525.Az

Ramiz Məmmədzadənin şeirləri


 

Ramiz Məmmədzadənin <b style="color:red">şeirləri</b>

ALÇA ÇİÇƏK AÇIB

Yanvar küləkləri
yığışıb getdi,
Qarı üşüdəndən hanı, nə qaldı?
Bax hələ, yaz yeli atın oynatdı,
Bir az ətirləndi,
bir az yumşaldı.
Əlini mənə ver,
görüm soyuqdu...
Alça çiçək açıb,
xəbərin yoxdu?

Gecən necə keçib deyə bilmərəm
Könlün dumanlıdır,
yoxsa açıqdı?
Qaldır qollarını Göyə yüz kərə
Allaha dua et,
səhərə çıxdın.
Bəlkə belə gözəl səhərin yoxdu.
Alça çiçək açıb,
xəbərin yoxdu?

Bizim taleyimiz bir möcüzədir.
Bizim qismətimiz Tanrı işidir,
Çiçəkli alçadan istəyin nədir,
Nə desən olacaq,
Göylər eşidir.
Bu bahar alçanın
gətirib bəxti.
Bu bahar alçanı
görən xoşbəxtdir.

AXIR Kİ...

O bir balaca quşdu
Uçmağı unutmuşdu,
Axı uçaydı hara?
Baxdı, baxdı sonra
Kəsdi qanadlarını.
Rəhmi gəlmədi
Cücərmiş qanadlara...
Kimiydi onu görən,
Dən verən, su verən,
Ya halını soruşan...
Hərdənbir oxuyardı
pərişan-pərişan...
Kimə əl uzadaydı,
Əl tutmağa kimsə yox.
Bir səhər
doğradı əllərini.
Üzü küləyə tutdu
Dağınıq tellərini.
Təkcə səsi qalmışdı,
Bəlkə də
Bir cümləsi qalmışdı...
Amma hardan biləydi
Ruhundakı nəğmələr
Salamat çıxacaqmı
ömrün gələn yazına...
 Sərt dimdik bıçağını
Axır ki,
Dirədi boğazına...
 
O bir balaca quşdu,
Uçmağı unutmuşdu...
 
BƏLKƏ

Üzünə duranlar oldu-
iş kəsdilər.
Heç dərinə getmədilər,
tələsdilər...
Bilmədi hakimin
niyyəti nədi.
Öz xeyrinə bir kəlmə də
demədi.
Cəza evinə yazıldı adı.
Bu xəbəri
Təbəssümlə qarşıladı.
Xəyalları atıb getmişdi onu
bayaqdan bəri
....Təbəssümü
Özündən bir addım qabaq
keçdi içəri...
Səhərlər əlləri çatmadı
Göy üzünə.
Gecələr tamarzı qaldı
Göy üzünün ulduzuna.
Təbəssümlə qarşıladı
Səsi gələn yağışı, küləyi.
Nə bir şikayəti vardı,
Nə kimsədən gileyi...
Cəza evi onun idi,
nə dərdi...
Güzgüdə
Təbəssümünü
Görüncə sevinərdi...

Qardaşım,
Bilmirəm səhv eləmişəm,
ya düz eləmişəm
Al, götür şəhadət barmağımı
Ülgüc kimidir-
itiləmişəm...
Bölüb, payla
Təmiz təbəssümünü
Sənlə orda olanlara
Bəlkə
Kimlərinsə ehtiyacı var...

SURİYADA  BİR QADIN

-Yeddi tikə bəs eylər,
Yeddi tikə çək, qardaş.
Cəmi yeddi nəfərik.
Doysaydıq birdəfəlik...
Qəssab bir qadına baxdı
Bir də doğradığı
mal ətinə.
Deyəsən düşmüşdü çətinə.
Əl atıb göz gəzdirdi
nisyə dəftərinə.
Sualını çeynəyib uddu,
getmədi dərinə.
Yaxşı-dedi,
-baş üstə.
Qadın kağıza bükülmüş.
Yeddi tikəni alıb
Getdi evinə sarı
asta-asta...
Əlindəki tikələrin
kölgəsinə
büründü getdi
Uzaq, yorğun üfüqlərdə
İlğım kimi göründü getdi...

