525.Az

Azərbaycan ədəbiyyatşünaslığının romantiki


 

PROFESSOR ARİF HACIYEVİN XATİRƏSİNƏ İTHAF OLUNUR

Azərbaycan ədəbiyyatşünaslığının romantiki<b style="color:red"></b>

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakultəsində oxuduğum zaman mənə Arif Allahyar oğlu Hacıyevlə tanış olmaq müyəssər olub. O, universitetdə ədəbiyyat nəzəriyyəsindən dərs deyir və xüsusi kurslar aparırdı. İlk mühazirələrin birində mənim qəribə cızma-qaralarla yazdığım onun diqqətini cəlb etdi və bunun nə olduğunu soruşdu. Cavab verdim ki, “stenoqrafist-makinaçı” ixtisası üzrə peşə məktəbi bitirmişəm və buna görə onun mühazirələrini demək olar ki, sözbəsöz qeyd edirəm.

Onda Arif müəllim xahiş etdi ki, mühazirələri makinadan çıxarıb bir nüsxəsini ona verim. Məsələ ondadır ki, o, mühazirələri kağızdan oxumurdu, çox vaxt improvizə edirdi və buna görə qeydlərim onun işinə çox yaramışdı. Sonralar mühazirələrin və doktorluq dissertasiyasının əsasında o, iki kitab – “Romantizm və realizm” (1972) və  “Sovet Şərqi ədəbiyyatlarında romantizm” (1978) – çap etdirdi. Üçüncü, “Azərbaycan realizmi” (1984) monoqrafiyası ilə birlikdə bu kitablar Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfə oldu, Sovet elmində ad qazandı. “Azərbaycan realizmi” kitabı isə realizmin milli tarixi tipologiyası haqda respublikada ilk nəzəri monoqrafiya oldu.
 
Artıq universiteti bitirib Yazıçılar İttifaqında işləyərkən Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsinə, Arif Hacıyevin yanına getdim, ondan xahiş etdim mənim elmi rəhbərim olsun. Mövzunu birlikdə seçdik, onu birlikdə elmi şuradan keçirdik, sonra isə məhz onun dəstəyi, inadkarlığı nəticəsində namizədlik dissertasiyasını bitirməyə nail oldum və 1984-cü ildə müvəffəqiyyətlə müdafiə etdim. Elmi əməkdaşlıq ailəvi dostluğa keçdi və onun vaxtsız ölümünədək davam etdi.

O əsl fədakar elm vurğunu idi. Həmişə çətin mövzulardan yapışır, öz orijinal elmi konsepsiyalarını işləyib hazırlamağa çalışırdı. Arif Hacıyevin əsərlərini SSRİ-nin bütün ali məktəblərində tədris olunan məşhur “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifi Leonid Timofeyev, Moskva Dövlət Universitetinin rus ədəbiyyatı kafedrasının müdiri professor Vasiliy Kuleşov, Avropa romantizmi üzrə sanballı rus alim-mütəxəssislərdən biri olan İrina Neupokoyeva, Tatarıstandan məşhur alim Yulduz Niqmatulina, SSRİ Elmlər Akademiyasının müxbir üzvi Georgiy Lomidze, Turgenyev yaradıcılığının aparıcı tədqiqatçılarından biri professor Qalina Kurlyandskaya, dünyaca məşhur alim Dmitriy Lixaçov və bir çox digər bu kimi Sovet ədəbiyyatı korifeyləri olduqca qiymətləndirirdilər.

