525.Az

Sən mənim bitməyən düşüncəm...


 

Sən mənim bitməyən düşüncəm...<b style="color:red"></b>

Salam ana. Bayramın mübarək. Bu gün düz 11 gündür evimizdən getmisən. Yeni mənzilinə köçmüsən.

Yeni evin necədir?  İstidirmi, soyuqdurmu, bilmirəm. Hər gün gəlib evinin önündə dursam da, qapısından içəri girə bilmirəm.  Qapını möhkəm-möhkəm bağlamısan. Üstünü də betonlatdırmısan. Eləcə 11 gündür gəlib üstü yaşıl örpəkli mənzilinin önündə dayanıb səni çağırıram. "Ana, salam", - deyirəm. Cavab vermirsən. "Ana, necəsən?" - deyirəm. Cavab vermirsən. Sonra sənə gün ərzində  etdiklərimi danışıram.

Hamıdan, hər şeydən danışıram. Yenə bir cavab ala bilmirəm. "Mənə bir işarə ver", - deyirəm, susursan.

Yaşıl örpəkli mənzilinin önündə əyilirəm. Qulağımı beton qapıya yaxınlaşdırıram. Bəlkə bir şey eşitdim, deyə. Çifaidə.  Özün demişkən, "Bomboş bir səssizlik..."

Bu gün bayramdır, ana. Sənsiz gələn ilk bayram. İlk yeni il. Getdiyin 11 günün ən ağırını bu gün yaşadım.

Adətimcə səni təbrik etmək istədim. Sən yox idin. Yeni mənzilinə getdim. Çox sevdiyin nərgiz güllərini almışdım. Hə, bir də xrizantemanı sevirsən axı. Bir zamanlar atamın sənə hər gün aldığı çiçəyi. Amma bağışla, xrizantema tapa bilmədim. Əllərimdə nərgizlər səni görməyə tələsirdim. Dünən gələndə ayın 20-sində yeni mənzilinin qapısını bəzədiyimiz saysız-hesabsız qızıl güllərin yeni mənzilini təmir edən ustalar tərəfindən yığısdırıldığını gördüm. Haqsız da deyildilər. Həm artıq ilkin təzəliyini itirmişdilər, həm də qısa müddətdə evini təmir etməli olan ustalara mane olurdular. Sadəcə yaşıl örpəyin qalmışdı, hə, bir də qələm dostlarının gətirdikləri böyük əklillər eləcə bir kənarda boynunu büküb baxırdı. Çiçəklərsiz nəsəçox boş, kimsəsizmiş kimi göründü mənə dünən evin. Çox sıxıldım. Əslində gülün ömrünü qırmağa hər zaman üsyan etmisən. Bəlkə yeganə qadınsan ki, 8 Martı güllərin soyqırımı adlandırmısan. Amma başqa cür düşünsən, bütün qadınlar kimi gül hədiyyə olunanda xoşhallansan, o zaman sən, sən olmazdın. Nə isə...

Mən də hamıdan biri olduğum üçün, sənə kökündən qırılmış gül hədiyyə olunmasına heç zaman sevinmədiyini bilə-bilə mağazadan aldığım nərgizləri hüzuruna gətirdim. Xoşuna gəldimi, məni qınadınmı, bilmədim...

Əslində yeni il ağacı bəzəmək keçdi ürəyimdən sənin üçün yeni mənzilində. Ah... Amma yenə də bu ustalar... Əllərinə gələn, onlara mane olan hər şeyi acımasızca hara gəldi tolazlayan bəndələr... Ona görə də anındaca vaz keçdim bu fikrimdən. Mən uşaq ikən evimizdə mənim üçün şam ağacı bəzəyərdiniz atamla. Ağac o qədər böyük olurdu ki, az qalırdı evin tavanını deşsin. Hətta bir dəfə ağacın başını kəsməli olmuşdunuz evə yerləşsin deyə. Mən sevinim deyə nələr etmirdiniz...

