525.Az

Zəriflik və kübarlıq poeziyası


 

Zəriflik və kübarlıq poeziyası<b style="color:red"></b>

Çağdaş Türk şeirinin ən kübar xanım yaradıcılarından biri Afaq Şıxlıdır.

Çağdaş Türk Aydınlığının ən nurlu xanım simalarından biri Afaq Şıxlıdır.

Çağdaş Türk mədəniyyətinin ən dəyərli xanım təmsilçilərindən və təbliğçilərindən biri Afaq Şıxlıdır.

Çağdaş Dünya insanlığının universal xanım istedad daşıyıcılarından biri Afaq Şıxlıdır. Həkim, şair, tərcüməçi, bəstəkar, ziyalı, vətəndaş, ana - Afaq Şıxlı!

...Mən onun özündən çox-çox öncə şeirlərini tanımışam. Bu sətirləri yazarkən, Afaq xanımın ilk şeirini nə zaman, harda və hansı əhval-ruhiyyədə oxuduğumu xatırlaya bilmirəm. Amma onu çox yaxşı xatırlayıram ki, ilk şeirini oxuduqdan sonra içimdə heç zaman unutmayacağım iki duyğu baş qaldırdı: birincisi, daşıdığı şərəfli "Şıxlı" soyadına olan şükranlarımın və rəğbətimin çox dəyərli bir xanım şairə timsalında yenilənməsi, ikincisi müəllifin bədii ruhunun və təfəkkürünün ilahi məsumluğundan onu bir bacı obrazında görməyim. Sonralar, Afaq xanımın çoxsaylı yazılarını respublikamızın nüfuzlu qəzet və jurnallarından, qardaş məhəbbəti ilə, böyük maraqla izləməyə başladım.

Tale elə gətirdi ki, 2009-cu ildə qardaş Türkiyənin Beynəlxalq Aktivist Sənətçilər Birliyinin nümayəndəsi olaraq, Moskva şəhərində fəaliyyət göstərən keçmiş SSRİ Yazıçılar İttifaqının varisi olan Yazıçılar Birliklərinin Beynəlxalq İttifaqının qurultayında həmin təşkilatın İcraiyyə Komitəsinə üzv seçildim (yeri gəlmişkən qurultayın keçirildiyi üç gün ərzində İttifaqın o zamankı sədri, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Rusiya Federasiyasının Dövlət Himnlərinin müəllifi, əfsanəvi insan Sergey Mixalkovla tanışlığı və onunla səmimi ünsiyyəti ömrümün unudulmaz anlarından hesab edirəm). Sonralar, bu təşkilatın işində fəal iştirakım zamanı Moskvada yaşayan şair və yazıçı soydaşlarımızdan Afaq xanım haqqında hər zaman ürəkaçan söhbətlərin şahidi oldum. Onun həm istedadlı bir qələm adamı, həm də Rusiyadakı diasporumuzun fəal üzvü olması haqqında tez-tez xoş sözlər eşitdim. Ailəlikcə, Moskvada düzənlənən bütün milli-mədəni tədbirlərimizdə can yandırdıqlarını öyrəndim. Beləliklə, Afaq xanıma olan qardaş marağım daha da böyümüş oldu.

Ömrümün sevimli şairlərindən biri olan Məmməd İsmayılın Afaq xanımın yaradıcılığı haqqında yazdığı "Şeir onun üçün qara sevdadır" adlı əhatəli yazısı bu qardaş marağının kuliminasiya nöqtəsi oldu. Ustad Məmməd İsmayılın bu yazısından kiçik bir sitat: "...Ədəbiyyat dil hadisəsidir. Hər şeydən əvvəl Afaqın əsərlərində mükəmməl coşqulu və axıcı bir dilin varlığı razılıq doğurur.

...Şeirə, ədəbiyyata qara sevda ilə vurulduğundandır ki, Afaq Şıxlının ədəbi uğurları ildən-ilə, aydan-aya deyil, mən deyərdim gündən-günə artır. Beynəlxalq Yazıçılar və Qəzetəçilər Assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliyinin üzvü olması bu elqızımızın artıq ölkə sərhədləri dışında ədəbiyyatımızın layiqli təmsilçisinə çevrildiyinin bir sübutudur. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən və Rusiyada, Türkiyədə, Almaniyada tez-tez çap olunan Afaq xanımın internetdə də pərəstişkarlar ordusunun olduğunu söyləmək heç də mübaliğə olmazdı.

