525.Az

Bakı 2015 Avropa Oyunları: Nüfuz və etimadın ifadəsi


 

Bakı 2015 Avropa Oyunları: <b style="color:red">Nüfuz və etimadın ifadəsi</b>

I Avropa Oyunlarının start götürməsinə təxminən bir ay qalır. Gələn ay Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edəcək.

Bu, ölkəmizin dostlarını sevindirən, düşmənlərini  qıcıqlandıran  bir hadisədir. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Hollandiya kimi inkişaf etmiş ölkələr varkən Avropanın idman ictimaiyyəti bu möhtəşəm tədbirə ev  sahibliyi hüququnu məhz Azərbaycana verdi. Nəzərə alsaq ki, belə mötəbər beynəlxalq yarışlar bir qayda olarar güclü, sabit, ictimai-siyasi dayanaqlığa malik ölkələrdə təşkil edilir, onda Azərbaycanın dünyada, o cümlədə, Avropa məkanında hansı nüfuza və etimada sahib olduğunu aydın təsəvvür edə bilərik.

Artıq xeyli müddətdir anti-Azərbaycan mövqeyi sərgiləyən bir qrup yerli və xarici qüvvələr ölkəmizin Avropa Oyunlarına ev sahibliyi etməsi faktı ilə ilə barışmaq istəmir, əsl niyyətlərini gizlətməyə çalışaraq müxtəlif bəhanələrlə qarayaxma kampaniyası aparırlar. Məgər bu qüvvələr böyük beynəlxalq yarışların dünyanın ən nüfuzlu, söz sahibi olan ölkələri tərəfindən təşkil edildiyini görmürlərmi? İdman müasir dövrdə dünya gündəmində, kütlələrin diqqətində olan bir sahədir. Bu gün idmana maraq o həddədir ki, idmançılar dünyanın ən məşhur insanlarıdır. Ölkələr idmançılarının sayəsində daha çox tanınır. Bu gün Braziliya, Argentina kimi ölkələr yetişdirdikləri futbolçulara görə dünyada məşhurdurlar. Bu ölkələr məhz həmin futbolçulara görə sevilirlər.

Sevindirici haldır ki, ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan qısa müddətdə idmanda böyük uğurlar qazandı. Ümummilli lider, ulu öndər Heydər Əliyevin birbaşa dəstəyi sayəsində idmana və idmançılara dövlət dəstəyi artdı, xüsusi qayğı göstərilməyə başladı. Ulu öndərin başladığı bu iş ənənə halını aldı və bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu diqqətin nəticəsidir ki, ölkəmiz Olimpiya oyunlarında dünyanın diqqətini çəkən ciddi nəticələr göstərir. Mötəbər beynəlxalq yarışlarda xəritədə kiçik bir ölkə olan Azərbaycanın bayrağı qaldırılır, himni səsləndirilir. Neft ölkəsi kimi tanınan Azərbaycan artıq həm də peşəkar idmançıların vətəni kimi məşhurdur.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi deyəsən, düşmənlərimizin kürkünə birə salıb. Qəribədir, 20 ildən artıqdır torpaqlarımızın işğalına, 1 milyondan artıq soydaşımızın ən təbii hüquq və azadlıqlarının pozulmasına biganə münasibət sərgiləyən bəzi qruplar nədənsə yenidən fəallaşıblar. Milyondan artıq insanın hüquqlarının pozulmasını görməzdən gələn bu qruplar müxtəlif cinayətlərdə (qanunsuz sahibkarlıq, dövlətə xəyanət və.s) ittiham  olunaraq həbs edilmiş əlaltılarını xilas etmək üçün meydana atılıblar. Məsələnin digər maraqlı cəhəti isə belə şouların nüfuzlu beynəlxalq tədbirlərin  keçirilməsi ərəfəsində baş verməsidir.

Belə tədbirlər ərəfəsində sanki, hansısa “gözəgörünməz” qüvvə bu insanlara şou hazırlamaq göstərişi verir.
Bizim üçün arzuolunmaz hal isə bu insanların bir hissəsinin həmvətənlərimiz olmasıdır. Azərbaycanı geridə qalmış müsəlman ölkəsi kimi təqdim edənlər və onların əlaltıları Bakının Avropa Oyunlarına ev sahibliyi etməsini qəbul edə bilmir, əslində, dünyanın bir daha Azərbaycanın inkişafını, müasir və güclü dövlət olduğunu görməsini qısqanırlar.
 