Onları kollektiv toplular üzərində işə cəlb edən, Azərbaycan Elmlər Akademiyasında müxtəlif mövzularda keçirilən elmi konfranslarda iştirak etmək üçün dəvət edən professor Arif Hacıyevlə bütün bu şəxslər yazışma aparırdılar. Ümumiyyətlə qeyd edilməlidir ki, 70-80-ci illərdə Bakıda Arif Hacıyevin təşəbbüsü ilə ümumittifaq miqyaslı olduqca prestijli elmi konfranslar keçirilmiş və yeni ideyalar, ədəbi konsepsiyalar burada “sınaqdan” çıxarılmışdır. Belə ki, Məmməd Arif Dadaşzadənin dəstəyiylə Arif Hacıyev Bakıda Sovet Şərqinin ədəbiyyatlarında realizm problemlərinə aid konfrans keçirmək  ideyasını gerçəkləşdirmişdi (16-19 oktyabr 1972-ci il).  Arif Hacıyev Azərbaycan ədəbiyyatşünaslığında Azərbaycan intibahı haqda məsələni ilk qaldıranlardandır. 1978-ci ildə ilk dəfə bu mövzuda alimlərin  “dəyirmi masa”sı keçirildi. 1980-ci ildə MK-nin katibi Həsən Həsənovun sayəsində Arif müəllim “İntibah və Nizami poeziyası” monoqrafiyasını, eləcə də ön sözüylə birgə “Azərbaycan intibahının problemləri” elmi toplusunu çap etdirdi. Bu illər o, bu tematika üzrə müxtəlif konfrans tribunalarından, məsələn, Daşkənddə Üçüncü türkoloji konfransda (1980), Moskvada Yevgeni Bertelsin 100 illiyinə həsr edilmiş konfransda (1987), Azərbaycan EA-nın Rəyasət Heyətinin iclasında (1987), respublika və ümumittifaq nəşrlərinin səhifələrində dəfələrlə çıxış etmişdir.

1980-ci ildə Arif Hacıyev Azərbaycan intibahı məsələləri üzrə böyük konfrans keçirməyə və bura Sovet İttifaqının müxtəlif respublikalarından məşhur alimləri dəvət etməyə müvəffəq olmuşdur. Beləliklə, Arif Hacıyevin əzmkar fəaliyyəti sayəsində Nizami Gəncəvinin intibah yaradıcılığı konsepsiyası elmi dövriyyəyə daxil edilmişdir. “Nizami Gəncəvi “Xəmsə”sinin intibah dünyası” monoqrafiyası Arif Hacıyevin son “qu” nəğməsi oldu və indiyədək öz əhəmiyyətini itirmədi.

Çox az adam bilir ki, Nizami adına Ədəbiyyat Muzeyinə direktor təyin olunduqdan sonra Arif Hacıyev “Xurşidbanu Natavan adına Qarabağ regionunun Azərbaycan Ədəbiyyatı Muzeyi”nin yaradılması ideyasını irəli sürüb. Şuşalılar bu təklifi ruh yüksəkliyi ilə qarşıladılar və müvafiq yazışmalardan sonra 1988-ci ilin 23 noyabrında Azərbaycan SSRİ Nazirlər Sovetinin, Şuşada Nizami adına muzeyin filialı kimi “Qarabağ Ədəbiyyatı Muzeyi”nin yaradılması haqda sərəncamı çıxdı. Arif Hacıyev əməkdaşlarıyla 3 il ərzində dəfələrlə Şuşada olmuş və rayonun rəhbərliyiylə görüşmüşdür. Artıq direktor təyin olunur, əməkdaşlar işə götürülür, bu məqsədlə ayrılmış binanın əsaslı təmirinə başlanılır. Lakin sonralar A.Hacıyevin öz kitabında yazdığı kimi “hadisələr bu gözəl arzuya qarşı sürətlə cərəyan edir və tezliklə, hələ yaradılmamış muzeyin əməkdaşları qaçqın düşürlər...”   

Nizami adına Ədəbiyyat  Institutunda ədəbi əlaqələr şöbəsinin müdiri işləyərkən tükənməz enerji sahibi olan Arif Hacıyev Azərbaycan ədəbiyyatının dünyanın müxtəlif ölkələrinin ədəbiyyatlarıyla əlaqələri məsələlərinə aid silsilə toplular yaratmaq təşəbbüsüylə çıxış etmişdir. O, bir neçə toplu yaratmaq və çap etdirməyə imkan tapmışdır: “60-cı illərin Azərbaycan – rus ədəbi əlaqələri” (1980), “V.Mayakovski və Azərbaycan ədəbiyyatı” (1983), “Azərbaycan-özbək ədəbi əlaqələrinin səhifələri” (1985),  “Azərbaycan-Avropa ədəbi əlaqələri” (1985), “Azərbaycan-rus qarşılıqlı ədəbi əlaqələri” (1988), “Azərbaycan-qazax ədəbi əlaqələri” (1990). Həmçinin gürcü, Ukrayna, tatar və digər ədəbiyyatlarla əlaqələrə aid toplular da planlaşdırılmışdı. İndi işlərin necə getdiyini bilmirəm, təəssüf ki, o zaman professor Hacıyev Ədəbiyyat muzeyinə getdikdən sonra şöbə bu ənənələri davam etdirə bilmədi. Amma axı bu toplularda mövcud olan çox qiymətli ədəbiyyatşünaslıq məlumatları əsrlərin qovuşuğunda dəbdə olan komparativistika elmiylə ahəngdar surətdə uzlaşır.