Şairənin şeirlərinə bir çox qələm sahibləri nəzirələr yazırlar. Onlardan biri də elə mənəm. Onun şeirlərinin arasında tez-tez elələrinə rast gəlirəm ki, sadəcə oxuyub ötə bilmirəm".

Elə zənn edirəm ki, böyük şairimizin sözünün qüdrətini və ciddiyyətini tanıyan hər bir insan, düşüncəsində Afaq Şıxlı şəxsiyyətinin coğrafi xəritəsini cıza bilər.

Şairənin şəxsiyyətinə və yaradıcılığına böyük marağım sonrakı mərhələdə sosial şəbəkə müstəvisində daha da genişlənməyə başladı. Son üç ildə demək olar ki, hər gün mütləq Afaq xanımın bir şeirini oxuyuram.

Ən nəhayət, uzun illərin şifahi "bacı-qardaşlığından" sonra, bu ilin 5 iyununda əziz qardaşım Xəyal Rzanın təşəbbüsü ilə düzənlənən Şairlər gününə həsr olunmuş təntənəli tədbirdə Afaq xanımla şəxsən tanış olmaq şərəfinə nail oldum. Həmin mərasimdə hər ikimiz Mikayıl Müşfiq mükafatına layiq görüldük. Xanımımla birgə, ona yaxınlaşıb təbrik etdik. Və özümü üçümüzün də təbəssümlə qarşıladığı belə bir cümlə ilə təqdim etdim - mən sizin on illik qardaşınız olan Elçin İsgəndərzadəyəm. O andan etibarən Afaq xanım da özünü mənə onillərin doğma bacısı olaraq göstərdi.

Şairənin həyat yoldaşı Franis bəylə tanışlığımızın elə ilk anlarındaca əqidə və məsləyimizin, dünyagörüşümüzün, dostluq çevrəmizin hədsiz dərəcədə yaxınlığı Afaq xanımla "bacı-qardaş"lığımızın daimiliyini bir daha təsdiq etdi.

İndi mən Afaq xanımın "Sənə demədiklərim" kitabına ön söz yazarkən içimdən, bəlkə də Sizləri yoracaq bu tarixçəni paylaşmaq düşüncəsi keçdi və paylaşdım. Yoruldunuzsa, üzürlü sayın!

Açığını deyim ki, bu kitabı başdan-sona oxuyub bitirdikdən sonra Afaq xanım kimi bir bacım olmasından böyük qürur duydum.

Siz də oxuyub görəcəksiniz ki, Afaq Şıxlının bu kitabın sətirləri arasında çırpınan mənəvi dünyası, intellekti, insansevərliyi, milli-mənəvi dəyərlərimizə bağlılığı, vətən-yurd sevgisi həqiqətən fəxr ediləsi, şərəf və qürur duyulasıdır.

Kitabın oxucusu olaraq elə ilk səhifədə, Afaq xanımın "Müəllifdən" başlıqlı yazısında, onun öz oxucularına və şeirə verdiyi ali dəyərin və məsuliyyətin şahidi oluruq:

"İnsan öz ürək sözlərini yalnız ona ən əziz olan insanlara deyər, dərdini, sirrini yalnız ən yaxın adamlarına açar. Mən də bütün duyğularımı və hisslərimi sizinlə bölüşürəm. Bu xüsusdan, mənim üçün çox dəyərli olduğunuzu unutmayın! "

Bu isə şairənin şeirə olan ehtiramı:

"Çox qəribədir, hər bir içdən gələn, candan yazılan qəmli şeir, nə qədər qəmli olur-olsun, ürəyin yanğısını soyudur, yaralı qəlbə məlhəm olur. ...Və şeirin bu möcüzəsinin sirri hələ açılmamışdır. Şeir - ümumiyyətlə tayı-bərabəri olmayan möcüzələrin başında durur!"

Afaq Şıxlının əvvəlki kitablarında olduğu kimi, bu kitabında da toplanan bütün şeirlərin ən başlıca spesifik xüsusiyyətlərdən biri - onların poetik dilinin bulaq suyu kimi saf və dumduru olmasındadır. Şeirlərdə o qədər həzinlik var ki, oxuduqca sanki musiqi dinləyirmiş kimi rahatlıq tapırsan:

 

Hər an,

Hər gün

Sadiq qalıb öz sevgimə,

Sarıb səni ürəyimə

Nə düşündüm,

Bir bilsəydin!

