525.Az

Bir istisna və bir istək haqqında


 

GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİM, PUBLİSİST VƏ REDAKTOR CEYHUN HACIBƏYLİNİN YAXINLAŞMAQDA OLAN 125 İLLİYİNƏ

Bir istisna və bir istək haqqında<b style="color:red"></b>

Gələn il, lap dəqiqləşdirsək, 2016-cı il fevral ayının 3-də, XX əsr Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq iz qoymuş yazıçı-publisist, naşir-redaktor, tərcüməçi, dövlət xadimi , diplomat, Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə aparmış Ceyhun Hacıbəylinin (1891, Şuşa - 1962, Paris) anadan olmasının 125 ili tamam olur. 28 yaşında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məsul tapşırığı ilə Parisə ezam olunan Ceyhun Hacıbəyli ömrünün sonunadək-1962-ci ilədək Fransada cismən yaşamaq məcburiyyətində qalıb. "Cismən" kəlməsini bilərəkdən istifadə etdim, ruhən bir an da olsun, Ceyhun bəy Vətənindən ayrılmayıb. Ceyhun bəyin mühacirət dövrü zəngin və çoxşaxəli ədəbi-publisistik irsi və fədakar fəaliyyəti dediklərimizi təsdiq edir. Baxın, vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna yazır, vəsiyyət edir ki, mühacirəti bir yerə toplamağa səy ediniz, bu çox mühümdür. Bu barədə "Mücahid" jurnalının ( 1955-1962-ci illərdə Çingiz Göygölün redaktorluğu ilə Ankarada nəşr edilmişdir) 1963-cü il nömrəsində "Ceyhun bəyin vəsiyyəti" adlı irihəcmli məqalə dərc olunub.

Belə bir təfəkkür tərzinə sahib xadimin irsi və şəxsiyyətinin  Sovet rejimi və kommunist ideologiyasının hökmranlığı illərində  xalqdan gizlədilməsi təbii idi və təsadüfi deyil ki, Sovet hakimiyyəti illərində heç bir mənbədə, heç bir məxəzdə Ceyhun Hacıbəylinin adına rast gəlinmir. Yalnız bir istisna var. 90-cı illərin əvvəllərində Ceyhun Hacıbəylinin dini görüşləri ilə bağlı bir avtoreferat yazdım, rəy üçün onu Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna təqdim etdim. Bir neçə gün sonra nəticəni öyrənmək  üçün müraciət edəndə məni İnstitutun fəlsəfə kafedrasının müdiri professor  Məqsəd Səttarovun qəbuluna dəvət etdilər. Get-gəli xoşlamadığımdan bir qədər əsəbi və gərgin şəkildə Məqsəd müəllimə özümü təqdim etdim. Gözlədiyimin tam əksi oldu. O, məni gülərüzlə qarşıladı. Lakin mətləbə keçəndə bir an içərisində görkəmi dəyişdi, siması indi də təsvir edə, yaza, yoza bilməyəcəyim bir hal aldı. Dedi:

- Mən tarixin çox sürprizlərini görmüşəm, amma beləsi heç qarşıma çıxmamışdı.

İlk dəfə gördüyüm bu adam çaşqın və təəccüb dolu nəzərlə ona baxdığımı görüb davam etdi :

- İndiki kimi yadımdadır. 1959-cu il idi. Məni bir qrup alimlə gecə təcili Mərkəzi Komitənin Təbliğat şöbəsinə dəvət etdilər. İlk sözləri bu oldu ki, buradakı söhbət kənara çıxmamalıdır. Sonra bizə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən daxil olan bir məktubu və ona əlavə olunmuş "İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları" adlı məqaləni verdilər. Dedilər ki, bu, Ceyhun Hacıbəyov adlı... birisinin məqaləsidir. Bizi xaricdə biabır edir, ona tutarlı cavab yazmaq lazımdır. Biz razılıq verib durmaq istəyəndə dedilər ki, yeməyiniz, içməyiniz, yatmağınız burada olacaq, cavab yazanadək evə getmək yoxdur. Biz bir neçə alim həmin gecə o məqaləyə cavab yazdıq. O vaxtdan bu sirri , sualı ürəyimdə saxlamışam ki, bu Ceyhun Hacıbəyov kimdir? Nə yaxşı ki, bu mövzunu işləmisən. Təklif edirəm ki, mövzunun adını dəyiş " Ceyhun Hacıbəylinin dini-fəlsəfi görüşləri" qoy, bir az əlavə etsən, hazır işdir. Elmi rəhbərin mən olaram. Qısa zamanda müdafiə edərsən. Mən də o vaxt könülsüz  imzaladığım rəyin əzabından qurtararam.