İllər keçdikcə evimizin bayram sevincləri azalmağa başladı. Çünki sıralarımız azalırdı. Nənələrim, atam, dayılarım, bibim... Bir-bir bizi tərk edirdilər. Mən doğmaların sırası azaldıqca sənin gözlərində artan qüssəni bir neçə anlığa da olsa yox etmək üçün nələrə əl atmırdım. Bax elə sənə analıq etmək missiyam da deyəsən elə o zamanlar başladı. Artıq sən mənim balam idin. Arif insanlar bu halımızı ilk baxışda anlayırdılar. "Qızların necədir?" - soruşurdular. Səni böyük qızım, Müjganı isə kiçik qızım olaraq görürdülər.
Mən isə məndən 28 yaş böyük olan böyük qızıma yaxşı ana ola bilmək üçün məndən 24 yaş kiçik olan və o zamanlar hələ doğru-düzgün danışmağı və yeriməyi belə bacarmayan kiçik qızımın maraqlarını qurban verirdim çox vaxt. Böyük qızım, yəni sən nə istəyirdinsə, o da olurdu. Bircə dəfə işarə etməyin və ya qaşını çatmağın kifayət edirdi...

Bayramlarda, təbii ki, birinci təbrik etdiyim sən olurdun. Getdiyim xarici ölkələrdən ilk hədiyyəni sənə alırdım. Səni razı salmaq, sənin zövqünə cavab verən bir şey tapmaq o qədər çətin olurdu ki... Amma mən nə olursa olsun, ən dar macalda belə, bir saat, yarım saat da olsa vaxt tapıb sənin üçün dükanlara üz tuturdum. Vitrinlərin önündə sənə nə isə seçmək üçün keçirdiyim zamanı  hər dəfə çox ağır bir imtahana bənzədirdim. Görəsən hansı rəngi alım? Görəsən uzununu alım, ya qısasını? Görəsən hansı model alım?

Aman Allah, bütün bu uzun uzadı sualların içərisində itib batdığım üçün sonunda məsələn, bir ayaqqabıdan üç rəng alıb gətirirdim.

Mənim üçün sən hər kəsdən və hər şeydən əzəl idin. Həyatımda atdığım bütün addımlar sənə hesablanmışdı. Səni məyus edə biləcək heç bir şeyə yol verməzdim əsla. Sənin yanında iki dodağımın arasından çıxan hər kəlmə ölçülü-biçili idi. Əsla və əsla səni incidəcək, səni üzəcək heç bir xəbəri duymamalıydın. Buna mən heç vaxt yol vermədim. Məndən bəzən inciyirdin. "Mənə heç bir sözünü, sirrini demirsən", - deyirdin. "Qız anasıyla rəfiqə olar", - deyirdin. Hə, ana haqlıydın. Mən sənə ürəyimi heç vaxt açmadım. Həyatımın dar döngələrini səninlə paylaşmadım. Sənin yanında hər zaman sadəcə təbəssüm etdim. Üzümdən gülüş maskası əskik olmadı. Bu da mənim tərəfimdən səni qorumağın bir üsulu idi.  Öz uğurlarımı belə sənin üzünün bircə dəfə gülümsəməsi, gözlərinin bircə anlıq parıldaması naminə qazanırdım, bunu bilirsənmi? Hə, ana, uğurlarımı sənə bəxş etmək istədiyim xoşbəxtliyə borcluyam.

Ana, bilirsənmi sənə deyəcəyim nə qədər sözüm var? Bilirsənmi gözlərim hər yerdə səni axtarır? Ana, evdə üç böyük rəsmini böyüdüb hər birini bir otağa qoymuşam. Səhərlər onlara salam verirəm. Əlimi üzərlərində gəzdirirəm, sanki indicə sənə toxunacaqmışam kimi. Sonra səni yeni mənzilində ziyarətə tələsirəm. Sonra mənzilini təmir edən ustalarla uzun-uzadı danışıram. Tapşırıqlarımı verirəm. Sonra evə qayıdıram. Qapını açar-açmaz qapıyla üzbəüz qoyduğum rəsmin salamlayır məni. Eləcə səssiz-səmirsiz gülümsəyirsən. Baxışların o qədər istidir, o qədər sevimlidir, o qədər nəvazişlidir ki... Ancaq ana belə baxa bilər, başqa heç kim. Gecələr həmin rəsmlər olan otaqlarda sənin sevdiyin kiçik ləmpələri yandırıram.

