525.Az

Oralarda kimlər var: Əlifbamızı düşünənlər-1


 

Oralarda kimlər var: Əlifbamızı düşünənlər-1

BİZ BU BARƏDƏ NEÇƏ İLDİ YAZIRIQ (2001-2006)


ÖNCƏ BİR XƏBƏR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı təkliflər verməyəcək: “Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsi artıq hazırlanıb və yaxınlarda Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Əlifba ilə bağlı təklif etməyi düşünmürük. AMEA-ya belə bir tapşırıq da verilməyib. Bununla bağlı sərəncam və tapşırıq olsa, AMEA təkliflərini hazırlaya bilər”.

AMEA prezidenti deyib ki, Azərbaycan əlifbasının tam şəkildə dəyişdirilməsinin tərəfdarı deyil: “Amma “ə” kimi bəzi uğursuz hərflər dəyişməlidir. Belə hərflər həqiqətən problemlər yaradır. Bunun əvəzinə başqa işarə tapmaq daha məqsədəuyğun olardı. Bu hərf üstündə iki nöqtə olan “a” kimi verilsə, yaxşı olar. Mənə elə gəlir ki, bu haqda düşünmək lazımdır”.

“Ç” və “Ş” hərflərinin qrafemlər şəklində işlədilməsinə gəlincə, M. Kərimov deyib ki, bu hərflər kompyuterlərdə, internetdə müəyyən problemlər yaratsa da, hər halda onların işarəsi artıq qəbul olunub: “Amma “ə” hərfi mənə heç münasib gəlmir. İstifadəçilərin kompyuterlərdən istifadəsini daha rahat etmək üçün bu hərfi dəyişmək məqsədəuyğun olardı”.


KOMPUTER DÜNYASINDA ƏLİFBAMIZ VƏ  YAXUD “Ə” “C” və “J” QOVĞASI 

Məni tanıyanlar  bu komputer xəstələyimi bilirlər. Baxın, bu bir lovğalıq-zad deyil və bu gün dünyanı ağzına alan bu texnika həqiqətən ağılalmaz bir gözəllik saxlayır içində. Bir çox dostlarım və hətta onların uşaqları da bu gözəl texnikanın içində olduqlarından çox zaman onlarla söhbət edəndə, mən onlardan daha gözəl şeylər eşidirəm.Məsələn: gözəl jurnalist dostum Müsəllim Həsənov danışır ki,onun oğlu hətta Ağ Evə cənab Buşa ingilis dilində məktub yazmış və emaillə  cənab Buşa göndərmiş və cavab da almışdır.(Bu barədə zamanında “525-ci qəzet”də xüsusi xəbər də çap olunmuşdu).

Bu baxımdan mən heç kəsə dərs vermək niyyətində deyiləm,amma içimdə elə ağrılar ki,bunları bölüşməmək mümkün deyil.Amma bütün bunları yaza-yaza yenə də Allahıma şükürlər edirəm.
Mən bir  dəfə də yazmışam: Türkiyədə olarkən hər zaman “F” klavye deyilən bir klavyedən istifadə edirdim.Türkiyədə klaviatura deyilən bir şeyin üstündə yalnız bir hərf var: o da latın qrafiki əsasında türk latınıdır. Amma  bizim bu klaviaturalara baxanda inanın ki, insanın gözləri çerləşir.Belə ki,bir klavyenin üstündə bu qədər hərfi olan başqa bir millət varsa, o zaman vay onların da halına.Sadəcə bizim hal-hazırda istifadə etdiyimiz “Q” klavyenin üstündə yalnız “Z” hərfi yerləşən düyməyə baxın : orada üç hərf yerləşdirilmişdir: Ə,Z, YA...!!!!!!!!!!
Bunun yazı zamanı nə qədər problemlər yaratdığını və insanı nə qədər incitdiyini hər gün bu cür klavyelərlə təmasda olanlar gözəl bilirlər. Bu nə zaman ortadan qaldırılacaq bilən varmı? Artıq üç ildir bu mübarizənin içində çabalamaqdayam.Abır-ismət də qalmayıb,pul-para da...
Təbii ki, bu çətinlikləri adlamaq üçün ustalar lazımdır və ustalar da maşallah bizim  məmləkətimiz də var.Amma lap elə bizim öz MİLLƏTİMİZƏ LAYİQ ustalarla baş-başayıq.Zəng edib dərdini deyən kimi: “qardaşım, vur qoltuğuna komputerini gətir bura”,-deyirlər.
Adamın başına qaynar su tökülür.Canım-gözüm bu bir diktofon deyil,bir kiçik yazı makinası deyil ki,vuraq qoltuğumuza gətirək sənin yanına və üstəlik də bir usta o birindən gileyli.Məntiq də bəlli.

