525.Az

Maarif və mədəniyyət tariximizdə işıqlı bir sima - Rəşid bəy İsmayılov


 

Maarif və mədəniyyət tariximizdə işıqlı bir sima - <b style="color:red">Rəşid bəy İsmayılov</b>

Azərbaycan pedaqoqu, publisisti və tarixçisi Rəşid bəy İsmayılov XX əsrin əvvəllərindəki Azərbaycan jurnalistikası və publisistikasının az öyrənilmiş nümayəndələrindəndir. Xalq kütləsi arasından çıxmış, zəhmətkeşlərin mənafeyini müdafiə edən, müəllim və ədib kimi ictimai fəaliyyət meydanına gələn, mənsub olduğu xalqının maariflənməsi yolunda xüsusi xidmətləri olan tarixi şəxsiyyətlərdən biridir.

Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvanda doğulub. İrəvan müəllimlər seminariyasını bitirib. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx münasibətdə olub, onlarla birlikdə fəaliyyət göstərib. "Müxtəsər Qafqaz tarixi və Zaqafqaziyada zühur edən məğrur türk ədib və şairlərinin tərcümeyi-halları" kitabını (Tiflis, 1905) yazıb, Z. Antonovun "Koroğlu" pyesini gürcü dilindən Azərbaycan dilinə tərcümə edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışıb. Cümhuriyyətin süqutundan sonra R. İsmayılov Bakıdakı 18 saylı məktəbdə tarix müəllimi işləyib. 1923-cü ildə "Azərbaycan tarixi" adlı kitabı çap olunub. Əsərdə "Mavəyari- Qafqazın elani-istiqlalı" hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, "Azərbaycan Cümhuriyyəti" bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilib.

Rəşid bəy İsmayılov 1941-ci ildə Bakıda dünyasını dəyişib.

1905-ci ildə azərbaycanca qəzet nəşr etmək üçün Qafqaz senzura komitəsinə ərizə verənlər içərisində Cəlil Məmmədquluzadə (Gürcüstan MDTA, f.13, siyahı 6, iş 93, vər.1), Rəşid İsmayılov ("Kavkaz", 1905, №197), Qafqaz canişini dəftərxanasının Hərbi-xalq idarəsinin tərcüməçisi, Qori müəllimlər seminariyasının yetişdirməsi Məmmədbəy Vəkilov ("Kavkaz", 1905, №205), Batumdan Məmmədbəy Sancaqbəyzadə və Şəkidən Əbdülməbud Mustafayev ("Kavkaz", 1905, №227) də var idilər. Onlar müvafiq olaraq,"Novruz", "Təzə zaman", "İqbal", "Qumru", "Günçıxan" adlı gündəlik ədəbi-ictimai qəzet çap etmək istəyirdilər. Bu ziyalılardan ilk üç nəfəri Tiflis ədəbi-ictimai mühitində fəal iştirak edirdi. Onların qəzet çıxarmaq təşəbbüsləri haqqında Azərbaycan ədəbiyyatşünaslığında müəyyən qədər yazıldığından, Əziz Mirəhmədovun "Azərbaycan Molla Nəsrəddini" adlı fundamental monoqrafiyasında isə həmin ilk üç müəllifin qarşılıqlı münasibətləri, həm də "Novruz", "Təzə zaman" və "İqbal" qəzetlərinin nəşri ilə mübahisəli cəhətlər kifayət qədər aydınlaşdırıldığından biz yalnız həmin ziyalılardan birinin- Rəşid İsmayılovun senzura komitəsi ilə konfliktləri üzərində dayanmaq istərdik.

