525.Az

Monteneqro - kurort istirahətinin incisi - Fotolar


 

Monteneqro - kurort istirahətinin incisi - <b style="color:red">Fotolar</b> Adriatik dənizinin cənubunda yerləşən Monteneqro bir çox cəhətdən özünəməxsusdur. Dünyanın başqa heç bir yerində bu cür kiçik bir ərazidə bu qədər dəniz çimərliyini, saf sulu gölü, iti axan çayı və möhtəşəm dağı bir arada görə bilməzsiniz. 

Təbii gözəllikləri ilə yanaşı Monteneqro zəngin tarix və mədəniyyətə, günümüzədək gəlib çıxmış çoxsaylı qədim abidələrə və inkişaf etmiş turizm infrasturkturuna malikdir. Bütün bunlarla yanaşı, Monteneqroda istirahət Azərbaycanın turizm bazarında təklif olunan ən ucuz variantlardan biridir. Bu istiqamətin daha çox rəğbət görməsinin səbəblərindən biri də vizasız sayəhət rejiminin tətbiqi və ölkələrimiz arasında birbaşa aviauçuşların həyata keçirilməsidir. Bütün bu xüsusiyyətlər münasib qiymətə yüksək səviyyəli istirahət axtaranların Monteneqronu seçməsinə gətirib çıxarır.
 


Eyni anda hər şey! 

Əvvəllər Yuqoslaviyanın tərkib hissəsi, hazırda isə müstəqil dövlət olan Monteneqro qısa müddət ərzində Avropanın turizm mərkəzlərindən birinə çevrildi. Ərazisinin ümumi sahəsi Azərbaycanın ərazisindən altı dəfə kiçik olan bu balaca ölkənin sahib olduğu təbii zənginlikləri nəzərə alsaq, bu fakt heç də təəccüb doğurmur. Dəniz, göllər, kanyonlar və dağlar məzuniyyətini rahat və faydalı şəkildə keçirə bilməsi üçün hər kəsə ən uyğun seçimlər təklif edir. Bir gün ərzində siz burada Budva Rivyerasının çoxsaylı adalarından birində bir fincan qəhvə içib Skadar gölü sahilində quşların nəğmələri altında nahar edə və Durmitor dağlarının yamaclarında sobanın kənarında şam yeməyi yeyə bilərsiniz. 

Bu kiçik ölkənin zəngin keçmişi saysız-hesabsız tarixi abidələrdən ibarət çox dəyərli miras qoyub. Monteneqro şəhərləri tarixin müxtəlif dövrlərinə aid olan və insanın ruhunu həmin dövrlərə aparan möhtəşəm memarlığa malikdir. Aparılmış çoxsaylı qazıntılar və tədqiqatlar nəticəsində turistlərin bu ökənin adət və ənənələri haqqında daha çox öyrənmək imkanları var. 



Monteneqronun ən gözəl yerləri: Ada (Ultsin), Müqəddəs Stefan (Budva), Kotor (Bokakotor kğrfəzi), Lovçen milli parkı, Skadar gölü milli parkı, Bioqradska qora milli parkı (Kolaşin), Tara çayı və onun kanyonu, Durmitor dağı milli parkı, Ostroq monastırı. 

Bunlarla yanaşı, Monteneqro Avropanın mərkəzində yerləşdiyi üçün, buradan qonşu Xorvatiyaya (Şengen vizası ilə), Albaniyaya, Bosniya və Hersoqovinaya (vizasız), Serbiyaya (viza tələb olunur) ekskursiyaya çıxmaq rahatdır. Monteneqrodan həmçinin İtaliyaya səyahət etmək də asandır (viza ilə): bu ölkələri bərə ilə sadəcə bir gecəlik məsafə ayırır. Bərələr müntəzəm olaraq Monteneqronun Bar şəhəri ilə İtaliyanın Bari şəhərləri arasıda hərəkət edir. 

