525.Az

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı


 

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı<b style="color:red"></b>

Tiflisin azərbaycanlı mühitinin mədəni tərəqqisində mühüm rol oynayan Tiflis Azərbaycan Teatrı 1873-cü ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar - bütün bunlar  teatra yeni-yeni uğurlar gətirib.

Qısa müddət ərzində geniş auditoriya toplayıb. Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının qarantına çevrilib. Hətta fəaliyyəti dövründə Tiflisin bir sıra teatrlarının maliyyələşdirilməsində rol oynayıb. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz  Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən işə başlayır. 2004-cü ildə Tbilisi Azərbaycan Teatrına Dövlət statusu verilir. Qərar teatrın inkişafının yeni mərhələsinin əsasını qoyur.  Azərbaycan-Gürcüstan ədəbi-mədəni dostluq əlaqələrinin gündən-günə möhkəmlənməsinin teatrın inkişafına təsiri danılmazdır.

Bu tetarda böyük əmək sərf edən tanınmış mədəniyyət xadimlərindən biri də Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır. Tiflis Dövlət Azərbaycan Dram Teatrının inkişafında böyük xidmətləri olan şəxslərdən biri olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin və ictimai fikrinin bir sıra qabaqcıl nümayəndələri kimi o da Qafqaz xalqlarının mədəni yüksəlişi və işıqlandırılması uğrunda özünəməxsus sənətkar kimi xalqın rəğbətini qazanıb. Təsadüfi deyil ki, gürcü mədəni-ictimai mühitində xüsusi yeri olan Akaki Xorava onun haqqında yazırdı: "Sənin, doğma mədəniyyətinin inkişafına, xalqının tərəqqisinə sərf etdiyin namuslu, xeyirxah zəhmətin və istedadın ən yüksək qiymətə layiqdir".

İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə) 1897-ci ildə Tiflisdə fəhlə ailəsində anadan olub. 8 yaşında ikən ehtiyac üzündən atası Hüseyn kişi onu çəkməçi yanına şagird qoyub. Balaca İbrahim çəkməçi yanında işləsə də, Tiflisin qaynar teatr həyatı onu özünə cəlb edirdi.

Gənc İbrahim İsfahanlını teatr aləminə gətirən böyük eşq və amal olub. İ. İsfahanlının aktyorluğa başladığı illər Gürcüstanın teatr həyatının coşqun dövrü idi. Burada yerli aktyorlardan başqa, Rusiyanın görkəmli teatr kollektivləri, habelə xarici truppalar da çıxış edirdilər. Belə bir vaxtda sənət aləminə qədəm qoymaq, İ. İsfahanlı üçün bir aktyor kimi şöhrət qazanmaq çox çətin idi. O zamanlar tez-tez Tiflisdə qastrolda olan bir aktyorun yazdığı kimi, bu vaxtlar sənətkarın başına çələng də hörər, üstünə lax yumurta da ata bilərdilər. Elə də ola bilərdi ki, aktyor eşqi ilə yaşayan həmin adam ancaq teatrın binasının fəsadına tamaşa etməli olardı. Lakin  İ.İsfahanlının aktyorluq fəaliyyəti başqa yolla getdi. O, öz istedadının parlamasını uzun zaman gözləmədi, az bir vaxtda Tiflis Azərbaycan teatrında məşhurlaşdı.

Görkəmli gürcü artisti Vaso Abaşidze, yazıçı-dramaturq Şalva Dadiani, ictimai xadim və aktyor Valerian Qunianinın təşəbbüsü və köməyi ilə 1909-cu ildə Azərbaycan teatr truppası Zubalov adına "Narodnı Dom"un səhnəsində ayda iki-üç tamaşa göstərməyə icazə aldı. Bu tədbir teatrın vəziyyətini xeyli yaxşılaşdırdı. Truppanın hazırladığı tamaşaların keyfiyyətini daha da artırmağa səbəb oldu.

İbrahim İsfahanlı istedadlı aktyor, rejissor və yazıçıların əhatəsində böyümüşdü. Buna görə də xüsusi teatr təhsili görməyən İbrahim üçün realist Azərbaycan yazıçı və səhnə ustalarının yaradıcılığı, sözün həqiqi mənasında, böyük bir məktəb idi. O öz istedadı sayəsində yüksək sənət zirvəsinə qalxmışdı.

