525.Az

Daha incə kəlmələr seçək...


 

Daha incə kəlmələr seçək...<b style="color:red"></b>

Tələbəlik illərində dilçi müəllimlərimizdən biri nitq mədəniyyəti ilə bağlı tələblərdən danışarkən  bir-birindən maraqlı, orijinal nümunələr də göstərirdi. Onların arasında "Burada müştərinin öz gönündən ayaqqabı tikilir" reklam yazısı diqqətimizi daha çox cəlb etdi. Doğrusu, paytaxtda fəaliyyət göstərən  ayaqqabı sexinin qarşısından asılmış bu qəribə yazı hamımızın gülüşünə səbəb oldu. Lakin eyni zamanda hər kəsi düşündürdü, yaddaşına həmişəlik həkk olundu.Yəqin ki, ayaqqabı ustası bu lövhəni hazırladarkən cümlədəki məntiqi mənaya əhəmiyyət verməyibmiş.

Dilimiz o qədər zəngin, rəngarəng çalarlara malik sözlərdən ibarətdir ki, ehtiyatla yanaşmadan, məsuliyyət hiss etmədən, məntiqi sonluğa fikir vermədən onlardan lazımınca istifadə etmək mümkün deyil. Sözsüz ki, şifahi, həm də yazılı  nitqdə bu kriteriyalara mütləq əməl olunmalıdır. Nitq prosesində sözlər, ifadələr, cümlələr elə seçilməli, saf-çürük edilməlidir ki, hədəfi dəqiq nişan alsın və istənilən fikir effektini yarada bilsin.

Əlbəttə, bunlar ilk növbədə nitq sahibinin intellekt və dünyagörüşündən, söz ehtiyatından, dilə yaxından bələd olmağından və nəhayət, fikirdə menevr etmək məharətindən , xeyli dərəcədə asılıdır.

Bu zaman dilimizin üslubi imkanları, semantik, frazioloji və məntiqi çalarları nəzərə alınmalı, nəzakət qaydaları, etik və estetik meyarlar unudulmamalıdır.

Milli kimliyimizin ifadəçisi olan ana dilimiz əsrlərin sınaqlarından keçərək özünəməxsus keyfiyyətlər, ölçü və normalar qazanıb. O, zaman-zaman inkişaf edib, zənginləşib, cilalanıb, tənzimlənib. Necə deyərlər, ələnib süzgəcdən keçib. Bu səbəbdən də heç vaxt artıq sözü, süniliyi qəbul etmir. Yersiz bir müdaxilə, məqamında işlədilməyən söz və ifadə, dildə, sanki əlavə yükə çevrilir, yamaq kimi görünür. Musiqidə xaric notlar, rəsm əsərlərində kənar rənglər necə təsir bağışlayırsa,dildəki yerini tapmayan sözlər də eləcə ovqat yaradır.

Dilimizdə xalqımızın adət-ənənələri, düşüncəsi, dünyagörüşü, davranışı, zövqü, etik münasibətləri, mədəniyyəti, tarixi, məişəti də geniş əksini tapır. Ondakı mental dəyərlərə hörmət və ehtiram, abır-həya mizanı, kobudluğa, vulqar deyim tərzinə etiraz təzahürləri, sadəcə olaraq, heyrət doğurur.

Xalqımızın mənəvi dəyərlərinə söykənən, qədim adət-ənənələrindən, inamlarından irəli gələn, böyük-kiçik, ədəb-ərkan münasibətlərindən qaynaqlanan evfemestik ifadələr bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bəzi məfhumlar və hadisələrlə əlaqədar müraciətlərin daha yumşaq formada, mədəni, səmərəli ifadəsinə hesablanan evfemizimlər dilimizin necə zəngin ehtiyatlara, dərin qatlara, üslubi bazaya malik olmağından xəbər verir. Hər bir dövrdə olduğu kimi, müstəqillik dönəmində  də dilimizin gözəlliyinin qorunması, söz və ifadələrin səmimiliyi, dəqiq və yerində işlədilməsi xüsusi önəm daşıyır.

Yaşadığımız demokratik cəmiyyətdə insanların nəzakətli davranışına, rəftarına daha çox ehtiyac yaranıb. Hazırkı şəraitdə hər kəsdən kobud, vulqar, şəxsiyyətə toxunan sözlərdən imtina etmək, xoş sözlər işlətmək, səmimi, mədəni rəftar  tələb olunur. Kobud söz və ifadələri yumşaldılmış şəkildə təqdim edən evfenizmlər bu missiyanı layiqincə yerinə yetirir.

"Arvad" əvəzinə "uşaqların anası" və ya "həyat yoldaşı", "şikəst" əvəzinə "fiziki qüsurlu", "basdırmaq" əvəzinə "dəfn etmək" və ya "torpağa tapşırmaq", "yalan deyirsən" əvəzinə "düz demirsən" söyləməyin nəyi pisdir?

Əsasən ailə-məişət münasibətləri ilə bağlı olan evfemizmlər təbii olaraq ailə daxilində baş verən müxtəlif hadisələr, doğum, evlənmək, çətin anlar, stress halları keçirmək və nəhayət, ölüm faktları ilə əlaqədar işlək xarakteri ilə seçilir.

Məsələn, evlənməklə əlaqədar "ayağını bağlamaq, ev-eşik sahibi etmək, köçürmək", ər-arvad münasibətləri ilə əlaqədar "ər" əvəzinə "evin böyüyü, başımızın sahibi", dərd-kədərli anlarla əlaqədar "beli bükülmək, bir dəri bir sümük qalmaq, saç-saqqalı ağarmaq" və sair. Belə nümunələrin sayını xeyli artırmaq olar.

Lakin təəssüf ki, mətbuatda, kütləvi informasiya vasitələrində, televiziya kanallarında bir çox hallarda evfemizmlərdən məqamında istifadə olunmur. Bu vəziyyət məyusluq, peşmançılıq, dərin sarsıntı doğuran ölüm xəbərlərinin çatdırılması zamanı xüsusilə, narahatlıq doğurur.

Axı nəyə görə dilimizdə "vəfat edib, dünyasını dəyişib, həyatdan köçüb, həlak olub, əbədiyyətə qovuşub, gözlərini əbədi yumub, şəhid olub, həyatı tərk edib" və sair kimi saysız-hesabsız ifadələr olduğu halda, yeri gəldi, gəlmədi "ölüb, öldü" kəlməsi işlədilməlidir?

Zənnimizcə, ən ağır, hüznlü, kədərli anlarda elə ifadələr işlədilməlidir ki, qəza, təbii fəlakət, döyüş zamanı həyatını itirənlərin qohumlarının, yaxınlarının xatirinə dəyməsin, heç kimin qəlbi inciməsin.

 





02.07.2015    çap et  çap et