Bu cür ekskursiyalar baha olmur. Razılaşın ki, nəqliyyat xidməti, qidalanma (nahar), muzey biletləri, bələdçi xidmətlərinin daxil olduğu 50-70 avroya bir günlük ölkə səyahəti olduqca münasib təklifdir. 

Ümumilikdə günəşli yay günlərinin çoxluğu və qışda bol-bol yağan qar Monteneqroda daha çox inkişaf etmiş iki turizm formasını müəyyən edir: yay vaxtı sahil, qış vaxtı isə əyləncə turizmi. 



Çimərlik istirahəti və otellər 

Monteneqroda çimərlik mövsümü aprelin sonlarından başlayır və oktyabrın sonlarınadək davam edir. Bu yeddi ay ərzində dəniz suyunun temperaturu +20 - 26°C arasında dəyişir. Günəşlənməyi sevənlər üçün bu ölkəyə səyahət etmənin ən uyğun vaxtı may-oktyabr ayları arasıdır. 

Monteneqroda çimərliklərin ümumi uzunluğu 73 km təşkil edir. Onların hamısı çox müxtəlifdir: bəziləri olduqca izdihamlı, bəziləri isə xəlvəti, cənub bölgəsindəki çimərliklər narin qumla örtülü, şimal-qərb sahillərində yerləşən çimərliklər isə süni beton platformalardan ibarətdir. Süni çimərliklər əsasən Tivat, Herseq-Novi, İqalo və Barda yerləşir. Demək olar ki, bütün çimərliklər sıldırım qayalıqlar arasında külək və dalğalardan mühafizə olunan sakit və qapalı yerlərdədir. 

Ziyarətçilərin büdcəsinə uyğunluğa gəldikdə isə, Monteneqroda üç növ çimərlik var: otellərə məxsus çimərliklər; 5-10 avro həcmində giriş pulu qarşılığında iki şezlonq və bir çətirin təklif olunduğu çimərliklər; və hər hansı ticari fəaliyyətin qadağan edildiyi ictimai çimərlikər (buraya istirahət edənlər öz çətirləri, dəsmalları və s. ilə gəlirlər). 

Monteneqroda otellərdə və ya şəxsi mənzillərdə qalmaq mümkündür (sahil zonasının demək olar ki, bütün sakinləri kirayəyə otaq, yaxud mərtəbə verir). Burada dəbdəbəli otellərdən təvazökar pansionatlaradək müxtəlif səviyyəli saysız-hesabsız mehmanxana fəaliyyət göstərir. Monteneqro otellərində qidalanma daha çox səhər yeməyi üstəgəl şam yeməyi tipli İsveç masası sisteminə əsaslanır. 

Bununla yanaşı, hər şey daxil sistemi ilə işləyən bir sıra otellər də mövcuddur. Bu arada, hər şey daxil sistemi sadəcə otelin ərazisində deyil, çimərlikdə də keçərlidir: çətirlər və şezlonqlar otel müştəriləri üçün pulsuz olur. Həmçinin demək olar ki, bütün otellərdə SPA xidmətləri təqdim olunur. 



Aktiv əyləncələr və mətbəx 

Monteneqroda istirahət sadəcə çimərlikdə uzanmaqdan ibarət deyil. Son zamanlar burada turizmin ekstremal qolları daha çox inkişaf etməkdədir. İdeal təbiət və iqlim şərtləri at sürmə, dağ velosipedi, yelkən idmanı, snoubord, kanoe, raftinq, alpinizm, paraplanerizm və s. kimi aktiv turizm növlərinin inkişafına töhfə verir. 

