525.Az

"Bu il Azərbaycan ilidir"


 

"BİRİNCİ AVROPA OYUNLARI QARABAĞ UĞRUNDA SAVAŞIN TƏRKİB HİSSƏSİDİR"

"Bu il Azərbaycan ilidir"<b style="color:red"></b>

Milyonlarla tamaşaçının heyrətinə səbəb olan Bakı 2015: Birinci Avropa Oyunları başa çatdı. Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötərəb idman tədbiri dünya tarixinə qızıl hərflərlə yazıldı.

Yarışlarda 285 idmançı ilə təmsil olunan ölkəmiz 21 qızıl, 16 gümüş və 20 bürünc medal qazanmaqla ümumilikdə 50 ölkə arasında 2-ci yer tutdu. Yaratdığı mühüm infrastruktur, yetişdirdiyi güclü idmançılarla özünü idman ölkəsi kimi bir daha təsdiqləyən Azərbaycan, həm də tərənnüm etdiyi ən ali dəyərlərlə dünyaya sülh, dostluq mesajları ötürməyə nail oldu.

"BİRİNCİ AVROPA OYUNLARI QARABAĞ UĞRUNDA SAVAŞIN TƏRKİB HİSSƏSİDİR"Ölkəmizin yüksək səviyyədə təşkil etdiyi beynəlxalq tədbir bir çoxlarında xoş təəssüratlar yaratsa da, bəzilərinin qəzəbinə, qısqanclığına da səbəb olub. Müstəqil siyasət xəttinə malik Azərbaycanın inkişafını, qazandığı nailiyyətləri həzm edə bilməyən qüvvələr bu ərəfələrdə öz çirkin məqsədlərini davam etdirərək dövlətimizi ən geridə qalmış, sivil hüquqların tapdandığı ölkə kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışdılar. Anti-Azərbaycan şəbəkəsi avropalıları yarışları "boykot" etməyə, Azərbaycana səfər etməkdən daşınmağa çağırsa da onların məkrli niyyətləri baş tutmadı. Xarici dairələr nə qədər canfəşanlıq göstərsələrdə televiziya ekranları qarşısında oyunları izləyən milyonlarla tamaşaçının gördüyü real mənzərələr qarşısında onlar öz acizlikləri ilə barışmalı oldular. Nəticədə, təkcə Avropadan deyil, eləcə də dünyanın digər qitələrindən ölkəmizə təşrif buyuran minlərlə turistin, oyunları televiziya vasitəsilə canlı izləyən milyonlarla tamaşaçının yaddaşında Azərbaycan sivil, demokratik, sülhsevər, tolerant və multikultural ölkə kimi qaldı.

Cəmi 30 ay ərzində Azərbaycan istər təşkilatı, istərsə də hazırlıq mərhələlərini arxada qoyaraq dünya idman tarixində bir rekorda imza atdı. Çünki buna qədər heç bir ölkə bu qədər qısa vaxt kəsiyində Avropa Oyunları kimi böyük bir tədbirin keçirilməsinə nail ola bilməyib. Bu böyük məsuliyyətin öhdəsindən yalnız Azərbaycan kimi hərtərəfli inkişafa, sabitliyə və sosial tərəqqiyə malik ölkə gələ bilərdi. Azərbaycan bu oyunlara ev sahibliyi etməklə həm də Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Ona görə də bu mötəbər tədbiri dövlətimizin idmana, gəncliyə verdiyi böyük töhfə, qayğı və dəyər kimi qiymətləndirmək lazımdır.

Millət vəkili Zahid Oruc hesab edir ki, Birinci Avropa Oyunları gözləntilərimizin fövqündə dayandı və qazandığımız uğurlarla möhtəşəm hadisə kimi yaddaşlara həkk olundu: "İlk növbədə bu oyunlar Azərabycanın yüksək təşkilati hazırlığını göstərdi. Biz qoçaq, iradəli, hədəfinin arxasınca getməyi bacaran ölkənin birinci xanımı Mehriban Əliyevanın timsalında bu işə yüksək səviyyədə hazırlığı gördük. Şübhəsiz ki, bütün məsələlər dövlət başçısı İlham Əliyevin adı və iradəsi ilə bağlıdır. Lakin başqa tərəfdən nəzərə almalıyıq ki, hər bir nazirlik və digər hökumət strukturu ilə müqayisədə Mehriban xanım fərqli bir istiqamətdə özünün yaratdığı kiçik komanda ilə o proseslərin ideya tərəfini formalaşdıraraq layihələri həyata keçirmək üçün nümunəvi model ortaya qoydu. Bütün bunlar uğurla həyata keçdi. Ona görə də Azərbaycan xanımının liderliyi, rəhbərliyi fonunda həyata keçirilən tədbirlərə etibar etmək, inanmaq mümkündür, lazımdır və vacibdir".

