525.Az

Biz də tarix yazacağıq!.. - Fotoreportaj


 

Biz də tarix yazacağıq!.. - <b style="color:red">Fotoreportaj</b>

Müharibə siyasətin silahlı davamıdır. Bu, məlum...

Müharibə qan-qadadı, ölüm-itimdi, əsirlikdi, göz yaşıdı, sinə dağıdı...

Zaman keçdikcə müharibənin yaraları qaysaqlayır, sağalmır...

Atam Böyük Vətən Müharibəsi iştirakçısıydı.  Hərdən kəlmələşirdik. Ağrı-acıyla xatırlayırdı olmuşları. Gözləri dolub-boşalırdı.

Bu, müharibə haqqında təsəvvürümü tamamlayırdı...

...Müharibədə neçə evlərin qapısı bağlı qaldı...

...Müharibədə neçə ananın, neçə bacının tellərini yellər apardı...

...Müharibə toyların səsini batırdı - İsa İsmayılzadənin “Səssiz toylar” poemasını xatırlayın...

...Xalqımızın tale cığırdaşı olan saz köklənmədi - İsa Hüseynovun “Saz” povestini xatırlayın...

O illərdən 70 il keçir...

O illərin səngər şahidlərinin - döyüşçülərin sayı azalıb - zamanın hökmü kimi. Nə o illər unudulacaq,  nə də o illəri səngərlərdə yaşayanlar...

Əməkdar  mədəniyyət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə Ağcabədidə keçirilən marafon-tədbir (əslində, teatrlaşdırılmış yubiley tədbiridi...) bu gerçəkliyin təzahürüdü.

Tədbirin mahiyyəti ehtiramdı, həm də mənəvi borcödəmədi. Bu ehtiram, bu borcödəmə 70 ildir yol gəlir, bizdən keçib də neçə 70 illərin o üzünə yol gedəcək. Elə bu inamın işığında da torpaqlarımızın işğaldan azad ediləcəyi günün ildönümlərini aydınlığı ilə görürəm. O günü görmək istəyi çırpınır veteranların baxışlarında.

Aparıcıların (Abdulla Qurbani, Məleykə Məmmədova) təqdimatı tədbirin mahiyyətinə “işıq tutur”; kəlmələr 70 ilin o üzündə qalan ağrı-acıların, qəhrəmanlığın, şücaətin, dəyanətin, sevginin, bəşəriliyin... tərcümanıdı. Göy üzü bu kəlmələrin istisindən isinir...

Hər şəhərdə, çox kənddə Böyük Vətən Müharibəsinə abidə ucaldılıb. Belə abidələr nəsil-nəsil ürəklərdə ucaldılır. Bugünkü tədbir də Abdulla Qurbaninin bədii yozumunda bir abidədi.

“Kəndimiz davadan uzaq olsa da,
Dava kəndimizin içindən keçib” -

beyti düşür yadıma. Qarabağ müharibəsində şəhid olmayan kənd yoxdu. Bu ağrı-acılar, göynərtilər tədbirə gələnlərin hamısının yaşantılarındadı...

Cavanların çoxu Qarabağ müharibəsini görməyib, səngər görmüş, döyüş görmüş atalarından  eşidib. Eşitdiklərindən hər birinin ürəyi burxulub. Ermənilər atəşkəsi pozanda hamısının yumruğu düyünlənir. İndi Böyük Vətən Mühribəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirdə onların baxışlarında qətiyyət görürəm, təpər, heysiyyət görürəm, sevgidən barınmış istək görürəm. Bu sevgi Vətənə ad olan sevgidi; bugünkü tədbir o sevginin Üvertürası təsirindədi...

Aparıcıların təqdimatı ilə 70 ilin o üzündə qalanlar anılır. Anılanlara bu günün gözüylə baxanlar qürurlanır da, kövrəlir də; tədbir toplaşanlara ikili məqam yaşadır.

Bir nənə gördüm. Alnında dolaşıq düşmüş qırışlar ötən illərdə qalmışların kitabəsidi elə bil; 70 ilin o üzündə atalı illəri qalıb, qardaşlı, oğullu illəri qalıb. Alman-faşist işğalçılarına Nürinbverq  məhkəməsi indi olsaydı “Ən etibarlı şahid kimi belə nənələri eşidin!” - deyərdim...

