525.Az

Tədqiqatçı-yazar Süleyman Kəbirlinin 75 illiyi qeyd edilib


 

Tədqiqatçı-yazar Süleyman Kəbirlinin 75 illiyi qeyd edilib<b style="color:red"></b>

Ağcabədidə Qarabağ ədəbi məclisinin və rayon Veteranlar Şurasının  təşkilatçılığı ilə tanınmış ziyalı, tədqiqatçı- yazar, "Tarixi mahal-Kəbirli eli" kitabının müəllifi Süleyman Kəbirlinin anadan olmasının 75-ci ildönümü münasibəti ilə yubiley tədbiri keçirilib.

Tədbirə ziyalılar, əmək ,müharibə veteranları, yerli bələdiyyə, icra hakimiyyəti nümayəndələri, yazarlar, müəllifin dostları və yaxınları qatılıblar.

Yığıncağı giriş sözü ilə açan Qarabağ ədəbi məclisinin rəhbəri Mübariz Məmişoğlu iştirakçıları salamlayıb, Süleyman Kəbirlini doğum günü münasibəti ilə təbrik edib. Natiq  yubilyarın həyat və fəaliyyəti, apardığı araşdırmalar, tədqiqat işləri barədə məlumat verib,  keçdiyi həyat yoluna, yaradıcılığına işıq tutub.

Rayon Veteranlar Şurasının sədri, qocaman ziyalı Qəni Cəfərov, Beynəlxalq Kempo Federasiyasının üzvü, kempo idman növü üzrə  üçqat dünya çempionu Rauf İbrahimov, el ağsaqqalları Hacı Əhməd Bayramov,Məhəmməd Məmmədov, Sudeyf Mehdioğlu, ziyalılar, Kamran Mövsümov,  Əlipənah Qasımov, Həmzə Qəniyev, Düşəri Mövsümov, həkim Cümşüd Qəhrəmanov,YAP rayon təşkilatının nümayəndələri Eldəniz Qənbərov, Ramil Nağıyev,  şair Xəzangül Qədimli, Zahid Eloğlu, Salmanbəyli bələdiyyəsinin sədri Fəxrəddin Qasımov, Rəncbərlər kəndi üzrə icra nümayəndəsi Əlaslan Qəhrəmanov, Aşıq Umbay Axundov və başqaları çıxış edərək Süleyman Kəbirli haqqında səmimi ürək sözlərini bölüşüb, ona yeni yaradıcılıq  uğurları arzulayıblar.

Sonra söz saza, musiqiyə verilib. Respublika Aşıqlar Birliyinin üzvü, ustad aşıq Umbay Axundovun məharətlə ifa etdiyi aşıq mahnıları və saz havaları məclis iştirakçılarına xoş ovqat bəxş edib.

Laçınlı qələm sahibi Eynulla Sadiq, yerli şairlər Vəli Qurbanoğlu, Vaqif Kəhrizli, Hüseynağa Muğanlı, Mübariz Məmişoğlu, İbrahim Mürşüdoğlu  yubilyara həsr etdikləri şeirlərini səsləndiriblər.

Sonda Süleyman Kəbirli söz alaraq yığıncaq iştirakçılarına gələcək tədqiqat işlərindən, yaradıcılıq planlarından danışıb, yubiley tədbirinin təşkilatçılarına, bütün yığıncaq iştirakçılarına şəxsən öz adından, bütün ailə üzvləri adından səmimi təşəkkürünü və minnətdarlığını bildirib, verilən sualları cavablandırıb.

Yəhya PAŞAZADƏ

 





19.06.2015    çap et  çap et