Mən Məqsəd müəllimə o rəyin sizlərin yox, zamanın imzaladığını dedim və bildirdim ki, mövzuya bu qədər diqqət və həssaslıqla yanaşmağınız Sizin haqqınızda ən xoş təəssürat yaratmağa kifayətdir.  50-ci illərin sonunda baş vermiş bu hadisədən başqa Sovet hakimiyyəti illərində ölkəmizdə Ceyhun Hacıbəylinin hər hansı bir münasibətlə adı çəkilən bir mənbəyə, məxəzə rast gəlməmişəm. Halbuki o, qeyd etdiyimiz kimi , Azərbaycan tarixində parlaq və silinməz iz qoymuşdur.

Ceyhun bəyin mətbuat sahəsindəki xidmətləri isə xüsusi qeyd olunmalıdır:mühacirətdən əvvəl (1919-cu ilədək) "Kaspi", "İrşad", "Tərəqqi", "Proqres", "Baku", "Azərbaycan"..., eləcə də fransız mətbuatı ilə əlaqə saxlamış, əməkdaşlıq etmiş, "İzvestiə" ("Kaspi"nin əlavəsi), "İttihat" və "Azərbaycan" qəzetlərinin redaktoru olmuşdur; mühacirət illərində C.Hacıbəyli 1926-cı ildə Parisdə fransız dilində buraxılan "Azərbaycan" jurnalına , "Kavkaz" jurnalının fransız nəşrinə , 1952-1953-cü illərdə Münhendə Azərbaycan və rus dilində nəşr olunan "Azərbaycan" jurnalına redaktorluq etmiş, mühacir Qafqaz mətbuatı ilə, eyni zamanda Fransanın "LaRevue dö monde musulman", "Lebülletin dö lomote France-Orient", "LaRevue Contemporaine", "Journal Asiatque", "LaRevue Politique et Parlamentarie", "LaRevuedes Jeunes", "LeFiqaro" və bu kimi mətbu orqanları ilə əməkdaşlıq etmiş, bir neçə il məşhur "LaRevue de deux Mondes" fransız jurnalında çalışmışdır; Azərbaycan mətbuat tarixinə dair ilk dəfə tədqiqat əsərini qələmə almış, mətbuat-nəşriyyat, redaktor, əlifba islahatı problemlərinə dair xeyli məqalə dərc etdirmiş, İran mətbuat tarixinə dair məqalə yazmış; "Azadlıq" radiostansiyasının yaradılmasında mühüm rol oynamışdır. Mətbuatın cəmiyyət həyatındakı yeri və rolunu yüksək dəyərləndirən Ceyhun Hacıbəyli ilk dəfə mətbuat tarixi haqqında tədqiqat işi  (Onun 1909-cu ildə mətbuat tarixi ilə bağlı araşdırmasını  (MDƏİA, fond 649, iş 104) ilk dəfə  AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Mənzər İbrahimova üzə çıxarmış və "Molodyoj Azerbaydjana" qəzetinin iki nömrəsində "Əkinçi"dən "Həqiqət"ədək" adı ilə dərc etdirmişdir ( №73, 74, 3, 6 iyul 1994) qələmə almaqla yanaşı , müxtəlif illərdə ayrı-ayrı mühərrirlər, redaktor və naşirlər haqqında dəfələrlə məqalə yazmış, dərc etdirmişdir: İncəsənət və müsəlmanlar. "Baku",№196, 2 sentyabr 1909; Qəzet işi haqqında. "Kaspi", № 226, 230, oktyabr 1912; Yeni kitablar. " Kaspi", № 203, 10 sentyabr 1913; İmperator kütləvi kitabxanasında müsəlman əlyazmaları. " Kaspi", № 247, 2 noyabr 1913; Nəşri-maarifin nəşrləri."Kaspi" № 159, 17 iyul 1913;  Kitab sərgisində. "Kaspi",№ 52, 5 mart 1914; "Kaspi" Mətbəə işinin təkmilləşdirilməsi. "Kaspi" № 66, 21 mart 1914; Mətbuat haqqında Qanun layihəsi və müsəlman redaktorlar haqqında. "Kaspi" № 77, 4 aprel 1914; Müsəlman həyatı və mətbuatından. "Kaspi" № 7, 10 yanvar 1917; Cənab Vermişevə sual."Kaspi"  № 213, 6 iyun 1917 və s. bu qəbildəndir.

