525.Az

Ədəbi-mədəni təmaslarda Abbasqulu ağa Bakıxanov nümunəsi


 

Ədəbi-mədəni təmaslarda Abbasqulu ağa Bakıxanov nümunəsi<b style="color:red"></b>

XIX əsrin ilk onilliklərindən etibarən Azərbaycan ədəbiyyatı, maarif və ictimai fikrinin bir çox tanınmış nümayəndələri Tiflis ədəbi-ictimai mühiti ilə sıx bağlı şəkildə fəaliyyət göstərib. Onların yaradıcılığının inkişafına, əsərlərində qabaqcıl, demokratik meyllərin qabarıq şəkildə nəzərə çarpmasına bu mühitin müstəsna təsiri olub. XX əsr Azərbaycan mədəniyyəti öz orijinal xüsusiyyətlərini, çoxəsrlik Şərqə bağlılıq ənənələrini qoruyub saxlamaqla bərabər, Tiflis mühitinin məhsulu olan yeni inkişaf tendensiyalarından da səmərəli şəkildə bəhrələnib. Bu isə Azərbaycan ədəbiyyatının yalnız mövzuca, mündəricə baxımından deyil, forma və janr etibarı ilə də dəyişməsinə, yeniləşməsinə, zənginləşməsinə mühüm təsir göstərib. Tiflisdə yaşayıb-yaradan Azərbaycan yazıçıları yalnız öyrənməklə, rus və Avropa ədəbiyyatlarının qabaqcıl təcrübəsinə yiyələnməklə kifayətlənməyiblər, eyni zamanda Azərbaycan ədəbiyyatının, çoxəsrlik söz sənətimizin ənənələrinin təbliği ilə də məşğul olublar. Təsadüfi deyil ki, XIX əsr rus ədəbiyyatının A. S. Puşkin, A. S. Qriboyedov, M. Y. Lermontov, A. Bestujev-Marlinski, L. N. Tolstoy, Q. Uspenski, V. Korolenko, A. P. Çexov, M. Qorki kimi nəhəng nümayəndələrinin yaradıcılıqlarında Qafqaz mövzusu xüsusi yer tutur. Onların Qafqazda olmaları, yerli xalqların qabaqcıl nümayəndələri ilə ünsiyyəti, həmin xalqların ədəbiyyat, mədəniyyət, məişət və həyatları ilə ümumı şəkildə də olsa tanışlıqları rus ədəbiyyatının özünün sonrakı inkişafına təsirsiz qalmayıb.

İndiyə qədər Tiflis ədəbi-ictimai mühiti ilə Azərbaycan ədəbiyyatının əlaqələrinin ayrı-ayrı səhifələri, xüsusən hər iki xalqın qabaqcıl yazıçıları və sənət xadimləri arasındakı əlaqələr müəyyən dərəcədə tədqiq edilərək işıqlandırılıb. İstər gürcü, istərsə də Azərbaycan ədəbiyyatşünasları Gürcüstan zəminində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qarşılıqlı əlaqələrinin tədqiq etmə sahəsində müəyyən işlər görüblər. Rus yazıçıları içərisində Tiflis ədəbi-ictimai mühiti ilə birinci dəfə geniş və çoxcəhətli əlaqələr yaradan məşhur “Ağıldan bəla” komediyasının müəllifi A. S. Qriboyedov olub. O, Tiflisə ilk dəfə 1818-ci ilin payızında, rus diplomatik missiyasının tərkibində gəlmişdi. Missiya burada üç aydan artıq ləngidiyindən A. S. Qriboyedov Gürcüstanın paytaxtı və şəhər ziyalıları ilə ətraflı tanış olmaq imkanı əldə etmişdi. Tiflisə ikinci dəfə 1821-ci ildə gələn A.S.Qriboyedov burada iki il qalır və Qafqazın baş hakimi A. P. Yermolovun yanında diplomatik hissə üzrə məmur vəzifəsinə təyin edilir. Bu dəfə o, şəhərin mədəni ictimaiyyəti ilə yaxından tanış olur, bir sıra gürcü zadəgan ailələri ilə yaxınlaşır. Onun görkəmli Azərbaycan alimi və yazıçısı Abbasqulu ağa Bakıxanovla tanışlığını da təxminən həmin vaxta aid etmək olar. Tiflisdə A. S. Qriboyedovdan bir il əvvəl –1820-ci ilin yanvarında Qafqaz baş hakiminin tələbi ilə gələn “Gülüstani-İrəm” müəllifi də burada baş hakim dəftərxanasında tərcüməçi işləyirdi. Hər ikisi diplomatiya sahəsində çalışdığından, digər tərəfdən isə ictimai mənşələri, yaşları, zövqləri, zehni məşğuliyyətləri arasında ümumilik və oxşarlıq olduğundan onlar tezliklə yaxınlaşıb ülfət bağlamışdılar. A. S. Qriboyedovla böyük Azərbaycan klassikinin qarşılıqlı münasibətləri 1826-1828-ci illərdəki Rusiya-İran müharibəsi zamanı daha da inkişaf etmişdi. İ. K. Yenikolopovun ehtimalına görə həmin dövrdə A. S. Qriboyedov azərbaycanlı həmkarından ərəb dilini öyrənirdi.

