525.Az

Gövhər Baxşəliyevadan Xətai ilə bağlı PA rəhbərinə dəstək (Müsahibə)


 

Gövhər Baxşəliyevadan  Xətai ilə bağlı  PA rəhbərinə dəstək<b style="color:red"> (Müsahibə)</b>

Millət vəkili, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,  professor  Gövhər Baxşəliyevanın  525.az-a müsahibəsi

 

-Gövhər xanım, son dövrlər  Azərbaycanın  dahi şairi və böyük sərkərdəsi Şah İsmayıl Xətainin (Səfəvi) adı, şəxsiyyəti, fəaliyyəti ətrafında çeşidli müzakirələr, hətta, bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən diskussiyalar, fikir dartışmaları getməkdədir.  Xüsusilə də, qardaş Türkiyənin məşhur telekanallarından birində gedən “Möhtəşəm yüzil” serialında  Xətainin açıq-aşkar  ittiham, təhqir  obyektinə çevrilməsindən sonra bu müzakirələr daha intensiv xarakter almaqdadır. Eyni zamanda, heç təsadüfi deyil ki, bu günlərdə Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” yazısı dövrü mətbuata  işıq üzü görüb və burada bir çox suallara aydınlıq gətirilib.  Belə demək mümkünsə, bu yazı geniş əks-sədaya səbəb olub. Odur ki, bir şərqşünas alim kimi sizin də bu barədə  fikirlərinizi öyrənmək istərdik.

 

-Sualınızın birbaşa cavabına keçməzdən öncə ilk növbədə  onu qeyd etmək istəyirəm ki, İran tarixşünaslığı istər elmi tarixşünaslığın formalaşmasından əvvəl salnamələr, xronologiyalar mərhələsində, istərsə də elmi tarixşünaslıq formalaşdıqdan sonra İran-mərkəzçilik prinsipinə əsaslanır. İran tarixinə dair müxtəlif səpkili yazılarda İran, İran dövləti, İran mədəniyyəti və farslar araşdırmaların, təsvirlərin baza komponentlərini və alınan nəticələrin mühüm tərkib hissəsini təşkil edir. İranın öz müstəqilliyini itirdikdən sonra müxtəlif dövlətlərin tərkibində bütövlükdə və ya qismən mövcud olduğu dövrlərin tarixi yazılarkən də əsas diqqət İran komponentlərinin vəziyyətinə yönəldilir, onların rolu şişirdilir və həmin dövlətlər bu və ya digər cəhətdən İran dövləti və ya iranlıların fəal, hətta istiqamətverici rol oynadığı dövlətlər kimi təqdim edilir.

 

 Bunun ən geniş yayılmış üsullarından biri, xüsusən türklərin hakimiyyəti illərində çox zaman farslardan ibarət olan baş vəzirlərin fəaliyyətini, onların faktiki hakim olduqlarını şərh etmək olub. Başqa sözlə, fars salnaməçiləri və tarixşünasları İran ərazisində qeyri-farsların yaratdıqları dövlətləri İran dövləti və ya iranlıların dövləti kimi təqdim etməyə xüsusi əhəmiyyət veriblər və verməkdə davam edirlər. Bunun sonuncu və ən bariz nümunələrindən biri Səfəvilər dövlətinin İran dövləti kimi öyrənilməsi və təqdim edilməsidir.  Səfəvi dövlətinə, onun ayrı-ayrı nümayəndələrinə münasibət yuxarıda qeyd edilən İran-mərkəzçilik əsasında formalaşır. Belə ki, Səfəvi dövləti islam inqilabından əvvəl də İran, milli İran dövləti hesab edilsə də, Səfəvi dövründən danışarkən dövlətin əsasını qoyan Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətinə ən az, sülalənin digər üzvü Şah Abbasa maksimum diqqət ayrılırdı...

 

- Bu da görünür  və çox güman ki, inqilabdan əvvəl İran tarixşünaslığının İran, İran milləti, İran mədəniyyəti, fars dilinin roluna əsaslanan ideologiyaya xidmət etməsi ilə bağlı idi...

 

-Fikirlərinizlə tam şərikəm. Məlum olduğu kimi, Şah İsmayılın siyasi, mədəni və dini fəaliyyəti həmin tələblərə cavab vermədiyindən ən az diqqətə layıq görülürdü.

