Sovet dövründə böyüməyim, ali təhsil almağım, hətta o illərdə əmək fəaliyyətinə başlamağım mənə bu dövr haqqında müəyyən mənada daha obyektiv fikir bildirməyə imkan verir.
Deməliyəm ki, bir sıra müsbət addımlarıyla yaddaşımda iz buraxan keçmiş Sovet dövrünün ən mənfi cəhəti özündən əvvəlki dövrün bütün müsbət addımlarını heçə endirməklə, o illərdə qazanılmış nailiyyətləri yox dərəcəsində təqdim etmək olmuşdur. Sovet dövrünün ən yenilikçi şairi olan V. Mayakovski də XIX əsri ümumilikdə ədəbiyyatdan silmək istəyirdi. O heç bir zaman dahi L.Tolstoyu və F.Dostoyevskini ədəbiyyatda saxlanılması ilə barışa bilmirdi...
Beləliklə, "könül xoşluğuyla" ittifaqa daxil olan respublikalara qarşı yol verilən ayrıseçkiliyi də bu siyahıya əlavə etsəm sovet dövrünün mənfilikləri kifayət qədər idi.
lll
Sovet dövrünün belə təqdimatlarından biri də Ağdamla bağlıydı. Belə ki, inqilabdan əvvəlki şəhər haqqında danışanda və yazılanda ilk növbədə şəhərdə cəmi bir nəfərə məxsus ikimərtəbəli binanın olması deyilir. Yerli rayon qəzeti olan "Lenin yolu"nda 1935- ci ildən başlayaraq şəhər haqqında verilən yazılarda, ancaq Xasay xan Usmiyevə məxsus ikimərtəbəli evin olması vurğulanır. Sözsüz ki, onun adının xüsusiylə çəkilməsi Xurşudbanu Natəvanla bağlıydı. Bundan əlavə olaraq şəhərdə bazar ətrafında bir neçə imkanlı "alverçinin" birmərtəbəli evinin olması göstərilir.
Lakin bu istiqamətdə apardığım araşdırmalar göstərir ki, yazılanların heç biri həqiqətə uyğun məlumat deyildir. Belə ki, 1828-ci ilin on fevral tarixində imzalanan Türkmənçay müqaviləsindən cəmi iki il sonra Ağdama şəhər statusu verilir. Nəzərə alaq ki, Çar Rusiyası dövründə şəhər statusu hər yaşayış məntəqəsinə verilmirdi. Bunun üçün müəyyən tələblər var idi. Həm siyasi, həm iqtisadi, həm də əhalinin say tərkibi buna imkan verməliydi. Bura bir məqamı da əlavə edim ki, Ağdam qədim tarixə malik yaşayış məntəqəsi olsa da, onun inkişafı və dirçəlişi Qarabağ xanlığı dövrünə təsadüf edir. Xanlıq dövründə şəhər sırf ticarət mərkəzi kimi formalaşmışdı. Şəhərin məşhur bazarıda məhz o illərdə yaranmışdı. Bazara yaxın ərazilərdə isə Karvansara inşa edilmişdi. "İmarət"in salınması, 1868-1870-ci illərdə Məscidin tikintisi və digər atrubutların olması ondan xəbər verir ki, Ağdam inqilabdan əvvəl heç də kiçik bir yaşayış məntəqəsi olmamışdır. Bundan əlavə ən əsası XIX əsrin ikinci yarısından başlayaraq şəhərdə samballı ziyalı təbəqəsi formalaşırdı...
Tanınmış ziyalımız, mərhum alim Vəli Məmmədovun "Havalansın Xanın səsi" tədqiqatında Xan əminin maraqlı bir xatirəsi yer alır: "1917- ci ildə Xan əminin müəllimi İslam Abdullayevə Bərdənin Uğurlubəyli kəndindən toya dəvət gəlir. Həmin illərdə ara qarışıq imiş. İslam Abdullayev isə Ağdamda olan mehmanxanada kirayə etdiyi otaqda bir aya yaxın imişki qalırmış. Xan əmi təklifi məhz mehmanxanaya gələrək müəlliminə təklif edir..."
Bu məqamı təkrarlamaqda fikrim Ağdamda hələ inqilabdan əvvəl mehmanxananın olmasını oxuculara çatdırmaqdır. Bu gün o mehmanxananın harada olması barədə əldə məlumatımız olmasa da, hər halda fakt faktlığında qalır.
Bununla yanaşı çoxsaylı bəy evlərinin olması da şəhərin inkişafından xəbər verir desək səhv etmərik. Təəssüf ki, bu gün bu evlər barəsində bir o qədər də ətraflı məlumatımız yoxdur.