Erməni lobbisi, onların dəstəklədiyi quvvələr və onların ölkəmizdəki əlaltıları belə mötəbər tədbir ərəfəsində bütün güclərini işə salaraq Azərbaycanın nüfuzuna xələl salmağa çalışırlar. Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca sanki “Avrovizion” mahnı müsabiqəsi ərəfəsində baş verən hadisələr yenidən təkrarlanır. O zaman da bir qrup dırnaqarası hüquq müdafiəçisi xarici sponsorları ilə birləşib qarayaxma kampaniyasına başlamışdılar. O zaman inşa edilən “Kristal Zal”ın xərcləri həddindən artıq şişirdilir, cəmiyyətə yanlış informasiyalar çatdırılmağa çalışılırdı. Nəticə isə göz qabağında oldu. Artıq “Avrovizion” mahnı müsabiqəsinə ev sahibi edən ölkələr Azərbaycanın təcrübəsindən istifadə edirlər.

Eyni proseslər I Avropa Oyunları ərəfəsində də baş verməkdədir. Bildiyimiz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarına evsahibliyi edən Azərbaycan bu yarışa ciddi hazırlaşıb. Yeni idman qurğuları tikilib, şəhərin abadlaşdırılması işləri daha da sürətlənir. Avropa Olimpiya Komitəsi başda olmaqla beynəlxalq idman təşkilatları Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığını yüksək qiymətləndirirlər. Beynəlxalq idman qurumları etiraf edirlər ki, Azərbaycanın Avropa Oyunlarına belə yüksək səviyyədə hazırlaşmasını gözləmirdilər. Avropa Oyunları ilə bağlı inşa edilmiş idman qurğuları öz unikallığı, memarlıq xüsusiyyətləri ilə fərqlənir.

Qısa müddətdə tikilib başa çatdırılan Olimpiya stadionu Bakının ən möhtəşəm idman qurğularından biridir.

Təxminən 50 hektar ərazidə tikilmiş Olimpiya stadionu 68 min 195 tamaşaçı tutumuna malikdir. 6 mərtəbədən ibarət stadionun hündürlüyü 62 metrdir. Olimpiya stadionunun təməlqoyma mərasimi 2011-ci ilin iyunun 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef  Blatter, UEFA prezidenti Mişel Platininin iştirakı ilə keçirildi.

Mərasimdə çıxış edən prezident İlham Əliyev ölkəmizdə idmanın, o cümlədən, futbolun inkişafına ciddi dəstək verildiyini bildirdi:

“Bundan sonra da çalışacağıq ki, biz addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq əlbəttə ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər.

Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər”. Qeyd edək ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda baş tutacaq.

Bundan əlavə, Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Mərkəzi kimi idman qurğuları inşa edildi. Artıq ölkəmiz Avropa Oyunlarına tam hazırdır və bunu beynəlxalq idman qurumları da təsdiqləyir. Təəssüfləndirici haldır ki, bəzi xarici havadarların tapşırığı ilə müxtəlif dövrlərdə ölkəmizin nüfuzuna və dövlətçiliyimizə qarşı qaralama kampaniyasına qoşulan “5-ci kolon” bu dəfə də öz xislətinə sadiq qaldı. Avropa Oyunlarının həyəcanı yaxınlaşdıqca daha da iyrəncləşən bu kampaniyaya qoşulanlar ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün dəridən qabıqdan çıxır, özlərindən müxtəlif problemlər “kəşf edir”lər. Sanki bu qüvvələrin həyatda yeganə arzusu Azərbaycanı zəif, gücsüz görməkdir.

Ölkə rəhbərliyinin apardığı qətiyyətli və uğurlu siyasət isə bu insanların arzusunu gözündə qoyur. Onlar isə öz səhvlərini dərk etməkdənsə daha da aqressivləşirlər.

Söz var, sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Azərbaycanın bugünəcən əldə etdiyi böyük uğurlardan əndişəyə düşən bu qüvvələr nə qədər dəridən-qabıqdan çıxsalar da, onların arzuları yenə də gözünə qalacaq, ölkəmiz təkcə I Avropa Oyunlarına yox, gələcəkdə digər mötəbər yarışlarda da ev sahibliyi edəcək, saysız-hesabsız tədbirlərin təşkilatçısı olacaq.

Digər tərəfdən, bu tədbirlərə sadəcə, yarış kimi baxmaq da doğru deyil. Belə beynəlxalq miqyaslı tədbirlər həm də ölkəmizin piarı deməkdir. Milyonlarla insan, bütün Avropa və eləcə də dünya tamaşaçıları yarışları izləyərkən Azərbaycan, onun təbiəti, tarixi, mədəniyyəti haqqında ətraflı məlumat alacaqlar. Onların böyük bir hissəsi Azərbaycan haqqında məhz bu ərəfədə öyrənəcək və əminliklə deyə bilərik ki, bütün bunlar ölkəmizə marağın artmasına ciddi təkan verəcək.
 
Təsadüfi deyildi ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimindəki çıxışı ilə həm Azərbaycan tərəfinin gördüyü işləri qiymətləndirdi, həm də Bakıda keçiriləcək Avropa Oyunlarına qarşı qara piar aparanlara cavab verdi:

“Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik, əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

 





02.05.2015    çap et  çap et