 

 İslam inqilabından əvvəl Şah İsmayıl haqqında, demək olar ki, ayrıca kitablar meydana gəlməmişdir. Hətta, tarix dərsliklərində belə Şah İsmayılın hakimiyyəti illərinə minimum yer ayrılırdı və sülalənin İranı vahid dövlətdə birləşdirməsi məsələsi ön plana çəkilirdi. İran İslam inqilabının qələbəsindən sonra vəziyyət kökündən dəyişmiş, Şah İsmayılın həyat və fəaliyyətinin müxtəlif cəhət­lərinə həsr olunmuş ədəbiyyat meydana gəlmiş və farsdilli internet saytlarında daimi yer tutub. Onu da əlavə etmək lazımdır ki, Şah İsmayılın həyat və fəaliyyəti nəinki elmi və geniş ictimaiyyətin maraq dairəsinə daxil olmuş, həmçinin islam siyasi sistemi ilə dünyəvi müxalifət, dini və dünyəvi qüvvələr, azərbaycanlı və fars milli və millətçi qüvvələr, şiə və sünni təriqətləri tərəfdarları, “təmiz, xalis, islam”ı “bərpa etmək” və mövcud dini  vəziyyətin qorunub saxlanması tərəfdarları arasında mübarizə obyektinə çevrilib.  Bütün bunlar Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətini daha dərindən və hərtərəfli öyrənməyi, hadisələrin gedişi və nəticələrinə qiymət verməyi tələb edir. Müxtəlif siyasi, etnik, dini, mədəni və s. qrupların və qüvvələrin nümayəndələrinin Şah İsmayılın həyat və fəaliyyətini araşdırmağa çalışması qeyd edilən qrupların mövqeyindən asılı olaraq öyrənilən məsələnin müxtəlif cəhətlərinə daha çox diqqət yetirilməsinə və bunun əsasında arzu olunan nəticələrin əldə edilməsinə şərait yaradır. İranda Şah İsmayıl Səfəvinin, Səfəvilərin fəaliyyətinin ilkin mərhələsinə yanaşmada üç mövqeyin mövcud olduğunu göstərə bilərik. Birinci və çox məhdud qrupa  məsələyə mümkün qədər obyektiv yanaşmağa  çalışan tarixçi alimləri aid etmək olar. Onlar məsələyə daha dərindən yanaşmağa, hadisələri elmi baxımdan şərh etməyə üstünlük verirlər. Həmin əsərlər Şah İsmayıl Səfəvinin hakimiyyətə gəlişinin ictimai, tarixi, siyasi, sosial şərtlərini, yeni hakimiyyətin fəaliyyətinin mahiyyəti haqqında ətraflı, nisbətən obyektiv təsəvvür yaranmasına yardım edirlər. Təəssüf ki, həmin əsərlərdə Şah İsmayılın iranlı (fars) olduğu, fəaliyyətinin məqsədinin mərkəzləşdirilmiş İran dövləti, İranın siyasi müstəqilliyini bərpa etmək, milli birlik yaratmaq olduğu vurğulanır. İkinci qrupa əsasən sosial sifariş əsasında yazılan, ona görə də obyektivlikdən uzaq olan və səthi təbliğat xarakteri daşıyan yazıları aid etmək olar. İnternet saytlarında informativ xarakter daşıyan belə yazılarda Şah İsmayılın yalnız “irançılıq” sahəsində, şiəliyin dövlət məzhəbi səviyyəsinə qaldırılması sahəsində fəaliyyəti təbliğ və mədh edilir. Üçüncü qrupa fars millətçiliyi mövqeyində duran müəlliflərin “elmi” və elmi-publisistik, təbliğati xarakterli yazıları aid edilə bilər. Belə yazılar arasında irantarix.ir saytının sahibi, naşiri, yazarı doktor Əmin Hüseyn Xonçinin panfarsizm, antitürkizm (antiazərbaycanizm), antiərəbizm mövqeyindən yazılmış, öz saytında və digər saytlarda yerləşdirilmiş “əsərləri” xüsusi yer tutur. Bu əsərlərin sayı 37-yə çatır. Onun “İran tarixi” adlı irihəcmli yazısının 9 hissəsi Şah İsmayıla həsr edilib. Həmin yazıların bir hissəsi “Tarix-e Şah ismayıl Səfəvi” kitabı adı ilə çap olunub. “Qızılbaşan dər İran” (“İranda qızılbaşlar”) adlı digər əsərində müəllif Şah İsmayıl və onun fəaliyyəti haqqında İran tarixşünaslığında qərarlaşıb  və ümumi qəbul olunmuş fikirləri təkzib etməyə çalışıb. Onun Şah İsmayıl və Səfəvi dövləti haqqında fikirlərini qısa şəkildə belə xülasə etmək olar. Şah İsmayılın, qızılbaşların tarixi, mədəni, genetik baxımdan İran və iranlılıqla (farslıq) heç bir əlaqəsi yoxdur. Səfəvi dövləti xaricdən (Anadoludan) gəlmiş türklər tərəfindən yaradılıb. Yeni hakimiyyəti yaradanlar yad mədəniyyət (türk sufilik və qızılbaşlıq) və dilin (türk) daşıyıcısı idilər. İranı ələ keçirmiş, onu amansız şəkildə istismar etmiş, öz mədəniyyətlərini inkişaf etdirmiş və dillərini geniş yaymışlar. Şah İsmayıl nə vahid İran dövləti, nə də iranlıların milli birliyini yaratmaq haqqında düşünmürdü. O, ilahi missiya (sunniliyi məhv etmək) yerinə yetirdiyinə inanırdı və bütün səylərini həmin istiqamətə yönəltmişdi...