Yazılar yazıram və bu yazıları mən komputerdə yazdığım üçün qəzetlərin işi    asan olsun deyə, yazıları bir disketə alıb dosya halında, çox zaman da e-maillə göndərirəm.(E-maillə göndərilən yazılar problem yaratdığı üçün bu sevdadan əl çəkdim).Və onlar da mənim göndərdiyim yazılara böyük həssaslıqla yanaşıb, çox zaman necə göndərirəmsə eləcə də səhifəyə qoyurlar.Bu təbii mənə ləzzət eləyir. Vergülünə,nöqtəsinə toxunmadan səni çap eləyirlər.Bundan böyük dad və hörmət olmaz düşünürəm yazar üçün.İmza sənin, yazı  sənin, bütün məsuliyyət sənə aid.Mən yazar olan şəxsin yazısına müdaxiləni heç zaman etik hal hesab eləmədiyim üçün bu xoşa gələn bir şey.

 Amma bu gözəl münasibətin içindən məhz bu komputerlə bağlı problemlər ortaya çıxır.Belə ki, bir çox zaman yazılarda bu “J” və “C” hərflərinin bir-birini əzməsi işi qarışdırır. Vaxtiylə göndərdiyim yazılar qəzetinin səhifələrinə yerləşdirilirkən ortada belə bir mənzərə yaranır.Məsələn, mən bir yazıdan kiçik bir misalı oxucuların diqqətinə çatdırıram.Bu yazı illər öncəsi “Ədalət” qəzetinin internet səhifəsindən alınıb “word” deyilən bir proqramın səhifəsinə qoyularkən baş verir. Və hətta burada KUBİKLƏR yerinə “Ə” problemi həll olunsa belə CAHİD  əvəzinə    JAHİD,  TUNCAY əvəzinə TUNJAY, DİNCƏLMƏK əvəzinə DİNJƏLMƏK kimi   getməsi artıq bütün komputer ustalarına məlum bir şeydir və bizdən uzaqlarda internet səhifələrində bu qəzetləri oxuyan insanların nələr çəkdiyi anlaşılır.
Yazının fotosu verilir: “B?zil?ri deyir:onun ?l?m?n? Yazar Mete Tuncayla q?z??n bir m?bahis ?s?b?b olub?
Yazar Jahid Tanyol Kemal Tahirin ?l?m?n? Mete Tunjayla aralar?nda olan bir m?bahis?nin n?d?n oldu?unu ir?li s?r?r.V? hadis?ni bel? anlad?r: “Kemal Tahirl? 23 aprel 1970-ci ild? ?stanbulun k?nar me??likl?rind?n birin? gedib kabab ??km?k v? dinj?lm?k ???n raz?la?m??d?q.O, “20 aprel ax?am? Mehmet Barlas?n ( m?h?ur K??? yazar? (T.A.) evin? ged?k”-dedi.M?n g?lm?y?c?yimi s?yl?dim v? dedim ki, onsuz da ?stanbul d???nda g?r???j?yik.”

Təbii, biz bunu diqqətsizlik yox, məhz bizim komputer sistemimizin bir əksikliyi kimi diqqətə çatdırmaq istədik və üstəlik də hər hansı bir  yazını qəzetin  internet səhifəsindən çıxararaq “WORD” deyilən bir proqramın içində bir fayl halında qeyd eləyəndə məhz “Ə” hərfləri problem yaradır. Baxın bu yalnız mənim komputerimdədir deyə bir şey yox ( amma bu da ola bilər) bir çox dostlarımız və yazarlarımız bununla üz-üzədir. Çünki əlimizdə olan bilgilərə görə bir redaksiyada yazılan bir yazı başqa bir redaksiyada normal oxunmur.