Bilmədin ki...

Əl uzadıb vüsalına qovuşmaqçün

sevdim səni,

Unutmaqçün sevmədim ki...

 

və ya

 

...İstəyirəm

Hərdən səndən danışalar,

Adın dəyə qulağıma.

Bəlkə sözlər sığal çəkə

Əllərinə həsrət, islaq yanağıma...

 

Vətən sevgisi uzun illər qürbət və qəribçilik ömrü yaşayan şairənin poeziyasının ruhuna hopub. Bu mövzu çoxçalarlı amplualarda onun yaradıcılığının ana xətlərindən birini təşkil edir:

 

Yorsa da qürbətin qarı, çovğunu,

Vətəndə açılar qəlbinin donu.

Gün gələr, bir daha görərsən onu -

Tovuzun yolları Qazaxdan keçir...

 

və ya

 

Ürəyimiz oyuq-oyuq...

Sən də mənim kədər dostum.

Vətən isti, qürbət soyuq...

Bu nə tale, qədər, dostum?

 

Dilinin saflığı qədər, Afaq Şıxlı poeziyasının forma və məzmunu, strukturu və məna yükü də məsumluq, səmimiyyət, sadəlik, folklorumuza və adət-ənənələrimizə bağlılıq duyğuları aşılayır:

 

Başa gələn boş deyil ki...

Sevilməmək xoş deyil ki!

Ürəkdi bu, daş deyil ki,

İstəyirsən ağla bir az.

 

və ya

 

Yenə də düzülüb günlər sıraya...

Keçilməz sədd çəkib həsrət araya.

Məhəbbət çiçəyim düşüb səhraya,

Bəxtimin üzüyü dəryada qalmış.

 

Malik olduğu intellekt, çox yönlü istedad qabiliyyəti, zəngin həyat təcrübəsi, erudisiyalı fəlsəfi təfəkkürü Afaq xanımın bir bəndlik şeirlərində də geniş miqyasda əks olunaraq, onların bədii dəyərini artırmaqla yanaşı, tərbiyəvi aspektdə də oxucular üçün çox əhəmiyyətlidir. Müəllif, öz şəxsiyyətinə hopmuş və bütün varlığına hakim kəsilmiş qüruru, vüqarı və əyilməzliyi poetik məharətlə dəyərli oxucularına tövsiyə edir:

 

Enən çoxdu yüzdən birə,

İstər - dondan-dona girə.

Həyat, məni vurma yerə,

Sürünməyi bacarmıram!

 

Kitabda toplanan şeirlərin əsas leytmotivini ülvi sevgi hissləri təşkil edir. Bu şeirlərdə oxucuya öncədən bəlli və tanış olan sədaqət, vəfalılıq, bağlılıq kimi hisslərə əlavə olaraq, sanki Afaq xanımın özünün yaratdığı və yalnız özünə məxsus sevgi kaloriti də əlavə olunur. Onun sevgi dünyasının öz qanunları, öz orbiti, öz şərtləri var:

 

Yenə həsrət dolu axşam düşəcək...

Çəkə bilirsənsə bu həsrəti çək!

Qopur varlığımdan hecası tək-tək:

"Qayıt həyatıma, sənsiz olmayır!"

 

Bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, Afaq xanımın şeirlərində millətimizin ən ali mənəvi dəyərləri olan tərbiyə, əxlaq və mənəviyyat məsələləri həmişə ön plandadır. Çox önəmlidir ki, onun hər bir şeirini oxuyub bitirərkən oxucu öz ömrü və mənəvi dünyası üçün mütləq əhəmiyyətli bir şey əxz edir. Qızına xitabən yazdığı "Sevmək yaman çətindir" şeirində olduğu kimi:

 

Qəlbi-gözü tərtəmiz,

saf bir mələksən indi,

Qədrini bil hər anın!

Böyüməyə tələsmə,

İşi yaman çətindi sevgi adlı dünyanın!..

Afaq Şıxlının şeirlərini oxuduqca onun eyni zamanda poetik tapıntılar şairi olması qənaətinə gəlirsən. Onun fəlsəfi düşüncəsinə görə ölən sevgilər günahsız insanlar kimi cənnət-məkandılar. Çox maraqlıdır deyilmi?! Əslində insanın ölməsi öz əlində deyil. Sevginin ki, yaşaması bizdən asılıdır!..