Rəşid bəy İsmayılov "Şərqi-Rus" fəaliyyətə başladığı gündən M. Şahtaxtinski, C. Məmmədquluzadə və Ö. F. Nemənzadə ilə birlikdə həmin qəzetin redaksiyasında çalışıb. XX yüzilliyin əvvəlindəki bir sıra  Azərbaycan ziyalıları kimi eyni zamanda, rus və Azərbaycan dillərində yazan R. İsmayılov ictimai məsələlərə həsr olunmuş məqalələri ilə həm Qafqaz, həm də Rusiya mətbuatında ardıcıl çıxış edirdi. Onun Yaxın Şərqə aid bir çox məqalələri "Sankt-Peterburqskie vedomosti" qəzetində çap olunmuşdu. Bəzi arxiv sənədlərində R. İsmayılov həmin qəzetin əməkdaşı kimi təqdim olunur (Gürcüstan MDTA, f.13, siyahı 6, iş 190, vər.1). Professional jurnalist olan R. İsmayılov bir ildən çox "Tiflisskiy listok" qəzetində çalışmış, "Şərqi-Rus" bağlandıqdan sonra isə "Novoe obozrenie"nin "Müsəlman həyatı" və "Yaxın Şərq" şöbələrinə rəhbərlik etmişdi. O, Azərbaycan və rus dilləri ilə yanaşı, gürcü dilini də mükəmməl bilir və bu dildən tərcümələr edirdi.

XIX əstin 90-cı illərindən teatra böyük maraq göstərən R. İsmayılov beynəlmiləl tərkibli Azərbaycan truppasını say etibarı ilə artmasına, repertuar baxımından yeni əsərlərlə zənginləşməsinə çalışırdı. Bu məqsədlə o, gürcü dramaturqlarının əsərlərini Azərbaycan dilinə tərcümə edirdi. XIX əsrin 80-ci illərində Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri-gürcü dramaturqu Zurab Antonovun mövzusu Azərbaycan folklorundan alınan "Koroğlu" pyesi ilk dəfə R. İsmayılovun tərcüməsində azərbaycanlı tamaşaçılara göstərilmişdi ("Kavkaz", 1889, №49). Fikrimizcə, bu təkcə gürcü dramaturgiyasından deyil, ümumiyyətlə başqa dillərdən Azərbaycan dilinə tərcümə olunan ilk səhnə əsəri idi. "Kafkaz" hələ 1889-cu ildə oxuculara "Koroğlu"nun Azərbaycan səhnəsindəki tamaşalarından biri haqqında məlumat verərək yazırdı ki, bu gün, iyunun 9-da Bank teatrında Azərbaycan dilində tamaşa göstəriləcəkdir. Tamaşaya gürcü dramaturqu Zurab Antonovun Rəşid bəy İsmayılov tərəfindən tərcümə edilmiş "Koroğlu" dramı qoyulacaqdır. Tamaşada yığılan pul Azərbaycan teatr fondunun yaradılmasına sərf ediləcəkdir.

("Kavkaz", 1889, №49).

R. İsmayılov, eyni zamanda, bir ədəbiyyatşünas və tarixçi idi. Bu baxımdan onun "Şərqi-Rus" mətbəəsində çap olunmuş "Qafqazın qısa tarixi və Azərbaycan tatarlarının ədəbiyyatı" və "Avropanın adət-ənənələri"adlı kitablar diqqəti cəlb edir. Doğma xalqının maariflənməsi, milli mətbuatın meydana gəlməsi qabaqcıl bir ziyalı kimi Rəşid bəy İsmayılovu sevindirirdi. O özü də qüvvə və imkanları daxilində bu yolda yorulmadan çalışırdı.

R. İsmayılov "Təzə zaman" adlı geniş proqramlı bir qəzet çap etmək, onun vasitəsi ilə yalnız azərbaycanlılarla ruslar arasında deyil, Qafqazın digər xalqları arasında da dostluq və birlik ideyaları yaymaq istəyirdi. O, Qafqaz canişinə yazdığı ərizədə Zaqafqaziyada və Cənubi Azərbaycanda yaşayan çoxmilyonlu azərbaycanlı əhalinin ana dilində mətbuata son dərəcə böyük ehtiyacları olduğunu xüsusi qeyd edirdi (Gürcüstan MDTA, f.13, siyahı 6, iş 190, vər.1). Lakin Rəşid bəy İsmayılovun 3 may 1905-ci il tarixli ərizəsi Qafqaz senzura komitəsinin ciddi müqavimətinə rast gəldi ("Kavkaz", 1905, №197).

