525.Az

Qürur mənbəyimizə çevrilmiş tarixi gün


 

Qürur mənbəyimizə çevrilmiş tarixi gün <b style="color:red"></b>

Azərbaycanda 26 iyunun Silahlı Qüvvələr günü kimi qeyd edilməsinin maraqlı olduğu qədər də şərəfli və qürurverici bir tarixi var. 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk hərbi hissə - Gəncədə əlahiddə korpus yaradıldı.
 
AXC dövründə qısa müddətdə ordu formalaşdırıldı. O zaman da mənfur qonşularımız ölkəmizə qarşı ərazi iddiaları qaldırmışdılar. Cümhuriyyət hökumətinin qısa müddətdə formalaşdırdığı ordu Qarabağda düşməni darmadağın etməklə gənc dövlətin hərbi qüdrətini nümayiş etdirdi. Ancaq Sovet Rusiyasının işğalı ilə müstəqilliyimizə son qoyuldu. SSRİ tərkibində yaşadığımız dövrdə də xalqımız çox sayda hərbçi yetişdirdi. Bu dövrdə Azərbaycanda hərbi təhsil müəssisələri yaradıldı. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu liseyin yaradılması gənclərimizin hərbi sahəyə marağını daha da artırdı. Müasir dövr Azərbaycan zabitlərinin böyük əksəriyyətinin hərbçi kimi peşə yolu məhz bu liseydən başlayıb. Əslində Azərbaycanda çağdaş ordu quruculuğu prosesinin start götürməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Nizami ordunun yaradılması, hərbi təhsildə islahatların aparılması məhz onun rəhbərliyi dövründə başlandı. Nəticədə Azərbaycanda güclü ordu formalaşdırıldı və ordumuz hazırda regionun ən güclü hərbi qüvvəsidir. Silahlı Qüvvələrimizin tərkibində Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumunda Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr kimi qoşun növləri mövcuddur. Müasir hərbi texnika və silah-sursatla təchiz edilmiş ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində düşməni susdurur və ağır itkilər verməyə məcbur edir. Artıq bu faktdır ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumunu qorxu içərisində gözləyir. Ötən il düşmən ordusuna məxsus helikopterin vurulmasından sonra Ermənistanda baş qaldıran qorxu hələ də davam edir. İndiyə qədər Azərbaycan münaqişənin həlli üçün beynəlxalq təşkilatların vasitəçiliyinin gücləndirilməsini tələb edirdisə, artıq Ermənistan beynəlxalq təşkilatlardan Azərbaycanı güc tətbiqindən çəkindirməyi xahiş edir.

Ölkəmizin hərbi büdcəsi imkan yaradır ki, Azərbaycan Ordusu müasir hərbi texnika və silah-sursatla təmin olunsun. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov düşmən ölkə ilə müqayisə apararkən fərqləri belə izah edib: “Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür”.

Artıq Ermənistan və onun havadarları Azərbaycanın hərbi büdcəsindən, aldığı müasir hərbi texnikadan narahatlıq keçirdiklərini əksər beynəlxalq tədbirlərdə nəzərə çatdırırlar. Azərbaycan regional hərbi əməkdaşlıq sahəsində Ermənistanın təcrid edilməsinə nail olub. Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə Nazirliklərinin ötən ildən başlayan üç tərəfli hərbi əməkdaşlığı regionda Ermənistanın əməkdaşlıq şansını sıfra endirib. Üç ölkənin xüsusi təyinatlılarının birgə keçirdikləri “Qafqaz qartalı” təlimi, həmçinin Azərbaycan və Türkiyənin birgə keçirdikləri hərbi təlimlər ordumuzun peşəkarlığının artırılmasına, müasir döyüş üsullarının tətbiq edilməsində təcrübə qazanmasına müsbət təsir edir. Müdafiə nazirinin də vurğuladığı kimi, irimiqyaslı təlimlər ordunun döyüş hazırlığının gücləndirilməsinə xidmət edir: “Döyüş hazırlığının çöl şəraitində, o cümlədən, müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir”.

Türkiyə ilə birgə hərbi təlimlər xüsusi əhəmiyyət kəsb edir. NATO üzvü olan Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. Həmçinin Azərbaycanın ordu quruculuğu prosesində öz köməyini əsirgəməyən qardaş ölkə ilə hərbi sahədə əməkdaşlıq Azərbaycan Ordusuna NATO-da tətbiq olunan qaydaları öyrənməyə, müasir döyüş texnikaları ilə tanış olmağa imkan verir.

Ötən il Müdafiə Nazirliyinin, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin biləşmə və hissələrinin irimiqyaslı əməliyyat taktiki təlimləri baş tutdu. Təlimləri izləyən Ali Baş Komandan cənab İlham Əliyev təlim zamanı bölmələrin qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirdiyini və düşmənin ordumuzun güclənməsindən qorxuya düşdüyünü məmnunluqla qeyd edib.

Ötən il, ehtiyatda olan hərbi vəzifəlilərin keçirilən təlimlərə cəlb edilməsi böyük effekt verdi. İyul ayında keçirilən təlimdə 3000 nəfərdən artıq, sentyabrda keçirilən təlimlərdə isə 10000 nəfərədək ehtiyatda olan hərbi vəzifəli şəxs iştirak edirdi. Ehtiyatda olan hərbi vəzifəlilərin iştirak etdiyi təlimlər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əlaqədar qurumlarla koordinasiyalı işini və ehtiyatda olanların cəlb edilməsində peşəkarlığını da xüsusi qeyd etmək lazımdır.

Hazırda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında hərbi sahədə aparılan islahatlar ordumuzun müasir dünya standartları əsasında inkişafında mühüm əhəmiyyətə malikdir. Qeyd edilməlidir ki, hərbi qulluqçuların yalnız öz peşələrinə aid işlərlə məşğul olmaları, döyüş hazırlıqlarını yüksəltməyə daha çox vaxt ayırmaları üçün təsərrüfat xarakterli işlərə mülki insanların cəlb edilməsi, müqavilə əsasında xidmət edən hərbi qulluqçuların sayının artırılması olduqca müsbət addımdır. Həmçinin hərbi qulluqçuların qida rasionunda dəyişiklik edilməsi, milli mətbəxə üstünlük verilməsi, hərbi geyim təchizatında edilən dəyişikliklər öz səmərəli nəticələrini göstərir.

Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə fikirlərini bölüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2015-ci ilin döyüş hazırlığı ili olduğunu bir daha diqqətə çatdırıb: “Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır”.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazırdır və bu hazırlığın möhkəmləndirilməsi üçün işlər yorulmadan davam etdirilir. Məqsəd ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq, daim inkişaf etmək və müasir hərbi texnika ilə Silahlı Qüvvələrin təchiz edilməsini təmin etməkdir. 

Azərbaycan Ordusunda aparılan islahatlar, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması, kadr dəyişiklikləri ordumuzun daha da güclənməsinə, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməsinə xidmət edir. Güclü ordu dövlətin suverenliyinin zəmanətidir. Güclü Azərbaycan Ordusu respublikamızı düşmənlərdən qorumağa, təhlükəsizliyimizi təmin etməyə qadirdir. İnanırıq ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmr verəcəyi anda torpaqlarımızı azad edəcək.

Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə ordumuzun bütün şəxsi heyətini təbrik edir, onların tezliklə xalqımıza qələbə sevinci yaşatmasını arzulayıram.

 

 





27.06.2015    çap et  çap et