525.Az

ADU-da “Bilik günü” keçirilib


 

ADU-da “Bilik günü” keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Bilik günü” münasibətilə  universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşüb.

525.az-ın məlumatına görə, görüşdə çıxış edən rektor Səməd Seyidov “Bilik günü“ münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik edib. ADU tələbələrinin Azərbaycanın bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki,  universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir: “Gəncliyimiz daha ağıllı, daha mübariz və daha qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz”.

Ölkə prezidenti səviyyəsində təhsilə, gəncliyə, xüsusi qayğının olmasından danışan rektor S. Seyidov məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını dilə gətirib. Bolonya prosesi haqqında da danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiklərini nəzərə çatdırıb. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğulayıb: “Sizdən bir məsələ tələb olunur: oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox çətinlikləri var. Bu çətinliyi dəf edən şəxs gələcəkdə yüksək tribunalardan çıxış edəcək və onu hər yerdə dinləyəcəklər. Mənəvi dəyərləri qorumaq, yüksək savada malik olmaqla işğal altında qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın bayrağını qaldırmalıyıq”.

 S.Seyidov ADU-ya qəbul olunan tələbələr arasında ən yüksək nəticə göstərənin 665 balla  Filologiya fakultəsinə qəbul olan Süleymanova Sevil Füzuli qızı olduğunu diqqətə çatdırıb: “1 saylı İngilis dili fakultəsinə qəbul olan Adıgözəlova Aysel Abdulla qızı isə 659 bal toplayıb. İlk üçlüyü 653 balla Tərcümə fakultəsinin tələbəsi adını qazanan Əli Pəri Etibar qızı tamamlayıb. Bu il ADU-ya qəbul olan tələbələrdən 83 nəfəri 600 baldan yuxarı nəticə göstərib. 2012-2013-cü il tədris ilində ADU-ya 1500-qədər tələbə bakalavr, 200-ə yaxın tələbə  isə magistr pilləsinə qəbul olub”.
Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları təqdim edilib.
S.QARAYEVA

 

 





15.09.2012    çap et  çap et