 

Nişanən yandırıb-yaxdı əlimi -

Könülsüz verilən minnətə düşər.

Yəqin ki, günahsız insanlar kimi,

Ölən sevgilər də cənnətə düşər.

 

Afaq xanımın bütün poetik dünyasına müqəddəs bir ana obrazı hakimdir. Bəlkə də bu obrazı - avtoportret obraz da adlandırmaq olar. O özünü iki formada biruzə verir: narahat, nigarançılıqla dolu dünyamızın üstündə əsən ana ürəyi şəklində və ana müqəddəsliyinə sevgi, sitayiş, qayğı və məhəbbət sərgiləməklə:

 

Sevib sevilməsi - talenin işi,

Bəxtinin xoş çağı qəlbi dağ olur.

Qadınlıq - Tanrının bir bəxşeyişi!

Ən xoşbəxt bəndələr qadın doğulur!

 

Yuxarıda qeyd etdiyimiz intellekt, zəriflik, kübarlıq duyğu və düşüncələri şairənin çox lakonik şəkildə qələmə aldığı dördlüklərinə də hakimdir:

 

Hələ də yoldayam, tale yazalı,

Hələ də həsrətə üsyan edirəm.

Ayrılıq dəmidir, əlim uzalı...

Mən yenə Bakımı qoyub gedirəm.

 

Ən nəhayət, böyük məmnunluq hissi ilə müəllifin bu gözəl kitabını ömür-gün yoldaşına ithaf etməsi faktını da, maraqlı bir örnək olması baxımından, oxucularımızla paylaşmaq istəyirəm:

"Bu kitabı, ömür və sənət yolunda mənə dayaq olan, fikirlərimi, düşüncələrimi bölüşən həyat yoldaşıma - ədəbiyyatsevər insan, riyaziyyatçı alim Franis Abdullaya ithaf edirəm!"

Fürsətdən istifadə edərək mən də, xoş bir qibtə ilə, Franis bəyi salamlayır, təbrik edir və bacıma bu ithafı yazdıra biləcək qədər ona dayaq olduğu üçün təşəkkürlərimi və şükranlarımı bildirirəm.

Mən Afaq xanımın yeni kitabını qardaş gözü ilə oxuyub "Qardaş sözü" yazdım. Amma etiraf edirəm ki, Afaq xanımı heç tanımasaydım belə, yenə də eyni sözləri yazardım. Oxuduqca siz də dediklərimə şahid olacaqsınız...

Bəxtiyar Vahabzadənin ədəbiyyata və ədəbi-tarixi prosesə baxışı

Sara OSMANLI

Filologiya üzrə elmlər doktoru

 

(Əvvəli ötən sayımızda)

 

Bəxtiyar Vahabzadə, haqqında yazdığı məşhur ədiblərin yaradıcılığında tədqiqatçılar tərəfindən sezilməyən özünəməxsusluğu görməyə çalışırdı. Hətta məsələn, Mir Cəlal haqqında yubiley yazısında (60 illiyi ilə əlaqədar) ədibin özü ilə bir məsələdə razılaşmır. Yazıçının üslubunu səciyyələndirərkən, B.Vahabzadə onun üslubi manerasının fərdiliyini vurğulayır: "Mir Cəlal Cəlil Məmmədquluzadəni özünə ustad seçmişdir. Lakin fikrimizcə, Mir Cəlal üslubundakı rəngarənglik daha çox Əbdürrəhim bəy Haqverdiyevə yaxındır". Və hər iki yazıçının yaradıcılığından gətirdiyi nümunələrə istinadən göstərir ki, Haqverdiyev bir sıra hekayələrində sırf realist, satirik, digərlərində romantik idisə, Mir Cəlal da, məsələn, "İclas qurusu"nda, "Anket Anketov"da realist yumorlu təhkiyənin müəllifi kimi çıxış edirdisə, onun "İmtahan", "Söyüd kölgəsi" lirik-fəlsəfi hekayələr idi.

Süleyman Rəhimov haqqında məqaləsinə B.Vahabzadə "Xalq yazıçısı" adını təsadüfən verməmişdir. Digər xalq yazıçılarının içində S.Rəhimov yaratdığı epik əsərlərində xalq həyatının daha dərin qatlarına enən sənətkar idi. Onun bu cəhətini xüsusi vurğulayan tədqiqatçı təbii xalq koloritini obrazlar sistemində, süjet modellərində, folklorla bağlılıqda, dildə, hətta təhkiyədə sezir. Bu kontekstdə məsələn, "Şamo" epopeyasının qəhrəmanlarının müsbət ya mənfi deyə iki yerə ayrılmamasını, real həyatda olduğu kimi təsvir olunmasını göstərir.