Millət vəkili qeyd etdi ki, idman bizim iradəmizdən kənarda siyasiləşdi: "İdmanı ayrı-ayrı dairələr silah kimi bizim əleyhimizə yönəltməyə çalışdı. Əgər Birinci Avropa Oyunları bizim üçün siyasi tədbir olsaydı, bu yalnız Azərbaycanın maraqlarına xidmət edə bilərdi. Beynəlxalq məkanda yüzlərlə telekanal müxtəlif saatlarda "Bakı 2015" loqosu ilə Azərbaycan haqqında hazırladığı geniş reportajlarla ölkəmizi bütün dünyanın maraq obyektinə çevirdi. Artıq "Bakı harada yerləşir?", "Azərbaycan hansı qitənin dövlətidir?" kimi suallar bundan sonrakı dövrdə verilməyəcək".

Z.Orucun sözlərinə görə, biz etiraf etməliyik ki, ərazi bütövlüyü problemi olan bir dövlətin vətəndaşlarıyıq: "Hər birimiz fəaliyyətimizdə Qarabağı axtarırıq. Bu gün elmi araşdırmalarla məşğul olan, təhsil, hərb, iqtisadiyyat və digər sahələrdə çalışan insanları da Qarabağ məsələsi düşündürür, qayğılandırır. Bu tədbirin mayasında da məhz Qarabağ amili dayanır. Birinci Avropa Oyunları Qarabağ uğrunda savaşın tərkib hissəsidir".

Siyasi həyatda beynəlxalq dairələr haqqında müxtəlif fikirlər söyləndiyini xatırladan millət vəkilinin fikirlərinə görə, ortaq mövqe odur ki, bu dairələrin qoruduğu maraq və məqsədlər var: "Onlar rəzil niyyətlər güdürlər. Neft-qaz sahəsində ölkə əleyhinə təzyiq siyasətinin bir səbəbi var. Onlar daha çox mənfəət əldə etmək üçün diqqətlərini bir istiqamətdə cəmləşdirdilər. Bunlar bəzən bizim tərəfimizdən səsləndirilən bir arqument kimi qəbul olundu. Düşünüldü ki, biz sadəcə həmin dairələrin mənzərəsini bu yolla cızırıq. Bəzən bu onların niyyətlərini pərdələyirdi. Ancaq bu hadisələrdə Avropa özünü tam ortaya qoydu. Azərbaycan Qərb dairələrinin hazırda hökumətlərdə təmsil olunan qüvvələrini üzə çıxartmağa nail oldu. Lakin bununla Qərb itirilmədi. Biz yenə də Avropa ilə münasibətlərimizi qorumağa çalışacağıq. Bizim həmin hökumətlərin iqtidarlarının niyyətlərini təyin etmək imkanlarımız oldu. İstər Almaniyada Angela Merkel, istər Böyük Britaniyada Ceyms Kameron iqtidarı, istərsə də Amerikanın məlum dairələrinin bəlli kampaniyalarda özünə yer alması onu göstərib ki, sabah biz Cəbrayılın, Füzulinin kəndləri uğrunda aparacağımız mübarizədə görəcəyimiz reaksiyaları sanki bu oyunlarda müşahidə edə bildik. Yəni, bu idmana münasibət deyildi, Azərbaycana münasibət idi. Ona görə də, dost və düşmənlərimizin təyin olunması baxımından da bu tədbir bizim üçün son dərəcə əhəmiyyətli idi".

Z.Oruc deyib ki, idman milli ruhu ifadə edən böyük bir tədbirdir: "Son iyirmi gündə hər kəs eyni hisslərə kökləndi. Və bu bəlli siyasi intriqaları, dedi-qoduları arxa plana çəkdi və millət birləşdi. İndi bu idmandakı uğurları siyasi həyata, mədəniyyətə, elmə gətirmək və orada bunu bərqərar etmək lazımdır. Hamımız şahidi olduq ki, bu iyirmi gün ərzində ictimai münasibətlər xeyli sivil oldu. İnsanlarımız təcrübə topladı, texnoloji inkişafımız xeyli irəlilədi. Bütün bu hadisələr sadəcə idmanda qazanılan medallar kimi qalmalı deyil. İndi bunu nəqliyyat idarəçiliyinə, siyasi idarəçiliyilə, parlamentə, hökumətin fəaliyyətinə daşımaq lazımdır. İnsanlar sadəcə iyirmi günlük kampaniya dövründə deyil, ölkənin ümumi həyatında əldə olunan uğurların bir hissəsinə çevrilməlidir. Bu özünü qanunçuluqda, vətəndaş haqlarının qorunmasında ifadə etməlidir. Azərbaycan vətəndaşı sadəcə Avropa Oyunlarında deyil, hər zaman özünü avropalı kimi hiss etməlidir. Gənclik bu məsələlərdən nə qədər qazanclı çıxdısa, bir o qədər bu uğurları özünə yönəldə bilməlidir. Yəni, bu sadəcə idmançıların deyil, bütöv dövlətin mübarizəsi idi".

