525.Az

Prezident Olimpiya Stadionu ətrafındakı yolun açılışında


 

Prezident Olimpiya Stadionu ətrafındakı yolun açılışında<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub.
 
68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.
 
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
 
Qeyd edilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. Çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.
 
Azərbaycan prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.
 
İ. Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub. Bildirilib ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir.

 





19.05.2015    çap et  çap et