525.Az

Cavad Zeynalın şeirləri


 

Cavad Zeynalın <b style="color:red">şeirləri </b>

Məni əvvəlimə qaytarma, Allah

Məni əvvəlimə qaytarma, Allah,
Əvvəlim şaxtalı, qış qoxuludu.
Qayıtsam səsimdən oyanar, vallah,
Yatıbdı, qoy yatsın- daş yuxuludu.

Ürək sızıldadır qara günləri,
O illər dəhşətli kitab kimidi.
Elə açılmazdı dür-düyünləri,
Hər biri indimə xitab kimidi.

...Yollara çıxardıq güman içində,
Bacalar yalandan tüstülənərdi.
Günəş ağarardı duman içində,
Adamlar işığa istilənərdi.

Bayrama dönərdi yazın gəlməsi,
Qurusu olanlar bölüşərdilər.
Lüğətdən çıxmışdı çörək kəlməsi,
Çörək istəyənə gülüşərdilər.

Hər fəslin özünün seçimi vardı,
Bəzən qarışardı seçim-bölümlər.
Qışda adamları don aparardı,
Yaza çıxınları - yaşıl ölümlər.

Qırxına qalmazdı rəngi solanlar,
Yurdu qaralardı qala yerinə.
Təzəcə-təzəcə ana olanlar,
Ümid böyüdərdi bala yerinə.

Bir sadiq qulunam, qıyma quluna,
Gələnə, gedənə hal qandıraram.
İmkanım olmasa işıqpuluna,
Gecələr evimdə şam yandıraram.

Ötənə qaraltı, qalana hayam,
Məni quzu kimi otarma, Allah!
Mən ki verdiyinə şüküranlıyam,
Məni əvvəlimə qaytarma, Allah!

22.12.2014

Vida nəğməsi

Qızılı payız da arxada qaldı,
Bayatı bulaqlar bəmə düşdülər.
Şaxtalı küləklər bir hava çaldı,
Yarpaqlar meydana tökülüşdülər.

Ağaclar soyunub lütləşir necə,
Yarpaqlar həyadan qızıllaşırlar.
Gövdəli olanlar bütləşir necə,
Şivkələr, pöhrələr sızıldaşırlar.

Hikkəli küləklər qamçılar çalır,
Ağaclar qol-boyun yallı gedirlər.
Yarpaqlar budaqda nigaran qalır,
Qorxudan ürəyi xallı gedirlər.

Baxıram, göylərdə şimşəklər çaxır,
Qopmadan, düşmədən üşənirəm mən.
Tökülən qızılı yarpağa baxır,
Qalan günlərimi düşünürəm mən.

İlləri yaşamış ağac kimiyəm,
Günlərim gözümdə yarpaq görünür.
Mehriban əllərə möhtac kimiyəm,
Hayana baxıram torpaq görünür...

Cücərən ota da səcdə qıl, əyil,
Bilirəm bu qopum, bu töküm nədir.
Tökülən yarpaqlar yarpaqlar deyil,
Bir ömrün əlvida nəğmələridir.

31.12.2014

SEVGİ... SEVGİ...

Bir sirri-xudadır qəlbimdə sevgim,
Bir sirri-xudadır, dilimə gəlməz.
Mən kimi sevdimsə, qəlbimdə sevdim,
Kimi sevdiyimi bir kimsə bilməz.

Tanışdır qurulan hər oyun mənə,
Kimim var qəlbimdən özümə yaxın.
Bir uşaq görəndə göz qoyun mənə,
Bir qoca önündə üzümə baxın.

Dünya da sevgidən yaranıb belə,
Tanrı sevgisidi bu dünya ancaq.
Yağışda, yağmurda aranıb belə,
Sevgisiz bu dünya bir xülya ancaq.

Sevgisiz bir yerə ayaq basmaram,
Sevgisiz nənəm də iplik əyirməz.
Sevgisiz söhbətə qulaq asmaram,
Ha bellə, ha sula - səhra göyərməz.