A. Bakıxanovu şöhrətli dekabrist yazıçı A. Bestujev-Marlinski də yaxşı tanıyırdı, Şərqə dərindən bələd olan bir alim, qorxmaz hərbi zabit kimi yüksək qiymətləndirirdi. Azərbaycan yazıçısı ilə ilk dəfə 1829-cu ildə tanış olan A. Bestujev-Marlinski sonralar onunla dəfələrlə Tiflisdə və döyüşən orduda görüşmüş, dostunun xatirəsini özünün “Hərbi antikvar” hekayəsində əbədiləşdirmişdi. A. A. Bestujev-Marlinski qələminə məxsus olan romantik coşqunluq və hərarətlə yazılmış həmin hekayədə dərin, əhatəli biliyə və yumor hissinə malik olan Abbasqulu ağanın, rus zabitlərinin Şərqə nabələdliyindən istifadə edərək onları aldatmağa çalışan yalançı antikvarçını necə ifşa elədiyi göstərilir. Çox güman ki, Qafqazda xidmət edən digər rus yazıçıları kimi A. A. Bestujev-Marlinskinin də Azərbaycanla, Azərbaycan dili və mədəniyyəti ilə yaxın tanışlığında A. Bakıxanovun mühüm rolu olub.

A. Bakıxanovun həyatı və şəxsiyyəti bir neçə il Qafqazda olmuş dekabrist  yazıçı Y. N. Ozeretskovskini də yaxından maraqlandırmışdı. O özünün “Nökər” adlı hekayəsində görkəmli yazıçının uşaqlıq həyatından ibrətamiz bir epizod alaraq onu dövrün tarixi şəraiti və münasibətləri fonunda diqqətəlayiq bir novellaya çevirmişdi.

A. S. Qriboyedovun qeydləri, A. A. Bestujev-Marlinskinin və Y. N. Ozeretskovskinin hekayələri, V. K. Küxelbekerin (Abbasqulu ağa Bakıxanov Qüdsi. Seçilmiş əsərləri. Bakı, 1984, səh. 381) yarımçıq poeması, habelə T. Lada-Zablotskinin, N. A. Roskovşenkonun , F. Bodenştedtin və o zamankı Tiflis mühiti ilə bu və ya digər dərəcədə bağlı olan digər yazıçı, şair, jurnalist və ictimai xadimlərin A. Bakıxanova bəslədikləri münasibət ən əvvəl onun XIX əsrin 30-cu illərində bu mühitin qabaqcıl və aparıcı qüvvələrindən biri olduğunu göstərməkdədir.

Gürcüstan paytaxtına gəldiyi ilk illərdə yazdığı “Tiflis” adlı müxəmməsində A. Bakıxanov da, Vaqif kimi gürcü xalqının nəcibliyindən, gürcü gözəllərinin məlahətindən, yaraşığından söz açırdı:

Hər kim gələ Tiflisə tamaşa
tələbindən,
Zülfi-ruxi məhvəşləri görmək
səbəbindən,
Görməz əsəri-rahəti-can
ruzü şəbindən,
Xoş ləhcə pərizadələrin
ləli-ləbindən
Bu kişvəri-pürşur bədəxşanə
dönübdür. 

Bu misralar Tiflis ədəbi-ictimai mühitində ilk addımlarını atan şairin mövzu və maraq dairəsini müəyyənləşdirmək baxımından maraqlıdır. A. Bakıxanovun bütün sonrakı elmi-ədəbi və ictimai-siyasi fəaliyyəti aydın şəkildə göstərdi ki, o, “Tiflisə yalnız tamaşa tələbindən” gələnlərdən deyildi. Gənc istedadlı alim-şair çoxmillətli Tiflisdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini təmsil etdiyini yaxşı başa düşürdü və həmin mədəniyyətin nüfuzunu qaldırmaq üçün yorulmadan çalışırdı. A. Bakıxanov XIX əsr Azərbaycan yazıçıları içərisində ilk dəfə ədəbiyyatımızın beynəlmiləl əlaqələrini genişləndirmiş, onun yeni janr və formalarla zənginləşməsi, ictimai həyata yaxınlaşması yolunda mühüm addımlar atmışdı.