Dava nədi? Nədir dava? -
70 ilin o üzündən
nənəm qarı dillənəcək,
Yetər qarı, Gülşən qarı,
Sənəm qarı dillənəcək:
Dən əvəzi üyüdəndi
Daşı-dağı müharibə.
Bacıların dərd balıncı,
Anaların sinə dağı - müharibə...

Böyük Vətən Müharibəsində Ağcabədidən 500 nəfər iştirak edib. Həlak olanlar, “qara kağız”ı gələnlər, itgin düşənlər, qayıdandan sonra illər yaşayanlar...Nəvə-nəticəsinə, ötənləri bilmək həvəslilərinə 9 nəfər nələrsə deyir indi.

Mehralı Axundovun baxışlarında dərd çiçəkləyib. 70 ilin o üzündə Ağcabədidən Berlinəcən döyüş yolu keçən bu kişi də digər veteranlar kimi “Torpaqlarımızın azad edilməsi üçün döyüş olsa məni də əsgər bilin” - deyir. Yaşı 90-nı aşsa da belə deyir. “Elliklə əsgərləşən xalqın torpaqları, təbii ki, işğaldan azad ediləcək” - düşünürəm.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, İdarə rəisi polkovnik Rüfət Əmirov, zabitlər, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkili Aqil Abbas, şair Ənvər Əhməd  böyük tarixi şəxsiyyət Heydər Əliyevin xatirə abidəsi önünə tər çiçəklər qoymaqla bildirirlər...

Bağça yaşlı uşaqlar hərbi mundirdədi. Onların nizami yerişlə gəlişi, toplaşanlara əsgəri salam verməsi dönməz bir mətləbin təzahürüdü: Ordumuza ümumxalq rəğbəti var! Bu yaşda uşaqlar orduya, hərbçilərin yerişinə bələddirsə, bunu indidən özlərinin yerişinə örnək bilirsə, bu ordunun sabahları daha möhtəşəm olacaq!..

Tədbirin gedişində bu uşaqların ən balacasıyla söhbətləşə bildim. İlqar dilavər uşaqmış:

-  Böyüyəndə mən də əsgər olacam. Onda ermənilər qorxusundan güllə ata bilməyəcək.
Canım Vətən, belə körpələrin var! Sən bu yaşda körpələrin də məbədisən! Belə uşaqlara Vətənin nə olduğunu izah eləməyə ehtiyac yoxdu. Bu tədbir onların Vətənli düşüncələrini bir daha Vətən sevgisinə kökləyir, şübhəsiz...

...İki UAZ görünür. Aparıcılar bu gəlişi heyrətləndirici bədii epitetlərlə elan edir: Böyük Vətən Müharibəsində azərbaycanlılardan ibarət atıcı diviziyaların rəmzi döyüş bayraqları meydana gətirilir.

Bayraqdarlar bir vaxtlar bu bayraqların işığında döyüşənlərdi - veteranlardı. Onların qürurunu sezmək çətin deyil; bu diviziyalar döyüşə-döyüşə  müharibə tarixi yazıb! Həm də möhtəşəm tarix! Yüzillərlə anılacaq, həsəd aparılacaq tarix!..

Xüsusi təyinatlıları görüncə hamının ürəyi dağa dönür. Təmrinlərin dinamikası da, mürəkkəbliyi, çevikliyi də bir həqiqətin təzahürüdür: Azərbaycan əsgəri nələrə qadirdir! Sıralarında qız da var. Onun yerinə yetirdiyi təmrinlər meydanı dalğalandırır. Bir anlığa düşünürəm: oğul ifadəsi həm də xarakter göstəricisidi.

Bu göstəricinin bir yozumu da qeyrətdi, şübhəsiz...

Təmrinlər yerinə yetirilir. Və... sondadır çiyinləri digərinin postamenti olur. Nəticədə qala misallı bir düzülüş. Rəmzi olaraq Şuşa qalası. Ən ucada dayanmış xüsusi təyinatlı əsgər döşündən üçrəngli bayrağımızı çıxardır, böyük sevgilərlə başı üstündə dalğalandırır. Abdulla Qurbaninin rejissura yozumu: Biz bu bayrağı Şuşa qalasında da dalğalandıracağıq! Mütləq dalğalandıracağıq! Bu yozum xalqın istəyinin təzahürü kimi hamını riqqətə gətirir...

