525.Az

“Yeni agentlik, “ASAN” mərkəzləri sırf vətəndaşın məmnunluğu üçün yaradılır”


 

“Yeni agentlik, “ASAN” mərkəzləri  sırf vətəndaşın məmnunluğu üçün yaradılır”  Müsahibimiz hüquq elmləri üzrə fəlsəfə doktoru Vüsal Rəcəblidir.  

Vüsal müəllim, bu günlərdə  ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında”  sərəncamında dəyişikliklər edilməsi barədə sənəd imzalayıb. Bu sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” hissəsində “Dəftərxana (sektor hüququnda)” bəndindən sonra belə bir məzmunda bənd əlavə edilir, yəni, “Elektron sənəd dövriyyəsinin təşkili” sektoru yaradılsın. Bu baxımdan, bir hüquqşünas və ekspert kimi bu sərəncam haqda nə deyərdiniz?

– Möhtərəm Prezidentimiz İlham Əliyev bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş korrupsiyaya qarşı mübarizə xəttini bu gün də inamla və  ardıcıl olaraq davam etdirir. Bu istiqamətdə çoxlu işlər görülüb. Bildiyiniz kimi, Baş Prokurorluq nəzdində xüsusi bir idarə yaradılıb. Dövlət komissiyası var, o komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevdir. Yəni,  ardıcıl və davamlı olaraq  ölkəmizdə bu yöndə işlər  aparılır. Bəzən diletant adamların düşündüyü o olur ki, gəlin elə bu məsələdə də cəza metodlarından yararlanaq.  Prokurorluqda da yaranan sistem, idarə korrupsiyaya qarşı mübarizədə  daha çox  cəzalandırma metoduna üstünlük verir. Ancaq möhtərəm Prezidentimizin tutduğu xətt isə səbəbi aşkarlamaq, səbəbi aradan qaldırmaqdır, qanunlardakı boşluqları aradan götürməkdir. Elə etmək ki, bunun üçün yer qalmasın. Bax bu günləri daha çox camaatın narazı qaldığı, camaatın içində olduğu narazı  məsələ məmur-vətəndaş qarşıdurmasında olan prosesdir. Vətəndaş məmurlarla üzbəüz duranda narazı qalır. Bax prezidentimiz bunu neçə illərdir bəyan edir ki, məmur-vətəndaş münasibətləri son dərəcə sivil əsaslar üzərində qurulsun. Son iki ayda da Prezidentimizin bununla bağlı müvafiq sərəncamları imzalanıb...

– Bu sənədlərdə baş istiqamət, baş xətt, baş məqsəd nədir?

– Burada baş xəttin, əsas məqsədin mahiyyəti qısaca olaraq budur – vətəndaş məmnunluğu. Dövlət idarəsinə, məmur yanına gələn vətəndaşın məmnunluğu. Vətəndaş  dövlət qurumuna gəldisə, ora girdisə məmnun olmalı və oradan məmnun şəkildə geri dönməlidir. Bu, necə ola bilər? Hərə bunu bir cür fikirləşir. Necə etmək olar və edilsin ki, bütün bu işlərin hamısı vətəndaşı məmnun etsin, vətəndaşı razı salsın? Elə bu məqsədlə də belə bir şey fikirləşilib. Bütün o strukturlar ki, var bunların hamısını yığırıq bir damın altına, bir şüşəli arakəsmələr qoyuruq. Hər şey şüşədən görünür. Bu zalın içərisinə vətəndaş girir, 20 dənə orada köşk, hər köşkdə bir nazirliyin adı – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyinin pasport-masa idarəsi, VVAQ şöbəsi, notarial kontor, rayon icra hakimiyyətində arayış verən idarə, Miqrasiya Xidməti  və sair ola bilər. Yəni, bu gün insanın kontaktda olduğu hansı məmur varsa, kimin yanına gedirsə, kimə işin düşürsə, bunlar bir əldənbir “pəncərə”dən idarə olunacaq. Məsələn, sürücülük vəsiqəsi ilə bağlı problemin varsa – “QAİ”-dən bir nəfər adam oturur burada. Belə demək mümkünsə, bu və digər  qurumların hamısı oturur həmin o “holl”un içərisində. Ümumiyyətlə, bu günləri belə bir strukturu yaratmaq,  həmin strukturun başında nə durur, əsas onun məziyyətləri nədir, bunlar məlum sərəncamda dəqiq göstərilir: etik normalar, insanlarla gülərüz rəftar, insanların vaxtına qənaət, əsəblərinə qənaət, rüşvətin qabağını almaq, adamları bu qapıdan o qapıya göndərməmək və sair. Dedilər ki, get arayış gətir, gedib lap yaxında qonşu pəncərədən arayış alıb gətirir. Deyir, filan şey lazımdır, gedir oradan gətirir gəlir, yəni, bunlar hamısı bir yerdədir. Bu günləri bunun bir agentlikdə birləşməsi nədir? Agentlik nəzdindəki “ASAN”  mərkəzləri bütün ölkə boyu yaradılır . Bu mərkəzlər də sırf şəffaf olur. Bütün əməliyyatlar şəffaf həyata keçirilir. Televiziya çəkəcək, içəri girəndə səni adam qarşılayacaq, qabağına düşəcək. Orada internet var, girirsən içəri nəsə lazım olanda, elektron lövhələr var, baxasan orada səni maraqlandıran  məlumat nədir. Sənə kağız verirlər ki, sənin vaxtın neçə dəqiqədir. Bu vaxtı sən görürsən ki, çatmırsan, gedirsən orada kafe var, gedib çay içirsən. Orada balaca uşaqlar üçün oynamaq yeri var. Bir sözlə, insan bura girəndə burdan məmnun gedir və bütün məsələlərini də oradaca həll edir. Misal üçün vətəndaş sürücülük vəsiqəsini itirib gəlib girir ora, qardaş, mən  vəsiqəmi itirmişəm. Baxırlar orada, kompüterə girirlər, alıb bu filan vaxtı, hazırını burada çap edirlər verirlər, “peçat”ın vururlar, məsələ beləcə həll olunur. Beləliklə, vətəndaş bura girəndə məmnun qalır...

