525.Az

“Rəsulzadə, Şəhidlər Xiyabanı və ya ictimai qınaq”


 

“Rəsulzadə, Şəhidlər Xiyabanı və ya ictimai qınaq”

Ankaradan  Bakıya gəldikdən bir neçə gün sonra gecə vaxtı ailəliklə Şəhidlər Xiyabanına getdik. Bir kənarda oturub bayrağın çırpınışlarını dinləyirdim. Qeyri-ixtiyari olaraq facebooka girib status yazdım. Atası şəhid milli qəhrəman bir dostum bu statusdan sonra mənə bir neçə mesaj göndərdi, mən də ona.  Nəhayət, öyrəndik ki, qardaşımızın atasının məzarı da xiyabanda imiş: “ Atamın məzarı da oradadır: gül satılan yerdən sola düz gedirsən, qabaqdan yuxarı qalxırsan YUSİFOV ELXAN BAYANDUR OĞLU”. Ailəcə qəbir daşlarının üzərini oxuya-oxuya həmin məzarı axtarmağa başladıq. Çox fərqli bir duyğudur, qəbir daşlarını kitab kimi vərəqləyir, bəzilərinin arasında qurumuş güllərə rast gəlirdik. Birdən gördüyüm mənzərə qarşısında hərəkətsiz qaldım: Yaxşı geyimli bir neçə cavan qız və oğlan əllərində it-pişik rusça danışa-danışa qəbirlərin arasında qucaqlaşıb gəzişir, ingilis dilində mahnılar oxuyurdular. Tüklərim biz-biz oldu, dinə bilmədim.. Elə bu məqamda nədənsə Məhəmməd Əminin məzarını xatırladım və yazdım.

Ankaranı mənə doğmalaşdıran iki səbəb var: Məhəmməd Əmin Rəsulzadə bu soyuq iqlimli paytaxtda uyuyur və təhsil aldığım ali məktəb həmin şəhərdə yerləşir. Qəribə bir hissdir, Məhəmməd Əminin qəbirinin Cəbəcidə olduğunu bilirəm və buna görə də dayısının polis rəisi ilə tanışlığına güvənib könlü istəyəntək maşın sürən cavanlar kimi Kızılayda elə ürəkli addımlayıram ki, görən deyər, Gülün köşkündən çıxmışam. M.Ə.Rəsulzadə qürbətdə ata ocağı kimidir. Bəzən soyuq bir qış gecəsi dəhşət darıxıram, üz tuturam Rəsulzadənin qəbrinə. Cibimdən nəmli bir salfet çıxarıb kişinin məzar daşının tozunu silirəm, öpürəm, buz kimi olur. Əllərimi açıb oxuyuram: “Fatihə”, “İxlas”, “Ayət`əl kürsi”... Halımızdan utanıram; atam baxımsız bir məzarda sözün əsl mənasında ölümünü gözləyən ağır xəstə kimi torpağı başına çəkib kimsəsiz, səs eləmədən uyuyur. Mən əynimdə Bakıdan hesabıma bir neçə gün öncə göndərilmiş pul ilə alınan marka paltarlarda ona  dərdlərimizi danışıram. O isə susqundur, elə hey qulaq asır. Sinəsinin üstündə solğun bir Azərbaycan bayrağı şəkli var, görən deyər ki, 1918-dən qalıb. Sonra yavaş-yavaş qəbirstanlığı tərk etmək istəyəndə artıq dostlaşdığım mühafizə işçisi mənə yaxınlaşıb deyir: “Kardeşim, gece-gece gəlməsənə, gündüz gəl, rahat ziyaret et. Gülümsəyirəm: “Abi, iyi gecələr”...