Canişin dəftərxanasının 19 may və 2 iyul tarixi sorğularına cavab olaraq senzura komitəsi bildirdi ki, Rəşid İsmayılovun şəxsiyyəti, ictimai-siyasi baxışları və fikir tərzi haqqında indiyə qədər lazımi məlumat toplanmadığından komitə onun xahişinə konkret cavab verməkdə çətinlik çəkir.

Rəsmi sənədlərdən birində Rəşid İsmayılov "təmiz, vicdanlı, işgüzar və enerjili bir jurnalist, maarifpərvər bir ziyalı kimi qiymətləndirilsə də, uzun yazışmadan sonra komitə bildirirdi ki, "Rusiya müsəlmanları içərisində müxtəlif dini və siyasi təlimlər vardır ki, onların mətbuat vasitəsi ilə yayılmaları heç də həmişə hökumətin mənafeyi üçün arzu olunan sayıla bilməz. Buna görə də müsəlman üçün yeni mətbuat orqanları meydana çıxanda millətin ictimai fikrinə rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürən şəxsin hansı cəbhəyə mənsub olmasını müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir. Çünki onların ümumi inkişaf səviyyəsi o qədər zəifdir ki, mətbuatda yazılanların hamısının həqiqət olduğuna kor-koranə inanırlar".

Komitə bu baxımdan Rəşid İsmayılovu hələlk tam inanılmış şəxs saymır, hətta belə bir əsassız iddia irəli sürürdü ki, "...R. İsmayılovu paytaxt Tiflis qəzetlərindəki publisist fəaliyyəti belə bir ehtimala əsas verir ki, o öz əqidəsinə görə panislamizm təlimi tərəfdarlarından hesab oluna bilər. Bu təlim son vaxtlarda bir tərəfdən "Həyat" və "Kaspi", o biri tərəfdən isə bir sıra Tiflis qəzetləri arasında coşğun polemikaya səbəb olmuşdur (Gürcüstan MDTA, f.13, siyahı 6, iş 190, vər 10). Yenə də həmin mənbəyə görə, göstərilənləri nəzərdə tutan senzura komitəsi hələlik azərbaycanca qəzetlərin nəşrinə icazə verilməməsini daha məqsədəuyğun hesab edirdi.

"Şərqi-Rus"da əməkdaşlığı dövründə senzura komitəsinin Azərbaycan mətbuatına münasibətini özü üçün kifayət qədər aydınlaşdıran Rəşid İsmayılov istər panislamizm haqqında bəhanələrin, istərsə də senzor çatışmazlığının arxasında nələr dayandığını yaxşı bilirdi. Sonralar Cəlil Məmmədquluzadənin öz xatirələrində də yazdığı kimi, komitənin fəal əməkdaşları olan "Kişmişov və Qaraxanov həmişə Rusiya hökumətinin nəzərinə bunu yetirmək istəyirdilər ki, Qafqazdakı cəmi türk (Azərbaycan-A. Y.) ədib və jurnalistləri "panislamistdirlər və türk jurnalistləri Qafqaz camaatını islam bayrağı altına çəkmək istəyirlər (yenə orada)".

 Senzura komitəsinin bu iç üzü  Rəşid İsmayılova da yaxşı məlum idi ki, o Qafqaz canişininə göndərdiyi 28 iyul 1905-ci il tarixli yazılı məruzəsində ilk növbədə komitənin şovinist və fitnəkar siyasətini kəskin surətdə açıb göstərirdi. O, cəsarətlə yazırdı: "Başqa müsəlmanlar (C. Məmmədquluzadə, M. Vəkilov və b. nəzərdə tutulur-A. Y.) kimi, mənə də senzor çatışmazlığı ucbatından qəzet nəşrinə icazə verilməkdən imtina olunmuşdur. Mən buna bütün varlığımla etiraz edir və bu imtinanı ən ədalətsiz və yaramaz bir hərəkət sayıram. Qəti şəkildə bildirirəm ki, imtinanın səbəbi zati-alinizə senzura komitəsi tərəfindən qərəzli və həqiqəti təhrif edən məlumat verilməsidir (Gürcüstan MDTA, f.13, siyahı 6, iş190, vər.14).