–Burada  növbəti  məntiqi sual yaranır: bu qurumlar kimə məxsusdur?

– Əlbəttə, öz nazirliklərinə, komitələrinə. Amma bura girəndə etik normalar, insanlarla rəftar normaları yüksək səviyyədə olmalıdır. Onlar “ASAN”-ın işçiləri əvvəlcədən hesabat, psixoloji imtahan verməlidirlər.  Bu mərkəzlərə o adamı götürməlidirlər ki, o adam qabiliyyətlidir, təmizdir, düzdür, salamatdır.  Bu adam burada olduğu dövrdə təmiz olmalıdır, düz olmalıdır, halal olmalıdır, gülməlidir, adamların vaxtına qənaət etməlidir. Etməsə bu qurumun rəhbəri təqdimat yazır onun nazirliyinə ki, bunu buradan rədd etsinlər. İşdən çıxarmaq bunlarlıq deyil və olmayacaq. Bu binaya girən adamlar hamısı bu binanın, həmin dediyimiz  “ASAN” qurumunun, agentliyin rəhbəri tərəfindən yoxlanılıb qəbul olunmalıdır və olunacaq. Amma onlar hərə öz nazirliyinə tabedirlər.  Burada bütöv bir elektron sistemi yaradılır ki, bunlar bir-birilə əməkdaşlıq edirlər, əlaqə yaradırlar, işləyirlər. Bütün bu məsələləri də “ASAN” həmin idarə edir, nəzarət edir, pis işləyəni təqdimat yazıb işdən çıxarırlar, götürürlər burdan, deyirlər ki, get, harda işləyirsən, işlə...

– Bəs başqa yerlərdə notariuslar olmayacaq?

– Təbii ki, başqa yerlərdə də notariuslar da, digər qurumlar da olacaq. Bu, nəyə oxşayır: şəhərdə çəkməçi dükanı var, başqa bir yerdə “Coca-cola” satırlar , ət dükanı var, yəni, 50 dənə dükan var, ancaq bunu götürüb “Ramstor”  düzəldiblər,  hamısına da , bölmə,  “piştaxta” veriblər. Bu da təxminən ona oxşayır. Bu “piştaxtalar” ümumi  bir “məkanda yığılır”, yəni, bunlar hamısı yerində qalır , ancaq onların nümayəndələri gəlib otururlar burada. Notarius o rayonda da ola bilər, bu rayonda da ola bilər. Torpaq Komitəsinin orada da işçisi olacaq, burada da. Yəni, əvvəldən harada hansı belə qurum, notarius, DYP  və sair, necə varsa, elə də qalıb işləyir. Hərə ora ilə də əməliyyat edəcək. Amma burada olan əməliyyat daha saf, daha operativ, daha səmimidir.

–Gün ərzində “Asan” xidmətlərinin iş qrafiki  necə olacaq?

– Burada əsas fərq odur ki, vaxt məhdudiyyəti olmayacaq. Məsələn, səhər 10-dan başlayırsan axşam 10-a qədər. İstirahət günü yoxdur, həmişə işləyir. Bu, belə bir maraqlı məsələdir. 

– Vüsal müəllim, digər  nə yeniliklər var?

– Burada sorğu xidməti də olacaq. Evdən zəng edirsən, soruşursan ki, mənim “dokumentim” itib və ya mənə filan sənəd lazımdır, nə edək? Deyir, gəlin, məsələnizi həll edək.  Ondan sonra evdə xidmət olacaq. Zəng edirsən ki, deyirsən ki, notarius, gəl evimə, mənə varislik sənədi yaz, oğlanlarıma vermək istəyirəm torpağımı. O da  gəlir, əməliyyat edir evində.

– Eyni zamanda, bu agentliyin, onun nəzdindəki mərkəzlərin fəaliyyəti vətəndaşları nəticə etibarı ilə  aidiyyəti dövlət qurumlarından birdəfəlik üz döndərməyə gətirib çıxarmaz ki?