Müstəqil Dövlətlər Birliyi hökumət başçıları Şurasının qərarına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən keçirilən “Xalq ilə ordu birdir” təşviqat marafonunun Ağcabədi mərhələsi bir həqiqətin təsdiqi gücündədi: xalq ordusunu sevirsə, xalq ordusuna inanırsa, ordu xalqını varlığıyla qoruyursa, bu birliyə, bu vəhdətə zaval yoxdu!..

Aleksandr Davidoviç əslən ukraynalı olub. Böyük Vətən Müharibəsində bu torpaqda minlərlə azərbaycanlının həlak olduğunu o da bilirdi. Qəlbinin hökmü ilə Azərbaycana gəlmişdi. Döyüşlərin birində şəhid oldu. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Marafonda qəhrəmanın həyat yoldaşı, oğlu və qardaşı da iştirak edir...

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, son illər Azərbaycanda ordu quruculuğu və Böyük vətən müharibəsi veteranlarına göstərilən qayğıdan danışaraq, bildiriblər ki, azərbaycanlıların Böyük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlar xalqımızın gücündən xəbər verir.

Millət vəkili Aqil Abbas toplaşanlara Vətən kəlməsinin heysiyyətdən boy göstərən bədii düsturunu verir, Vətən sevgisinin ömür demək olduğunu xatırladır, ağcabədililərin Vətən yolunda şəhidliyə də hazır olduğunu bildirir. Həm də dönməz, qədərsiz inamla bildirir...

Müharibə veteranlarına qiymətli hədiyyələr təqdim edilir. Bu, marafonun mahiyyətinin təzahürü olsa da neçə on illər mənəviyyatdan gələn bir deyimin yaşarılığından rişələnib: heç kəs unudulmur. Azərbaycanda daha dəruni istəklərlə təzahür edir bu deyim. Həm də Qarabağ işğaldan azad ediləndə veteranlarla yenə bir sırada dayanan istəyiylə!..   

...Hələ  məktəblilərin müxtəlif xalqların milli geyimində ifa elədikləri mahnılar, rəqslər!..

...Hələ 4 yaşlı Şahsənəmin rəqsi!..

...Hələ o illərin yaddaşlardan silinməyən “Katyuşa” mahnısı!..

...Hələ topların meydana gətirilməsi...

...Hələ düşmənlə üzbəüz səngərlərdə dayanan əsgərlərin gəlişi...

...Hələ çağırışçı gəncin anasıyla, bacısıyla sağollaşması, sağollaşanda dediyi kəlmələr...

...Hələ H.Aslanov adına Mərkəzi Zabitlər Evi mahnı və rəqs ansamblının solistlərinin ifasında səslənən mahnılar. İllah da rəqs qrupunun müşayiəti ilə Ağabala Abdullayevin ifa elədiyi “Gözlə məni” mahnısı.

Müharibə məfhumunun bir yozumu da kövrəkliyiylə, düşündürücülüyüylə duyğuları coşduran, sözün həqiqi mənasında ürəkləri coşduran “Gözlə məni” mahnısının bətnindədi; ünvanı ürəklər olan yaşarı mahnılar hər səslənəndə təzə-tərdi...

lll

Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə Ağcabədidə keçirilən “Xalq ilə ordu birdir” təşviqat marafonu bir həqiqətin təsdiqi olur: Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə bu səviyyədə sayğını görənlər bir daha inanır ki, Azərbaycan öz əzəli torpaqlarını azad edəcək, Şəhidlər də, elan edilməmiş bu müharibədə iştirak eləyənlər də unudulmayacaq!..

...Hamı əsgərdi. Torpaqlarımız işğaldan azad edilənə kimi hamımız əsgərik. Böyük Vətən Müharibəsinin iştirakçıları da; böyük ürək yiyəsi olanlar həmişə sıradadı...

Onlar vuruşdular, tarix yazdılar...
Onlar yazan tarix yaşadılır...

Torpaqlarımızı işğaldan azad etməklə biz də tarix yazmalıyıq. Yazacağıq! Mütləq yazacağıq!..

 





12.04.2015    çap et  çap et