 

-Gövhər xanım, maraqlı və qəribə də olsa, istər Şah İsmayılı milli İran dövlətinin yaradıcısı hesab edənlər, istərsə də Şah İsmayılı qeyri-İran (fars) dövləti yaratmaqda ittiham etmək  tərəfdarlarını sanki bir məsələ birləşdirir: Azərbaycanın, o cümlədən, Cənubi Azərbaycanın və Azərbaycan xalqının, Azərbaycan türklərinin  hesaba alınmaması...

 

-Tamamilə, doğrudur. Bilirsiniz, burada  birincilər Azərbaycanın İranın bir hissəsi, azərbaycanlıları türkləşmiş farslar hesab etdiyindən Azərbaycanla bağlı olan, subyekti azərbaycanlılar olan mühüm tarixi hadisəni İran hadisəsi adlandırırlar. İkincilər də eyni mövqedən çıxış edərək, azərbaycanlıların yaratdığı dövləti qeyri-iranlı (fars) dövləti adlandırırlar. Sonuncuların fikrincə azərbaycanlılar fars olduqları üçün türk idarə sistemi ilə fəaliyyət göstərən, şifahi sferada türk dilini rəsmi dövlət dili səviyyəsinə yüksəldən bir dövlət yarada bilməzdilər. İranda İslam inqilabından sonra Səfəvi dövləti, xüsusən onun banisi Şah İsmayılın həyat və fəaliyyətinə artan diqqət və onun mübarizə obyektinə çevrilməsi, çox güman ki, Cənubi azərbaycanlıların milli azadlıq mübarizəsinin genişlənməsi ilə bağlıdır. Məlum olduğu kimi, milli-mədəni muxtariyyat və müstəqillik ideyaları, həmin istiqamətdə fəaliyyət göstərən müxtəlif səviyyəli milli təşkilatların meydana gəlməsi XX əsrin 90-cı illərinin əvvəllərindən yeni mərhələyə qədəm qoyub. Elə həmin vaxt Şah İsmayıl haqqında çoxsaylı kitablar işıq üzü görüb. Cənubi azərbaycanlıların milli azadlıq mübarizəsində Azərbaycan dilinin statusunun yüksəldilməsi əsas məsələlərdən birini təşkil edir və bu ideyanın tərəfdarları çox zaman türk dilinin Səfəvilərin hakimiyyəti illərindəki statusunun bərpa edilməsini tələb edirlər. Azərbaycanlıların milli-azadlıq mübarizəsinə qarşı ideoloji müqaviməti gücləndirmək üçün Şah İsmayılın həyat və fəaliyyətinə yenidən nəzər salaraq, onun İranın müstəqilliyi, milli vəhdəti uğrunda mübarizə apardığı, bu məqsədlə şiəliyi dövlət dini elan etməsi ön plana çəkilir...

 

 -Yəni, belə demək mümkünsə,  Şah İsmayılın əsas məqsədinin Azərbaycan və Azərbaycan xalqı, onun mədəniy­yəti və dili ilə bağlı olmadığını sübut etməyə çalışırlar...

 

