525.Az

Azərbaycanda bütün evlər və iş yerləri sürətli internetlə təmin olunacaq


 

Azərbaycanda bütün evlər və iş yerləri sürətli internetlə təmin olunacaq<b style="color:red"></b>

Azərbaycanda 2020-ci ilədək bütün yaşayış evləri və iş yerləri yüksək sürətli internetlə təmin ediləcək, bütün dövlət xidmətləri elektronlaşdırılacaq.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanda İKT-nin iqtisadi sektor kimi inkişafında ixrac potensialının genişləndirilməsi gələcək planların əsas hissəsidir: «Bu istiqamətdə məqsədimiz regionun əsas informasiya xidmətləri ixracatçısına çevrilməkdir. Hesab olunur ki, innovativ sahibkarlığın inkişafı, İKT sektorunun stimullaşdırılması, xüsusi vergi və gömrük siyasətinin həyata keçirilməsi texnoloji tutumlu məhsulların istehsalı üçün xüsusi mühit yaradacaq». Nazir bildirib ki, ixracat üçün prioritet məhsullar yeni informasiya xidmətləri və proqram təminatının istehsalı ola bilər.
 
Ə.Abbasov bildirib ki, ölkədə yerli şirkətlərə maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi istiqamətində də müəyyən addımlar atılır. Bu məqsədlə dövlət başçısı İKT-nin stimullaşdırılması və İKT üzrə Dövlət Fondunun yaradılması üzrə sərəncam imzalayıb: «Ekspertlər və məsləhətçi şirkətlər hesab edir ki, bu addım həyata keçirilərsə, Azərbaycanda İKT-nin inkişafı üçün əlverişli maliyyə xidmətləri mühiti yaradılacaq».
 
Nazir qeyd edib ki, xüsusi innovasiya zonasının yaradılması çərçivəsində bu ilin noyabr ayında Azərbaycan prezidentinin ölkədə yüksək texnologiyalar parkının yaradılması haqqında sərəncamı artıq bu istiqamətdə atılan ikinci böyük addımdır: «Parkda əsas məqsəd resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və İKT mütəxəssislərinin hazırlanması kimi vacib layihələr planlaşdırılır».
 
Ölkədə kiçik və orta sahibkarlığın inkişafına, vətəndaşların ictimai fəallığını və məşğulluğunu aktivləşdirən, korrupsiya ilə mübarizəni gücləndirməyə imkan verən və hökumətin şəffaflığını təmin edən elektron hökumət layihəsi də gələcək inkişaf üçün perspektiv hesab olunan layihələrdəndir. Nazir bildirib ki, İKT-nin tətbiqinin genişləndirilməsi, elektron hökumətin qurulması, həmçinin demokratikləşmə proseslərini sürətləndirir, korrupsiya və bürokratik əngəlləri aradan qaldırır və cəmiyyətdə şəffaflaşma proseslərinə xidmət edir: «2020-ci il üçün hədəfimiz bütün dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaşların elektron xidmətlərə çıxışının 100%-ə çatdırmaq, yəni bütün evlərdə və iş yerlərində yüksək sürətli internetə çıxışı təmin etmək, elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisinin 80%-ə çatdırmaqdır».
 
Ə.Abbasovun sözlərinə görə, tətbiq ediləcək e-hökumət modeli sonda cəmiyyətdə şəffaflığın və etibarlılığın təmin olunmasına şərait yaradacaq: «Bu etibarlıq amili xarici investisiya və sərmayə üçün son dərəcə önəmlidir. İş mühitində yaşanan bu şəffaflaşma və etibar nəticəsində xarici sərmayəçilər ölkəmizdə özlərini daha rahat hiss edəcək və yatırımlarını davamlı olaraq artıra biləcəklər».

 





03.12.2012    çap et  çap et