Arif Hacıyev Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinə ömrünün beş ilini – 1987-dən 1993-cü ilədək – verdi və bu zaman ərzində bu elmi müəssisədə işi tamamilə yeni səviyyəyə qaldırmağı bacardı. O illərdə mən tez-tez muzeyin qonağı olurdum, orada ən müxtəlif konfranslar, yubileylər keçirilirdi, Ədəbiyyat Muzeyinin özünün də yarıməsrlik yubileyi burada qeyd edilmişdi. Və bu möhtəşəm tədbirə SSRİ-nin bütün respublikalarından tanınmış alimlər gəlmişdi. Ekspozisiyanın təzələnməsi və vaxtaşırı olaraq yenidən təşkil edilməsinə başlanmışdı. Arif Hacıyevin sifarişiylə Xalq rəssamı Oqtay Sadıqzadə beş rəsmdən ibarət gözəl “Xəmsə” yaratdı, onlar  muzeyin əsl bəzəyinə çevrildilər. 90-cı illərin əvvəllərində o zaman Naxçıvandan Azərbaycan SSR Ali Sovetinin sessiyalarının birinə gəlmiş Heydər Əliyevin necə muzeyə baş çəkdiyini Arif müəllim “Həyatın səhifələri” kitabında xatırlayır. Onlar uzun-uzadı zalları gəzir, söhbət edirdilər və Arif Hacıyev bu zaman gələcək ümummilli liderə özünün çoxdankı ideyasından – muzeyin böyük Nizami Gəncəvi irsinin ümumdünya tədqiqatı və təbliğatı mərkəzinə çevirmək istəyindən danışır. Bu ideya Heydər Əliyevi çox maraqlandırır və o, Nizaminin 840 illiyinə həsr olunmuş günlərdə heç kimin bu məsələni onun fikrinə salmadığına təəssüfünü ifadə edir.

Heyf, 1993-cü ilin martında Arif Hacıyevi direktorluq vəzifəsindən “öz xahişiylə” getməyə məcbur etdilər, əmək kitabçasında isə “Məhsuldar iş üçün təşəkkür elan edilsin” (?!) yazdılar. Şadam ki, bu gün Arif Hacıyevin gözəl ideyaları həyata keçirilir – 2012-ci ildə Gəncədə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi yaradılıb və bu mədəniyyət ocağı irimiqyaslı layihələri gerçəkləşdirir. AMEA Ədəbiyyat İnstitutunda hörmətli akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsini bərpa edib. Yenilənmiş Nizami adına Ədəbiyyat Muzeyi bu gün çoxəsrlik Azərbaycan mədəniyyətinin rəmzlərindən biridir. Keçən il Böyük Britaniyanın paytaxtında əlamətdar hadisə baş vermiş – M.V.Lomonosov adına MDU-nin Bakı filialının rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nərgiz Paşayeva oktyabrın 28-də Oksford Universitetində, bu məşhur tədris ocağında Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqda niyyət Memorandumu imzalayıb. Bu hadisənin əhəmiyyətini kiçiltmək mümkün deyil.

Yeri gəlmişkən, Britaniya tərəfi böyük şairin milli kimliyinə münasibətin birmənalı olmamasını bəhanə gətirərək Nərgiz xanımın mərkəzə Nizami Gəncəvinin adının qoyulması təklifiylə dərhal razılaşmayıb.

Məsələn, Oksford Universitetinin nümayəndələri söyləyiblər ki, tədris müəssisəsində Nizamini fars şairi kimi təsəvvür edirlər. Lakin Nərgiz Paşayeva onları  bu məsələdə öz mövqeyinin düzgünlüyünə inandıra bilib.  O, Nizamidə elmi dairələrin bir-birinə qarşı qoyan deyil, qurucu və birləşdirici sima gördüyünü, Nizami yaradıcılığının isə bütün dünyaya məxsus olduğunu qeyd edib. Arif Hacıyev də elmdə, həyatda olduğu kimi  bu prinsipləri əsas tuturdu. O, “Həyatın səhifələri” kitabında belə yazır: “... Özümü – Azərbaycanın ziyalı-alimini mən Yer kürəsinin, onun xalqlarının, mədəniyyətlərinin milyondan bir nümayəndəsi kimi dərk edirəm. Böyük Nizaminin tövsiyəsi də axı belədir. İstənilən dözümsüzlük – siyasi, milli, dini (hakim millətçilik şovinizmi yaxud məişət millətçiliyi səviyyəsində olsun) – mütləq onu atanın üstünə qayıdan bumeranqdır. Hər cür dözümlülük də eynilə belədir – başqa xalqların həyat tərzinə hörmət – hörmətlə, inamla, əməkdaşlıqla, yaradıcılıqla, dostluqla qarşılığını tapır. Dostlarımın 60-80-ci illərdəki məktubları bu ab-havayla köklənib ...”