BU BƏXT MƏNİ ATASIMI

Qismətimi fələk dandı,
Əl açınca əlim yandı.
Dərəyə bax havalandı
Gümanı var dağ olmağa.

Sən də, gülüm, yoxla məni
Danarsan nə haqla məni.
Al qəsrinə saxla məni
Hazıram dustaq olmağa.

Gücümüzdür ər kişilər,
Dağ kişilər, nər kişilər.
Atlandılar pir kişilər
Qalxdılar torpaq olmağa.

Bu bəxt məni atasımı?
Qul eyləyib satasımı,
Allah, gücün çatasımı
Dönüb Qarabağ olmağa?!...

DÜNYA QOPSA

Sən atmadın məni niyə?
Heç darıxma deyə-deyə
Mən and içdim Yerə, Göyə
Çox aldatdım, könlüm səni.

Əlləri boş qalan da mən
Doğru da mən,
  yalan da mən.
Satan da mən,
  alan da mən.
Kimə satdım, könlüm səni?
Dağ dərdimə necə dözdün?
Kimə dedin, hara yazdın?
Dünya qopsa ağlamazdın,
Mən ağlatdım, könlüm səni.

FİLANKƏSƏ

Sən məni səhv salma,
mən elə mənəm!
Sənlə deyişməkdən süzüldü çənəm.
Kefim istəyəndə şərab içənəm
Yox, qəti sevinmə,
dəm deyiləm, yox!

Səni Günəş vurar,
çəkil kölgəyə.
Şübhə çuxurundan çıxmırsan niyə?
Quşlar fürsət tapıb dənləsin deyə
Hardasa bir xışma dən deyiləm, yox!

Nə fərqi Günəşlə, Ayla bəzənsən.
Leylitək göründün hərdən bəzən sən...
Sığallı, ütülü kişi gəzən sən -
Sənin axtardığın mən deyiləm, yoox!..

BİR ATIM VAR

Bir atım var alapaça
Yalmanı ağ
Boyu uca.
Çapar olsam,
qanad açar
Çapmağa çölüm hanı ki.

Necə deyim qurdam, ərəm
Zəncirdədir dağım, dərəm.
Danışsam sinədəftərəm
Danışan dilim hanı ki.

Mən-arxalı,
Əzrail-tək.
Daş yığmışam ətək-ətək...
Demişəm gəlsin, görüşək
Küsübdür, ölüm hanı ki...

BİR DƏ SƏN YANDIRSAN

Bəxtim şimşək imiş,
oynadı keçdi.
Sənin bir dərdin var,
mənimki-beşdi.
Məni damcı boyda bilənlər heçdi
Çalxalanıb, qaynayıb sel ola billəm.

Mənə inanmırsan,
nə olub, niyə?
Sən ümid yerimsən and olsun Göyə!
Sənin qədəmlərin toxunsun deyə
Qarşına yüyürən yol ola billəm.

Piltəsi közərmiş ömürəm indi.
Dünən gördüyümü görmürəm indi.
Bir dəfə yanmışam-
  kömürəm indi,
Bir də sən yandırsan
kül ola billəm...

BİR PAYIZ AXŞAMI

Bir payız axşamı
-üşüyürəm-deyib
qısıldı divar sobasına,
öpdüm onu.
İnandım duyğuların
Əvvəlinə, sonrasına,
öpdüm onu.
Evin pərdələri titrədi,
Qapı-pəncərəsi
  atıldı düşdü...
Bənövşə ətri doldu içəriyə
Məəttəl qalası işdi...
Dodağının havası, işığı
  bir başqaydı...
Mən nə bilim nəydi adı?
Bu gerçəkmi, röyamı,
Nə qəribə dünyadı...
-Hə, indi necəsən?
-Mən yaxşıyam,
  bəs sən necə?
Cavabında öpdüm onu...
...Oyaq qaldı səhərəcən
Qəti yatmadı gecə...

fevral-mart
2015-ci il, Şüvəlan

 





20.04.2015    çap et  çap et