ONLAR NƏ DEDİLƏR

Professor,millət vəkili  Nizami Cəfərov : həqiqətən də əlifbamızda müəyyən dəyişikliklərin edilməsi vacibdir: “Fikir versək görərik ki, əlifbamızda bir sistemsizlik var. Buna görə də bu məsələlərə yenidən baxmaq, irəli sürülmüş təklifləri müzakirəyə çıxarmaq vacibdir. Yəni irəli sürülən bu təkliflər təsadüfü deyil. Həm də indi komputer əsridir. Baxmayaraq ki, bizim əlifba latın qrafikalıdır, komputer və telefonlarımızda bu işarələr başqa cür yazılır. Yəni əksər telefonlarda “ə” işarəsi yoxdur. Bunun yerinə məcbur qalıb “e” yazırıq”.
Millət vəkili bildirib ki, türk xalqlarının ümumi - ortaq əlifbası yaradılmalıdır: “Bu bizim marağımızda olan bir məsələdir. Biz istəyirik ki, bütün türk xalqları bir işarəni eyni cür oxusun və eyni cür də tələffüz etsin. “A” hərfi bütün türk xalqlarının əlifbasında var və “a” səsini ifadə edir. Bu zaman hansı türk dillərində “ə” səsi varsa, bu da eyni işarə ilə ifadə olunmalıdır. Bu cür problemə görə müəyyən dəyişikliklər lazımdır. Hətta Türkiyə türkcəsində də “ə” səsinin işarəsinə ehtiyac var. Əgər biz ümumi əlifba yaranmasını istəyiriksə, bu zaman Türkiyə əlifbasında da dəyişikliklər olunmalıdır”.

 Nizami Cəfərov bütün bu məsələlərin geniş müzakirələrə ehtiyacı olduğunu qeyd edib: “Bildiyimiz kimi, əlifba xalqa məxsus bir şeydir. Buna görə ən tanınmış mütəxəssisin belə, bu yöndə söylədiyi fikirlər müzakirələrə çıxarılmalıdır. Bizdə latın əlifbasının əsasında xeyli sayda kitablar nəşr olunub, hazırda da nəşr olunmaqdadır. Buna görə də burdan geri dönüş yoxdur. Amma təmkinlə, hövsələylə müəyyən məsələləri müzakirə edib həll etmək olar. Ola bilər, bu bir neçə il çəksin. Amma müzakirələr ümumilikdə qaçılmazdır”.

AY CAN-AY CAN, ƏLİFBAMIZI
YENƏ DƏYİŞƏCƏKLƏR

(“Ədalət” qəzetindən): Ötən əsrdə əlifbamızı dörd dəfə dəyişdilər və millətimizi xoşbəxt elədilər bununla. Artıq o qədər xoşbəxt olmuşuq ki, övladlarımız atalarının kitablarını oxumaq üçün bir əlifba, babalarının kitablarını oxumaq üçün başqa bir əlifba, ulu babalarının kitablarını oxumaq üçün başqa bir əlifba öyrənməlidilər. Maşallah, övladlarımız da od parçasıdılar, hətta qədim türk əlifbasını da bilirlər.
İndi yenidən əlifba söhbəti ortaya düşüb və deyirlər ki, əlifbaya təzədən baxmaq lazımdı, əsas məsələ də “ə” hərfinin üstündədi.
Qarabağda biri düşük söhbət edəndə deyirlər:
- Ə, qoy oturmuşuq.
İndi necə deyəcəklər:
- A üstündə iki nöqtə, qoy oturmuşuq.
Yadımdan çıxmışdı, Akademiyanın prezidenti hörmətli Mahmud müəllim də “ə” hərfini xoşlamır.
Görünür, bir də “ə” hərfini bəzi adamlar ona görə dəyişmək istəyirlər ki, onlara elə gəlir ki, millət onlara öz aralarında “Ə” deyir.

(Davam edəcək)

[email protected]
tofigabdin.com

 





15.09.2012    çap et  çap et