Düşdüyü bu yeni mühitin öyrənilməsi A. Bakıxanovun bir sənətkar kimi inkişafını izləmək baxımından da çox əhəmiyyətlidir. Qubada dövrün savadlı alimlərindən şərq dünyasına, ərəb və fars dillərinə dair əhatəli bilik alan A. Bakıxanov dinin təsirindən uzaqlaşa bilməmişdi. Onun ilk poetik əsərlərindən biri olan “Riyazül-qüds” poeması başdan-başa şiə ideologiyası ruhunda yazılmışdı. Tiflis mühitinə düşməsi, qabaqcıl rus və gürcü ziyalıları ilə geniş yaradıcılıq əlaqələri saxlaması, Avropa mədəniyyəti ilə tanışlığı A. Bakıxanovun həm dünyagörüşündə, həm də ədəbi-bədii zövqündə əsaslı dönüş yaratmışdı. Onun ədəbi-estetik, elmi baxışları, ictimai-əxlaqi görüşləri bu mühitdə tam formalaşmış, A. Bakıxanov məhz burada maarifçilik ideyaları ilə yaxından tanış olub onların ardıcıl təbliğatçısına çevrilmişdi. Ehtimal etmək olar ki, A. Bakıxanov gürcü zadəganlarının müstəqil gürcü taxt-tacını bərpa etmək üçün 1832-ci ildə qaldırdıqları qiyamla bu və ya digər şəkildə bağlı olmuşdur. Gürcü zadəganları gənc azərbaycanlı zabitə rəğbətlə yanaşır, Şərq ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar məsələlərdə onun fikir və məsləhətlərindən istifadə edirdilər. A. Bakıxanovun qədim gürcü zadəganları nəslindən olan Barataşvililər ailəsi və Tiflisin digər zadəganları ilə əlaqələri təsadüfi deyildi. Bunun səbəblərindən biri də anası Sofiya xanımın gürcü qızı olması idi.

Ədəbiyyatşünas Ə. Mirəhmədovun Gürcüstanın ədəbiyyat muzeyində apardığı tədqiqat göstərib ki, A. Bakıxanov böyük gürcü romantik şairi N. Barataşvilinin əmisi, uzun illər Moskvada yaşayan və işləyən məşhur tarixçi Mixail Barataşvili ilə yaxın ünsiyyətdə olub (Ə.Mirəhmədov. Xalqımızın dostu. “Kommunist”, 10 sentyabr 1968-ci il.). Həmin muzeydə gürcü aliminin bir albomu saxlanır ki, oradakı müxtəlif xatirə qeydləri, səmimi dost sözləri içərisində A. Bakıxanovun öz dəst-xəttilə yazılmış aşağıdakı dörd misralıq şeir parçası da var:      

Güldür bu? Deyil,
gül belə xəndan olmaz,
Gündürmü? Deyil,
gün gecə rəxşan olmaz.
Dedim ki, mələk, mələk,
məhəbbət bitməz,
Kimdir bu ki,
təşbihinə imkan olmaz?!

Bir sıra görkəmli yazıçı və ictimai xadimlərimizin fəaliyyət meydanı olan Tiflis ədəbi-ictimai mühiti şəraitində bir əsrə yaxın müddət ərzində dünya şöhrətli ziyalılar yetişib, onların istedadları tam şəkildə meydana çıxıb. Azərbaycan ədəbiyyatının rus və Avropa ədəbiyyatları ilə qarşılıqlı əlaqələri sahəsində yeni, ardıcıl, inamlı addımlar bilavasitə XIX əsrdə atılıb.

Öz əməli fəaliyyəti ilə sonrakı Azərbaycan yazıçı və ictimai xadimlərinin böyük bir qrupu üçün A. Bakıxanov nümunə olub. Mətbu sözün əhəmiyyətini yüksək qiymətləndirən A.Bakıxanov yaxşı başa düşürdü ki, xalqın tarixi taleyindən, ədəbiyyatından, dilindən, məişətindən söz açmaq üçün ilk növbədə mətbuata malik olmaq lazımdır. Əlbəttə, əgər bu mətbuat millidirsə, yazıçının müraciət etdiyi xalqın öz ana dilində çıxırsa, şübhəsiz, o, doğma şəraitdə mədəni tərəqqi üçün daha geniş imkanlar açır. A.Bakıxanovun ardıcıl və məqsədyönlü fəaliyyəti onu tam əsasla rusdilli Azərbaycan jurnalistikasının ilk böyük nümayəndəsi hesab etməyə imkan verir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin beynəlmiləl əlaqələrinin genişləndirilməsində və nüfuzunun yüksəldilməsində əvəzedilməz rolu olan A. Bakıxanovla xalqımz haqlı olaraq fəxr edir.

Almaz YURDSEVƏR

 





09.03.2015    çap et  çap et