Millət vəkili vurğulayıb ki, Azərbaycan insanı ölkə lideri İlham Əliyevin başçılığı altında növbəti uğura imza atdı: "Bu millət öz gücünü gördü. Azərbaycan "Freedom House"dan "Human Rights Wathc"a qədər müxtəlif təşkilatların hazırladığı reytinq cədvəllərində 120-150-ci yerlərdə göstərilir. Bu günlərdə də qərəzli qüvvələr öz fəaliyyətlərindən geri qalmadılar: dinləmələr keçirib, müzakirələr aparıb qətnamələr qəbul etdilər. Lakin Avropa Oyunlarında Azərbaycan özünü ortaya qoyduğu sivil modellə təqdim edə bildi. İndi isə bunu real həyatımızda tətbiq etmək üçün nəticələr çıxartmalıyıq. Ona görə də hesab edirəm ki, Avropa Oyunlarındakı uğur ölkənin siyasi həyatında da özünü göstərməlidir. Yaranmış bu müsbət motivasiyasını, milli birliyi davam etdirmək lazımdır. Bir idman tədbirinin yaratdığı hadisə ölkənin gələcək həyatının hərəkətverici qüvvəsinə çevrilməlidir".

Millət vəkili Musa Quliyev qeyd edib ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi Birinci Avropa Oyunları böyük tarixi hadisədir: "Bunun üzərindən yüz illər keçsə belə Avropa Oyunları deyiləndə ilk yada düşən Azərbaycan və onun paytaxtı Bakı olacaq. Olimpiya Oyunları qədim Yunanıstanla bağlı olduğu kimi Avropa Oyunları da müasir Azərbaycanla bağlıdır.

Möhtəbər idman tədbirinə uğurlu ev sahibliyi etməklə Azərbaycan idman ölkəsi kimi özünü sübut etdi. Bununla Vətənimiz daha böyük idman yarışlarına ev sahibliyi etmək üçün əsas namizədlərdən birinə çevrildi. Gələn il ölkəmiz Dünya Şahmat Olimpiadasını, "Formula-1" yarışını, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının final mərhələsinin dörd qarşılaşmasını keçirəcək.  Bütün bu idman tədbirləri Azərbaycana iqtisadi dividendlər gətirəcək. Avropa Oyunları zamanı Azərbaycana səfər edən əlli ölkənin altı min idmançısı, minlərlə tamaşaçı kütləsi xalqımızın mədəniyyəti, tarixi, mətbəxi ilə tanış olmaq üçün yenidən ölkəmizə gəlmək istəyəcəklər. Heç şübhəsiz ki, ölkəmizə səfər edən qonaqlar arasında biznes maraqları olan şəxslər də var idi. Onlar Azərabaycanın biznes mühitini görərək investisiya yatırmaq fikrinə düşəcəklər".

M.Quliyev deyib ki, avroplılar Azərbaycan xalqının nə qədər mədəni, tolerant, başqa dinlərə, mədəniyyətlərə hörmətlə yanaşan xalq olduğunu görüblər: "Millətimiz haqqında dünya insanında xoş təəssüratlar yaranıb. Azərbaycan bir daha sabit, inkişaf edən ölkə kimi tanındı. Bu bizim dövlətimizin güc və qüdrətinin dünyaya nümayişi idi. Onlar Azərbaycanda insan haqlarının yüksək səviyyədə tutulduğunu, azad söz və ifadə azadlığının mövcud olduğunu öz gözləri ilə gördülər. Bundan sonra kimsə öz maraqları naminə ölkəmizi tənqid etmək fikrinə düşsə, hər kəs Azərbaycanda gördüklərinə inanacaq və öz yaxınlarına əsl həqiqətləri danışacaqlar".