-Təəssüflər olsun ki, bəli. Digər tərəfdən, Şah İsmayılın və onu hakimiyyətə gətirən qüvvələrin-sufi və ya sonralar qızılbaşların iranlı (fars) olmadığı, azərbaycanlıların isə türkləşmiş farslar olduğunu iddia edir, Şah İsmayılın Azərbaycan, Azərbaycan xalqı, onun taleyi, mədəniyyəti və dili ilə heç bir əlaqəsi olmadığını sübut etməyə çalışırlar. Şah İsmayılı iranlılaşdırmaq və ya azərbaycanlılardan ayırmaq siyasəti Azərbaycan, azərbaycançılıq ideyasının zəiflədilməsinə yönəlib. Şah İsmayılın fəaliyyətinin mahiyyətinin dini inqilab etməkdən ibarət olduğunu iddia etmək isə dünyəviliyə, etnik millətçiliyə, Şah İsmayılın Azərbaycan milli azadlıq hərəkatından kənar tutulmasına xidmət edir. Təsadüfi deyil ki, İran İslam Respublikasının prezidenti M.Əhmədinejat 2011-ci ildə Şah İsmayıl ilə əlaqədar olaraq deyib: “Şah İsmayıl tohid və ədalət bayrağı qaldırdı. Dini həqiqətin nümayəndəsi tarixi-dini missiya yerinə yetirərək, dayaqları möhkəmləndirib, elə bir yola çıxdı ki, 400 il keçdikdən sonra onu davam etdirmək və möhkəmləndirmək üçün İslam inqilabı baş verdi”. Bütün bunlar Şah İsmayılın həyat və fəaliyyətinin  bütün aspektlərinin geniş elmi və obyektiv şəkildə öyrənil­məsinin son dərəcə vacib olduğunu göstərir. Şah İsmayıl tarixi dönüş mərhələsində siyasi səhnəyə çıxdığından, tarixi, mədəni, sosial mühitin, şəxsi keyfiyyətlərinin təsiri altında çoxcəhətli bir insan kimi formalaşmışdı. Bütün bunlar ona qarşı münasibətin müxtəlif olmasına, çox zaman ikinci dərəcəli keyfiyyətlərinin şişirdilməsinə və s. bütövlükdə fəaliyyətinin təhrif olunmasına şərait yaradır...

-Siz də belə hesab edirsiniz ki, onun dövlət fəaliyyətini və şəxsi həyatını əks etdirən tərcümeyi- .halının yayılmasına  böyük ehtiyac var?..

 

 -Buna çox böyük ehtiyac duyulur. Özü də bu sahədə yazılmışları təkrar etmək, mövcud olan yazılarla kifayətlənmək olmaz. Şah İsmayılın İran dövlətçiliyinin bərpa edicisi olması mifinin dağıdılması Cənubi Azərbaycanın milli-azadlıq mübarizəsinə mühüm dəstək olardı. Bu zaman fars müəlliflərinin iddialarının arqumentlər əsasında məntiqi şəkildə əsassız olduğunun sübut olunmasına xüsusi diqqət yetirilməlidir. Şah İsmayılın və onun yaxın ətrafının məhz Azərbaycan dövlətini yaratmaqdakı rolu, eləcə də xalqımızın etnik və mədəni inkişafında, onun mili şüurunun inkişafında yerini müəyyən etmək çox vacibdir... Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı şəxsiyyət kimi” məqaləsi isə deyərdim ki,  bir çox məsələlərlə yanaşı, həm də haqqında söhbət açdığımız məsələlərin həllinə böyük töhfə verir. Məqalə çox yüksək professional səviyyədə yazılıb. O konseptual xarakteri, proqram səciyyəsi və dərin azərbaycançılıq ruhu ilə seçilir. Məqalədə bugünkü Azərbaycan tarix və mənbəşünaslıq elmləri üçün son dərəcə aktual, həlli vacib olan məsələlər qaldırılır. Müəllif tarixi irsin araşdırıl­masına hərtərəfli dövlət dəstəyini nümayiş etdirərək, bu irsi yenidən xalqımıza qaytara biləcək, tarixi həqiqətlərin təhrifinə tutarlı cavab verəcək peşəkar mütəxəssislərin qarşısında duran vəzifələrdən söhbət açır. Müəllif çoxsaylı tarixi mənbələrə istinadən Azərbaycan xalqının tarixinin ən şərəfli mərhələlərdən birini - Səfəvilər dövlətinin yaranmasını və onun banisi Şah İsmayıl Səfəvinin fəaliyyətini qiymətləndirir, onu mərkəzləşdirilmiş Azərbaycan dövlətinin qurucusu kimi səciyyələndirir. Akademik Ramiz Mehdiyev tutarlı dəlillərlə sübut edir ki, məhz Səfəvilər dövlətində Azərbaycan türklərinin hakim mövqeyi ən müxtəlif sahələrdə təsdiqləndi və fəaliyyət göstərdi. Bu dövlətin yaradılması xalqın iqtisadi və mədəni dirçəlişinə güclü təkan verdi. Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırıldı, milli azərbaycanlı şüurunun formalaşmasında surətli inkişaf baş verdi və sair. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin məqaləsi Şah İsmayılın fəaliyyətini və şəxsiyyətini təhlil edən çox ciddi obyektiv elmi araşdırmadır və xalqımızın şərəfli tarixinin bədxahlarına tutarlı cavabdır. Düşünürəm ki, məqalə hələ uzun müddət ictimaiyyət tərəfindən, ayrı-ayrı kollektivlərdə öyrənilib müzakirə ediləcək, orta məktəb və ali təhsil müəssisələrinin tələbələrinə bir dərs vəsaiti kimi tədris olunacaq.


Kamil Həmzəoğlu

 





14.12.2012    çap et  çap et