525.Az

İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri


 

İstiqlal yolunun şanlı mücahidləri - <b style="color:red">Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri</b>

(Əvvəli 19 may sayımızda) 

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.   

Behbud xan Cavanşir 

Görkəmli dövlət adamı, millətpərvər Behbud xan Cavanşir 1877-ci ildə Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu kəndində anadan olub. O,Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı idi. Behbud xan Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxuyub. Qərbi Avropadakı həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasına təsir edib. Behbud xan alman, ingilis, fransız rus, gürcü və erməni dillərini mükəmməl bilib. 1916-cı ildə Azərbaycana qayıdan Behbud xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışıb. Doğma xalqının maariflənməsi uğrunda mübarizə aparan Behbud xan  Bakı Müsəlman xeyriyyə cəmiyyətinin rəhbərliyinə seçilir. Bundan başqa Behbud xan Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd verib, anadilli mətbuata müəyyən yardımlar göstərib. Onun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi izlənirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxan "Zaqafqaziyada rus siyasətinə dair sənədlər" kitabından (onun digər adı "Qara kitab"dır) aydın olur ki, Behbud xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı "Difai" partiyasının Mərkəzi Komitəsinə daxil olub. O, "Nicat" cəmiyyətinin və "Rus texniki cəmiyyəti"nin Bakı şöbəsinin üzvü seçilib. Texniki cəmiyyətin elmi əsərlərində Behbud xan Cavanşirin xeyli məqaləsi çap olunub.

O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin əməkhaqları məhz Behbud xanın köməkliyi ilə neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud xan polis əməkdaşlarının fəaliyyətinə və qayğılarına yaxından bələd idi. Məhz onun Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri təyin olunmasında bu məsələlərin də rolu az olmayıb. Belə ki, B. Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə yaratdığı 2-ci hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayır. Behbud xan Cavanşirin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi barədə qərar qəbul edir. Behbud xan Cavanşirin daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənir və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçür. Daxili İşlər Nazirliyi "Metropol" mehmanxanasının binasında fəaliyyətə başlayır və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə, Bakıda İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu.

1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərir.

1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfındən bu müqavilələri Behbud xan Cavanşir imzalayır. Bu sənədlərə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verirlər. Partiya mənsubiyyəti sarıdan bitərəf olan B.Cavanşir həmin ilin dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrında fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə əməli işlər görülür. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxunmurlar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. Behbud xan Cavanşir yolüstü İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhməd bəy Ağayevin qonağı olur. Görünür o, bolşevik əsarəti altındakı vətəni ilə həmişəlik vidalaşmaq qərarına gəlib. Çünki uzaq səfərə xanımı Tamara Cavanşir, qardaşları Surxay xan və Cəmşid xan ilə birlikdə çıxır.

1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun "Pera-Palas" hotelinin önündə "Daşnaksütyun" partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirib və həbs olunub. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilib. Prokuror qatil üçün ölüm cəzası istəmişdi, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılır. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəyib və qatil Torlokyan gecə ikən qaçırılıb. 1921-ci il iyulun 18-də Behbud xanın ölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi "Kroker" otelində saxlanılırdı. Mişaq Torlakyan "Daşnaksütyun" partiyasının üzvü idi və Azərbaycanda "1918-ci il mart soyqırımı"nda xüsusi fəallıq göstərib.

Ölüm ayağında olarkən Behbud xanın son sözləri belə olur: "Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər".

Abdulla bəy Əfəndizadə

1873-cü ildə Şəkidə ruhani məmur ailəsində anadan olub. Maarif xadimi, tərcüməçi olan Əfəndizadə 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil alıb. 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda oxuyub. 1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlayıb. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və müdir işləyib. A. Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında fəal iştirak edib. Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdiyi yeni əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə "İkinci il" dərsliyini yazıb nəşr etdirib. Əfəndizadə Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Nuxa şəhərindən ADR parlamentinin deputatı seçilib. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olub. 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan edib. 1919-cu ildə ADR hökumətinin nəşr etdirdiyi "Son türk əlifbası" adlı əlifba dərsliyinin müəllifidir, İ.A.Krılovun, M.Y.Lermontovun seirlərinin ana dilimizə tərcümə işi ilə məşğul olub. A.Əfəndizadə Bakıda vəfat edib.

(Ardı var)

Samirə QULİYEVA

 





21.05.2015    çap et  çap et