525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qubanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qubanın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Quba rayonu təkcə səfalı təbiətinə görə deyil, həm də tarixi və mədəni sərvətlərinə görə seçilən bölgələrimizdən biridir. Çox sayda etnik qrupun yurd yeri, misilsiz təbiətə malik dağ kəndlərinin üstünlük təşkil etdiyi unikal bölgələrimizdən biri olan Quba Azərbaycana bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə də məşhurdur. 

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Fatma Mehrəliyeva 1926-cı ildə Qubada doğulub. Yaradıcılıq fəaliyyətinə “Sazçı qızlar” ansamblında başlayıb, sonralar ansamblın solisti olub.

Üzeyir Hacıbəyovun “Şəfqət bacısı” mahnısının ifası ona uğur qazandırıb. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.

“Arşın mal alan” filmində Telli rolunu ifa edib. Bir çox Azərbaycan muğamlarını məharətlə oxuyub, “Kəsmə-şikəstə”nin əvəzsiz ifaçısı olub.

Məşhur astronom Nadir İbrahimov da Qubada dünyaya gəlib.

1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakultəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. N.İbrahimov Rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. O, 1966-cı ildə Ukrayna EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi ilə Xarkovda “Marsın inteqral spektrometriyası” mövzusunda dissertasiya müdafiə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının astrofiziki olub. N. İbrahimovun adı Mars planetinin xəritəsində “İbrahimov krateri” kimi əbədiləşdirilib. Alimin Günəş sistemi planetlərinin tədqiqinə dair qiymətli elmi nəticələri var. N.İbrahimov Yupiterin atmosferində ammonium və hidrogen qazlarının miqdarını təyin edib, Saturnun spektrində metan qazına məxsus zəif udulma xətlərini aşkar edib, Uran və Neptunun spektrində isə hələlik heç bir xətlə eyniləşdirilməmiş udulma zolaqlarının olduğunu müəyyənləşdirib.

Azərbaycanın ilk rəssam qadınlarından olan Reyhan Topçubaşova 1905-ci ildə Qubada doğulub.1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub. 1941-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olub. 1943-cü ildən Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi idi. Əsərləri 1936-cı ildən respublika sərgilərində nümayiş etdirilib. Portret, məişət, mənzərə janrlarında işləyib, eləcə də süjetli komposiziyalar və natürmortlar çəkib. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlayıb.

Böyük cərrah Mustafa bəy Topçubaşovun həyat yoldaşı olmuş Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat edib.

Akademik Azad Nəbiyev də Quba torpağının yetirməsidir. A.Nəbiyev 1945-ci ildə Qubanın İkinci Nügədi kəndində dünyaya gəlib. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb. “Gənclik” nəşriyyatında redaksiya müdiri (1974-1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1962-ci ildə “Qızıl Quba” rayon qəzetində çap olunub. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış edib. “Koroğlu dastanı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İtalyan (“Bertoltonun sərgüzəştləri”) və özbək (“Tülkü və qurd”) xalq nağıllarını dilimizə çevirib. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirib. “Azərbaycan dastanları”, “Nəğmələr, inanclar, alqışlar, adətlər”, “Alqışlar, adətlər, nəğmələr” , “Koroğlu dastanı” kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.

Ədəbiyyatşünas alim, professor Maqsud Hacıyev 1935-ci ildə Qubanın Gümür kəndində anadan olub. İxtisasca şərqşünas olan alim “Tat dilinin Qonaqkənd ləhcəsi, “İranın tarixi-etnoqrafik oçerki, fars dilinin qısa qrammatikası və farsca-rusca texniki lüğət”, “Beş il qonşu diyarda”, “İran etüdləri”, “Dörd ildə gördüklərim”, “Əfqan ədəbiyyatında milli barışıq siyasətinin inikası”, “Əfqanıstan görüşləri”, “Azərbaycan tatlarının dili” və sair bu kimi elmi, elmi-publisist əsərləri ilə daha çox tanınıb. O, İran və Əfqanıstanın bir sıra görkəmli ədəbi simalarının əsərlərini dilimizə tərcümə edib. Ç.Çaplinin “Səhnə işıqları”, Şərq xalqlarının həyatına dair “Məzəli əhvalatlar”, əfqan xalqının nağıllarından ibarət “Çilan və şeytan” kimi tərcümə kitablarını oxuculara təqdim edib. “Azərbaycan Sovet Ensiklopediyası”nın 4-cü, 7-ci və 9-cu cildlərinin əsas müəlliflərindəndir.

Qubada doğulub böyümüş daha bir görkəmli şəxsiyyət - professor Vaqif Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edib, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olub.

Xanəndə Zümrüd Məmmədova da Qubanın yetirməsidir. Quba rayonunun İkinci Nügədi kəndində doğulan Z. Məmmədova ilk musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Kollecində alıb və eyni zamanda tibb kollecində də oxuyub. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, buranı da fərqlənmə diplomu ilə başa vurub. İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olub. Professional səhnəyə 1974-cü ildən ayaq basmış bu günə qədər fasiləsiz sənət yolu keçib. 1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistidir. Hazırda İncəsənət Universitetində və İncəsənət gimnaziyasında müəllimlik fəaliyyəti ilə məşğuldur. Xalq artisti, Prezident təqaüdçüsüdür.

Azərbaycan elminə, ədəbiyyatına qiymətli töhfələr bəxş eləmiş professorlar Nizaməddin Şəmsizadə, Şahin Fərzəliyev, Məcnun Babayev, Vaqif Piriyev, Əliqulu Nərimanov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova da Qubanın tanınmış şəxsiyyətlərindəndir.

S.ABDULLAYEVA

 





27.06.2015    çap et  çap et