Arif Hacıyev bir vaxtlar vahid mənəvi-mədəni məkan təşkil edən respublikaların bir çox alimləriylə yazışırdı. Bu məktubların bəziləri “Həyatın səhifələri” kitabında dərc edilib, digərləri hələ də öz nəşrini gözləyir. Arif müəllim böyük alim idi, onu SSRİ-nin  “Literaturnaya qazeta”, “Voprosı literaturı”, “İzvestiya” kimi nüfuzlu dövri mətbuat orqanları məmnuniyyətlə dərc edirdilər, o, Moskvada nəşr olunan müxtəlif ədəbi ensiklopediyalardakı məqalələrin müəllifi idi. O, öz elmi-nəzəri konsepsiyaları ilə XX əsr Azərbaycan ədəbiyyatşünaslığına şübhəsiz töhfəsini vermişdir, təsadüfi deyil ki, Azərbaycan filologiya elminin korifeyləri – Məmməd Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Əziz Mirəhmədov onun dostları və həmfikir məsləkdaşları idilər. Hamısını bir keyfiyyət doğmalaşdırırdı – onlar əsl elm mücahidləri idilər.

Görkəmli Azərbaycan alimi, Azərbaycanın əməkdar elm xadimi, professor Arif Allahyar oğlu Hacıyev yaddaşımda həmişəlik belə qalıb. Çox istərdim ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu rəhbərliyinin təşəbbüsü ilə onun daha çox əhəmiyyət kəsb edən monoqrafiyaları təkrar nəşr olunsun, eləcə də alimin zəngin arxivinin öyrənilməsi və sistemləşdirilməsi üzrə iş aparılsın. Mən akademik İsa Həbibbəyliyə martın 10-da onun təşəbbüsü ilə Nizami adına Ədəbiyyat İnstitutunda “Romantizm və realizmə elmi-nəzəri münasibət: dünya təcrübəsi və Azərbaycan reallığı” adında Arif Hacıyevin 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın keçirilməsinə görə minnətdarlığımı bildirirəm.   Orada təklif irəli sürüldü ki, konfrans materiallarından və tanınmış alim barədə xatirələrdən ibarət xüsusi məcmuə hazırlansın və akademik İ.Həbibbəyli bu ideyanı hərarətlə dəstəklədi. Bu təşəbbüs üçün ona minnətdarlığımı bildirirəm.

Mən Arif Hacıyevin həyat yoldaşı, Azərbaycanın məşhur fizioloq alimi, professor Rəfiqə xanım Bağırovaya da minnətdaram. Baxmayaraq ki, onlar gec qarşılaşaraq evlənmişdilər, birlikdə isə cəmi bir neçə il xoşbəxt ailə həyatı sürmüşdülər, Rəfiqə xanım bütün bu illər ərzində vaxtsız dünyadan köçən (Arif Hacıyev 2000-ci il 15 aprel tarixində 65 yaşında vəfat edib) həyat yoldaşı barədə xoş xatirələri yaşadır, onun kitablarını elmi dairədə yayır, Arif müəllimin zəngin arxivini qoruyur. Və bu çox doğrudur və müdrikcəsinədir. Çünki: Dərinə işləmiş köklər olmadan ağac çətirlənə bilməz. Əsl elm ənənələrin varisliyi, sələflərinin səndən əvvəl yaratdıqları öyrənilmədən mövcud ola bilməz. Bu mənada Arif Hacıyevin elmi irsi böyük dəyərə malikdir, inanıram filoloq-alimlərin yeni nəsli həqiqət axtarışında yenə və yenə bu xəzinəyə müraciət edəcəklər.

 





16.03.2015    çap et  çap et