B.Vahabzadənin müxtəlif nəsillərin nümayəndələrinə aid yazılarında onların hərəsinin yaradıcılıq fərdiyyəti özünəməxsus tərzdə, canlı, təbii müşahidələri əsasında təqdim olunur. Və bütün bu müxtəlif yazılarda iki əsas xətt sezilməkdədir: milli təəssübkeşlik və qədirbilənlik. Bu yazıların içində həcmcə ən kiçiyi (yarım səhifə) "Səməd Vurğun məsəli" dir ki, böyük Səmədə ürəkdə oxunan himn kimi səslənir. Yazı bir jurnalistin B. Vahabzadəyə verdiyi suala axtardığı cavab üstə qurulub. "S.Vurğun yaradıcılığı Sizə nə verib?" sualı qarşısında şair onu şeirimizin yollarını işıqlandıran məşələ bənzədir. Və qeyd edir ki, "bunun cavabını tapmaq çox çətindir. Daha doğrusu, bu, tədqiqat işidir". Əslində bu suala həmin cavabı şair özü 1968-ci ildə işıq üzü görmüş "Səməd Vurğun" monoqrafik tədqiqatında verməyə çalışmışdır ki, bu kitabda klassik monoqrafik janrda S.Vurğunun həyatı, poeziyası, dramaturgiyası, bitməmiş pyesləri tədqiq edilmişdir, yəni bütövlükdə böyük şairin həyatı və yaradıcılığı əhatə olunmuşdur.

Şairin mənsub olduğu nəslin nümayəndələrinin yaradıcılığının dəyərləndirilməsində də qeyd etdiyimiz milli təəssübkeşlik, Vətən yanğısı ilə bağlı yanaşmaları görürük (M.Araz, M.Aslan, İ.Tapdıq, X.Rza, N.Həsənzadə və b.) Məsələn, Məmməd Arazın bir kitabına həsr olunmuş resenziyada əslində şairin "öz sifəti, öz yazı manerası" açıqlanır. M.Araz nədən yazırsa yazsın - istər təbiət, istər insan gözəlliyindən, istər xalqımızın qazandığı uğurlardan və istərsə də xarici ölkəyə səyahətindən, onun gəldiyi nəticə budur: Vətənə xidmət eşqi ilə yaşamayandan vətən üçün vətəndaş ola bilməz" deyən tədqiqatçının konkret mövzulardan asılı olmayaraq - şairin bir çox əsərlərində bədii həqiqət səviyyəsində açıqlandığını misallarla göstərir, onun şeirlərində Mirzə Cəlil kəsəri, Sabir istehzasının göründüyünü təsdiqləyir.

Altmışıncı illərdə ədəbiyyatımıza gələn yeni nəslin yaradıcılığının dəyərləndirilməsində əsas diqqət onların özünəməxsus bədii görümləri, gətirdiyi dəst-xəttə yetirilir. Bunların içərisində Anarın ayrıca dəsti-xətti ədibin kiçik bir yubiley məqaləsində əsasən bir hekayənin ("Dantenin yubileyi") lakonik təhlili əsasında açıqlanır. Nədir bu dəsti-xətt? Psixologizm, obrazların hərəkətlərinin inandırıcılığı, həzin lirika ilə yumorun çarpazlaşması. Eyni zamanda yazıçının Sovet dönəmində yazdığı "Yaxşı padşahın nağlı", "Anlamaq dərdi", "Adamın adamı" əsərləri siyasi quruluşa etirazın böyük ustalıqla ifadəsi kimi qiymətləndirilir.