Xəstə ürəklərin sevgi davası,
Sevgidən şipşirin ayrı mət umma.
Sevgisiz ürəklər-şeytan yuvası,
Sevgisiz olandan mərhəmət umma.

Sevgidi dünyanı saxlayan ancaq,
Sevgiylə qoşadır vüqar dünyada.
İnsanı insana bağlayan ancaq,
Sevgidən savayı nə var dünyada?

Sevgidən başlayır gediş-gəlişim,
Sevənlər yaxınım, öz çevrəm, neylim!
Sevgisiz olanla mənim nə işim,
Sevgisi olanı sevirəm, neylim!

11.04.2015

QOYUN

Sallaqxanada bir toğlunu sürüyə gələn gördüm.

Atlanırsan, düşürsən,
Damağın durulubdu.
Xəbərin yox xəbərdən,
Təbilin vurulubdu.
Elə bu dar macalda
Könlündən sürək keçir.
Baxanlar gülüşürlər,
Gülüşdən ürək keçir.
Ötüb-keçən hər anı
Özünə kef bilirsən.
Kef bildiyin hər anı
Ömürdən nəf bilirsən.
Qolun sürü belində,
Oyunsan ki, oyunsan.
Bıçaq qəssab əlində,-
Qoyunsan ki, qoyunsan.

16.01.2015

GÜNAHKARIQ

Günahkarıq, Nuru paşa,
Günahkarıq qabağında.
Düşüncəmiz dönüb daşa,
Lalıq, karıq qabağında.

Qəhrəmanlıq tarixində
Sən bizlərə ad olmusan.
Doğulmusan doğulanla,
Ruhumuza dad olmusan.

Sinəmizdə yaraların
Qaysaqlanmır gözü, vallah!
Bir milləti xilas etmək
Bir tarixdir özü, vallah!

Yağıların gözlərini
Sənin kimi oymamışıq.
Qoruduğun şəhərlərdə
Sənə heykəl qoymamışıq.

Adın gəlir, qürrələnir,
Kürsülərə dırmaşırıq.
Boşalırıq sinə-sinə,
Elə bil ki, dağ aşırıq.

Günahkarıq, Nuru paşa,
Günahkarıq qabağında.
Düşüncəmiz dönüb daşa,
Lalıq, karıq qabağında.

Hünərinlə, zəfərinlə
Sən illəri qocaltmısan.
Biz qoyası heykəlini
Sən tarixdə ucaltmısan.

08.07.2014

NİSGİL

Zərif-zərif qırışlar,
Üz-gözündə yallanır.
Belə itir gözəllik,
Pərdə belə sallanır.

15.04.2015

lll

Bir gizli sevginin qəhrəmanıyıq,
Bir kimsə bilməyir bu sevgimizi.
Görüşük, vüsalıq, baharıq, yayıq,
Baxanlar özgələr bilirlər bizi.

Küçədə, bayırda qarşılaşırıq,
Ani bir təbəssüm bəs edir bizə.
Xəyal qanadlanır, dağlar aşırıq,
Quşlar nəğməsini bəhs edir bizə.

Bu gizli sevgini qürur sanırsan,
Sevgisiz günümdən usanır ömrüm.
Sevgimdən sən necə qürurlanırsan,
Sevgindən o qədər uzanır ömrüm.

Hər ötən anımız xoş xatirələr,
Sevənə özgə söz quru öyüddü.
Gözəldir necə də barlı sevgilər,
Bəhərsiz sevgilər barsız söyüddü.

Aşkara sevənin söz deyəni çox,
Aşkara sevənlər dilə düşürlər.
Bəxtəvər deyəni, göz dəyəni çox,
Dastana dönürlər, çölə düşürlər.

Gün elə gündü ki, saralanda da,
Gizli saxlayırıq biz sevgimizi.
Biz ki bir yerdəyik ayrılanda da,
Nə yaxşı, özgələr bilirlər bizi.

 





18.05.2015    çap et  çap et