– Burada da əsas məqsəd odur ki,  nümunə göstərilsin ki, görün belə olar xidmət. Ora, o qurumlara gedənlər azalsın. Beləliklə, yavaş-yavaş biz onu tərbiyə etməliyik, o  dövlət qurumları da gəlsin bu səviyyəyə  çatsın. Ya da nəticədə o, bağlanacaq, ona adam getməyəcək, müştəri olmayacaq. Bu qurumların, əksəriyyəti özünəxidmətdədir. Özünümaliyyələşmədə pul olmadı, hər şey bitib gedəcək... 

– Bu qurumun özünün şəffaflığı necə olacaq, onun təminatı varmı və ya olacaqmı?

– Bunun şəffaflığı ilk növbədə odur ki, orada elektron görüntü var.  Bütün əməliyyatlar çəkilir, elektron vasitəsilə həyata keçirilir və sair. Orada “ASAN”-ın işçiləri gəzirlər, kömək edirlər, gəl ora qardaş, bura deyil, ora get, o adamlar oradadır və bunlar hesabat dinləyirlər, monitorinq keçirirlər və sair. Yalandan bir adam göndərir, get gör necə qulluq edir. Sonra iclas çağırıb deyir ki, “atanı yandıraram sənin”. Burada ciddi məsələ nədir? İnsanların vaxta qənaət etmək, aura yaratmaq , əhval-ruhiyyə, gülmək , etik qaydalar –  bunlar olmalıdır... 

– Dünyada bu yöndə hansısa bir təcrübə varmı, mövcuddurmu?

– Dünyada belə bir təcrübə var. Məsələn, Gürcüstanda buna oxşar  qurum var, o cümlədən, Belarusda başqa bir variant var. Rusiyada var, Qazaxıstanda var. Amma bizim Gürcüstandan fərqimiz nədir? Gürcüstan buranı ediblər “Ədliyyə evi”. Ədliyyə Nazirliyinin sistemində olan qurumları yığıblar bura. Amma biz  bütün qurumları bura cəlb etmişik- əmlak da girib bura, torpaq komitəsi də girib bura, rayon icra hakimiyyəti də girib bura, Daxili İşlər Nazirliyinin “QAİ”-si də  girib bura, VVAQ şöbələri də burdadır. Lap elə bizim ölkədə də elektron hökumət elementləri mövcuddur.  Əmlak məsələləri Üzrə Dövlət  Komitəsində bu sahədə çox böyük işlər görülüb. Dövlət  Sosial Müdafiə Fondunda da buna oxşar elementlər var.  Bura kadrların da seçilməsi ciddi nəzarətə götürülüb. Bu gün artıq Prezidentin fərmanı ilə bura rəhbər də qoyulub, müavinlər müəyyənləşdiriləcək, 125 nəfər üçün ştatı olacaq.  Rayonlarda bu olacaq, binalar tikiləcək və yəni, bu, Azərbaycanda çox nümunəvi bir xidmət növüdür. 

– Bu qurumun yaradılması ilə ölkədə bir növ korrupsiyanın olması etiraf edilmir ki?

– Korrupsiyanın etirafı odur ki, biz onu Prokuraturanın nəzdində yaratmışıq. Necə yəni, hökumət olan yerdə, dövlət olan yerdə elə şey olar ki, korrupsiya olmasın? Yox, mümkün olan şey deyil. Dövlətin strukturları var axı. Onda o strukturlar olmazdı, axı. Prezident yanında xüsusi komissiya var. Prokurorluqda xüsusi idarə var, bunlar məhz korrupsiya ilə mübarizə üçün yaradılıblar... 

– Vüsal müəllim, bizdə olan məlumata görə, sizin namizədlik işiniz də məhz bu məsələyə həsr olunmuşdur. Necə olub ki, siz 10 il bundan öncə bu məsələnin aktuallığını bilib belə bir mövzunu götürmüsünüz? 

– Bilirsiniz,  mən o zaman Hollandiyaya səfər etmişdim, orada olarkən də Haaqada belə bir şey gördüm. Eyni zamanda, qeyri-hökumət təşkilatları ilə çoxdan işləyirəm. QHT-lər də bununla məşğuldur. QHT-lər özləri şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynayır və bugünləri bu qurumu istəyənlərdən  biri də vətəndaş cəmiyyətidir. QHT-lər bunu çox istəyirlər ki, şəffaflıq təmin olunsun. Yəni, antikorrupsiyanın ən gözəl forması budur. Kütləvi korrupsiyanın qarşısı alınır. Vətəndaşla bağlı korrupsiyanın qabağı alınır. Bu, ən önəmli məsələdir. Odur ki, hələ 10 il öncə bu məsələnin, mövzunun aktuallığını nəzərə alıb dissertasiya işimi də buna həsr etmişdim və indi bu addımıma görə də özümü çox məmnun hesab edirəm.

Kamil Həmzəoğlu
 





13.09.2012    çap et  çap et