Qafqazdakı dörd milyonluq müsəlman əhalisinin yalnız bir mətbuat orqanına -"Həyat" qəzetinə malik olmasını Rəşid İsmayılov yerli əhaliyə qarşı böyük insafsızlıq adlandırır, senzura komitəsindəki erməni burjua millətçilərinin antihumanist və şovinist mövqeyini ifşa edirdi. Çap etmək istədiyi qəzetin senzura məsələlərinə gəldikdə isə R. İsmayılov hələlik kiçik formatda nəşr olunması nəzərdə tutulan və müəyyən hissəsi elanlardan ibarət  "Təzə zaman"ın senzuradan keçirilməsinin vur-tut 30-40 dəqiqə vaxt aparacağını göstərir, "senzor çatışmazlığı"nın formal və komitənin praktikasında tez-tez istifadə edilən bəhanə oluğunu bilavasitə canişinin nəzərinə çatdırdı.

Qafqaz senzura komitəsinin Azərbaycan mətbuatına və ədəbiyyatına düşmən münasibətini R. İsmayılov ilk növbədə burada öz xalqının mənafeyini müdafiə edə bilən azərbaycanlı senzorun olmaması ilə izah edirdi: "Qafqaz senzura komitəsində ermənilərdən, gürcülərdən və ruslardan senzorlar var, müsəlmanlardan (azərbaycanlılardan- A. Y.) isə bir nəfər də yoxdur. Müsəlman mətbuatının senzuradan keçirilməsi iki erməniyə-Kişmişov və Qaraxanova tapşırılmışdır. Qəti şəkildə bildirir və sübut etməyə hazıram ki (əks təqdirdə böhtan atdığıma görə cavab verməyə hazıram), onlar şərq dilləri ilə çox yarıtmaz səviyyədə tanışdırlar (orada, vər. 16).

Azərbaycanlı ziyalılar tərəfindən senzura komitəsinin nəzərinə dəfələrlə çatdırılan bu həqiqət yenə də təsirsiz qaldı. R.İsmayılovun ərizəsindən bir daha aydın olur ki, komitənin sədri Qakkel öz əlaltılarını gözdən salmamaq üçün Azərbaycan ziyalılarının səsini hər vasitə ilə boğmuşdu. "Mən təsdiq edirəm ki, Kişmişov və Qaraxanov qabaqcadan əsassız olaraq düşünülmüş şəkildə Qakkeli müsəlman mətbuatı əleyhinə qızışdırmaqla cinayətkarcasına bir qanunsuzluğa yol vermişlər. Mən paytaxt mətbuatında biçarə müsəlmanları müdafiə məqsədi ilə bir neçə məqalə çap etdirmişəm. Paytaxt qəzetlərində çıxan məqalələrimin heç birində senzura uydurma panislamizmi azacıq da olsa xatırladan, yaxud onu müdafiə edən heç bir şey tapa bilməz"-deyə R. İsmayılov özünə məxsus cəsarət və publisislik ehtirasla məsələnin əsl mahiyyətini Azərbaycan mətbuatına münasibətdə senzura komitəsindən o qədər də fərqli mövqe tutmayan Qafqaz canişininin nəzərinə çatdırmışdı. Ümumiyyətlə, M.Şahtaxtinski, Ə. Ağayev, C. Məmmədquluzadə, R.İsmayılov, M. Ş. Mirzəyev kimi müxtəlif cəbhələrdə dayanan ziyalılar məfkurə və məsləklərindən asılı olmayaraq Azərbaycan mətbuatının taleyinin Kişmişov və Qaraxanova, azərbaycanlılara ögey münasibət bəsləyən şəxslərə tapşırılmasına qarşı çıxırdılar.

Uzun müddətli yazışmalardan və canişinə göndərdiyi şikayət ərizəsindən sonra R. İsmayılov "Təzə zaman"ın nəşrinə icazə ala bildisə də, avqust ayında müəyyən mülahizələr üzündən hələ "Şərqi-Rus" qəzetindən yaxşı tanıdığı Cəlil Məmmədquluzadə ilə birlikdə Məmmədbəy Vəkilovun "İqbal" qəzetinin xeyrinə "Novruz" və  "Təzə zaman" qəzetlərinin nəşrindən imtina etdilər.

 





01.07.2015    çap et  çap et