həmin şeirin böyük elmi əhəmiyyətini nəzərə alaraq onu oxuculara təqdim edirik.

QOMELİ

Qaçaq Kərəm

Elə hər gün Kərəm adı eşidirik,
Səcdə qılır obalarda böyük-kiçik.
İgidlikdə ad qazanmış, dağlar aşmış,
Onun adı ölkələri çox dolaşmış.

O vaxtlar da olub min-min belə dəstə,
Çuxa geyər, oynarlarmış atın üstdə.
Qaçaq daim pənah olmuş doğma xalqa,
Ellər olmuş, minlər olmuş ona arxa.

İndi necə ağır dövran, zamandır, ah?!
Xalq soyulur, xalq talanır, amandır, ah?!
Zülm çoxalıb, divanların yoxdu sayı,
Ərşə qalxıb camaatın ahı-vayı.

Neyləyim mən, istəmirdim qaçaq olam,
Bir vicdansız oldu səbəb buna, heyhat.
Bir namərdin  əli  ilə  öldü  atam,
Heçə döndü gözlərimdə bütün həyat.

Ah, atamı mən yuxumda gördüm bu gün,
Qeyzə gəlsin, qəzəb tutsun o düşməni.
Qandallıydı, sağ bir yeri yox üzünün,
Yalvarırdı: "Burax məni, burax məni!"

Vurur qəlbim qisas üçün ehtirasla,
Qoy tək-tənha evdə qalsın arvad-uşaq.
And içirəm, and içirəm, inan, əsla
Yağı düşmən sağ-salamat qalmayacaq!..

Dostu oldum dağların da, yamacın da,
Qayalara söyləyirəm sözlərimi.
Dayanmışam mən yolların ayrıcında,
Keçidlərə zilləmişəm gözlərimi.

Ac-yuxusuz keçirirəm gecələri,
Sozalırdı ürəyimdə ümid, inam;
Bəs bu nədir? Mənə sarı gördüm gəlir
Həmin qatil, yanında da yeddi adam.

Dayandılar onlar bizi görən kimi,
Silah vardı yağıların sağ əlində;
Yanımdadı beş igid də ərən kimi,
Şahin kimi səkirdilər at belində!

Nağılvarı səhnə idi həmin o an,
Qızışmışdı o beş nəfər pələng kimi.
Heç bilmədim, neylədim mən acığımdan,
Əbəs yerə boşa atdım tüfəngimi.

Soyumadı bir an belə yenə hirsim,
Göy üzünə şəfəq düşdü xəncərimdən.
Dərələrdə səda verdi şaqraq səsim,
Sinə-sinə geri döndü yağı düşmən.

Lovğalıqla, öyünməklə yoxdu aram,
Şirin yedim daim halal qazancımı.
Mərd doğuldum, kişi kimi yaşayıram,
Sağ əlimdə gəzdirirəm qılıncımı.

Qaçaqlığı özüm üçün seçdim peşə,
Gədiklərdə keçir daim ömrüm-günüm.
Xalqa, elə arxalandım mən həmişə,
Uzaq-uzaq obalardan gəlir ünüm!

Sıx meşədə dayanmışam, qulaq səsdə,
Qaya altı, göy otlardır yorğan-döşək!
Bir yarpaq da titrəyəndə lap ahəstə
Dik qalxıram, qisas üçün vurur ürək.

Axı niyə mən bəylərə boyun əyəm,
Öz ağlımın həm xanıyam, həm şahıyam.
Varlıların düşməniyəm, qənimiyəm,
Yoxsulların havadarı, pənahıyam.

Bilməyirəm nə rahatlıq, nə də dinclik,
Həyəcanla ötürürəm günü bir-bir.
Gecə-gündüz gözlərimin önündəki
Həm atamın, həm qatilin surətidir.

Adı-sanı bizim igid Koroğlunun
Gedib çatmış uzaq-uzaq diyarlara.
Məğrurluğu, mətanəti bir vaxt onun
Xanın, bəyin ürəyinə vurub yara.

Razıyam mən namus ilə gedim qəbrə,
Düşmənimdən qoy intiqam alım təki.
And içmişəm, şahid olub bu dağ-dərə,
Qisas üçün titrəyirəm yarpaq təki.
Söylə, zaman, ədalətin sənin hanı?
İnan, yerdə qalmayacaq ata qanı!

 





20.02.2015    çap et  çap et