Birdən gəlsən, otaqları nəfəsinlə dolaşsan darıxmayasan, qorxmayasan deyə...

Ana, bizdən ayrıldığın bu 11 gündə, hər an səninlə danışıram. Gah ürəyimdə, gah ucadan, bəlkə 48 illik ömrümdə danışmadığım qədər səninlə danışmışam bu günlərdə. Bəlkə də səni bezdirirəm, bəlkə sənin rahat yatmağına mane oluram. Amma nə edim? "Oy, sən mənim qu quşum! Bitməyən düşüncəm..." Bu misraları mənə həsr etmişdin, mən 12 yaşımdaykən. Əslində biz ikimiz də bir-birimizin bitməyən düşüncəsiydik.           

Əvvəllər heç buna fikir verməmişdim, amma sən demə, mən kimdən və nədən danışıramsa danışım, mütləq sənin misralarına istinad edirəm. Fikrimi sənin baxışlarınla izah edirəm.

Həyatımızın ilk dövrlərində sən ana, mən sənin qızın olduq. Sonrakı illərdə mən ana, sən mənim qızım olsaq da, bütün birlikdəliyimiz boyu sənin yanında danışmağa acizlik çəkdim. Sənin qarşında susdum. Bu susqunluğumun  sirri bir  övladın  öz böyüyünə ehtiramından ziyadə, əsl söz qarşısında, böyük hərflərlə yazıla biləcək söz qarşısında deyəcəklərimin sönük və cılız  görünəcəyi qorxusu idi. Çünki sənin sözünün mərtəbən o qədər yüksək, ifadənin çəkisi o qədər ağır idi ki, bu sözün, bu ifadənin qarşısında deyiləcək ən uğurlu söz, ən təsirli ifadə belə boş və mənasız ola bilərdi.

Ana, bilirsənmi bu məktubu sənə yazmağa başlayanda dekabr ayının 31-i idi. Sənsiz gələn ilk bayram.

Bütün dünya Yeni ili qarşılayırdı. 2015-ci ili. Mənim üçün isə həyat 2014-cü ilin 20 dekabrında gecə saat 3-də durduğu yerdəydi. Mən təqvimin dəyişməsini istəmirdim.  Elə bilirdim təqvimin qopan səhifəsi ilə o gecə məndən bir dəfəlik qopub gedəcəksən. O gecə, Yeni il gecəsi həyatımda ilk dəfə məni heç kim təbrik etmədi. Mənə təbrik mesajları gəlmədi. Əvəzində  hər kəs səbr dilədi. Dözümlü olmağımı istədilər. Ölümün qaçılması imkansız, acı bir həqiqət olduğunu hər kəs bildiyi və bacardığı kimi mənə anlatmağa və təlqin etməyə çalışdı. Məni təskin etmək üçün min bir örnək gətirdilər. Uşaq kimi gözümün yaşını sildilər. Başımı tumarladılar. Ana itkisinin çox ağır olduğunu dedilər. Amma bilmədilər ki, mənim sonsuz kədərimin səbəbi sadəcə ana itkisi deyil. Mən dostumuz Elçin İsgəndərzadənin dediyi kimi, müstəsna qələm, müstəsna poeziya, müstəsna təfəkkür, müstəsna məntiq, müstəsna düşüncə,  müstəsna insan  və əlbəttə ki, müstəsna ana itirmişdim. Bütün bu keyfiyyətləri özündə birləşdirənlərə dahi deyirlər, adətən. Bunu da deyirlər ki, əsrinin öksüzləridir dahilər. Bax elə mən də sənin öksüzlüyünə, yetimliyinə ağlayırdım, üsyan edirdim, ana.

