525.Az

Nizaməddin Şəmsizadənin şeirləri


 

Nizaməddin Şəmsizadənin <b style="color:red">şeirləri </b>

DÜNYA

60 yaşıma

Mən o mən deyiləm, dinlə, əzizim,
Məni məndən alıb apardı dünya.
Bir zaman baxçamda güllər əkərdim,
Gülümü köksümdən qopardı dünya.

Arzular qoşmuşdum, arzu dalınca,
Şəklimi qoymuşdun sən də balınca.
Dönüb rüzigara iti qılınca,
Başımı bədəndən apardı dünya.

Qoşa çinar idik, gənclik çağında
Boy atıb bitmişdik cənnət bağında
Günəş gülümsərdi al yanağında
Ömrü minib sürən çapardı dünya.

Axır ürəyimdə duyğular seli,
Şöhrətim, nüfuzum bürüyüb eli.
İllər yavaş-yavaş qatlayıb beli,
Məni bir də haradan tapardı dünya.

İllər ötüşdükcə adım ucaldı,
Ömrümü günümü məndən bac aldı.
Məni qocaltdıqca özü qocaldı,
Bir tabuta qoyub apardı dünya.

İlahi əlimdən alma dünyamı,
Qoy yansın hələlik ömrümün şamı.
Bilmədi cavanam, yoxsa qocamı,
Məni bu dünyadan apardı dünya.

HƏSRƏTİM  VURUŞUR  XATİRƏLƏRDƏ

Susub telefonun özündən əvvəl,
Çoxdandı əlimə dəyməyib əlin.
Həsrətim vuruşur xatirələrdə,
Nağıla bənzəyir ötən günlərim.

Saçlarına düzə bilmədiyimdən,
Vaxtından çox qabaq solub güllərim.
Söyüdlər yenə də başını əyib,
Amma ki, əlinə dəymir əllərim.

Çoxdan unutmuşam nizim sözünü,
Gülüm də güllərlə bərarər solub.
On birdən on birə çəkən günümüz,
İndi intizarla, həsrətlə dolub.

Xəyallarla yüklü tənha bir qayıq,
Üzür xatirələr okeanında.
Gecələr yuxuma girisən yaman,
Yenə danışmırsan adam yanında.

Qəmli gözlərinə baxıb susuram,
Tez yadıma düşür Leylinin sözü.
Özgə əlindədir bilirəm məhar,
Həsrətlə qapanır könlümün gözü.

Bəlkə utanırsan qocalığımdan?
Bəlkə çəkinirsən ucalığımdan?
Sənə ev qurmuşam xatirələrdə,
Mənə boy verməyən bu yad şəhərdə.

Əzəldən tufana düşdü güllərin,
Orda-burda keçdi gözəl günlərin
Kimlərə qismətdir bilmirəm nəyin
Mənə kifayətdir xatirələrin.

Xəyal baxçasında əkmişəm səni,
Xatirə bağıdır gülün məskəni.
Allaha əmanət qoyub gedərəm,
Bir gün bu dünyadan aparsa məni.

AVQUST BAYATILARI

Cırılıbdır köynəyim,
Qırılıbdır eynəyim.
Pulum yoxdur almağa,
Heç bilmirəm neyləyim?!

SÖZ-ün için oymuşam,
Yerinə can qoymuşam.
Yaşamaq istəmirəm,
Bu dünyadan doymuşam.

Sözün içində mələk,
Qanad verdi kəpənək.
Bu günü başa vuraq,
Sabah nə olar görək?!

Gölə bir daş atmışam,
Muradıma çatmışam.
Tanrı bəxtimi verib,
Bilməmişəm, yatmışam.

Dedin: söylə bayatı,
Dedim: qalıb boyatı,
Əlimi saza atdım,
Kişnədi türkün atı.

Əlimdə sazım telli,
Sevgilim incə belli.
Bir öpüş almaq üçün,
Çıxardım ilan dili.

Saçları sinə üstə,
Qulacı dəstə-dəstə.
Mənə bir öpüş verdi,
Dərdindən düşdüm xəstə.

TƏRSİNƏMİ AXIR ÇAYLARIN SUYU

Yaman kədərliyəm yenə bu axşam
Titrəyir əlimdə ömür adlı şam
Uçur xəyalımda ölüm qorxusu
Gəlir pəncərədən halva qoxusu
Nə tez dəyişildi sevginin donu
İlğımtək görünür ömrümün sonu
Nə tez cılızlaşdı böyük arzular
Tərsinəmi axır çaylarda sular ?!

lll

Səndən ayrılmağın çarəsi ölüm
İzin ver yenidən qoynuna dönüm
Özünə qaytarım məhəbbətini
Yaşayaq ilahi səadətini.

AZAN SƏSİ

Bəşərin musiqisi,
İnsanlıq fəlsəfəsi,
İlahinin nəfəsi,
Müqəddəs azan səsi.

Haqqın mədhi-sənası,
Məhəmmədin duası,
Zəvvarların sədası,
Müqəddəs azan səsi.

Bu səs deyil, işıqdı,
Sevgidi, barışıqdı,
Səmaların nəğməsi,
İlahi azan səsi.

Ay Günəşlə opüşür,
Ulduzlar yerə düşür,
Sevgililər görüşür,
Gələndə azan səsi.

Axşam ulduzla bitər
Səhər şəfəqlə dönər
Allahın imzasıtək
Səmalarda görünər
Əbədiyyət nəğməsi
Müqəddəs azan səsi.

SƏN MƏNİ SEVƏ BİLMƏDİN

Sən məni sevə bilmədin
Sevə bilməzsən.
Çünki sən özümə
Məxsus deyilsən
Arabir boynumu qucaqlasan da
Hönkürüb uşaqtək
Hey ağlasan da
Peşiman gözlərdən süzülən yaşlar
Bizim aramızda düzülən daşlar
Məhəbbət ətirli çiçək açsa da
Dünya cadugər
Bir qarı kimi
Aramızı vurub
Dərhal qaçsa da
Mən sənin eşqinlə yaşayacağam
Nə edim,
Sən məni sevə bilmədin
Adım ağır gəldi
Sözlərim çətin
Adı əbədidir
Bu məhəbbətin
Neyləyək sən məni
Sevə bilmədin
Bir zaman günəşə
Bənzətdim səni
Dəftərə yazırdım
Hər bir kəlməni
Eşqin zirvəsinə
Qaçırdım səni
Bircə istəyimi
Verə bilmədim
Ən çox sevdiyini
Sevə bilmədin
Tarixə iz qoydu
Böyük eşqimiz
Vacib deyil bunu
Dərk eləyək biz
Yaxandan qırılan
Kiçik düyməni 
Yadigar saxlaram
Unutma məni
Məhəbbət adasız
Dərin bir dəniz
Sən dənizi sevdin
Mən isə dağı
Sənin dənizini
Sevirəm mən də
Mənim dağlarımı
Sən sevməsən də...

 





16.06.2015    çap et  çap et