"Ədəbiyyatımızın sabahı" adlı yazısını ədibin, bir növ, ədəbiyyata yenicə qədəm qoyan bir sıra cavan yazarlarla bağlı təqdimat proqramı kimi qəbul etmək olar. "Ədəbiyyatımızın gələcəyi yaşlı nəslin özlərindən sonra gələnlərə münasibətindən asılıdır. O zaman biz gənclərə S.Vurğun, S.Rüstəm, R.Rza, M.Hüseyn, S.Rəhimov, Ə.Vəliyev, M.İbrahimov kimi yaşlı nəslin nümayəndələri... əlimizdən tutub bizi büdrəyib yıxılmağa qoymamışlar. Məhz onların köməyi sayəsində ilk kitablarımız işıq üzü görmüşdür. Bu ənənə indi də davam edir. Və mən bu ənənənin daha da qüvvətlənməsini istərdim". Təcrübə göstərir ki, B.Vahabzadə xüsusən ədəbiyyata həvəs göstərən rayon və kəndlərdən gənclərin yazılarına diqqət yetirir, onlarla məktublaşır, bir çoxunun əsərlərinin çapına kömək edir, hətta kitablarına öz söz yazırdı. Onların içində M.Yaqub, B.Vəziroğlu, Z.Fəxri, V.Bəhmənli, E.Nəsibli, V.Əlifoğlu və başqalarının adlarını çəkmək olar.

Şairin yazılarında başqa xalqların ədəbiyyatına da peşəkar maraq özünü göstərməkdədir. Xalq şairinin digər xalqların yazarları ilə şəxsi, yaradıcı münasibətləri, o cümlədən, yaradıcılığına bələdliyi məlumdur. Bir çoxunun əsərləri ilə rus tərcüməsində tanış olub və özünün mahir tərcümələrinə istinadən bu şairləri oxucusuna təqdim edirdi. Onların içində məşhur qırğız yazıçısı Ç.Aytmatov, tatar şairi M.Cəlil, özbək şairi Camal Kamal, ruslardan Y.Qoretski, A.Dementyev, yuqoslav şairi Tone Pavçek, İraq-türkman ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Bəndəroğlu və başqalarının adını çəkmək olar.

Şairin Ə.Bəndəroğlu, ümumiyyətlə İraq-türkman ədəbiyyatı ilə bağlı 2 yazısı (biri Bəndəroğlunun "Qərənfil" adlı kitabına resenziya, ikincisi bizə doğma olan bu ədəbiyyatı və Bəndəroğlunu tanıdan professor Qəzənfər Paşayeva açıq məktub) həm təqdimat, həm tədqiqat üslubundadır. Yurdsevər şair adlandırılan Ə.Bəndəroğlunun yaratdıqlarında əsas xüsusiyyət kimi "xalqının dərdləri ilə dərdlənən, sevinci ilə sevinən, öz milli varlığını təsdiq etmək, xalqının səsini səslər sırasında eşitmək istəyən bir şairin sabaha ümid dolu baxışları, arzuları" vurğulanır. B.Vahabzadə bu zəmində şairin əsərlərini təqdim edir. Q.Paşayevə ünvanlanan açıq məktubunda Kərkük folkloruna dair qiymətsiz kitabların müəllifinə olan, İraqda yaşayan, sən demə, Azərbaycan xalqına doğma olan bu xalqın bizə tanıtmasında böyük xidmətlərini, onun əsərlərində dilçi-alimin müşahidə etdiyi Kərkük və Azərbaycan dillərinin, folkorunun yaxınlığı, eyni olduğunun təsdiq edilməsi ilə bağlı gətirilən nümunələr və müşahidələrindən təsirlənən şair özü özünəməxsus müqayisəli linqvistik tədqiqat təqdim edir: xoyratlarda ifadə olunan bir çox sözlər, deyimlər. Azərbaycan dilində olan leksik analoqlarla qarşılamalardan başqa, Şəki ləhcəsindəki onlarca eyni sözlərə, idiomatik ifadələrə istinad edilir. Hətta eyni adlı xalq mahnılarını, toponimləri misal gətirir.

Mən Qəzənfər Paşayevlə açıq məktubla yaxınlarda tanış oldum və Qəzənfər müəllimə öz təəssüratımı bildirdim. Qəzənfər müəllim mənə hələ o vaxt, 1989-cu ildə Bəxtiyar Vahabzadənin bu məktubundan təsirləndiyi haqda danışdı.

Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin külliyyatının IX cildinə daxil edilən ədəbiyyata dair yazıları ilə tanış olduqda onun nəinki yeni dövr ədəbiyyatımızın əsas yaradıcılarından biri, həm də bu ədəbiyyata aid olan nə varsa, onun yanğısıyla yaşayan, ona təkan verən istedadlı şəxsiyyətlərdən olduğu görünür.

 





11.06.2015    çap et  çap et