Azərbaycan diasporunun əlli ölkənin idmançıları, tamaşaçıları qismində beynəlxalq aləmdə yeni bir güc əldə etdiyini söyləyən millət vəkili hesab edir ki, artıq Azərbaycan deyiləndə dünyanın hər bir yerində sülhsevər ölkə yada düşəcək: "Azərbaycanın möhtəşəm səviyyədə təşkil etdiyi Avropa Oyunlarına ən böyük qiyməti tarix verəcək. Yəni, bəlkə də on milyardlarla dollar vəsait sərf olunsa belə Avropa Oyunları kimi Azərbaycanın tanıtımı, təbliği və müsbət imicinin formalaşdırılmasına kifayət etməzdi. İki həftə ərzində dünya Azərbaycanı layiq olduğu səviyyədə tanıdı. Beynəlxalq ictimaiyyət ölkəmizin Avrasiyanın öncül, demokratik, inkişaf edən, mədəni dövlətlərindən biri kimi qəbul etdi. Bu baxımdan hesab edirəm ki, bu il Azərbaycan ilidir".

Millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycanda Avropa Oyunları gedəndə Avropada da Azərbaycan "oyunları" gedirdi: "Amma bu oyunlar bir-birindən fərqlənirdi. Biz bu oyunu avropalılar üçün təşkil etmişdik. Avropada isə bizə qarşı təşkil olundu. Azərbaycanda keçirilən oyunlar tamaşaçılarda ancaq müsbət əhval-ruhiyyə yaratmaq Avropada aparılan qaranlıq oyunlar isə ürək bulandırmaq üçün idi. Azərbaycanda keçirilən oyunlarda hər şey bacarana can qurban prinsipilə aparıldı. Avropadakı oyunlarda bacaranın, bacarıqlının gözdən salınması ön planda idi və bunun üçün də əllərindən nə prinsipsizlik gəlirdisə onu da etdilər.

Azərbaycanda keçirilən oyunlarda avropalılara "biz birik, eyni bəşər övladıyıq" deyilirdi. Avropadakı oyunlarda isə aşağılayan və "aşağılanan" vardı. O "aşağılanan" ki, Avropa Oyunlarının gedişində də aşağılayandan qat-qat yuxarıda durduğunu təsdiqlədi. Çox uzağa getməyək, medal sayını götürək. Azərbaycanın bu oyunlarda qazandığı qızıl medalların sayı Avropanın orta çəkili ölkələri kimi dəyərləndirilən Belçika, Danimarka, Rumıniya, Portuqaliya, Polşa, Avstriya, Xorvatiya, Yunanıstan, İsveç, Çexiya, Norveç və Finlandiyanın birgə qazandıqlarından çox oldu. Söhbət qazanmaqdan gedir, qərbdəki bəzi dövlətlər kimi kiminsə başından vurub əlindəkini almaqdan yox". 

S.Alıyev əlavə etdi ki, Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunlarında medal sayına görə birinci və sonuncu yerdə duranlar olsa da, uduzan olmadı: "Bu idman bayramından hamı zövq aldı, yarışlara qatılanlardan kimsənin narazılıq etdiyini görmədik. Bəs Avropada Azərbaycana qarşı aparılan oyunda kim uddu? Bu baxımdan ən çox canfəşanlıq edən Merkel Almaniyasımı? Almaniyanın ikinci dünya savaşından sonra müsbət imic formalaşdırmaq yönündəki yarım əsrlik çalışmalarını Merkel yerə vuraraq onu ötən əsrin 30-cu illərindəki dövrlərə qaytarmağa başladı. Ölkəsində bir çoxlarının dediyi kimi özü də xanım Kansler bunu amerikalıların tapşırığı və istəyilə edir. Yəni, burada yalnız Amerika istəyinə çatır. Ən azından yumşaq güc potensialı baxımından getdikcə uduzduğunu gördüyü və Avropada özünə ən böyük rəqib saydığı Almaniyanı xanım Merkellə yenidən hitlerləşdirməyi bacarır. Bəli, Avropa Oyunları bitdi. Azərbaycan bu oyunlardan üzüağ, alını açıq çıxdı. Medalların sayına görə qitədə ikinci yerdə olduq. Lakin hər kəs bilir ki, bu ikincilik deyil, ikinci birincilikdir! Əsas budur ki, biz bu oyunlarda oyun hədəfi deyil, oyunçu olduğumuzu, təmiz oynadığımızı, öz oyunumuzu apardığımızı və hətta lazım gələndə başqalarını da oynatmağı bacardığımızı göstərdik. Ancaq Qərbin oyunu hələ də davam edir. Qoy Tanrı bizə yar olsun, haqlı zəfər çalsın, haqq zəfər çalsın".

Ceyhun ABASOV

 





01.07.2015    çap et  çap et