C.Hacıbəyli sevə-sevə "mədəniyyətimizin pioneri" adlandırdığı milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin həyat , fəaliyyətinə də dəfələrlə məqalələr həsr etmişdir. Həmin yazılarında müəllif H. Zərdabinin tarixi xidmətlərini - milli mətbuatın, teatrın yaradılmasını, xeyriyyəçilik hərəkatının əsasının qoyulmasını böyük qədirbilənliklə, qürurla qeyd edir, eyni zamanda bir arzusunu - Həsən bəy Zərdabinin xatirəsinin əbədiləşdirilməsi istəyini dilə gətirirdi, nəinki dilə gətirir, hətta cəmiyyətdən bunu inadla, israrla tələb edirdi.

Bu baxımdan  Ceyhun Hacıbəylinin "Kaspi" qəzetində dərc olunan və "Həsən bəy Məlikovun xatirəsi"(1912-ci il, № 269 )  və "Müsəlmanın qeydləri" rubrikası ilə "Yeddi il" adlı məqalələri (1914-cü il, № 267) diqqəti xüsusi ilə cəlb edir. Məqaləsini həmkarlarına tövsiyə ilə başlayan publisist yazır: "Bu gün 28 noyabrdır. Düş beş ildir ki, Qafqaz müsəlmanları Həsən bəy Məlikovu itirmişlər. İctimai özünüdərki, ictimai ruhu oyatmaq üçün hər bir jurnalistin borcudur ki, hər il bu mühüm tarixi günü qeyd etsin.Bu itkidə, bu sirli, müəmmalı misteriyada insan psixikasının, təxəyyülünün çevik hərəkəti üçün müxtəlif mənbələr mövcuddur. Bəzən belə olur. Başçı həlak olduqda onun döyüşçülərinə yetimlik, kimsəsizlik, köməksizlik hissi hakim kəsilir, ruh düşkünlüyü, cəsarətsizlik sağlam düşüncəyə qalib gəlir və döyüşçülər qaçmağa başlayırlar. Belə də olur ki, başçının ölümü döyüşçülər arasında panika yaratmır, əksinə onları səfərbər edir, döyüşə səsləyir. Döyüşçülər başa düşürlər ki, başçı onlar üçün müqəddəs olan ideya uğrunda həlak olmuşdur. Odur ki, bu amil döyüşçülərin ruhunu dirildir və onlar nəyin bahasına olursa-olsun, başçının ideyasını həyata keçirməyə çalışırlar.Biz (müsəlmanlar - azərbaycanlılar - T.A.) öz başçımızı itirəndə bu iki hissdən hansını yaşayırıq? Bu barədə danışmayacağam - özlüyündə aydındır. 28 noyabr tarixi təkcə Həsən bəy Məlikovu itirdiyimiz matəm günü kimi yox, həm də mənəvi borcumuzu, əqli duyğularımızı oyadan, xatırladan gün kimi yaddaşlara həkk olunmalıdır".

Ceyhun Hacıbəyli Həsən bəy Zərdabi ideya və əməllərinin daim aktual və əhəmiyyətli olduğunu diqqətə çatdırır və bu məsələnin həmişə gündəlikdə saxlanılmasında qələm əhlinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayır. Yazır ki, məhz buna görə də bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır: "Bir damla su vaxt keçdikcə böyük qayanı deşir, söz də, həqiqi söz də tədricən insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir".Həsən bəyin bütün ömrü öz xalqının tərəqqisinə həsr olunmuşdur, ictimai hərəkatın, həyatın bir çox sahələri də onun xatirəsi ilə bilavasitə bağlıdır.Mərhumu xatırlatmaq - onun adı ilə sıx bağlı olan bir sıra ictimai məsələlərə toxunmaqdır.

(Ardı var)

 

 





22.07.2015    çap et  çap et