Sonra günlər öz axarıyla keçməyə başladı. Soyuq qış aylarını arxada qoyduq. Külək əsəndə, qar yağanda elə bildim ki, üşüyürsən, sənə soyuqdur. Yağış yağanda elə bildim islanırsan. Pəncərənin önünə gəlib tanrıma yalvardım ki, küləyini güclü əsdirməsin, qarını soyuq yağdırmasın, yağışını leysan tökməsin. Beləcə günlər keçdi...

Sonra sənsiz ikinci bayram - 8 mart, sənin təbirincə desək, güllərin qətliam günü gəldi. Çox üzülürdün ömrü yarımçıq qalmış güllərə. Sənə gələn güllərə həyat vermək üçün, onları yaşatmaq üçün nələr etmirdin. Uclarını kəsirdin, gah ilıq suya qoyurdun, gah dibinə şəkər tozu atırdın, gah balkona çıxarırdın.

Suyunu mütləq hər gün dəyişirdin. Allahım, bu güllərin nazıyla nə qədər oynayırdın. Deyirdin, madəm ki, köklərindən qırılıb, isti torpaqlarından ayrı düşüblər, barı tez solmasınlar. Sayəndə güllər evimizdə həftələrlə yaşayırdılar.

Sabah isə Novruzdur. Sənsiz gələn üçüncü bayram. Çox sevdiyin, öz əlinlə səmənisini cücərtdiyin, şəkərburasını naxışladığın, süfrəsini bəzədiyin Novruz. Necə sevinirdin bu bayram gələndə. Lap uşaq kimi.

Qapımıza papaq atılanda birinci özün gedirdin qapıya, papağı götürüb mənə deyirdin ki, gətir hamısından çoxlu-çoxlu doldur içinə. Qoy sevinsinlər uşaqlar. Sabah mən də papaq atacağam. Sənin yeni mənzilinin qapısına atacağam papağı. Bu dəfə içinə nə qoyacaqsan? Ağrılarını, əzablarınımı? Çin olmayan arzularınımı? Bizdən nigarançılığınımı? Sındırılmış ürəyinimi? Yoxsa bitib tükənməyən həyat eşqinimi? İçin ağlayarkən belə üzündən əskiltmədiyin gülüşlərinimi?

Hə, Ana, sabah bayramdır. Sabah tezdən, ayrılığımızdan ötən 90 gündə olduğu kimi, yenə də sənə baş çəkəcəyəm. Bil ki, bu 90 gündə bəlkə 90 min dəfə etdiyim duanı, bayram günlərində Tanrı insanları daha tez eşidir və arzularını yerinə yetirir inancıyla, dönə-dönə təkrarlayacağam. Allahım, onun torpağını isti, yerini rahat et. Allahım, yeni mənzilinin üstündən günəşini əksiltmə. Allahım, onun ruhunun rahatlıq tapması üçün köməyini əsirgəmə.

Hə, ana, bir də istəyirəm biləsən ki,biz hamımız yaxşıyıq. Bizdən nigaran qalma. Məni belə çox düşünmə. Axı mənə "Bitməyən düşüncəm" deyirdin. İstəyirəm biləsən ki, sən də mənim bitməyən düşüncəm, ömrümün əzəli və sonusan. Adətimə xilaf çıxıb səni üzəcəyimi bilsəm də, sonda etiraf etmək istəyirəm. Sənin üçün çox, çox, çox darıxıram.

Tək təsəllim odur ki, biz səninlə gec-tez görüşəcəyik, mütləq görüşəcəyik.

"Əzalarının ən gec öləni - saçlarından öpüb ayrılıram, "mənim qu quşum, bitməyən düşüncəm...", bayramın mübarək!

31 dekabr 2014-19 mart 2015

 





19.03.2015    çap et  çap et