Ancaq əldə etdiyimiz bəzi məlumatları oxucularla bölüşmək istərdim.
lll
Məşhur "Armud" ağacıyla üzbəüz Qara bəyin mülkü öz möhtəşəmliyi ilə diqqəti həmişə çəkirdi. Dövrünün imkanlı bəylərindən olan Qara bəy Əliverdi ADR dövründə parlament üzvü seçilmişdi. "Qobu" arxının üstündə Muradbəyli səmtinə gedəndə yolun sağ tərəfində böyük bir ərazidə onun çoxsaylı mülkü var idi. İkimərtəbəli şəxsi evində Sovet dövründə Ağdam Kənd Təsərrüfatı Texnikumu fəaliyyət göstərmişdi. Qayınanası üçün inşa etdirdiyi mülkündə sonralar Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbi fəaliyyət göstərirdi. Bir qədər yuxarıda isə üzü Kommunist küçəsiylə Büynad Sərdarovun kəsişməsindən başlayaraq sadə üslübda inşa edilən altıyadək ikimərtəbəli yaşayış evi var idi.
Xıdırlı, Çuxurməhəllə və Əhmədavar kəndləri Kərim bəy və Bahadur bəy Qalabəyovlar tərəfindən idarə olunurdu. Onların mülkü Sarıhacılı və Əhmədavar kəndlərinin kəsişməsində idi. İkimərtəbəli binanın hər tərəfə eyvanı var idi. O illərdə inşa edilən bəy evlərinin demək olar ki, hamısının ikinci mərtəbəsində hər bir sanitar qovşağı olurdu.
Əliverdibəyovların mülkü də Muradbəyli də idi. Sonralar oranı xəstəxana etmişdilər. Yaxınlıqdakı hərbi hissənin ərazisi məhz bu ailəyə məxsus idi. Çox geniş həyəti var idi. Əliverdibəyovların ulu babası Əliverdi bəy Kəbirli Mehduqulu xanın Ağdam üzrə darğası olmuşdu. Üzeyir bəy Hacıbəyovun anası Şirin xanım Əliverdi bəyin oğlu Natəvanın süd qardaşı Ələkbər bəyin qızı idi. Ağdamda aparıcı ziyalı təbəqəsinin yaranmasında bu nəslin böyük rolu olmuşdu.
Məşhur həkim Fərrux bəy Ağakişibəyovun Əliverdi bəy nəsli ilə qohumluq əlaqəsi var idi. Onun ikimərtəbəli mülkü isə bulvarla yanbayan Kommunist küçəsində idi. Fəaliyyətini nəzərə alaraq 1942-ci ildə ona əməkdar həkim fəxri adı verilmişdi.
Xurşudbanu Natəvanın Xasay xan Usmiyevdən olan oğlu Mehdiqulunun mülkü isə keçmiş maarif şöbəsinin binası olduğu deyilir. Çar ordusunun podpolkovnik rütbəsinədək yüksələn Mehdiqulu xan Vəfa boş vaxtlarında şeir yazırmış. Usmiyevlərin öz mülkləri isə keçmiş Lenin bağında olmuşdu. Maraqlı məqam ondadır ki, bəylərə məxsus mülklərdən demək olar ki, yalnız Usmiyevə məxsus olanı sökülmüşdü. Qalanlarının isə daimi olaraq ya sakinlərin ya da dövlətin idarəetmə orqanlarının sərəncamına verilmişdi.
Qara bəyin mülkü ilə üzbəüz Kərbəlayi Vəlinin mülkü idi. O ərazidə olan internat məktəbinin binası, Hərbi Komissarlığın binası və beş nömrəli məktəbin binasının ona məxsus olduğu deyilir.
"Uçilişanın" binasının isə Peterburqda təhsil almış Məhəmməd Qarayevə məxsus olduğu deyilir. Bir məqam fakt olaraq təsdiqlənib ki, Ağdam Çörək Muzeyinin yerləşdiyi "Od dəyirmanı" Məhəmməd Qarayevə məxsus olmuşdu.
Bundan əlavə Bahadur bəy Vəlibəyovların, Əbdürrəhim bəy Haqverdiyevin ailəsinə məxsus mülklər də Ağdamda idi. Kərbəlayi Ocaqqulu oğlunun mülkü şəhərin mərkəzində, Lenin prospektində yerləşirdi.
Bununla bərabər şəhərdə Xan qızının ailəsinə məxsus bir çox mülk də var idi. Üstəlik Üzeyir Hacıbəyova məxsus mülkün olduğu deyilir.
Bundan əlavə məscidin ərazisində olan Məşədi Hacılıq məhəlləsindəki ikimərtəbəli bina kompleksi və "28 Aprel" küçəsində olan onlarca sıra ilə gələn gözəl və yaraşıqlı mülklər Ağdamın inqilabdan əvvəl yaşamış imkanlı şəxslərinə məxsus olmuşdu.
Beləliklə, biz inqilabdan əvvəlki Ağdamda olan bir sıra bəy evləri barədə fikirləri sizlərin müzakirəsinə veririk. Belə qənaətə gəlmək olar ki, bu gün erməni işğalı altında olan şəhərlə bağlı hələ çoxsaylı məqamların araşdırılmasına ehtiyac var.