525.Az

"I Avropa Oyunlarına ölkəmiz yüksək səviyyədə ev sahibliyi etdi"


 

"I Avropa Oyunlarına ölkəmiz yüksək səviyyədə ev sahibliyi etdi"<b style="color:red"></b>

"Üstündən artıq bir neçə gün keçsə də, amma  yaddaşlarda hələ də dərin və unudulmaz izlər buraxan I Avropa Oyunlarına ölkəmiz  yüksək səviyyədə ev sahibliyi etdi. Böyük və əzəmətli  Avropa Oyunları  ölkəmizin, o cümlədən, milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdı".

Bu fikirləri  Milli Məclisin (MM) deputatı Kamilə Əliyeva deyib. "Bu əlamətdar idman tədbiri  həm də böyük  tarixi ictimai-siyasi, sosial-mədəni hadisədir"-deyən K. Əliyeva bildirib ki, ümumiyyətlə, İlk Avropa Oyunları bundan sonra da möhtəşəmliyinə və əzəmətliliyinə görə hələ xeyli danışılacaq, xatırlanılacaq.

"Bütünlükdə Azərbaycan xalqı oyunların keçirilməsində, təşkilində bir komanda şəklində çıxış etdi ki, onun da nəticəsi göz önündədir. Biz öz qalibiyyətimizi İlk Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyinə dair qərar verildiyi andan qazanmışdıq. Amma buna baxmayaraq, idmançılarımız öz yüksək nailiyyətləri ilə seçildilər və medal sıralamasında ikinci yeri tutdular. Bununla da Azərbaycan idmanının nə qədər yüksək pillədə dayandığını sübut etmiş olduq.

Ölkə Prezidenti cənab İlham Əliyevin həm Prezident, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkənin ən prioritet istiqamətlərindən biri seçməsinin, idmançılara göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan dünyada ən yüksək standartlara və idman infrastrukturuna malik ölkə kimi tanınır. Xalqımıza bir inam daha aşılandı. Belə ki, məqsədyönlü bir işin arxasınca getdikdə bu işin sonu mütləq uğurla nəticələnir.
 
Hazırda Azərbaycan bir uğur, qələbə, zəfər  simvolu kimi çıxış etməkdədir. Bu, həm dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, həm də dünya ölkələri sırasında yerimizin, mövqeyimizin, nüfuzumuzun güclənməsində, əhalinin sosial imkanlarının genişlənməsində, hərbi gücümüzün və iqtisadi imkanlarımızın artmasında özünü göstərir".

K. HƏMİDOV

 





14.07.2015    çap et  çap et