Məhəmməd Əminin məzarını xüsusi günlərdə ziyarət eləməyi sevmirəm. Amma keçən 28 May günü tələbə dostlarım getməyi təklif etdilər, mən öncə razılaşmadım, sonra qəbul etməli oldum. Məzara yaxınlaşanda bir xeyli adamın yığışdığını gördüm, sevindim. Bir müddət sonra qəbir üstünə Bakıdan “plakat”lı adamlar axın elədilər. Müxtəlif müxalifət partiyalarının təmsilçiləri, bəzi tanış simalar var idi. Məşhur gənclər təşkilatlarının aktiv üzvlərini də görə bilirdim, siqarət çəkə-çəkə qəbirlərin arasında gəzişir, arada bir-birilərinə söz atıb zarafatlaşırdılar. Rəsulzadənin məzarını əhatəyə alan nümayəndələr növbə ilə çıxış eləməyə başladılar. Bir-iki nitqdən sonra qəbir ziyarəti mahiyyətini dəyişib etiraz aksiyasına dönüşəndə ətrafımdakı tələbə dostlarımın üz ifadələrini görməyə dəyərdi. Yaxınlığımızda dayanan türk polislər də  “bozqurd tutan” adamlara çaşqın nəzərlər salır, nə baş verdiyini anlamaqda çətinlik çəkirdilər. Mən onları başa düşürdüm, çünki bu meqafona qışqıran bizimkilər Turançılığın ictimai istiqamətlərindən bəhs edir, sonra məmurlardan danışır, hakimiyyətin daxili və xarici siyasətini tənqid edirdilər. Məhəmməd Əmin, həqiqətən, yaddan çıxmışdı. Nigarançılıqdan birtəhər olmuşdum, gördüm ki, yox, məsələ həllini tapır. Çıxışının ortasında hönkürən bir “xala” əllərini açıb kişinin qəbrinə sarıldı və şəkil çəkəni çağırdı. Fotosessiyanı şüarlar müşahidə edirdi. Bir anlıq diqqətim yayılmışdı ki, Rəsulzadənin məzarına baxanda nə görsəm yaxşıdır?! “Xala” yerini dəyişib, fərqli bir pozada şəkillər çəkdirir. Belə insanları çox görmüşəm. Qəzetlərin manşetində öz başlarını göy diyircəkli qələm ilə qaralamaq bax, filankəsinin solunda ikinci dayanan mənəm deyə bilmək üçün yaşayırlar. Qatıqlayan adamlar üçün qatığın ağ, ya da qara olması bir o qədər əhəmiyyət kəsb eləmir. Bu cür adamlara vətənimizdə demək olar ki, istənilən siyasi düşərgədə rast gəlmək olar. Nə isə... Gördük ki, bu camaat Rəsulzadəni, ruhuna dua eləməyi unudub elə ancaq qurddan, millətdən danışırlar, “Fatihə”mizi oxuyub yavaş-yavaş hadisə yerini tərk eləməyi qərara aldıq. Elə bu vaxt qadın mənə yaxınlaşıb xahiş elədi ki, onunla şəkil çəkdirim. Dedim ki, xala, başqa vaxt, inşallah! Qəbirstanlıqdan ayrılan zaman gənclərdən birinin əlində tutduğu yazı diqqətimi çəkdi: “Gələ bilmədim. İmza: Azərbaycan”.

Azərbaycan gələ bilməmişdi, amma biz Azərbaycandan getdiyimiz kimi Azərbaycana gələ bilirik. Milli barışıqdan, birlikdən danışırıq. Bəlkə bu dəfə, həqiqətən, dəyişək. Şəkilsiz, şüarsız, özümüz üçün, Azərbaycanımız üçün! Bəlkə bu dəfə xaricdə çox xatırlamaqdan unutduğumuz Məhəmməd Əmin Rəsulzadə kimi düşünək. Milli Məclisimizin önündəki Şəhidlər Xiyabanını “ictimai zoopark”a çevirməmək üçün bir fikir davasına başlayaq. Biz azərbaycanlı və azərbaycançı gənclər kimi ictimai qınağı formalaşdırmalı olduğumuzun fərqinə varır, bir sosial kampaniya üçün əl-ələ verək deyirik. Gəlin, milli, mənəvi və dövlətçilik hisslərimizə sayğısız yanaşan fərdləri istər azərbaycanlı, istərsə də xarici vətəndaş olsun, qınayaq. Bizə dəstək olun. Siz də milli dəyərlərinizi tapdalayan insanlara xoş nəzərlərlə baxmayın. Xəbərdarlıq edin, riayət eləməsələr, qınayın. Xaricdə də, vətəndə də azərbaycanlısınız. Ölkəmizin adı  Azərbaycan Respublikasıdır. Və biz bu şərəfli adla yaşamaq öhdəliyini  üzərimizə götürmüşük. 

 





15.09.2012    çap et  çap et