Fəlsəfə elmləri doktoru, professor, uzun illər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələr daşımış mərhum Teymuraz Cəfərli özünün "Böyük dostluğun səhifələri" adlı kitabında göstərirdi ki, Gürcüstanda Sovet hakimiyyəti qurulmazdan xeyli əvvəl, inqilabi ruhlu azərbaycanlı ziyalılardan Əşrəf Yüzbaşov, Hüseyn Şabanov, Əli Tağızadə, Həsən Səbri, Məmməd Cəfərli, Mirzə Davud Rəsulzadə və başqaları da teatr sənətinin tərəqqisi yolunda əllərindən gələni əsirgəmirdilər.

Sovet hakimiyyətinin mövcudluğu  illərində Azərbaycan aktyorlarının truppası Dövlət Teatrına çevrildi. Gürcüstanda Azərbaycan teatrının əsl çiçəklənmə dövrü də məhz bu vaxtdan başlayır. Kommunist Partiyası və Sovet dövlətinin teatra qayğısı nəticəsində  həvəs və məhəbbətdən daha ciddi sənət problemlərinin həllinə girişildi. İstedadlı aktyor kollektivi müasir dövrün tələbləri ilə ayaqlaşmağı özünə böyük borc və şərəf bildi. Bütün bu işlərdə İ.İsfahanlının coşqun yaradıcı  əməyi olub.

Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", Hüseyn Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", Vilyam Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), General Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Nizami ("Nizami", Mehdi Hüseyn) və başqalarıdır. İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında onlarla baxımlı tamaşa hazırayıb. Bunlardan "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan", "Məşədi İbad", "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", "Otello", "Hamlet", "Qaçaqlar", "Ölülər", "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "İblis", "Uçurum", "Knyaz", "Şeyx Sənan", "Topal Teymur", "Od gəlini", "Aydın", "Almaz", "Sevil", "Vaqif", "Toy", "Anzor", "Kinto", "Ac həriflər", "Pəri cadu", "Bəxtsiz cavan" və digər əsərlərin quruluşları xüsusilə diqqət çəkib.

Teatr İ. İsfahanlı üçün doğma evi kimi idi. O burada həm rejissorluq, həm də aktyorluq edirdi. Bir aktyor kimi o, daha çox romantik səpkili qəhrəmanların səhnə təcəssümünə meyl göstərirdi. Hamlet, Aydın, Elxan, Oqtay, İsgəndər, Ferdinand, şeyx Sənan kimi obrazlar vasitəsilə tamaşaçıları həyat vərdişlərinə qarşı mübarizəyə və yüksəlişə səsləyirdi.

İ.İsfahanlı həmişə deyərdi ki, mənim ən fərəhli günlərim, xoşbəxt çağlarım teatrda keçib. Lakin bu o demək deyildi ki, böyük sənətkar sənətin başqa sahələrində iştirak etməyib. Əksinə o, həyatının son dövrlərində də böyük bir şövqlə Tbilisidə teatr, musiqi kollektivlərinə rəhbərlik edib, bədii qiraət ustası kimi Azərbaycan və gürcü poeziyasının alovlu təbliğatçılarından biri olub. Onun M. İbrahimovun "Böyük dayaq" filmindəki Yarməmməd rolu da qocaman artistin son illərinin yaradıcılıq məhsuludur.

Görkəmli aktyor və rejissorun sənəti, ictimai fəaliyyəti  dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1958-ci ilin iyul ayının axırlarında onun anadan olmasının 60 illiyinin təntənə ilə qeyd edilməsi də bu diqqət və məhəbbətin ifadəsi idi. Həmin gecə İ. İsfahanlı "Nadir şah", "Hamlet", "Oqtay Eloğlu"tamaşalarından bəzi səhnələri ifa etdi. Onun saçları gümüşü qışdan xəbər versə də, böyük sənətkar səhnədə yenə də alovlu, ehtiraslı və cazibədar idi.

...İbrahim İsfahanlının sənət eşqilə vuran qəlbi 1967-ci ildə dayandı. Coşqun, yaradıcı mədəniyyət xadiminin ölümü Tiflis Azərbaycan Teatrı üçün ağır itki oldu. Qüdrətli aktyorun və rejissorun bizə irs qoyub getdiyi sənət ənənələri bu gün də  aktuallığını qoruyur, Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluğu, habelə onların gürcü mədəniyyəti ilə əlaqələri kontekstində öz bəhrəsini verir.

Tiflis ədəbi-ictimai mühitində Azərbaycan çoxşaxəli mədəniyyətinin təbliğ edilməsində əvəzsiz rolu və xidmətləri olan sənətkarın yaratdığı unudulmaz səhnə obrazları ürəyimizdə, xəyalımızda daim yaşayır və yaşamaqdadır.

 





04.03.2015    çap et  çap et