Monteneqro sahilləri və özünəməxsus dağları macərasevər turistlərə çoxsaylı yaddaqalan anlar yaşada bilər. Monteneqro sırf yerli, balıq və italyan olmaqla üç "məktəbə" bölünən mətbəxi ilə də məşhurdur. Bu mətbəxləri sadəcə bir cəhət birləşdirir, ölkənin hər yerində yemək porsiyaları çox böyük olur. Monteneqro mətbəxinin səciyyəvi xüsusiyyəti pendirdən geniş istifadə edilməsidir. Növbənöv pendirlər, inək və qoyun südündən hazırlanan yerli brınza demək olar ki, hər yeməyin bəzəyidir. Mətbəxdə əsas yeri tərəvəzlər tutur. Tərəvəzlər səhər və ya şam yeməyi olmasından asılı olmayaraq, hər zaman ayrıca təam şəklində və ya sadəcə qəlyanaltı kimi süfrəyə verilir. Balıq yeməkləri və dəniz məhsullarından hazırlanan təamlar da Monteneqroda çox populyardır. Kurort sahillərində italyan mətbəxinin pizza (özü ilə aparmaq üçün 1,5 avrodan başlayan qiymətlərə), pasta, rizotto kimi inciləri də geniş yayılmışdır. 

Yemək qiymətləri azərbaycanlı turist üçün olduqca münasibdir. Belə ki, əsas yeməklərin qiyməti 8-15 avro, salatlar 4-8 avro, desertlər isə 3-6 avro arasında dəyişir. Orta hesabla iki nəfər 30 avroya içkilər daxil olmaqla çox gözəl şəkildə nahar edə bilər, 4 nəfər yetişkin və iki uşaqdan ibarət böyük ailələr üçün hətta ən bahalı restoranda (yerli ölçülərə görə) yemək yemək isə 70-80 avroya başa gələcək. 



Azərbaycan və Monteneqro - əbədi dostluq! 

Azərbaycanla Monteneqro arasında möhkəm dostluq əlaqələrinin yaradıldığını və paytaxt Podqoritsanın mərkəzi küçələrindən birinin Bakının şərəfinə adlandırıldığını qeyd etmək olduqca xoşdur. İkitərəfli əlaqələrin daha da inkişaf etməsini 2012-ci ilin aprelində Monteneqroda Azərbaycan diplomatik missiyasının açılması, 2013-cü ilin noyabrında isə ölkəmizdə Monteneqronun fəxri konsulluğunun açılması təmin etdi. 

Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin sözlərinə görə, iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqların yaradılması üçün mühüm zəmin yaradır: 

"Monteneqronun Azərbaycandakı fəxri konsulluğu ikitərəfli münasibətlərin genişləndirilməsinə yönlənən layihələrin həyata keçirilməsi üzrə atılan addımları hərtərəfli dəstəkləyir. Monteneqro iqtisadiyyatına investisiya yatırımı üçün çoxsaylı imkanlar mövcuddur. Lakin layihələrin əksəriyyəti turizm və otelçiliklə bağlıdır. Prioritet layihələr arasında lüks kateqoriyalı Porto Monteneqro yaxta kompleksi, Luştitsa yarımadasında qolf kulubu və yaxtalar üçün limanı olan Lustica Bay şəhərçiyi və lüks kateqoriyasından ultra-möhtəşəm rezidensiyaları ilə Portonovi layihəsi yer alır". 

Həqiqətən də ucsuz-bucaqsız çimərlikləri ilə masmavi dəniz, çoşğun sulu çaylar, qeyri-adi dağ massivləri və qədim keçmişin nəfəsi Monteneqroya azərbaycanlı turistlərin yaddaqalan istirahəti üçün lazım olan hər şeyi bəxş edib. Bakıdan təşkil olunan birbaşa uçuşlar isə Monteneqronu insanlarımıza daha da yaxın edir. Nəzərinizə çatdıraq ki, Monteneqroya birbaşa aviareyslər artıq iyundan başlayır və "Montenegro Airlines" şirkəti tərəfindən müntəzəm olaraq həyata keçiriləcək. Putyovkaları "Millennium Tourism & Congress DMC" (www.millenniumtour.az) şirkətindən, həmçinin ölkənin bütün turizm agentliklərindən əldə edə bilərsiniz. 

Monteneqroya xoş gəlmisiniz! 

Ünvan:İ.Qutqaşınlı küç.492 məhəllə 
Tel:+994124975400 
Mob:+994702219065 
Call center: *5050 
E-mail:[email protected] 
Web:www.millenniumtour.az
 





23.04.2015    çap et  çap et