525.Az

Tibb Universitetində tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib


 

Tibb Universitetində tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib<b style="color:red"></b>

Müasir dövrdə gənclərin xarici dil, xüsusilə də ingilis dilini bilməsi çox önəmlidir. Dil bacarıqları tələbələrin beynəlxalq təcrübəni daha yaxşı mənimsəməsinə, əlaqələri genişləndirməsinə, konkret fənn ilə bağlı daha çox bilik əldə etməyə imkan verir.

Tibb elminin daim inkişaf edən bir sahə olduğunu nəzərə alaraq ingilis dili biliklərinin ATU tələbələri üçün daha çox əhəmiyyət kəsb etdiyini deyə bilərik.

Bu məsələdə tələbələrə yardım etmək məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovun dəstəyi nəticəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində tələbələr üçün pulsuz danışıq kursları (Conversation Club) təşkil edilib.
 
Bu haqda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elşad Novruzov məlumat verib.

Onun sözlərinə görə, bu kurslarda ingilis dilində başlanğıc (Beginner) və orta səviyyələr (İntermediate) üçün xüsusi proqramlaşdırılmış dərslər keçirilir.

Kursların tamamilə ödənişsiz olduğunu xüsusi qeyd etmək lazımdır. Bu, tələbələrin xarici dillərlə daha intensiv məşğul olmasına imkan yaradacaq.

Qeyd edək ki, ingilis dilində danışıq klubunun yaradılması layihəsi ATU-nun II müalicə Profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Sərxan Həsənlinin başçılığı ilə icra olunur. Dərslər həftədə 2 dəfə - şənbə və bazar günləri ATU-nun tədris binasında (fizika-kimya korpusu) keçirilir.

Kursda iştirak etmək üçün facebookda "Medicalconversationamu" qrupuna qatılmaq lazımdır.

Vəfa MƏMMƏDLİ

 





16.04.2015    çap et  çap et