525.Az

Milli səhər yeməyi kompleksi təqdim edilib


 

Milli səhər yeməyi kompleksi təqdim edilib<b style="color:red"></b>

İyunun 8-də İçərişəhərdə yerləşən milli restoranların birində Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün "Azerbaijan breakfast" (AB) milli səhər yeməyi kompleksi və onun mehmanxana və mehmanxana tipli obyektlər və turistlərə xidmət göstərən iaşə obyektlərində tətbiqinə dair layihənin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunub.

Eyni zamanda xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla gələcəkdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Layihə milli mətbəximizin, xüsusilə səhər yeməyi ənənələrimizin beynəlxalq və milli səviyyədə kulinariya, iaşə və turizm xidməti seqmentində respublikamızın mülkiyyəti və qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ olunması, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi və təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanıb. Layihə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilib və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb.

Bununla yanaşı, layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin olunması məqsədilə nazirlik tərəfindən layihənin tətbiqinə dair müvafiq qaydalar tərtib edilib.

Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi "Azerbaijan breakfast" adı altında təbliği və təqdimatı son nəticədə milli mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, o cümlədən, xarici ölkələrdə də tanıdılmasına əlverişli şərait yaradacaq.

 





09.06.2015    çap et  çap et